Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | BÖYÜK FATEH Adalet.az | BÖYÜK FATEH Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

BÖYÜK FATEH

15514    |   2008-11-01 01:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Biz quşlar kimi uçmağı, balıqlar kimi üzməyi öyrəndik, amma bəsit bir sənəti unutduq - İnsan kimi yaşamağı". Bu sözləri bu günlərdə oxudum, təəccübləndim və təəssüfləndim... Həqiqətən, insan kimi yaşamağı fərd olaraq deyil, bir toplum kimi, biz niyə öyrənmədik? Bəşəriyyət öz inkişafında bu ali dərəcəyə çatsaydı, bəlkə yer üzündə bu qədər fəlakət baş verməzdi. İçimizdə yalnız seçilmişlər İnsan kimi yaşamağı bacardılar. Məhz bu nurlu varlıqlar özlərinin qısa ömür payını heç də əbədi bilməyib, hər kəsə bu həyat fəlsəfəsini anlatmağa çalışdılar. Amma hər kəs eşitməz, səs verməz oldu ağıllı sözlərə. İnanmırsansa, çaşqın nəzərlərini sənə zilləyən adamlara diqqətlə bax. Nə məna, nə heyrət gördünsə, bundan özün üçün nəticə çıxart.
   
   Bu həftə, deyilənə görə, dünyada dostluq həftəsi imiş. Mən də ilk dəfə bunu duydum, öyrəndim. Nə yazıq ki, dostluq həftəsində ömrünü İnsan kimi yaşamağı bacaran bir əzizimizi itirdik. Onun xüsusi təqdimata ehtiyacı yoxdur. Adını çəksən, yetər. Amma bütün böyük istedad sahibləri kimi, o da bir az diqqətə, bir qədər qayğıya hər zaman möhtac idi. Bir qədər deyilən ölçü vahidinin də nə qədər olduğunu kimsə müəyyən edə bilməz.
   
   Müslüm Maqomayevin sehrinə düşənlərin cərgəsində olmaq üçün onu bircə dəfə dinləmək sənətə az-çox dəyər verməyi bacarana yetərdi. Ecazkar səs tembri, nadir musiqi duyumu, cəlbedici zahiri görünüşü, iri gözlərinin alovlu və mənalı baxışları İlahinin lütfü olsa da, zəhmətə qatlaşmaq, seçdiyi hədəfə doğru inadla irəliləmək öz əməli, əməyi idi. Hər şeydən əvvəl onun hərəkətlərində, davranışında, danışığında genetik ziyalılıq, kübarlıq, zadəganlıq özünü büruzə verərdi. Müslümü zirvələrə ucaldan güc bu tükənməz sərvətdən qaynaqlanırdı. Fəqət, ucalıqda qərar tutub qalmaq zirvələr fəth etməkdən daha çətindi. Ömrünün vida zəngi çalınana kimi Müslüm qartal tək zirvədə dayanmağı bacardı...
   
   Televiziya kanallarında çox görünməzdi, maqazin proqramlara mövzu verməzdi. O, hamıya açıq idi, hər kəslə görüşüb danışar, söhbətləşərdi. Lakin hər kəslə həmsöhbət, həmdərd olmazdı. Müslüm bu fani dünyada dərdsiz-qəmsiz, qayğısız da deyildi. Ömür kitabına kimsənin bilmədiyi, duymadığı, görmədiyi, eşitmədiyi acı anlar da yazılmışdı. Amma heç vaxt içindəki ağrı-acını məmurların iş otağında sağa-sola səpələyib qarşılığında mərhəmət, səxavət payı ummazdı. Məharətinə heyran qalan, ifasını alqışlayan, yorulmadan əl çalan böyüklərdən də ona əl tutmağı rica etməzdi. Çünki onun anlayışında əl tutmaqla əl uzatmaq fərqli məfhumlar idi. Gözü-könlü tox, kimsədə, nədəsə gözü yox idi Müslümün. Bir böyük, qayğıkeş, sənət və sənətkar qədri bilən İnsanın kölgəsi ona yetərdi. Onun təmənnasız xeyirxahlığına arxalanardı. Son qırx ildə bizim taleyimizdə nələr baş vermədi, İlahi. Dünyanın o başında, bu başında, okeanların tayında, bu tayında neçə elin, obanın viran qaldığını da eşitdik. Bəylərin gədalığı ucbatından gədaların bəy olduğunu da gördük. Amma gədalar bəy olandan sonra bəylər də hörmətdən, izzətdən düşdü. Bir ailənin içində neçə qütblər yarandı. Şimal cənub yerini dəyişdi, iman itdi, məssəb qarışdı. Bizə dəyən səsli, səssiz-səmirsiz mərmilər dəhşətli oldu. Mənəviyyatı partladan barıtsız silahlar üstümüzə ələndi. Ətrafımızda məsləksizlər çoxaldıqca nəfəsliklər daha da kiçildi. O üzdən havamız çatmır, suyumuz zəhərlənir, atmosfer kirlənir. Hələ bütün bunlar azmış kimi, sağdan-soldan, sudan-qurudan cürbəcür mənəviyyat oğruları üstümüzə yönəldi, bizi başqa yola yönəltdi. Öz evində güclə köləlikdən qurtulub aramıza soxulanlar, təcrübəsiz cavanlarımızdan yetkin manqurt yetişdirənlər, tolerantlıq adıyla milli ruhumuzu içimizdə söndürüb insanları biganəlik, mövqesizlik mərəzinə yoluxduranlar da bir bəladır ki, daraşıb yurdumuza. Nicat axtaran çox, tapan az. Gör bir həyat tərzini, əxlaq-mənəviyyat dərsini kimlər diktə edir? Çirkli pul sahiblərinin çaldığı havaya oynayanlar çoxalanda hər əmrə müntəzir qulların sayı da artır. Belə iyrənc mənzərədə Müslüm kimi azad fikirli, sağlam düşüncəli varlıqlar, gerçək sənət fədailəri daha çox sevilir, arzuya, qibləgaha çevrilir.
   
   ... Başını dik tutub, çiyinlərini düzəldərək ayaqlarını çiyin bərabərinə qoyub, bir qədər arxaya dartılıb, əllərini geniş açıb, yay kimi gərilərək içindəki nəfəsini sonadək sonsuz sevgi bəslədiyi tamaşaçısına bəxş edən Müslüm sənətiylə, varlığıyla mənəvi eybəcərliklərə əzəldən düşmən kəsilmişdi. Onun adının önündə qızıl və ya gümüş şlyager, "kral", "el oğlu", "gursəs" və ya hər hansı başqa bir tərs ifadə eşidən olmadı. Çünki o, Müslüm idi. Ömründə bir dəfə də olsun, ondan bayağı mahnı eşitdinizmi? Hansısa tədbirdə məddahlıq etdiyini gördünüzmü? Nə oxudusa, boğazdan yox, ürəkdən gəldi. Dediyi sözlər də ağzından tökülmədi, beynindən süzülüb, qəlbində səmimiyyətlə, ədalətlə yoğrulandan sonda yalan nədir bilməyən dilindən gəldi. Nifrətini də, məhəbbətini də açıq-aydın və ünvanlı bildirərdi Müslüm Maqomayev. Nəinki kimlərəsə, hətta onu göylərə qaldıran qüdrətli sənətinə də qul olmadı. Zamanı yetişəndə, günü gələndə ömrünü həsr etdiyi ulu səhnəyə "əlvida" deyib kənara çəkildi. Səhnədən çəkildi, sənət dünyasından ayrılmadı, dünyaya sığmayan dünya vətəndaşı idi Müslüm. O, dünyanı sevməsəydi, dünya onu sevməzdi. Sevgi qarşılıqlı hissdir və mən heç cür anlaya bilmirəm ki, bu ali və adi həqiqəti nədən hələ də çoxları anlamır. Acıqlı-acıqlı elə hey deyirlər ki, "sev məni, sev məni". Əgər sən sevə bilmirsənsə, için kin-küdurət yuvasıdırsa, özün də sözlərin kimi, gülüşün də özün kimi saxtadırsa, ümumxalq sevgisi ürəyindən necə keçə bilər? Axı, bunu almağa Yer üzünün sərvəti yetməz. Məhəbbət qarşılıqlı fədakarlıqla qazanılar, zor gücünə, var gücünə alınmaz. Müslümü nə vaxtsa tamaşaçı axtaran gördünüzmü? Tamaşaçı hər zaman onun sorağında idi. Zövqü, şövqü, səviyyəsi olan insanlar onun ecazkar sənətinin aşiqi idi. Müslüm bunu bildiyi, dəyərləndirdiyi üçün sənət Olimpindən enməzdi.
   
   Belə qəbul olunub ki, beynəlxalq idman yarışlarında qaliblərin şərəfinə təmsil etdikləri məmləkətin dövlət bayrağı qaldırılır. Müslüm kimi ulduzlar dünya səhnələrindən səsini ucaldanda, hər dəfə böyük sənət qələbələri qazananda, minlərlə tamaşaçının könlündə bizim bayraq dalğalanar, dillərdə Azərbaycan kəlməsi dolaşardı. 31 yaşında birbaşa SSRİ-nin Xalq artisti fəxri adına layiq görülmək çox böyük qələbə idi. Bir vaxtlar "Buhenvald harayı"nı nərə çəkib oxuyanda Sovetlər ölkəsində milyonlarla insan nəfəsini dərmədən ona qulaq asardı. Bu güclə bir ordunu hərəkətə gətirmək olardı. Bəs, İtaliya partizanlarının sevimli mahnısı "Bela çau"nu xatırladınızmı? Yüksək vokal imkanları, nitq səlistliyi, aktyorluq məharəti ilə təqdim etdiyi Fiqaronun ariyasını necə? Himn qədər səfərbəredici gücə malik "Azərbaycan" mahnısını unutmaqmı olar? "Mənim şəhərim Bakı" nəğməsində hamımızın hissini heç birimizin ifadə edə bilməyəcəyi şəkildə ancaq o səsləndirdi. Ana yanğısını onun qədər səmimi duyğularla, mənalı vurğularla, təbii və doğma nəfəslə kim canlandıra bilərdi? Repertuarındakı yüzlərlə əsər sırasında yüksək məharətlə səslənən neapolitan mahnılarını, rus romanslarını, klassik əsərləri və estrada musiqisini kim unudar? "Sənsiz"i sənsiz keçəcək günlərimizdə dinləməmək üçün kar olmaq gərəkdir, Müslüm. Nə yaxşı ki, kar deyilik. Nə yaxşı ki, kor da deyilik, sənin böyüklüyünü görə bilirik. Oxuduğun "Ana" mahnısının sədası indi də qulağımdadır. Sən də anaya həsrət idin. Böyük məhəbbətlə ifa etdiyin Zərifə anaya ithaf olunan mahnıya sızıltı, inilti yaddır, orada sonsuz ana nisgili var. Bu təkcə yeddi notun sehrindən hörülən musiqi çələngi deyil. Bu, həm də sənin bir rəssam kimi yaratdığın və yalnız qəlbi ana sevgisiylə döyünən duyğusal insanların görə bildiyi müqəddəs Ana lövhəsidi. O, həm səslə, həm sözlə, həm də riyasız, boyasız müqəddəs hisslərlə işlənmiş nadir rəngkarlıq əsəridir.
   
   Böyük fateh deyəndə ağla gələn ilk simalar sırasında Makedoniyalı İsgəndər, Çingiz xan, Sultan Mehmet, və Napoleonu görürəm. Bu böyük şəxsiyyətlərin hər birinin hərbi yürüşləri tarixə bəllidir. Keçmiş əyyamlarda qan töküb, torpaqlar zəbt edib, məmləkətlərinin ərazisini böyüdüb, sərvətini artırıb qüdrətli imperiyalar quraraq hakimi-mütləq olublar. Amma böyüklük onların da həmişəlık olaraq boylarına biçilməyib, zamanla sərhədlər yenidən dəyişib. Dünya durduqca güclü-zəif hökmdarlar tarix səhnəsindən gəlib-keçib, xanlar, paşalar, krallar, sultanlar bir-birini əvəz edib. Gün gəlib varlılar kasıblayıb, fəqirlər zənginləşıb. Zəhmli paşaların tikdikləri sarayların, saldıqları şəhərlərin çoxunu zəlzələlər, aramsız və amansız savaşlar dağıtdı. Böyük sənətsə qaldı, yaşadı. Nizami Gəncəvi, Füzuli, Dante, Şekspir, Rafael, Mikelancelo, Bomarşe, Puşkin, Bethoven, Bax, Motsart, Ştraus, Şopen, Üzeyir Hacıbəyov kimi... Belə olan halda könüllər fəth etmək ölkələr zəbt etməkdən daha şərəfli deyilmi? Bu mənada Müslüm Maqomayev Yer üzünün ən böyük fatehlərindən biri deyilmi?
   
   
   
   ***
   
   
   
   O gün onun baba ocağı saydığımız Filarmoniyada əzəmətli "Azərbaycan" mahnısı həmişəkindən fərqli olaraq, sanki həzin layla kimi səslənirdi. Ona Ana, həm də "anamın anasısan" dediyi Odlar yurdu sevimli övladını qoynuna almazdan öncə, onun öz səsiylə onun özünə layla çaldırırdı. Xanım Tamaranın həmin andakı vəziyyətini ifadə etməkdə söz də, musiqi də, sükut da aciz idi. O, nə qədər güclü və nə qədər zəif, köməksiz göründü mənə. Bu böyük kədəri paylaşmağa gələn izdihamın içində də daxilən yalqız idi. Qapısını vaxtsız döyən tənhalıq dərdinin xofunu, bəxtinə yar olanı bircə anda itirməklə, bəxtinə yara olan qara gününün xəyalında canlanan vahiməsini gözünə taxdığı qara eynək gizlədə bilmirdi. Çöhrəsində cığır salıb aramsız süzülən göz yaşlarını hansı dəsmal qurudacaqdı? Mən onun əllərinin hərəkətinə baxdım. Müslüm səhnədə yalqız idi. Bütün Azərbaycan həmişəkindən daha böyük maraqla onun ifasında "Azərbaycan" mahnısını dinləyirdi. Bolşoy teatrın böyük primadonnası kiçik əllərini bilmirdi ki, necə idarə etsin. Gah sağ əlini qulağına aparırdı. Bəlkə bir qulağından girib kədərin ağırlığından süstləşən hisslərini yenidən qaynadan, coşduran ona doğma, məhrəm səsin özünə yol tapıb içindən çıxmasını əngəlləmək üçün əliylə o biri qulağını sıxmışdı? Əllər bir yerdə qərar tutub qalmırdı. Bu dəfə də ağzını bərk-bərk qapatmışdı. Bəlkə, qara geyimli xanım dodaqlarını möhkəm kilidləyirdi ki, qeyri-ixtiyari olaraq, həmişəki kimi onun səsinə səs verib oxumasın? Tünd qara eynək arxasında gözlərinin ifadəsi məchul qalsa da, onun nərmin əlləri ürəyindən keçənləri bizdən gizlədə bilmirdi... Həyatının Müslümlü çağları başlayan gündən Azərbaycan bu gəlinə ona qaynana yox, əsl ana idi.
   
   Müslüm Maqomayevlə şəxsən tanış idim. Onunla bağlı unudulmaz xatirələrim var. Amma bu gün xatirə danışmağın yeri deyil, xatirələrə dalmaq, Müslümlə vidalaşmaq vaxtıdır. Böyük sənətkarların adına "lar", "lər" şəkilçiləri əlavə edilə bilməz. Yəni, Rəşidlər, Müslümlər deyilməz. Çünki Rəşid də, Müslüm də təkdir.
   
   Bu payız milli mədəniyyətimizə qəflətən böyük itki üz verdi. Belə ağır məqamda İlham Əliyevin çox sakit, səssiz-səmirsiz atdığı tarixi addım əvəzsiz sənətkarın son ünvanını bütün dünyaya bəyan etdi AZƏRBAYCAN! Kimsə onu öz adına çıxmasın. Müslüm nə mənim, nə sənin, nə də onun. O, nə bizim, nə sizin, nə də onların. Müslüm dünya mədəniyyətinin bir parçasıdır. Onun nəinki yerdə, göydə də yeri vardı. Günəş sistemində astronomların 1974 SP kimi kodlaşdırdığı kiçik planetə böyük sənətkarın adı verilmişdi. 11 ildir ki, sərhədsiz fəzanın ənginliyində hamımızın Müslüm adlı planeti var. Ruhu göylərdə dolaşan sənətkarın milli kimliyini də kimsə səhv salmasın. Müslüm azərbaycanlıdır, onun əzəli və əbədi ünvanı da Azərbaycandır!
   
   


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK