QALMAQAL

ƏBÜLFƏT MƏDƏTOĞLU
36123 | 2007-11-24 07:24
Elə bilməyin ki, böyük hərflərlə yazdığım söz qəzet adıdı. Və elə bilməyin ki, bu söz ağlıma qəfil gəlib. Yox, sadəcə bu gün o qədər qəribə-qəribə qəzet adları var ki, elə o adların siyahısı ilə maraqlı ssenari hazırlamaq, süjet qurmaq olar. Amma bu mənlik deyil. Ən azı ona görə ki, həmin qəzetlərdə çörəklərini hardan gəldi çıxardan tanıdığım, tanımadığım insanlar var. Və kiminsə çörəyinə bais olmaq fikri həmişə məndən uzaq olub və bu gün də uzaqdı. Və bir də ki, çörəyi Allah verir... Bu yerdə zəruri bir haşiyə.
   
   Haşiyə: Bir dəfə qəzetimizin baş redaktoru ilə çörək mövzusu ilə söhbət edirdik. Mən ona təşəkkürümü bildirəndə özünəməxsus tərzdə dedi ki, avam-avam danışma, mən kiməm ki, çörək verəm, çörəyi verən Allahdı. Sadəcə mən ortada vasitəçiyəm, Allahın üzərimə qoyduğu missiyanı yerinə yetirən bəndəyəm.
   
   Hə, deməli, ad məsələsi öz yerində, bununla işimiz yoxdur. Amma bu söz özü-özlüyündə bugünkü yazımızda mütləq istifadə ediləcək. Çünki neçə gündür məni narahat edən bir məsələ var. O da bir para adamın, əslində, mən onlara nə sənətkar, nə sənətçi, nə bilim nəmənə deyə bilmirəm, elə sadəcə bir para adam deyirəm. İşi-gücü sanki qurtarıbdır. Bir az da kobud ifadə etsəm, elə bil naxırı sağına gəlib, sürüsü yatağa, papağının dalını qaldırıb əllərini də çarpazlayıb boynunun ardında, yanını verib külfətin böyrünə, Araz aşığındandı, Kür də topuğundan. Dünya alışıb yansa da, bir xorum otu da yanmaz. Bax, belələrini görəndə qalırsan məəttəl ki, bu dünya vecinə olmayan adamlar görəsən bizlə niyə məzələnirlər? Nə veriblər ki bizə, ala bilmirlər.
   
   İndi bu sətirləri oxuduqca hərənin ağlına min cürə fikir gələcək. Hərə öz arşınıynan ölçüb-biçib dağı arana aparacaq, aranı dağa. Sonra başlayacaq saf-çürük eləməyə, cizgilər axtarmağa. Düşünəcək, görək mən kimi nəzərdə tutmuşam, o özü kimi nəzərdə tutub və beləcə əsəbləşib (bu yerdə lap nervilənib də demək olar!!!) bir-iki kor-kobud söz işlədən də yəqin olacaq. Olsun da həmişə belə olub. Yəqin indən belə də bu cür davam edəcək. Olsun da. Amma...
   
   Mən fikrimdə elə insanları, daha doğrusu, o bir para adamları tutmuşam ki, onların işi-gücü şəklini qəzetdə, söz-söhbətini televizorda axtarmaq, dinləməkdi. Bu adamlar sanki məhz qalmaqal üçün doğulublar. İkicə gün adları televizorda deyilməsə, şəkilləri qəzetdə olmasa, elə bil düşürlər qırx arşınlıq quyunun dibinə. Onda da başlayırlar özləri-özlərindən nə isə "Amerika" açmağa. Burda da bir haşiyə deyim, çünki lazımdı.
   
   Haşiyə: Deməli, adının çəkilməsini istəməyən və sənət dünyası ilə ilgilənən jurnalist həmkarlarımdan biri kefimizin duru vaxtında dedi ki, bəlkə sabahkı nömrənizdə filan müğənni xanımla bağlı bir üç cümləlik anons yazasan. Təəccüblə üzünə baxdım, çünki ondan belə bir şey gözləmirdim. O da təəccübü hiss elədi və gülə-gülə dedi ki, iki-üç gündü mənə zəng vurur ki, bəs deyəsən qəzetlərin yadından çıxmışam. Tanış-bilişə de ki, yazsınlar ki, mənə elçi gəlib, amma hələ ərə getmək fikrim yoxdu. Birinci, sənətdə özümü tanıdım, sonra nə qədər desən ər tapılacaq. Bu yerdə mütləq bir "bərəkallah" da demək lazımdır.
   
   İndi gördünüz də, deməli, gündəmdə qalmaq, unudulmamaq üçün saç da yolmaq olar, söyüş də söymək olar, hələ lüt soyunmaq da. Bir yaxşı oxumaq, sənətini püxtələşdirməkdən başqa. Nə istəyirsən hamısına yaşıl işıq. Çətini qaş-göz, göbək oynatmaqdı, sponsorlar da tökülüb gələcəkdi payız xəzəli kimi...
   
   Hə, təkcə sənət dünyasında belə deyil ki, elə siyasətimiz də bu gündədi. Ailə üzvlərindən ibarət olan partiyalarımız, təşkilatlarımız var ki, yaddan çıxmamaq üçün bir-birinə masajı da, sualı da, hətta az qala xeyir-şərə dəvətlərini də qəzetlər vasitəsi ilə edirlər. Hətta efirdən bir-birinin bostanına qoza selbə atan kimi daş da atırlar. Düşər qozdu, düşməz də ki... Nə isə...
   
   Ağlınıza ayrı şey gətirməyin ha... Deməli, bu ölkədə bu gün ən çox işlənən kompüterlərin şriftlərindən tutmuş, mətbəələrin şriftlərinə qədər ən çox istifadə olunan QALMAQ sözüdü, bu sözdəki hərflərdi...

TƏQVİM / ARXİV