hacklink Adalet.az | BAKININ FƏXRİ VƏTƏNDAŞI Adalet.az | BAKININ FƏXRİ VƏTƏNDAŞI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

BAKININ FƏXRİ VƏTƏNDAŞI

("Tarix-ibrət alanlar üçün dərsdir" silsiləsindən vı yazı )

15742    |   2008-02-23 00:51
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu dünyada hər nə varsa, yaxşı görmək üçün ona yaxından baxmaq lazımdır. Yalnız bir şeydən başqa - bu, tarixdir, tarixi hadisələr, şəxsiyyətlərdir. Onlara yalnız uzaqdan baxanda daha aydın görünür, duyulur, anlaşılırlar. İyirminci əsrdə 70 il əzəmətli imperiyanın tərkibində yaşadıq. Zaman keçdikcə içində çalxalandığımız o böyük nehrənin özünü də, "yağı yağ, ayranı ayran" olan özümüzü də daha doğru tanımağa başlayırıq. Yeddi rəqəmi bizə həmişə əzizdir. Biz hər zaman İlahidən yeddi oğul istəmişik. Yetmiş ildə yeddi rəhbərimiz oldu. Şəxsiyyət kimi sayılanı, sayılmayanı da var idi. Amma bir yerdə sayanda sayı düz gəldi, yeddi oldu: Lenin, Stalin, Xruşşov, Brejnev, Andropov, Çernenko və Qorbaçov. Hər biri dövlət maşınını ölkənin əyri yollarında düz sürmək üçün sükanı bir az sağa, bir az sola burdu. Gələndə noğul kimi şirin-şəkər bildiyimiz oğullar bizə nə nağıllar vəd etdilər, bəs, gerçəklər nə oldu... Gələndə Rüstəmi-Zal, gedəndə lal-kar olan yeddi oğulun aqibətindən indi də yeddi oğul istərəm ki, dərs alsın. O dövlət də getdi, o oğullar oxuduğumuz dərsliklərdə qalmadı. Şahlıq quşuna həmişəlik bir yerdə oturmağı kimsə öyrədə bilmədi. Çox dolaşıb seçdiyi ən qiymətli başda da, yol azıb yorulduğundan təsadüfən qonduğu dəyərsiz başda da əbədi qalacağını kimsəyə vəd etmədi. Gəzən çoxdu, amma gəzəyən adı təkcə Şahlıq quşuna yaraşdı. Səmada pərvazlanıb ölkələr gəzdi. Qonduğu başların başına gələnləri hamıya danışdı. Danışdı ki, bilib agah olaq. Danışdı ki, agah olduqlarımızdan doğru nəticə çıxaraq. Danışdı ki, dünyada əbədi var olan, göylərdə-yerlərdə dövranını sürüb tarix saatının göstəricisiylə bir anlıq o bəxtəvər başa mehman olan Şahlıq quşunun yanında kimsə özünü növbəti dəfə qiymətsiz etməsin. Tarix saatının ərəbləriysə öz bildiyi kimi işləyir... Həm saatın əqrəbləri, həm də ətrafımızda dolaşıb bizi yerimizdən oynadan, ağlımızı qaçıran ölümcül zəhərli əqrəblər bir an belə dayanmır. Hərdən tarixi vərəqləyib ondan ibrət dərsi almaqda fayda var.
   
   
   
   ***
   
   
   
   (əvvəli ötən şənbə sayımızda)
   
   
   
   
   
   1982-ci il yeni başlayanda kim bilərdi ki, onun sonu Brejnevlər ailəsi üçün faciəylə bitəcək. lkədə rüşvətxorluğa və korrupsiyaya qarşı yeni mübarizə dalğası Qalina Brejnevanın yaxın ətrafındakı adamların həbsiylə başlayacaq. Bir cox qaranlıq hadisələrin izi onun ünvanına istiqamətləndiriləcək. Bu hələ azmış kimi, ailəyə xüsusi yaxınlığı ilə fərqlənən DTK sədrinin birinci müavini Semyon Kuzmiç Sviqun yanvarın 19-da özünü güllələyəcək. Müəmmalı intihar hadisəsindən bir həftə sonra yanvarın 25-də Brejnev dövrünün baş ideoloqu, uzun illərdən bəri Kremldə ozəl nüfuz və səlahiyyət sahibi Mixail Andreyeviç Suslov iş otağında qəflətən vəfat edəcək. Yaxın silahdaşının qəfil ölümü Brejnevə çox pis təsir etdi. lkədə üç gün rəsmən matəm elan edildi. O, Kreml divarları yanında Kalinin, Jdanov, Voroşilov, Stalin kimi görkəmli şəxsiyyətlərlə bir cərgədə dəfn olundu. Dəfn mərasimi Mərkəzi Televiziya ilə canlı yayımlandı. Bütün bunlar onun 1955-ci ildən sonrakı xidmətlərinə verilən yüksək qiymətin göstəricisi idi. Suslovdan sonra ideologiya məsələləri Yuri Mixayloviç Andropova tapşırıldı. Bu o demək idi ki, son 15 il DTK-ya rəhbərlik edən ordu generalı bundan sonra Sovet rəhbərliyində ikinci şəxs mövqeyini qazandı. Amma son zamanlar Konstantin Ustinoviç Çernenko da mövqelərini xeyli gücləndirmişdi. Ona verilən səlahiyyətlərin əhatə dairəsi nəzərəçarpacaq dərəcədə genişlənmişdi. Zahirən stabillik şəraitində yaşayan ölkənin paytaxtında hakimiyyət uğrunda mübarizənin həlledici mərhələsi yaxınla-şırdı... Brejnev isə səhhətində yaranan ciddi problemlərə baxmayaraq, zbəkistana və Azərbaycana rəsmi səfər edəcəyinə razılıq vermişdi.
   
   
   
    * * *
   
   
   
   1982-ci ildə Leonid İliçin çörəkli Daşkəndin və neft Bakısının qonağı olacağı xəbəri bilinəndən hər iki respublikada əməlli-başlı hazırlıq işləri aparılırdı. Yollar təmir olunur, binalar təmizlənir, rənglənir, marşrut üzrə gözə çarpan nə pislik varsa, iri həcmli reklam lövhələrinin arxasında gizlədilirdi. Qonağın gəlişilə əlaqədar yığın-caqlar keçirilir, şəhər və rayon partiya komitələrinə, müəssisə və təşkilat rəhbərlərinə konkret tapşırıqlar verilirdi. Biz onu yazda gözləyirdik. Lakin zbəkistanda baş verən bədbəxt hadisə Bakı ziyarətinin qeyri-müəyyən vaxta ertələnməsilə nəticələndi. Mart ayının 23-də Daşkənddəki "Boran" zavodunda keçirilən görüşdə taxtadan duzəldilmiş səhnənin uçması nəticəsində Leonid İliç ciddi xəsarət aldı və dərhal Moskvaya qayıtmalı oldu. Qəza vaxtı onun sağ körpücük sümüyü sınmışdı. Buna baxmayaraq, Brejnev verdiyi vədə sadiq qalıb, sentyabrın ikinci yarısında Bakıya təşrif buyurdu.
   
   Həmin gün buludlar tutqun, hava çiskin idi. Təyyarə mey-danından iqamətgaha kimi yol kənarına düzülən yüz minlərlə adam yüksək qonağı alqışlayırdı. Hərəkət istiqaməti boyunca musiqi və rəqs kollektivlərinin çıxışları, on minlərlə qərənfildən düzələn çicək kompozisiyaları Abşeron torpağına payız günlərində bahar ovqatı gətirmişdi. Asfalt üzərinə çəkilən rəngarəng güllər uzun zaman yollarda silinmədən qalmışdı. Eyvanlardan xalılar sallanmışdı. Avtomobil karvanı yavaş sürətlə şəhər mərkəzinə doğru hərəkət edirdi. İlk dayanacaq Lenin ( indiki Azadlıq-E.B.) meydanı oldu. Neçə ay idi ki, burada teatrallaşdırılmış bayram tədbirinin məşqləri gedirdi. Bu tamaşanın hazırlanması Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına tapşırılmışdı. Leonid İliçə "Bakının Fəxri Vətəndaşı" medalını şəhərin baş meydanında ictimaiyyət nümayəndələri adından SSRİ xalq artisti Rəşid Behbudov təqdim etdi. Böyüklü-kiçikli mükafatlardan, orden və medallardan həmişə xoşlanan Leonid İliçin üzü gülürdü, eyni əməlli-başlı açılmışdı. Amma altmış min nəfərin iştirakı ilə hazırlanan 20 dəqiqəlik tamaşanı meydanda seyr etməyə qonağın taqəti qalmamışdı. O dedi ki, çox yorulmuşam, bir qədər dincəlməm lazım. Qoy, şənlik davam etsin, biz gedək. Onu dilə tutmaq cəhdləri heç bir nəticə vermədi. Qonaqlar maşınlara əyləşıb Baş katib üçün ayrılan iqamətgaha yollandılar. Biz tamaşanı səbəbkarın iştirakı olmadan başlamalı olduq. Mərkəzi Televiziyanın xüsusi çəkiliş qrupu xanım Kiselyovanın rejissorluğu ilə meydanda baş verənləri canlı olaraq ölkəyə nümayiş etdirdi. Tribunda isə rəhbərlikdən kimsə yox idi...
   
   L.İ.Brejnevin səfər proqramı gərgin idi. Şəhərlə tanışlıq, müxtəlif görüşlər, mərasimlər... Əsas tədbir - Lenin ordeninin təqdimetmə mərasimi, Respublika sarayında keçiriləcəkdi. Azərbaycan yüksək mükafata sənaye və kənd təsərrüfatı məhsulu istehsalına dair 15 illik tapşırıqlarının yerinə yetirilməsində qazandığı böyük nailiyyətlərə görə layiq görülmüşdü. Respublikanın bayrağında Oktyabr İnqilabı, Xalqlar Dostluğu ordenləri ilə yanaşı, bundan sonra üçüncü Lenin Ordeni də parlayacaqdı. Təntənəli iclasa dəvət olunan partiya-sovet fəallarının, ziyalıların, ictimaiyyət nümayəndələrinin siyahısı dəfələrlə yoxlanmışdı. Tədbirin başlamasından bir saat öncə hamı salonda öz yerini tutmuşdu. Tək-tük qalan boş qoltuqlara da əvvəlcədən tərtib olunmuş ehtiyat siyahıdakı adamları yerləşdirirdilər. Salonda işıqlar getdikcə güclənirdi. Rəyasət Heyətinə dəvətlilər öz yerlərini tutmuşdu. Hamı yüksək qonağı və onu müşayiət edən rəsmi şəxsləri gözləyirdi.
   
   Həmin ərəfədə maraqlı hadisə baş vermişdi. Sovet İttifaqı Teleqraf Agentliyi (SİTA) və Mərkəzi Komitənin orqanı olan "Pravda" qəzeti redaksiyasında yüksək vəzifəli tanışlarım mənə zəng vurub dedilər ki, L.İ. Brejnev öz çıxışında Bakı Şəhər Partiya Komitəsinin müsbət işini ayrıca qeyd edəcək. Əgər istəyirsənsə, çıxışın mətnini sənə göndərə bilərik. Mən o zaman Şəhər Partiya Komitəsinin təbliğat-təşviqat şöbəsinin müdiri vəzifəsində çalışırdım. Baş katibin rəsmi çıxışıyla əvvəlcədən tanış olmaq çox maraqlı idi. Paytaxtdakı dostlarıma təşəkkürümü bildirdim və dərhal mumi şöbədəki teleks aparatının başına keçdim. Moskvadan gələn materialı oxudum. Respublikanın qazandığı böyük nailiyyətlərdən geniş danışılan mətndə, həqiqətən, Bakı Komitəsinin müsbət iş təcrübəsi barədə də fikir söylənilirdi. Vaxt itirmədən məsələylə bağlı rəhbərliyə məlumat verdim. Sarayda keçiriləcək təntənəli yığıncağa gələrkən L.Brejnevin çıxışının mətnini də özümlə götürdüm. Baş katib tribunadan danışanda, onun dediklərini əlimdəki materialla tutuşdurmaq istəyirdim.
   
   Çıxış üçün söz Leonid İliçə verildi. Hamı ayaq üstə sürəkli alqışlar altında onun şəninə səslənən müxtəlif şüarlara hay verirdi. Səngimək bilməyən alqış sədaları bir qədər də gücləndi. Baş katıb minnətdarlıq əlaməti olaraq başını tərpədir, yığıncaq iştirakçılarının yerlərində oturmasına işarə edirdi. Lakin onun çoxsaylı işarələrinə məhəl qoyan tapılmırdı. Tribunaya dikilən nəzərlərdə sanki bu sözlər yazılmışdı: "Yox, əziz İliç, biz oturmayacağıq. Sevimli rəhbərimizi ayaq üstə salamlamaqda davam edəcəyik." Brejnev özünü rahatlayandan sonra öncədən tribunaya qoyulan qovluğu açdı. Leonid İliçin nitqini məlum səbəblərə görə, ən çox səbrsizliklə gözləyən mən idim. Lakin ilk cümlələrdən sonra gördüm ki, onun dedikləriylə əlimdə tutduğum mətn uyğun gəlmir. zlüyümdə düşündüm ki, "böyük qardaş"larımız, məni yaman pis vəziyyətə saldılar. Axı, rəhbərliyə məlumat vermişdim və isti-isti "afərin" payımı da almışdım. Bəs, indi necə olacaq? Teleks vərəqlərini yavaşca qovluğumda gizlədib məyus halda Baş katibin əyilmiş çənəsindən sızan sözlərini dinləməyə davam etsəm də, əsəbimdən heç nə eşitmirdim.
   
   Az keçməmiş gördüm ki, səhnədə qəribə canlanma başladı. Brejnevin köməkçisi tribunaya yaxınlaşaraq, nəsə deməyə cəhd göstərdi. Brejnev gözlüyünün altından Aleksandrova baxsa da, höccələyə-höccələyə vərəqə yazılanları oxumaqda davam edirdi. Artıq salondakılar da bir-birinə sual dolu baxışlarla nəzər salır, bu nümayişkəranə narahatlığın səbəbini anlaya bilmirdi. Bu cür mötəbər tədbirdə Baş katib çıxış edərkən köməkçisinin dəfələrlə ona yaxınlaşaraq sözünü kəsməyə cəhd göstərməsi, həqiqətən qeyri-adi hadisə idi. Bunu hamı yaxşı başa düşürdü. Tədbir canlı olaraq televiziya ilə yayımlanırdı. Dünyanın gözü önündə ilk dəfə belə anlaşılmaz vəziyyət baş verirdi. Zahirən büruzə verməsə də, hiss olunurdu ki, ev sahibi kimi, Heydər Əliyev də narahatlıq keçirir. O, Aleksandrovu yanına çağırıb nə baş verdiyi ilə maraqlandı. Salondakıların nəzəri artıq tribunadan oxuduğunun fərqində olmayan natiqə deyil, Heydər Əliyevə zillənmişdi. Səhnə diliylə desək, tragikomik vəziyyət yaranmışdı. Bu mənzərəni görən hər kəsdə istər-istəməz belə bir sual yaranırdı: özünü və sözünü tam idarə edə bilməyən bir adam ölkəni necə idarə edir. Təcili olaraq, nəsə etmək lazım idi. Amma bu "nəsə"nin nə olduğunu Baş katibin başını itirən köməkçiləri bilmirdi. Bu mürəkkəb anda Heydər Əliyev vaxt itirmədən çıxışın mətnini Aleksandrovdan alıb tribunaya yaxınlaşdı. Səmimiyyət, yüksək nəzakət və qətiyyətlə Leonid İliçin sözünü kəsib vəziyyəti ona bir neçə kəlməylə başa saldı. Salondakılar ayağa qalxaraq, yığıncağın gedişində yaranan bu fasiləni aramsız alqışlarla doldurdu. Bütün telekameralar tamaşaçılara yönəlmişdi. Tədbirdə yaranan gərginliyi aradan qaldırmaq üçün bəlkə də yeganə düzgün yol tapılmışdı.
   
   Nəhayət, ara sakitləşdi. Hamı təzədən yerinə oturub hadisələrin gələcək inkişafını gözlədi. Hiss olunurdu ki, Brejnev özü də yaman pərtdir. O, salona ətraflı nəzər salıb baş verənlərlə bağlı yalnız bunu dedi:
   
    -Vallah, mən günahkar deyiləm. Mənə nə vermişdilərsə, onu oxuyurdum.
   
   Bu səmimi etirafdan sonra yenə sürəkli alqış sədaları salonu bürüdü. Baş katib çıxışını təzədən başladı.Telekslə aldığım mətni qovluqdan çıxardım. Bu dəfə əlimdəki mətnlə hər şey düz gəlirdi. Gizli sevincimin həddi-hüdudu yox idi. Onu bağışlamaq olardı... Həmin mətn indi də mənim şəxsi arxivimdə qalır.


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-12-14
2019-12-13


VİDEO