ANA SƏHİFƏ / YAZARLAR

SƏMİMİ, ZƏRİFg HƏM DƏ ÜSYANKAR ŞEİRLƏR

(Məlahət Qaramuradlının (Yusifqızının) şeirləri haqqında

10647    |   2012-02-04 06:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

ƏDƏBİ HƏYAT

Məlahət Qaramuradlının (Yusifqızının) şeirləri ilə çoxdandı tanışam və bu illər ərzində cəmi üç kitabı çıxsa da, onun müasir poeziyada öz dəst-xətti, fərdi üslubu ilə seçildiyini görürəm. Ən əvvəl onu qeyd edim ki, Məlahət Qaramuradlı bu yurdun, bu torpağın ziyalı qadınlarından biridir, əsl türk qızıdır və onun yaradıcılığı ilə şəxsiyyəti-qadınlıq ləyaqəti, ana sevgisi, ictimai amalı bir-birini tamamlayır.
   
   Fikirlərimlə ortaq olsun deyə, onun "Gözlədim yalana qədər" yeni şeirlər kitabına Xalq şairi Sabir Rüstəmxanlının yazdığı ön sözdə bu dörd cümləni qeydlərim üçün bir epiqraf seçirəm: "Mən onu ilk gənclik illərindən tanıyıram.Zərif, utancaq, gülərüzlü, çox danışmağı sevməyən, tərifdən qaçan bir qız idi. Amma elə ilk şeirlərində onun xarakterindəki ötkəmlik, cəsarət və qorxmazlığın zahiri görünüşündən tamamilə fərqləndiyi diqqətimi cəlb etmişdi. Oxuduğum bir neçə şeirindən onun simasında ədəbiyyatımıza yeni ruhlu bir şairin gəlişini sezmişdim. Elə bu şeirlərin təsiriylə Məlahətin bütün sonrakı yaradıcılığını izləmiş, ilk kitabından bu günə daşıdığı mənəvi dəyərləri və poetikliyi ədəbiyyatımızın ümumi uğuru kimi qiymətləndmirmişəm".
   
   O artıq ömrünün "ekvator xəttini" keçib,yaxın illərə qədər "gənc şair" imicini daşıyan Məlahət artıq orta nəslin nümayəndəsidir. Amma gənclik dövründə olduğu kimi, onun poeziyasına xas olan o zəriflik, o səmimilik və bir də üsyankar, etirazçı ruhu yaradıcılığını tərk etməyib. Dəyişilən yalnız poetik ustalığığın səviyyəsidir-öz təbii artımıyla, hisslərin, duyğuların çoxçalarlılığıyla..Onun şeirlərindən öz obrazı canlanır:
   
   
   
   Sevgi ilə doludu ürəyim.
   
   Özgə heç nə öyrədə bilmədim
   
   dəlisov ürəyimə.
   
   İpə-sapa yatmadı ürəyim,
   
   doğrusu,
   
   nifrətə yatmadı ürəyim.
   
   
   
   Cehiz vermək istəyirəm qızlarıma
   
   ürəyimi.
   
   Bir də gen-yaddaşımı;
   
   dolu,
   
   döyülüb, bərkimiş,
   
   görüb, götürmüş,
   
   görənəklərə köklənmiş yaddaşımı.
   
   
   
   Dəyənəklərə, döyənəklərə
   
   kökləyib nəbzimi,
   
   öz kökündə, havasında sıxıla-sıxıla,
   
   eniş-yoxuşunda yıxıla-yıxıla
   
   böyük bir sevgi yaşadı
   
   yaddaşım, ürəyim.
   
   
   
   Məlahət Qaramuradlı kifayət qədər cəsarətli şairdir və bu cəsarət sözü üzə deməklə, haqqın silləsini nahaqqın üzünə çırpmaqla əyan olur. Azərbaycan cəmiyyətində cəsarətinə görə hətta kişilərdən də ötkəm olan qadınlar var və mən o sırada Məlahəti də görürəm. Kimisi ictimai fəaliyyətilə, kimisi elmi hünəriylə, Məlahət də şeirləriylə. Məlahət Qaramuradlı cəsarətli şeirlərində susqunluğa, mənəvi ətalətə, meşşan miskinliyinə atəş açır.Özü də onun ilk tənqid hədəfi kişilərdir:
   
   
   
    Allahın sağ əli olmalıydı kişilər;
   
    vurub, tutan,
   
    çalıb, çapan,
   
    yaraq tutmaqdan qabar olan əli.
   
    Oldumu?!
   
   
   
    Yer dağılmalıydı ötkəmliyindən.
   
    Ağırlıq yaraşır hər insana.
   
    Dağdan ağır gəlirdi mənə
   
    Kişi zəhmi,
   
    çünki
   
    dağdan ağırını görüb gəlmişdim
   
    bu şəhərə.
   
   
   
   Amma o, həm də qadına məxsus kövrəkliyi, həssaslığı da şeirlərinin ruhuna hopdurur. "Qaçqın bənövşəyə" şeirində Məlahət beş əsrdən artıq gözəlliyinə, zərifliyinə şeirlər yazılan, poeziyada bir obraza çevrilən bənövşənin halına acıyır. Bu bənövşə Göyçədə bitib. Elə yurdundan, yuvasından didərgin düşən göyçəlilərin də taleyi bu bənövşəyə oxşayır. "Çoxunun gözündə Göyçə həsrəti, Çoxu bizim kimi çıxmadı yaza". Məlahətin Xocalının və Kəlbəcərin işğalının 16-cı ilinə həsr etdiyi şeirləri də həyəcansız oxumaq olmur. Hiss edirsən ki, bu şeirlər "qara yubileylərlə" bağlı yazılan bəzi şablon şeirlərə oxşamır, dərddən və dərdin havasından yaranan şeirlərdir."laçın qanad çalıb, arana qondu, Kəlbəcər istəyim Murovda dondu, Haqqam deyənlərin haqqımı dandı, Qisas qiyamətə qaldı, ilahi!".
   
   Məlahət Qaramuradlı bu günün şairidir və şeirlərində də dövrün, zamanın bir şair ürəyinə yığılmış qəm dağlarını, kədər yağışlarını, həyatın, gerçəkliyin ağrı-acılarını görürük. Görürük ki: "Torpağın altında gorum çatladı, Üstümdən yol, cığır saldılar, heyif!". Görürük ki: "Qəhrəmanın başı dilənçiliyə, Dilənçinin başı milyonçuluğa, Qarışır milyonlar səltənətində. Haqqı olmayanlar durub döyüşə, Yarışır milyonlar səltənətində". Görürük ki: "Səf-səf durub; düşmən diş-diş, düşmən dən. Məndən deyil yurdu satıb, sovanım". Görürük ki: "Dünyanın ən ağır dərdidi torpağı yaddaşda gəzdirmək; üzü soyuqdu deyib, anamızı qoyduğumuz torpağı". Misalların sayını istənilən qədər artırmadan da deyə bilərik ki, Məlahət Qaramuradlı içində yaşadığı gerçəkliyin olaylarını şeirə də gətirir, həm özü, həm də bizim üçün bədii bir tarix yaratmağa səy edir.
   
   Onun ilham çaparı köhlənini hər yana səyirdə bilir. Bəzən yoxuşa dirənsə də, müqavimət gücü az deyil. Yəni hecada da, sərbəstdə də, əruzda da eyni istəklə yazır. (Məsləhət vermək istəmirəm, amma arzum budur ki, o, qəzəl yazmaqda da davam eləsin). "Yolunda gəzdim, duruldum. Demədim bezdim, yoruldum, Söz məni əydi, vuruldum, Haqq bilib, əymədim sözü".
   
   Məlahət sazlı-sözlü Gədəbəy diyarındandır və belə güman etmək olardı ki, o, yaşadığı, içində olduğu və vurulduğu ata-ana, aşıq-qoşma-gəraylı mühitinin tam əsiri olaydı. Amma göründüyü kimi belə deyil. Məlahət poeziyanın yalnız bir bucağına, bir səmtinə əyilib bütün ömrü boyu qoşma, gəraylı, heca şeirləri üstə ilhamını kökləməkdən sevinməzdi. Çünki öncə qeyd etdiyim kimi, şeirin hər səmtinə üz tutmağı bacarır. Elə yazdığı qoşmalar da, gəraylılar da bunu sübut edir.
   
   
   
    Mənə fürsət gəzir indi,
   
    Atamı aparan mələk.
   
    Ağıldan, başdan eləmə,
   
    Atama çaparam, mələk!
   
   
   
   İşin, peşən ayırmaqdı,
   
   Şeytan məni şişə taxdı.
   
   Mənimki bir olan Haqdı,
   
   Mən çətin qoparam, mələk!
   
   
   
   Yurdum, yuvam tac üstüdür,
   
   Ərənlik möhtac üstüdür,
   
   Ağrım təndir, sacüstüdür,
   
   Kündəmi yaparam, mələk!
   
   
   
   Cənnətəm dörd yanım ilə,
   
   Başam tənim, canım ilə.
   
   Canı alsan, qanım ilə
   
   Torpağa hoparam, mələk!
   
   
   
   Onun şeirlərində fikir öncül yeri tutur, demək olar ki, bütün şeirlərində Məlahət Qaramuradlı onu düşündürən nə varsa, fikrinin işığına cəmləşdirir. Əlbəttə, hər hansı fikir yalnız poetik don geyinərsə, gözəlləşər.Məlahətin atasının vəfatı ilə bağlı silsilə şeirlərində biz bunun əyani şahidi oluruq. Onun bu silsilədə hər bir şeiri ata kədəriylə bağlı bir fikir üzərində qurulur, həmin fikir misradan-misraya sonadək "irəliləyir", sonda məntiqi nəticəyə gəlib çatır. Bir nümunə:
   
   
   
   Dolmağına lap az qalıb
   
   kəndimizin içindəki məzarlığın.
   
   Yanında yer saxlayıb anama,
   
   axır ki, bir yer seçdik qazmağa.
   
   Bir azdan
   
   torpağa tapşıracağıq atamı,
   
   qoruya bilmədiyimiz torpağa.
   
   
   
   Məlahət Qaramuradlının təbii şair olduğunu öncə söylədik. Bu təbiilik onun sevgi şeirlərinə də aiddir.O, keçmiş günlərin sevdası və nostalji ilə yaşamır, sevgisini həyat yoldaşı və böyüyüb-başa çatdırdığı övladları ilə bölüşür. Bu, bir ötkəm qadın sevgisidir. Kaş digər zəriflərimizin də şeirlərində ailə sevgisiylə bağlı belə notlar səslənəydi.
   
   İstəyirəm bir az da Məlahət Qaramuradlını tənqid edim. Çox arzu edirəm ki, Məlahət şeirlərini yazıb nöqtə qoyandan sonra bir də oxusun, bəzi kələ-kötür misralarını cilalasın. Onun atasına həsr etdiyi şeirindən misal gətirdim, orada "qəbirlik" sözü vardı, onu "məzarlıq" kimi yazdım (şairdən buna görə üzr istəyirəm..) Hansı yaxşıdır( Əlbəttə, "məzarlıq".Bu tipli şeirə uyuşmayan sözlərə yenə rast gəlmək olar.
   
   Bayaq söylədim ki, Məlahət "fikir" şairidir. Amma elə şeirləri də var ki, həmin şeirlərdə fikir sadəcə fikir olaraq qalır, poetik cilvə göstərmir. Məsələn, "Yaraqla güclü olanlar", "Bütün işlərin açarı Yaradanda" və s. bu qəbildən olan şeirlər ancaq fikir söyləmək üçündür, yəni məlum həqiqətlər bir daha təkrar olunur.
   
   Məlahət Qaramuradlının səmimi, zərif vəgüsyankar şeirləri barədə söhbətimi onun bu misraları ilə bitirmək istərdim:
   
   
   
   Göyün ən sonuncu qatına çıxdım,
   
   Tanrının gözüylə özümə baxdım.
   
   Yaşadım.
   
   ...Xudafərin deyim,
   
   körpü deyim mən?!
   
   Çəkdiyim yollarım göz dağı oldu.
   
   Yurdum, yuvam düşmən
   
   tapdağı oldu,
   
   Yaşadım.
   
   ...Çəkdiklərimdən heç bezib
   
   doymadım,
   
   Yaşadım.
   
   
   
   Bu, bir şair ömrüdür. Yaşamağa dəyər!


YAZARIN ARXİVİ

2014-08-02 : LİRİKA - 2013
2012-04-21 : "ARAZBARI" ÜSTƏ
2012-01-20 : 20 YANVAR: 22 İL
2011-08-20 : ƏDƏBİ HƏYAT
2011-08-13 : ƏDƏBİ HƏYAT
2011-08-06 : ƏDƏBİ HƏYAT
SON XƏBƏRLƏR
2018-01-23
2018-01-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (76.47%)
Yox (23.53%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK