Belə də dünya olar?! Gündən-günə kiçilir, daralır, qalır bapbalaca, bir ovuca sığan. Hamı da hər şeydən xəbərdardı. Nə məchulluq qalıb bu aləmdə, nə sehr, nə də gözlənilməzlik. Camaat qorxusundan nəfəsini çəkə bilmir. Adam öz evində də qorxur. Elə bilirsən, bağlı qapı-pəncərə arxasından, lap elə bu qalınlıqda daş ditvarlardan saysız-hesabsız göz dikilib sənə. Hər addımını, hər hərəkətini, çəkdiyin nəfəsi belə izləyirlər, çəkirlər. Xeyli vaxtdı, qonşu binaların pəncərələrinə də şübhə ilə baxıram. Ürəyimə gəlir ki, hansı dələduzsa kameranı düz bizim otaqlara tuşlayıb... Nə yaşamaqdı belə?! Gizlinsiz, örtüsüz, hər şey açıq-aşkar, göz qabağında. Hamı istəyir hər şeyi bilsin. Kim hara gedir, kiminlə gedir, necə yatır, nə vaxt durur, nə yeyir, nə içir?!. Elələri var ki, işini-gücünü, dərd-sərini, gün-güzəranını unudub, fikri-zikri ancaq başqalarının yanındadı. Görüm, nə aldı, nə gətirdi, nə apardı...Bəziləri də özü haqqında hər şeyi aləmə car çəkmək həvəsindədi. Nə qədər "mən, mən" olar?! Millət borcludu bunların cikini-bikini bilməyə. Səhər nə yedi, uşağı məktəbə nə geyindi, xörəyə neçə qaşıq yağ atdı, iti neçə dəfə hürdü... İşini-gücünü burax, bunların cəfəngiyyatına qulaq as. Söz-söhbətlərinin də bircə məntiqi var: qarşısındakını aşağılamaq, özünün hər sahədə üstünlüyünü nümayiş etdirmək. Yəni, "mən səndən də, lap elə hamıdan da yaxşıyam"...
***
Hərdən bütün günahları internetin üstünə yıxmaq istəyirəm. Dünyanı kiçildən də, "dünyagörüş" deyilən intellekti qeybət, dedi-qodu səviyyəsinə endirən də elə kürəmizi hörümçək toru kimi bürüyən şəbəkə oldu. İmkan vermirlər ki, kimsə kitab ağzı açsın, bir-iki saat sakitliyə çəkilib vərəqlərə dalsın, tarix, ədəbiyyat öyrənsin. Guya hər şey varmış bu ekranlarda. Əksəri də şou xarakterli. Başlıqlar cəzbedici, içi bomboş. Sanki ciddi bir işlə məşğul olan yoxdu bu dünyada. Hamının məşğuliyyəti terror, narkomanlıq, seks, alıb-aldatmaqdı. Hələ başqa planetlərdən gələnləri, eybəcərləri, adamyeyənləri demirəm. Bu gün dünyanın mənzərəsi elə budursa, yalançı nikbinliklə özümüzü, üstəlik başqalarını da aldatmağa ehtiyac varmı?!
Yəni bu boyda planetdə yaşayanların başqa işi-gücü yoxdu?! Bir ağıllı-başlı işlə məşğul olan tapılmır?!...
Hələ telekanallar... İndi dincəlmək istəyən ekranlardan uzaq qaçır. Öz dərdi özünə bəsdi, başqalarının əttökən vərdişləri ilə qıcıqlanmaq istəmir kimsə. Yazı-pozu adamları ekranlardan nə qədər gen gəzsə, bir o qədər qazanar. Cild-cild kitab yazanların əsəbinə, səbrinə qibtə eləmişəm həmişə. Tolstoy, Düma, Hüqo, Drayzer, Şoloxov, Ordubadi, Süleyman Rəhimov... Otura bilirdilər, gecəli-gündüzlü yaza bilirdilər. Televizor yox idi, ona görə. Olanda da kanallar az idi. Həm də fasilə ilə işləyirdilər.
İndi təngənəfəs olub hamı...
Elə bil dünya ayaq üstədi. Nə yatan var, nə dincələn. Hamı bir-birinə qulaq kəsilib. Başını aşağı salıb öz işi ilə məşğul olan yoxdu.
Hamı macəra axtarır...
Ancaq macəra romanları oxumaq kimsənin yadına düşmür. İndi həvəs nə gəzir camaatda?! Əlinə kitab-qəzet almayanlar sənə bir dərs deyirlər ki, özün də məəttəl qalırsan. Hamısı savadsızlığın, kitabsızlığın tüğyan eləməsindəndi. Bu gün intellekt göstəricisi bir kompüterdi, bir də ingiliscə bilmək. İşə götürülənlərdən də ancaq bunu soruşurlar. Yaşı qırxı, əllini ötmüş bacarıqlı, səriştəli bir mütəxəssisi divara dirəyirlər ki, niyə kompüteri bilmirsən, niyə ingiliscə danışmırsan?!
Binamızın birinci mərtəbəsində internetklub var. Səhərədək işləyir. Deməli, gecə-gündüz oradan çıxmayanlar ən yaxşı kadr hesab olunmalıdırlar...
Bir şeyə uyanda da üzümüzü görmə, arxa çevirəndə də...
***
Vaxt vardı kişilər uzaq-uzaq səfərlərə çıxardılar. Çörək dalınca gedənlərin yolunu evdəkilər səbrlə, hörmətlə, şirin bir həsrətlə gözlərdilər. Bağda-bostanda yetişənlərdən payını saxlar, geri dönəndə ayaqlarının altında kəsmək üçün qoyun-quzu bəslərdilər. Belə davranışlar yolu gözlənilənlərin qədr-qiymətini, nüfuzunu artırar, gözləyənləri bir az da sevimli, arzulanan edərdi. Bu yaşantılara nəğmələr, bayatılar qoşulardı. Həsrət, istək dolu sözlər seçilərdi səfərdə olanların şəninə. Analar laylasında, nənələr nağıllarında uşaqları tezliklə bu evdə bayram ovqatı yaşanacağına, təzə paltar, şirniyyat, bol azuqə sevincinə inandıra-inandıra yatırardılar. Hər sabah açılanda böyüklər gecə gördükləri yuxuları danışar, xeyirə yozulmasını Yusif peyğəmbərdən pıçıltıynan xahiş edər, nəzir-niyaz deyərdilər...
Yollar, səfərlər uzananda duyğular da uzunömürlü olur...
Qorxuram, getdikcə adamların ürəyində danışması da müşkülə dönə. Qəlbimizin pıçıltıları da internetə qoşulub dünyanın hər yerinə yayıla, hər kəsin qulağına çata...
İnsan sirri ilə güclüdü, yenilməzdi, əlçatmazdı. Cazibədar, arzuolunan, könülovsunlayandı. Sirr yoxdusa, deməli, sirdaş da yoxdu. Sirdaş yoxdusa, ürək qübarla doludu demək. Hər şeyi bilmək, hər şeyini bildirmək istəyənlər erası başlanıb. Hər şey göstəri, hər şey tamaşa. İçdən gələn nəsə yox. Duymaq, halına yanmaq, dərdinə şərik olmaq kimi ən adi insani duyğular çoxdan münasibətlər səhnəsindən silinib. Sifətlərdən xoş ifadə, təbəssüm, isti baxışlar yoxa çıxıb. Bütün davranışlar qorxu və məqsədin inhisarındadı. Daha ürəyəyatımlıq, qanışirinlik, gözütutmaq, qanı qaynamaq kimi içdən gələn, gözdən oxunan tövrlər duyğuları oxşamır...