Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | İNSANLIĞIN UCUZLAŞAN GÜNLƏRİ Adalet.az | İNSANLIĞIN UCUZLAŞAN GÜNLƏRİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

İNSANLIĞIN UCUZLAŞAN GÜNLƏRİ

("Tarix - ibrət alanlar üçün dərsdir" silsiləsindən)

19300    |   2008-07-19 03:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(əvvəli ötən şənbə sayında)
   
   Kirovun müəmmalı qətlindən dərhal sonra dəhşətli hadisələr baş verdi. Düşmən ovu ucsuz-bucaqsız Sovet ovlağında öz miqyasına görə görünməmiş vüsət aldı. Yüzlərlə adam həbs edildi, güllələndi. İş-gəncə altında xarici ölkələrin xeyrinə casusluq etdiyini boynuna alanların sayı artdıqca, təmizlənmə adıyla ölkə daha böyük çirkaba bulaşırdı. Qəribədir ki, ictimaiyyətə düşmən, xain kimi təqdim olunanlar təsadüfi insanlar deyildi. Əksəriyyət inqilabı hərəkatın fəal üzvü, görkəmli elm, sənət xadimi, yüksək rütbəli hərbçilər, onların ailə üzvləri, yaxın qohumları idi. Əsl tragikomik vəziyyət yaranmışdı: minlərlə günahsızın qanını içib Əzrayıl tək canını almaqla yüksək hərbi rütbələrə, orden və medallara sahib olan repressiya kapitanları da Tanrının qıl körpüsündən "xalq düşməni" kimi keçməli olurdular. Nə qədər qəribə görünsə də, yeni dövrün ən amansız cəlladları kimi ad çıxaran NKVD rəhbərlərinin tale kitabının son səhifələri də qaranlıq məhbəslərdə yazılır, bir vaxtlar gur yanan ömür çıraqları məhbus həyatının soyuğunda qurşunla söndürü-lürdü...
   
    1 dekabr, 1934-cü il
   Smolnıda baş verən cinayət hadisəsi barədə ilk xəbər NKVD-nin Leninqrad idarəsinin rəisi Filip Medved yoldaşa (Medveddən də yoldaş olar?-E.B.) çatdırıldı. O, Moskvaya zəng edib fövqəladə ha-disə barədə daxili işlər komissarı Yaqodaya məruzə etdi.
   Hadisə yerində tərtib olunan xidməti məlumatda deyilirdi:
   "1 dekabr, saat 16.30 radələrində Smolnı binasının 3-cü mərtəbə-sində iş otağının 20 addımlığında naməlum şəxs tərəfindən Kirov yoldaşın baş nahiyəsinə atəş açılmışdır. Şəxsiyyəti tam məlum olun-mayan şəxs cibindən çıxan sənədlərə görə, 1904-cü il təvəllüdlü, 1924-cü ildən partiya üzvü Leonid Vasilyeviç Nikolayevdir. Yoldaş Kirov kabinetindədir. Təcili çağırılan həkimlər onun yanındadır. Həbs olunan Nikolayev NKVD-yə göndərilmişdir. Onun həyat yoldaşı Milda Draulenin həbsi barədə sərəncam verilmişdir. Smolnıda əməliyyat-axtarış işləri davam edir. Medved məlumatı saat 18.30-da imzalamışdı. 16.30-da aldığı güllə yarasından iki-üç dəqiqə sonra dünyasını dəyişən Kirov iki saat öz kabinetində niyə qalmalı idi ki? Məgər, Medved bilmirdi ki, Kirov qış yuxusuna getməyib. Onun bioloji həyatı tükəndiyindən həkimə ehtiyacı qalma-mışdı. Belə vəziyyətdə isə yanında keşikçi deyil, keşişin olması daha münasib idi.
   Kirovun müavini, Vilayət Partiya Komitəsinin ikinci katibi Çudov da öz növbəsində qanlı olaylar barədə Kaqanoviçə məruzə etmişdi. Bəd xəbəri Stalinə ilk çatdıran da, deyəsən, Kaqanoviç olmuşdu. Axşam saatlarında aldığı gözlənilməz xəbərdən sarsılan Baş katib Çudovla telefon əlaqəsi qurmağı tapşırır. Stalinlə birbaşa xətdə olduğunu bilən Çudovun həyəcandan dili kəkələyir, ağzı söz tutmur. Eşitdiklərindən qane olmayan Stalin yaxınlıqdakı həkimlərdən birini telefona çağırmasını istəyir. Dəstəyi məşhur cərrah Canelidzeyə verirlər. Kirovun aldığı güllə yarasından dərhal keçindiyini bildirən həkim daha ətraflı məlumat üçün tibbi ekspertizanın aparılmasına və meyidi yarmağa icazə istəyir. Razılıq alan həkimlər öz işinə başlayırlar.
   Həmin axşam Stalin hökumətin rəhbəri Vyaçeslav Molotov, müdafiə məsələləri üzrə komissar Kliment Voroşilov, daxili işlər komissarı Yenox Yaqoda, MK yanında Partiya Nəzarəti Komissiyasının sədr müavini Nikolay Yejov, Baş prokuror Andrey Vışinski və digər yüksək vəzifəli məmurlarla birlikdə qatarla Leninqrada yollandı. Fəqət, bu barədə kütləvi informasiya vasitələrində rəsmi məlumat verilmədi.
   
   2 dekabr, 1934-cü il
   Qəzetlərdə dərc olunan rəsmi məlumatlarda partiya və hökumət rəhbərliyi adından dərin hüznlə bildirilir ki, 1934-cü il dekabrın 1-də saat 16.37-də fəhlə sinfinin düşmənləri tərəfindən göndərilən qatilin əliylə Siyasi və Təşkilati Büro üzvü, Mərkəzi Komitənin katibi, Leninqrad vilayət partiya komitəsinin birinci katibi Sergey Mİronoviç Kirov həlak olub. Səbəb kimi hələ heç nə göstərilmirdi. Dəfnin təşkili ilə əlaqədar xüsusi dövlət komissiyası yaradıldığı, mərasimin ayın 6-da, saat 15.00-da Qızıl meydanda keçiriləcəyi bildirilirdi. Rəsmi məlumatda xüsusi vurğulanırdı ki, sinfi düşmənlərin kökü biryolluq kəsilməlidir. Müttəfiq respublikaların mövcud cinayət-prosessual kodeksinə təcili edilən əlavələr qüvvəyə mindi. Bu dəyişikliklərdən sonra terrorizm nəticəsində baş verən cinayətlərin istintaq müddəti maksimum 10 gün müəyyən edildi. Müttəhim ittihamnamə ilə yalnız məhkəmədən bir gün öncə tanış ola bilərdi. Proses tərəflərin iştirakı olmadan da keçirilə bilərdi. Əfv barədə kasasiya şikayətinə baxmaq yasaqlanmışdı. Məhkəmə qərarının dərhal yerinə yetirilməsi barədə tapşırıq verilmişdi.
   Leninqrada gələn kimi, dəmiryolu vağzalından birbaşa Smolnıya yollanan Stalin hadisənin necə baş verdiyini araşdırmağa başladı. Onun Nİkolayevlə görüşü Kirovun iş otağında keçdi. Bu haqda yazılanlar müxtəlifdir. Rəsmi sənədlər olmadığından hərə eşitdiyini bir cür qələmə alıb. Bəziləri deyir ki, guya Nikolayev rəhbəri görcək ürəklənib. Ayaqlarına yıxılaraq etiraf edib ki, onu cinayətə təhrik edən Leninqrad çekistləridir. Antisovet terrorist şəbəkə üzvlərinin ələ keçməsində istintaqa kömək etsə, cəzasının yüngülləşəcəyi ona vəd olunub.
   Stalin onu maraqlandıran suallara cavab tapmaq üçün Kirovun mühafizəçisi Borisovun yanına gətirilməsinə göstəriş verir. Dustaq komissarın yolda avtomobil qəzasında həlak olması xəbəri onu bir qədər də sarsıdır. Üç nəfər çekistin müşayiəti ilə onu nədənsə yük maşınında Smolnıya gətirirmişlər. Qəza vaxtı Borisovdan başqa kimsə zərər çəkməyib.
   Daha bir sürpriz: Leninqrad NKVD-sinin rəhbəri Medvedin həbs olunması barədə göstəriş verilir.
   
    3 dekabr, 1934-cü il
   Moskvaya yola düşməzdən əvvəl Leninqraddakı vəziyyətin qarışıq və gərgin olduğunu öz gözüylə görən Baş katib cinayət işinin yubanmadan hərtərəfli araşdırılmasının labüdlüyünü hər kəsin diqqətinə çatdırır. Daha sonra Yejovu qatardan endirərək istintaqın gedişinə nəzarət etməyi və mütəmadi olaraq məlumat verməyi ona tapşırır.
   
    4 dekabr, 1934-cü il
   "Pravda" qəzeti yazırdı ki, Kirovun qətlində əli olan ağqvardiyaçı terroristlərin böyük bir qrupu həbs olunmuşdur. Bu o demək idi ki, Kirovun qatili bir nəfər deyil, mütəşəkkil cinayətkar dəstənin üzvləridir. Həbslər davam edirdi.
   
    6 dekabr, 1934-cü il
   Vida mərasimində tabuta yaxınlaşan Stalinin meyidin alnından öpməsi hamının diqqətini çəkdi. "Pravda" qəzeti yazırdı ki, bu öpüş böyük sovet dövlətinin, qüdrətli sovet xalqının Kirova olan məhəbbətinin ifadəsi idi. Mərasimdə çıxış edən Molotov bir daha bəyan etdi ki, qətl hadisəsində fəhlə sinfinin düşmənləri, ağqvardiyaçı alçaqlar, xarici agentlər günahkardır. Tezliklə onların ifşa olunacaqlarına xalqı əmin etdi. Xatırladaq ki, o günə kimi Leonid Nikolayev cinayəti qısqanclıq zəminində təkbaşına törətdiyini israrla təkrarlayırdı.
   
   7 dekabr, 1934-cü il
   Dindirmələrdə vəziyyət bir qədər dəyişməyə başladı. Leonid Niko-layev cinayəti təkbaşına törətmədiyini etiraf etdi. Onu təhrik edən-lər və köməkçilər müxalifət düşərgəsinin təmsilçiləri, daha dəqiq desək, zinovyevçilər olubmuş.
   
   15 dekabr, 1934-cü il
   Leninqradın yeni rəhbəri Jdanov kommunistlərin plenumunda müxalifət nümayəndələrini kəskin surətdə tənqid etdi və Kirovun qətlində onların iştirakının müəyyənləşdiyini söylədi.
   
   16 dekabr, 1934-cü il
   1934-cü ilin yanvarında Zinov-yev və Kamenev yenidən partiya sıralarında bərpa edilmişdi. Kirovun qətlinin əsas təşkilatçılarından olduqları güman edilən Lev Nikolayeviç Kamenev və Qriqori Yevseyeviç Zinovyev dekabrın 16-da həbs edil-dilər.
   
   
    18 dekabr, 1934-cü il
   "Leninqradskaya pravda"nın baş məqaləsində vaxtilə Oktyabr inqilabının beşiyi başında dayanan Kamenev və Zinovyevə birmənalı olaraq "faşist tör-töküntüsü" damğası vuruldu.
   
   19 dekabr, 1934-cü il
   Nikolayevin dindirmələri davam edirdi. Onu gah qorxudur, gah könlünü almaqla dilə tuturdular. Dindirmələr uzun sürürdü. Ondan istədiklərini eşitməyəndə müstəntiqlər hər vasitəyə əl atırdılar. İşgəncələrə dözməyən Nikolayevin intihar cəhdi baş tutmadı. NKVD-nin ssenarisində belə sonluq nəzərdə tutulmurdu. O, hələ lazım idi. İstintaqa verdiyi ifadələri məhkəmədə təsdiq etməli olacaqdı.
   
   21 dekabr, 1934-cü il
   Dostunun faciəli ölümündən son dərəcə kədərlənsə də, nə qədər qəzəblənsə də, Kirova 40 gün yas saxlamadı. İosif Vissarionoviç Cu-qaşvili 55 yaşını Moskva yaxınlığındakı bağ evində yaxın dostları və qohumlarının iştirakı ilə qeyd etdi. Süfrədə xüsusi təmtəraq nəzərə çarpmasa da, şahidlərin dediyinə görə, səmimi ortam var idi. Bud-yonnı bayan çalırdı, Jdanov royalı səsləndirirdi. Qonaqlar xalq mahnıları oxuyur, rəqs edir, rəhbərin şərəfinə badə qaldırırdılar.
   
   22 dekabr, 1934-cü il
   Stalin hüquq-mühafizə orqanlarını süründürməçilikdə təqsirləndirirdi. Göstəriş vermişdi ki, Kirovun qətli ilə bağlı məsələyə ay sonuna kimi yubanmadan baxılsın. Cinayətdə əli olanların hamısı ifşa edilərək cəzalandırılsın. Məhkəmə ərəfəsində Kollegiyanın sədri Ulrix Stalinlə görüşüb cəza səviyyəsi barədə onun fikirləri ilə maraqlananda birmənalı cavab aldı. Baş katibin fikri qəti idi. O, cinayətkar dəstənin bütün üzvlərinin güllələnməsini istəyirdi. İndi qoy ədalət məhkəməsinin üzvləri nə qədər istəyirlər fikirləşsinlər. Necə olsa 28-nə kimi vaxt var idi... Onun mövqeyi Baş prokurorun müavini Andrey Vışinskiyə də yaxşı məlum idi. Əslən odessalı Vışinski 5 yaşından bakılı olmuşdu. 1908-ci ildə inqilabi fəaliyyətinə görə məsuliyyətə cəlb olunanda uzun müddət Bayıl həbsxanasında Stalinlə bir kamerada qalmışdı. Ağır illərin dostluq münasibəti ömür boyu davam edirdi. Belə olmasaydı, Oktyabr çevrilişindən sonra da bir müddət siyasi əqidəsini menşeviklərlə paylaşan, hətta 1917-ci ilin iyununda Petroqradda Leninin və Zinovyevin həbsinə göstəriş imzalayan hüquqşünas Vışinski Sovet dövründə nəinki yüksək vəzifə tuta, heç sağ qala da bilməzdi. Xatırladaq ki, ona partiya sıralarına qəbul olmaq üçün zəmanəti şəxsən Koba vermişdi. Stalinin zəmanət verdiyi ikinci adam, deyəsən, heç olmayıb. Kirovun qətli ilə bağlı yaxın günlərdə keçiriləcək məhkəmə prosesində prokuror olaraq Andrey Vışinski özü iştirak edəcəkdi.
   
    28-29 dekabr, 1934-cü il
   14.20-də başlayan iclas 16 saatdan çox davam etdi. Dekabrın 29-u qarlı qış günündə səhərə yaxın oxunan hökm 14 nəfərin üzünə sabahı əbədi qapatmış oldu. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının səyyar sessiyasının qərarı ilə Kirovun qətlində günahkar bilinən müttəhimlərə güllələnmə cəzası verildi. Nikolayev və digər 13 nəfərin Leninqradda fəaliyyət göstərən gizli zinovyevçi anti-sovet qrupun fəal üzvləri olduğu xüsusi qeyd edildi. Deyirlər ki, Nikolayevə söz vermişdilər ki, 3-4 il həbs düşərgəsində qalandan sonra azadlığa çıxacaq. Haqqında ölüm hökmü çıxarıldığını eşidəndə "məni aldatdılar", deyə bağırıb. "Bu, ədalətsizlikdir ", deyib ədalət məhkəməsini ədalətli olmağa çağırıb. Digərləri də ittihamı etirazla qarşılayıblar. Amma bütün bunlara əhəmiyyət verən olmayıb. Səhər saat 7.40-da hökm yerinə yetirilib.
   
   30 dekabr, 1934-cü il
   İlin son günlərində statistik rəqəmlərdən məlum oldu ki, məmlə-kətdə 1 milyon 200 min adam mü-hakimə olunub. Bilavasitə NKVD xətti ilə baxılan cinayət işlərinin sayı 79 minə çatırdı. O illərdə böyük bir zindana, əmək-islah düşərgəsinə çevrilən Sovetlər Birliyində dağılan ailələrin, bədbəxt talelərin nə hesabını aparan vardı, nə də bu faciələrə görə kimdənsə hesab soran. Nahaq demirlər ki, "qaliblər mühakimə olunmur". Bu, düzdür. Amma bu da bir həqiqətdir ki, qaliblərin məhkəməsi məğlub olandan sonra qurulur...
   
   31 dekabr, 1934-cü il
   Yeni ili məhbəsdə qarşılayan sevib-sevilən 32 yaşlı Milda Draule-nin fikri sahibsiz qalan iki övladının yanında idi. Amma onları görmək gənc anaya bir də nəsib olmayacaqdı. Kirovsuz ötən ömrü-nün iki ayı tamam olanda Smolnıdakı qətlin törədilməsində onu da müqəssir bilərək güllələyəcəkdilər. Özü də təkcə onu deyil, anasını, bacısını, bacısının ərini də eyni aqibət gözləyirdi. Görən daha kimlər tutulacaq, daha hansı rəhbərlərin vətən xaini olduğu aşkarlanacaqdı? Hələ ki, bu işlərlə bilavasitə Xalq Komissarı Yaqoda məşğul olurdu. Onun səlahiyyətləri böyüdükcə ömür payı özündən xəbərsiz kiçilirdi. Sinəsini bəzəyən Qırmızı bayraq ordeni, "SSRİ-nin Fəxri çekisti" nişanı və ən son layiq görüldüyü Lenin ordeni yaxın gələcəkdə onun özünə ünvanlanacaq ciddi ittihamların qarşısını ala biləcək gücə malik sipər deyildi. Şərəfinə ucaldılan heykəli də bir gecədə partladacaqdılar. Hadisədən dörd il sonra Smolnıda baş verən qətldə Yaqodanı da günahlandıracaqdılar. Nahaq yerə de-mirlər ki, "dünən fərman verən bu gün can verir". İnsan və insanlıq ucuzlaşıb dəyərdən düşəndə, mənəvi eybəcərlik dəb olanda, insan haqları, azad söz, azad fikir tapdaq altında qalanda, mizan-tərəzinin tarixən əldən-ələ keçməsi unudulanda belə hadisələrin baş verməsi təbiidir.
   Yeni il axşamı hər kəs evinə, ailəsinə, yaxınlarına, əzizlərinə ruzi-bərəkət, əmin-amanlıq diləyirdi. 1935-ci ildə daha nə baş verməliydi ki, sosializm quran sovet xalqı bir az da "xoşbəxt " olsun, bir az da "yaxşı" yaşasın?
   
   (ardı var)
   
   


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK