hacklink Adalet.az | "AZƏRBAYCAN DÖVLƏTİ AZƏRBAYCAN İNSANINA XİDMƏT ETMƏLİDİR"Adalet.az | "AZƏRBAYCAN DÖVLƏTİ AZƏRBAYCAN İNSANINA XİDMƏT ETMƏLİDİR"Adalet.az | Ədalət -
"AZƏRBAYCAN DÖVLƏTİ AZƏRBAYCAN İNSANINA XİDMƏT ETMƏLİDİR"
"Mən Şuşa alınana kimi qarabağlıyam"
22277 |
2007-10-23 06:34
Şriftin ölçüsü:
Azərbaycanın ictimai-siyasi fikir tarixinin müstəqillik dönəmində özünəməxsus yeri olan siyasi fiqurlardan biri də Asim Mollazadədir. Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə ilə görüşüb həmsöhbət olmağımızda məqsəd Asim bəyin cəmiyyətimizdə, dünyamızda baş verən hadisələrə münasibətini öyrənmək, fikirləri ilə tanış olmaq idi.
- Asim müəllim, sizi oxucularımıza təqdim etməyə o qədər də ehtiyac yoxdur. Ancaq mənim üçün maraqlıdır sizin rəhbəri olduğunuz partiyanın adında "demokratik islahatlar" sözləri var. Bu nəyi özündə əks etdirir, nəyi nəzərdə tutur?
- Azərbaycan gənc dövlətdir. Böyük çətinliklər, mübarizələr hesabına biz müstəqilliyimizi əldə etmişik. Bizim istəyimiz Azərbaycanın təkcə müstəqil deyil, həm də bir demokratik dövlət kimi inkişafıdır. Və bu demokratik inkişaf xətti də ilk növbədə sovet təfəkküründən qurtuluşundan, insanların real azadlıqlarının təminatından keçir. Tam əminik ki, siyasi-iqtisadi azadlığa nail olan insan yaradıcı ola bilər. Bu insanın həm də sosial təminatlarının mövcudluğu ona dövlət daxilində yaradılan şərait yaradıcılıq imkanları verir. İlk növbədə biz həmin göstərdiyim azadlıqlara nail olmaq üçün cəmiyyətin tələbatlarını ödəməliyik. Yəni sərbəst düşünmə, sərbəst seçim etmə imkanları ortada olmalıdır. Siyasi partiya kimi biz həm də özümüzü müvafiq bir təbəqənin təmsilçisi kimi görürük.
- Hansı təbəqədən söhbət gedir?
- Hər bir dövlətin inkişafı stabilliyi, zənginliyi onun bir qrup oliqarxın zənginliyindən keçmir. Bu ancaq orta təbəqənin ölkədə iş mövcudluğundan, öz çörəyini bilgiylə, bacarığı ilə qazanan insanların fəaliyyəti nəticəsində olur. Söhbət ilk növbədə məhz sahibkarlar və təəssübkeş insanlarin əməyi nəticəsində xırda və orta məsələlərin bir növ sistemi mövcud olan bir təbəqədən gedir. İnsanların siyasi, iqtisadi azadlıqları ilə yanaşı, həm də yaradıcılıq və mənəvi adazdlıqları da təmin olunmalıdır. Onda məhz bu təminatlardan çıxış edən azad insan özü qrup yaratmağa, zənginləşməyə heç bir problemsiz maraqla cəhd göstərəcək. Buna görə də partiyamız məhz bu azadlıqlara nail olmağa məqsəd qoyub. Bilmək lazımdır ki, dövlətin inkişafı da, stabilliyi də heç də bir qrup aliqarxın zənginliyindən keçmir. Mütləq orta təbəqə olmalıdır. Məhz orta təbəqənin geniş inkişafı dövlətin möhkəmliyinə, stabilliyinə, tərəqqisinə zəmanət verə bilər. Həmin orta təbəqə də məhz sahibkarların, təəssübkeş insanların əməyi nəticəsində ortaya çıxa bilər. Onlar öz intellekti, biliyi, işgüzarlığı, zəhmətsevərliyi ilə orta təbəqəni də özünə doğru çəkə bilər. İnsanların əvvəldə dediyim kimi siyasi, iqtisadi azadlıqları, söhbət qanuna əsaslanan azaldlıqlardan gedir, bizim partiyanın əsas siyasi xəttidir. Siyasi şüarımız isə "Azadlıq və məsuliyyət!"dir. Düşünürük ki, məsuliyyətsiz azadlıq anarxiyaya aparır. Heç kimin azadlığı başqasının azadlığına məhdudiyyət yaratmamalıdır. Ən əsası biz istəyirik ki, sovet təfəkkürünün əsas modeli olan "hər bir vətəndaş dövlətin bir vintidir" prinsipini reallaşdıra bilər. Yəni Azərbaycan dövləti öz insanlarına xidmət etsin. İkinci şüarımız isə "Mülkiyyət müqəddəs və toxunulmazdır!". Təəssüf ki, sovet dönəmində insanlarda mülkiyyət hüququ tam imtina edilmişdir. Hətta indi də bəzi məmurlarımız bu cür düşünür. Ən vacibi odur ki, nəhayət azərbaycanlılar varlanma amilinə düzgün yanaşıb onu qəbul etməlidirlər.
- Bəs partiyanız xarici siyasətdə nəyə daha çox önəm verir?
- Biz birmənalı olaraq bəyan etmişik ki, Azərbaycan Avroatlantik məkanın bir parçasıdır. İlk növbədə biz Avropanın insan azadlıqlarını, humanzmini nəzərdə tuturuq və bunun üçün böyük imkanlarımız var. Mən Azərbaycan deyəndə ilk növbədə İslam və türk dünyasının ilk operasını xatırlayıram. Cəlil Məmmədquluzadəni, Sabiri, M.F.Axundovu düşünürəm, böyük maarifçilərimizi anıram. Fəxr edirəm ki, C.Məmmədquluzadənin kitabı Pakistan tələbələri üçün dəyərli mənbədir. Biz bu yüksək dəyərləri qoruyub saxlamalı və inkişaf etdirməliyik. Odur ki, biz ehtimal olunan enerji sahəsindəki gəlirlərin Azərbaycanda təhsilin, səhiyyənin, mədəniyyətin də inkişafına yönəldilməsini çox istərdik. Bu dövlətin həm də strateji inkişafına xidmət olardı. Məhz bu istiqamətdə atılan addımlar Azərbaycanın peşəkar gəncliyinin inkişafına da şərait yaradar.
- Asim müəllim, siz siyasi meydana məlum hadisələrin dalğasında gəldiniz, amma sonda məsləkdaşlarınızdan ayrıldınız. Bunun səbəbi nə idi?
- Mən heç vaxt bu məsələ ilə bağlı mətbuata açıqlama vermirəm. İstəmirəm ki, mənim hansısa ifadələrim, fikirlərim onlara qarşı istifadə olunsun. Düşünürəm ki, ilk növbədə Azərbaycanda yüksək siyasi mədəniyyətə nail olmalıyıq.
- Asim Mollazadə Avropanın, Beynəlxalq Təşkilatların qəbul etdiyi siyasilərdən biridir. Bu mənada Asim Mollazadə üçün bizim Milli Məclis nəyi ifadə edir və Asim bəyin tanıyıb bildiyi AŞ PA nəyi özündə əks etdirir?
- AŞ PA Avropa dövlətlərini müvafiq dəyərlərini öz ətrafında birləşdirir. Həmin dövlətlərin bir çoxu artıq özünün öz strateji inkişaf istiqamətini də müəyyənləşdirir və Avropa ailəsinə qatılmaq istəyən dövlətlər də bu prosesə qatılıblar. Sevindirci haldır ki, Azərbaycan da bir çox beynəlxalq qurumlarda təmsil olunur. Mənim üçün AŞ PA bir tribunadır. Azərbaycanın sözünü, həqiqətlərini çatdırmaq tribunası. Eyni zamanda Milli Məclisimiz də bizim üçün bir fürsətdir. Biz həmin tribunalardan istifadə edib Azərbaycana olan təcavüzə münasibətlər bildirir, cavablar verir, qaçqın və məcburi köçkünlərimizin problemlərini çatdırıram. Əvvəldə də vurğuladım ki, Qarabağ Azərbaycanın təkcə ağrılı yeri deyil, həm də hər bir azərbaycanlı kişisinin namus məsələsidir. Ona görə də biz hər bir fürsətdən istifadə etməliyik. Partiyamız təkcə Qarabağın azad edilməsini yox, həm də ondan sonrakı inkişaf yolunun müəyyən edilməsində maraqlıdır. Bu bölgəyə xüsusi diqqət yetirilməlidir. Həm bərpa, inkişaf istiqamətində həmin bölgə ən önəmli yer olmalıdır. Şuşa azad olunana kimi mən qarabağlıyam.
- Asim müəllim, uzun illərdir biz gözümüzü Minsk qrupuna dikmişik. Amma son vaxtlar bu qrupla bağlı müəyyən fikirlər səslənir. Sizcə Minsk qrupuna ehtiyac qalıb, yoxsa...
- Minsk qrupu BMT-nin mandatına malik olan müvafiq bir qurumdur. Mən gözləmirəm ki, Minsk qrupu gəlib bizim torpaqlarımızı azad edəcək. Dəfələrlə qeyd etmişəm ki, ATƏT özünün müəyyənləşdirdiyi prisiplərə əməl etmir. ATƏT-in nizamnaməsinə görə bu təşkilata daxil olan dövlətlər bir-birinin ərazi bütövlüyünü qəbul etməlidir. Amma nə haqla Ermənistan bunu etmir? Belə ərkəsöyündür? Niyə ATƏT bu amilə diqqət yetirmir? Elə bu cür qanunayanaşma da digər fəsadlara meydan verir. Qəribə mənzərə yaranıb. Bu cür müzakirə mövzusu olan Dağlıq Qarabağdan beş dəfə artıq digər ərazilərimiz də işğal olunub. ATƏT bu gün ermənilərin status məsələsini müzakirə edir, amma bütün beynəlxalq təşkilatlar bir amili yaddan çıxarırlar: - Müzakirə mövzusu işğal bölgələrindən işğalçı qoşunların çıxarılma təqvimi olmalıdır. ördüyünüz kimi məsələnin qoyuluşu da, ona yanaşma da doğru deyil. Bütün beynəlxalq təşkilatlar məhz öz qərarlarını konkret mövzuya uyğun qəbul etməlidirlər. Amma bu olmayıbdır. Ona görə ki, indi güclü olanlara daha çox üstünlük verilir. Odur ki, biz də güclü olmalıyıq. Təkcə iqtisadi, hərbi cəhətdən yox, həm də informasiya sahəsində də üstünlük qazanmalıyıq.
- Bəs onda münaqişənin hansı yolla həllinə üstünlük verirsiniz?
- Mən sülh yoluna üstünlük verirəm. Ona görə ki, mənim üçün ən böyük amil azərbaycan vətəndaşıdır, onun həyatıdır. Müharibə ölüm deməkdir, itki deməkdir...
- Bəs şərəfsiz sülh?..
- Təbii ki, bu qəbul edilməzdir. Yalnız gücümüzlə şərəfli sülh əldə etməliyik. Bunun üçün də peşəkarların ciddi fəaliyyətləri nəticəsində dünyada, beynəlxalq təşkilatlarda haqqımızı sübut etməliyik. Təəssüf ki, bir çox təşkilatlarda hələ layiqincə təmsil oluna bilmirik, xeyli zəruri işlər hələ görülməyib. Biz mövcud siyasi texnologiyaları tam mənimsəməliyik. Peşəkar diplomatik korpus yaratmalıyıq ki, dünyanın qəbul etdiyi oyun qaydalarını oynaya bilsin, hər bir fürsətdən yararlansın.
- Asim müəllim, son olaraq bu gün gündəmdə olan Amerika-Türkiyə münasibətləri ilə bağlı bir politoloq kimi fikirlərinizi də bilmək istərdik?
- Burada üç məsələni diqqətə çatdırmaq istərdim. Birinci, Amerika Konqresinə yeni seçilmiş insanlar ABŞ-a zərbə vururlar. Yəni ölkənin daxili siyasətində olan problemləri artıq xarici siyasətə də bulaşdırırlar. Bunu ABŞ-ın prezidenti və səkkiz sabiq böyük nüfuz sahibləri öz müraciətlərində etiraf ediblər. İkinci, tarixə baxış varsa niyə ötən əsrin əvvələrinə üz tuturlar. Elə bu yaxın, Xocalıda baş verən hadisəni araşdırsınlar, mülki əhaliyə qarşı törədilmiş cinayəti öyrənsinlər. Tarixçilərin əlindən müzakirələri alıb siyasilər araşdırmalar aparırlarsa, yaxın tarixi öyrənsinlər, Cənubi Qafqazda son illərdə baş verən soyqırımlar öyrənilsin. Üçüncü, əslində bu proses Türkiyəyə qarşı deyil, Azərbaycana qarşı yönəlib. Sülh danışıqlarını pozan, ona maneə yaradan insanlar bununla münaqişənin ömrünü uzadırlar. Hədəf bizik. Ona görə də Amerika siyasətçiləri düşünməlidirlər ki, ABŞ-ın marağı üstündür, yoxsa bir qrup milliyyətçinin orta əsr təfəkkürü ilə yaşayanların maraqları. Tərəziyə bax bu amillər qoyulmalıdır. Bizim gənclər təşkilatı bununla bağlı haqlı müraciətlər edib və qəzetiniz vasitəsilə mən də bildirirəm ki, hər kəs bu ədalətsiz qərarlara qarşı öz səsini qaldırmalıdır.