hacklink Adalet.az | YOLUMUZ HAYANADI?! Adalet.az | YOLUMUZ HAYANADI?! Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

YOLUMUZ HAYANADI?!

20069    |   2008-06-28 00:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İclaslara, yığıncaqlara çox vaxt girmir, ya da həvəssiz, candərdi qatılıram. Çünki bu tədbirlərdə danışılanlar, müzakirə olunanlar real həyatdan çox uzaq, vaxt öldürən, baş girləyən şeylərdi. Tənqid olunmalılar təriflənir, tənqid etməli olanlar susur, ölçü götürməsi gərəkənlər tənqid edirlər. Başa düşmək olmur, günah kimdədi, cavabdeh kimdi, məsuliyyət daşıyan kim. Dağda oturub arandan, aranda oturub dağdan danışırlar. Sovet dövründən qalma tribunaların ancaq üstündəki gerb dəyişdirilib. Həmin pafos, həmin ritorika. Həmişə danışanlar yenə danışır, həmişə dinləyənlər yenə qulaq asır, təriflər, alqışlar baş alıb gedir. Yenə tayımız-bərabərimiz yoxdu, yenə iri addımlarla irəliləyirik, dünyanın gözü bizdədi, özümüz kimi millət yoxdu, krantlarımızdan su əvəzinə süd axır, çörəyimiz itətökdü və s. və i.a. Sanki gecə-gündüz bankomat qurğularının qabağında qəpik-quruşdan ötrü növbəyə duranlar Marsdan, Yupiterdən eniblər bizim bu şanlı planetimizə. Mağazalarda cild-cild yığılan nisyə dəftərlərini saxlamaqçın ayrıca bir arxiv idarəsinə ehtiyac var. Görəsən, beş-on manatlıq alış-verişin məbləğini kalkulyatorla güclə hesablayan satıcı tanınmış riyaziyyat müəlliminin nisyə ərzaq almasına necə baxır? Ağ xalatlı həkimin dalınca rişxəndlə "sən də deyirsən, sənət oxumuşam" demirmi? Hələ jurnalistləri demirəm. Yox, qoyun deyim. Ancaq mən jurnalistlərdən deyil, "jurnalist"lərdən danışacam. Çəyirtkə sürüsü tarlalara, zəmilərə daraşan kimi daraşıblar rayonların canına, əvvəllər idarələri gəzirdilər, indi dükan və marketlərə dadanıblar. O gün bir tanış market sahibi otağıma gəlmişdi. (Tanış deyəndə, rayon yeridi, hamı bir-birini tanıyır). Cib telefonu zəng çaldı. Satıcısı deyirdi ki, "jurnalistlər" gəliblər, bu da dedi ki, hərəsinə 5 manat ver, çıxıb getsinlər. Cavab gəldi ki, beş manata durmurlar. "Yaxşı, 10 manat ver".
   - Onlara niyə pul verirsiniz ki? - deyə soruşuram.
   - Deyirlər ki, sizdən yazacağıq. Bir-iki dəfə də şəklimizi çəkiblər.
   - Qəzetdə gedib?
   - Vallah, hələ görməmişəm.
   - Niyə onlardan sənəd tələb etmirsiniz? Onlar icra hakimiyyətində qeydiyyatdan keçməlidirlər.
   Mat-məəttəl üzümə baxır. Yazığı niyə qınayım ki? Və bir də yazıq olan təkcə odurmu?!
   Kimi aldadırıq, kimə özümüzü göstəririk, bilmirəm. Aldatmaq istədiklərimiz həmişə əsl vəziyyəti bizim çoxumuzdan yaxşı anlayıblar. Yoxsa, o boyda ölkəni necə dağıtmaq olardı?!
   Kəsif havası nəfəs kəsən iclas zalına bir də qayıtmaq istəyirəm. Çünki orada bəzən ağıllı sözlər də danışırlar. Məsələn, bu yaxınlarda bir partiya veteranının ürək yanğısıynan "mən onnan qorxuram ki, gün gələ, adamlar məktub yazdırmaqdan ötrü durub bu kənddən o biri kəndə, ya da şəhərə gedələr" deməsi canıma əməlli-başlı vəlvələ salıb mənim...
   Gözünüzün önünə həmin mənzərəni gətirməyə çalışın. İstər qışın sazağı, şaxtası olsun, istərsə də yayın nəfəs kəsən istisi, fərqi yoxdu. Ayağı çarıq-patavalı, başı motal papaqlı, arxalığı üç-dörd yerdən yamaqlı kəndçi torpaq yolla ya qonşu kəndə, ya da şəhərə gedir. Çiynindəki heybəsində də bir küp yağ, bir küp bal, iki-üç çolpa pay aparır ona məktub yazacaq mirzəyə, ya da mollaya.... İndi bildinizmi, 30-40 il bundan qabaq adamların bütün məktubları niyə eyni sözlərlə başlanırdı... "Əvvəla, salam. Salamdan sonra əgər zəhmət çəkib biz tərəflərin hal-əhvalını xəbər alsanız, şükrlər olsun yeri-göyü yaradana ki, biz sağ və salamat varıq. Sizin də sağ və salamat olmağınızı o bir Allahdan arzu və təvəqqe edirik..." Bu standart girişin bir sözünü unudan savadsız məktub yazmış sayılırdı. Ona görə ki, vaxtilə bütün məktublar eyni adam tərəfindən yazılırdı. Əslində həmin " müəllif" bir məktubu çoxaldıb əlinin altında hazır saxlayırdı, "Müştəri" gələn kimi Həsənə gedən məktuba Həsənin, Məmmədə gedən məktuba Məmmədin adını yazıb məktub göndərmək istəyənə verirdi.
   Millət ellikcən savadlanmamışdan qabaq iki cür oxumuşlarımız vardı. Birincilər mirzə səməndərlərdi. Bir barmaq kağız yazmaqçın camaatın yağını, pendirini, balını, qaymağını əlindən alıb, üstəlik dalıycan bir "canı cəhənnəm" də deyirdi. Təki özünün, balalarının qarnı tox, əyni-başı qaydasında olsun. Bir də bu millətin Qoridə, Tiflisdə, Moskvada, Peterburqda, Parisdə, Londonda, İstanbulda, Tehranda oxuyub qayıdanda özü ilə zəka və nur gətirənləri vardı. Bunlar Axundovlar, Sabirlər, Mirzə Cəlillər, Abbas Səhhətlər, Nərimanovlar, Vəzirovlar, Haqverdiyevlər, Zərdabilər, Çəmənzəminlilər, Cavidlər, Üzeyir Hacıbəyovlar, Cabbarlılar idilər. Hələ nə qədər adları tarixə düşməyən, yalnız öz elində, obasında, mahalında tanınan, xalqı maarifləndirmək üçün hər əzaba, söyüşlərə, təhqirlərə, məhrumiyyətlərə qatlananlar vardı. Mirzə Cəlilin "Danabaş kəndinin məktəbi" pyesindəki Uçitelin dizini yerə ataraq " Uçenie svet, ne uçenie tma" deyib göz yaşları tökdüyünü gərək bu millət unutmasın.
   Onlar istədiklərinə nail oldular. Gəlin boynumuza alaq ki, Sovet hakimiyyətinin ilk illərində savadsızlığın ləğv edilməsi ölkənin və millətlərin tarixinə qızıl hərflərlə yazılmağa layiqdi. Başı yaylıqlı qadınların, ayağı çarıqlı kəndlilərin savadsızlığı ləğv edən kurslara necə gəlməsini, necə həvəs və maraqla hərf öyrənməsini yaddaşında saxlayan kinokadrlara bu gün də həyəcansız baxmaq olmur. Çox şeylərə nail olduq, çox şeylər öyrəndik. O qədər savadlandıq ki, axırda Mirzə Cəlili, Sabiri, Cabbarlını tarixin arxivlərinə vermək istədik. Onların əsərləri sanki daha bizə gərək deyilmiş, biz artıq bu əsərlərdə arzu olunan məqsədlərə çatmışdıq. İndi bilmirsən sevinəsən, yoxsa kədərlənəsən ki, bu niyyətimiz baş tutmadı. Deyəsən, axı, kədər sevinci üstələyir. Bu gün adamlar Sabiri əvvəlkindən daha çox yada salır, rəhmət oxuyur, böyük satirikin nə qədər uzaqgörən olduğunu, heç bir zaman ölməyəcək şeirlər yazdığını, yazdıqlarının bu günümüzlə nə qədər səsləşdiyini vurğulayırlar. Çünki bu gün onun "oxutmuram, əl çəkin" satirası əməlli-başlı təzədən günümüzün reallığına çevrilib. Uşaqların, əsasən də qızların məktəbdən yayınması, kiçik yaşlarında ərə verilməsi halları ildən-ilə artır.
   Daha savadımızla öyünə bilmərik. Bu gün oğlan və qızlarımızın əlində kitab-dəftər görmək şirin bir xəyala dönüb. Küçədə gedə-gedə oxuduğu kitablardan, baxdığı filmlərdən danışan cavanları da axtarmayın. Əllərdə mobil telefonlar, telefonlarda bayağı musiqilər, söz-söhbətlər də ki, internetdəki hoqqalardan... Sabaha inamla bax, görüm, necə baxırsan... Yuxarıda qeyd elədiyim və mənim canıma vəlvələ salan sözlər yəqin ki, çoxlarının kürkünə birə salacaq. Təşvişlə, bu nə danışır, deyəcəklər, bunun dünyadan xəbəri yoxdu ki,... Bəs, bu qədər abituriyentlər, məzunlar, cürbəcür ali məktəblər, yeni-yeni sənət sahələri... Bax, məsələ də elə bu çoxluqdadı, kəmiyyət həmişə keyfiyyətlə tərs mütənasib olur. Bir də ki, boş qab çox cingildəyər, deyiblər. Yenilik adıynan gündə ortalığa bir şey atırlar, ancaq mahiyyət baxımından heç nə dəyişmir. Müəllimlərin fərdi məşğul olması şagirdlərin evini yıxdı. Hələ keçmişdə imkanlı adamların müəllim tutub öz uşaqlarına evində dərs keçdirməsi mənə son dərəcə cansıxıcı görünürdü. Tək necə dərs keçmək olar? O yerdə ki, bilik yarışması yoxdu, o yerdə ki, uşaqlar bir-birinin bəhsinə dərs oxumurlar, "müəllim, mən deyim, mən gəlim dərsi danışım" demirlər, mən o təhsilin faydasına inanmıram. Artıq məktəb arxa planda qalıb. Uşaq tanıyıram ki, dərsdən çıxandan sonra üç-dörd müəllimin yanına məşğələyə gedir, bir də hava qaralanda evə qayıdır. Bəs, o nə vaxt dincəlir, nə vaxt dərs oxuyur?
   Bəzən elə tələblər qoyulur ki, bunun savadlanmağa, intellektə heç bir dəxli yoxdur və ola da bilməz. Keçən il ortaya bir şüar atdılar: Bütün məktəb direktorları kompüterdə işləməyi bacarmalıdırlar! Yaxşı ki, bu səs-küy tez yatdı... Bilirsiniz, o zaman ağlıma kim gəlmişdi? O dəqiqə oxuduğum orta məktəbin direktoru Məşədi İmanqulu Həsənovu xatırlamışdım. İmanqulu müəllim İkinci Dünya müharibəsindən qabaq ali təhsil almış yerli ziyalılardandı. Bütün ömrünü nəsillərin savadlanmasına həsr eləmişdi. O, direktor olduğu illərdə adi bir kənd məktəbini müqəddəs təhsil məbədinə çevirməyi bacarmışdı. El-obanın gö-zündə əsl müəllim, ziyalı, ağsaqqal ucalığına yüksəlmişdi. Təsəvvür edin ki, bircə kompüterdə yaza bilmədiyinə görə bu nurani insanı direktorluqdan azad edirlər. Dəhşətdir, elə deyilmi? Və düşündüm: yaxşı ki, indi haqq dünyadasan, bizim bu günümüzü gör-mürsən...
   Gəlin papağımızı qabağımıza qoyub düşünək: Biz hara gedirik?! Hansı dünyanı, aləmi qururuq? Bizdən ötrü canını, qanını fəda edənlər, gözünün nurunu, ürəyinin yağını əridənlər haray salırdılar ki, başqa millətlər oxuyur, öyrənir, irəli baxır və bu yolla da irəli gedə bilir. Axı, biz də çox şey qazanmışdıq. İndi durub hər şeyin üstündən xətt çəkəkmi? Hər şeyin sürətlə dəyişdiyi, yalnız biliklinin, ağıllının qazandığı bu dünyada ayaqlarda sürünəkmi? Axı, bizim dostumuz, qolumuzdan tutanımız çox azdır, bəlkə də heç yoxdur. Özümüz özü-müzə dost ola bilmərikmi? Ola bilərik, olmalıyıq da. Əgər olmasaq, yenidən ağlımıza, zəkamıza lağ edib güləcəklər bizə:
   
   Ayağı çarıqlı kiçik bir ölkə
   Böyük Firdovsilər yaratdı bəlkə...
   Amma biz bəşər mədəniyyətinə Firdovsidən də böyük dühalar vermişik...
   
   P.S. Axırı yaman pafoslu səsləndi. Deyəsən, iclasların havası mənə də təsir eləyib...


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-12-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK