ANA SƏHİFƏ / YAZARLAR

MAY YAĞIŞLARI

62432    |   2008-06-07 00:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün nədənsə gözümü küçədən ayıra bilmirəm. İş arası elə hey başımı qaldırıb baxıram. Şair demişkən, bilmirəm, yollarda kimim var mənim. Əslində, heç kəsi gözləmirəm. Gözləməyin nə mənası var ki?! Onsuz da gedənim qayıtmır. İndiyəcən yola saldıqlarımın hamısı üzü o yanlıq olub. Gözümü qara torpaq örtüncə gözləyəcəyim biri var, O da heç vaxt dönməyəcəkg Mən sadəcə yağışa baxıram. May ayının son günündə yağan yağışa. Arabir külək əsir, qara, boz buludları hardansa qovub gətirir, yağış yağdırır, sonra da qovub aparır. Günəş çıxır, elə bilirsən, daha yaz qurtardı, yayın qızmar günləri başladı. Aran adamı da yayın istisindən canavar oddan qorxan kimi qorxur. Amma bu cəmi on beş-iyirmi dəqiqə çəkir, yenə yağış, yenə günəş... O qədər yağır ki, hamar olmayan asfaltda kiçik gölməçələr yaranır, gəlib-gedənlərin, ağacların, maşınların, plakat, şüar vurulmuş divarların şəkli bu gölməçələrə düşür...
   
   Gələn nədi, gedən nədi
   Bələk nədi, kəfən nədi
   Bu dünya öz keyfindədi
   Yağış yuyur, gün qurudur...
   
   Yaxşı ki, bu dünyada Ramiz Rövşən var...
   Yağış damcılarının xırda gölməçələrdə yaratdığı dairələr də elə mənim fikirlərim kimidi. Yaranır, yox olur. Başa vurduğumuz ay barədə düşünürəm. Adı qısa olsa da, ilin tarixi hadisələrlə ən zəngin ayıdı. Qələm dostlarımızla bu ayla ilgili xeyli yazılar işlədik. Hər kəs öz könlünün, yaddaşının aynasından baxdı tarixin müxtəliv dönəmlərində bu ayda baş verənlərə. Bayramlar, gül-çiçək ayı kimi hallansa da, daha onda sevinc namına bir şey tapa bilmədik. Nə ağ geyinən göründü, nə də qırmızı bağlayan.Necə sevinəsən ki, yüz ildi Sülh, Həmrəylik deyirik, amma hələ heç nəyə nail ola bilməmişik. Müharibələr də artır, münaqişələr də. O ev, o ailə yox idi ki, İkinci Dünya müharibəsinin qara günlərini yaşamasın.Qan ağlayan ürəklərin, yollardan yığılmayan gözlərin qabağında Qələbəni necə bayram eləmək olurdı?
   28 May gününü də soyuq-soyuq qeyd elədik. Küsülülər kimi hərə burnunu bir tərəfə tutdu. Görəsən, bizim birləşməyimiz üçün başımıza daha nələr gəlməsini gözləyirik?!.. " Bu gün 28 Maya həsr olunmuş tədbir keçirildi. Zaldan alqış səsləri kəsilmirdi. Amma heç kəs Məmməd Əminin idarəmizin qabağındakı büstünə gül-çiçək qoymadı... Axşamçağı evə gedənə yaxın bağçadakı ən gözəl gülləri dərib onun sinəsinə qoydum..."
   Bu cümlələri dörd il əvvəl qeyd dəftərsçəmə yazmışdım. Hələ heç nə dəyişməyib. Hələ dörd addım da irəliləməmişik. Biz tariximizə, azadlığımıza, soyumuza-kökümüzə aid olan dəyərləri canımıza, qanımıza hopdura bilmirik. Babəki necə anlayırıqsa, dəyərləndiririksə, Məmməd Əmini də o qədər görürük. Babək çoxumuzdan ötrü Allahsızın, dinsizin birindən, tarix kitablarındakı beş-altı cümlədən, iki seriyalıq bədii filmdən, gənc Rasim Balayevin gözəl çöhrəsindən başqa bir şey deyil hələ ki,... Soyuq Cümhuriyyət təntənələrindən yadımda ancaq bir şey qaldı: ANS kanalında M. Ə. Rəsulzadənin 1953-cü ildə " Azadlıq" radiosuna verdiyi müsahibədə canlı səsini eşitdim...
   Gecə də, gündüz də kədərli baxışları idarəmizin pilləkənləri ilə çıxıb-düşənləri seyr edir. O, bizi beləmi görmək istəyirdi? Soyuq, laqeyd, özü üçün yaşayan, yoxsa.....Gölməçədə yaranıb yox olan dairələr də elə mənə bu xüsusiyyətimizi xatırladırdı.Biri ortaya bir tum atır, biz də düşünmədən onun ətrafına yığışıb çevrə qururuq, çox çəkmir ki, yenə düşünmədən dağılıb yox oluruq...
   
   ***
   
   May ayının sonlarında bir hadisə də baş verib . Bilmirəm, buna tarixi, ya da əlamətdar demək olar, ya olmaz, amma mənimçin ( yəqin ki, bir çoxları üçün də) unudulmaz gündü. On doqquz il bundan qabaq həmin tarixdə Sovet qoşunları Əfqanıstandan çıxarılıb.Əfqanıstan müharibəsində iştirak edən dörd cavan oğlan haqqında yazı hazırlamışam. .. 22 yaşlı Şahin Hüseynov həlak olandan bir il sonra heç kəsin onu xatırlamadığını görən qardaşı şəhidin sənədlərini, şəkillərini yığıb redaksiyaya gətirmişdi.O yazı oxuculara çox təsir eləmişdi. Böyük Vətən müharibəsinin təsiri yavaş -yavaş unudulurdu. Adamlar müharibələrdən, qan-qadadan birdəfəlik qurtulduqlarına inanmaq istəyirdilər. Həmişə pambıqdan, taxıldan, maldarlıqdan, təhsil və səhiyyədən materiallar, şəkillər gedən qəzetimizdə ilk dəfəydi ki, şəhid haqqında məqalə verilirdi... " Adlı qəhrəmanları, gözəl nağılları olan xalq xoşbəxtdi. İndi Moranlı camaatının da öz nağılı var. Bü nağılın hələ bir yaşı yoxdu. İllər, on illər keçəcək, uzun qış gecələrində babalar, nənələr nəvələrini başlarına yığıb həzin, kövrək bir səslə danışacaqlar: Biri vardı, biri yoxdu, bu kənddə gözəl bir oğlan vardı. Bu oğlanın lap nağıllardakı kimi qara qaşları, dalğın gözləri vardı... Yox, bu nağıla hələ çox qalıb. Biz indi ağrılı, göynərtili bir həqiqəti danışacağıq..."
   Və Şahin hamının yadına düşdü. Oxuduğu məktəbə, sonradan yaradılan kolxoza, rayon mərkəzindəki küçələrdən birinə onun adını verdilər. Yerli şairlər şəninə şeirlər, poemalar yazdılar. Məktəblilər tədbirlərdə onun adını tanınmış qəhrəmanlarla yanaşı çəkməyə başladılar. Yazı " Azərbaycan gəncləri" qəzetində də dərc olundu...
   Həmin məqalədən sonra rayonumuzun Qarağac kəndindən bir sürücü adıma məktub göndərib Əfqanıstanda şəhid olmuş həmkəndlisi Rasim haqqında da yazmağımızı istədi. Rasimin anasıynan görüşdüm. İkimizin də göz yaşlarımıza bələnmiş həmin söhbətdən alınan yazıya belə də ad qoydum: " Nə qan tökülərdi, nə də göz yaşı..."
   Suqovuşanlı Teymur Əfqanıstanda dizdən aşağı bir qıçını qoyub dönmüşdü. İndi Teymurun , onun özündən heç də az qürurlanmadığım gözəl bir ailəsi var....
   Sonuncu " əfqan"ım sağ-salamat, bir güllə cızığı almadan belə qayıtmışdı. O məqaləni necə də sevinclə, pafosla bitirmişdim. Bir daha müharibələr və şəhid, əlil oğullar barədə yazmaq istəmədiyimi demişdim. O yazıdan üç-dörd ay sonra Sovet hökuməti Əfqanıstandan qoşunların çıxardı. Elə sevinirdim ki, sanki mənim o bir cümləm hər şeyi həll etmişdi.... Yanılırdım. Sən demə, şəhid tabutları innən belə qatarlanacaqmış..
   
   Daha heç nə yazmıram...
   May, doğrudan da, kədərli aymış...
   


YAZARIN ARXİVİ

2008-06-07 : MAY YAĞIŞLARI
SON XƏBƏRLƏR
2017-01-21
2017-01-20


VİDEO