ANA SƏHİFƏ / YAZARLAR

BU, ZİRƏDDİN QAFARLIDIR...

ƏDƏBİ HƏYAT

13033    |   2012-03-03 08:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Onun ömür qatarı altmışa doğru baş alır. Qırx ilə yaxındı şeir yazır, Qorki adına Dünya Ədəbiyyatı institutunu bitirib. Neçə şeir kitabı çıxıb, onların sayını bilmirəm və bu, mənə lazım da deyil. Onu bilirəm ki,yazdığı şeirlər ona başıaşağılıq gətirməyib.
   
   Doğulduğu Tovuz rayonu, Azaflı kəndidir. Bu kəndin adı çəkilən kimi "qoca qartal"-Mikayıl Azaflı yada düşür. Ustad aşıq-böyük sənətkar. Tovuzdan Məstan Günər, Məmməd İsmayıl kimi ustad şairlər də yetişib. Onların ardıcılları çoxdur. Zirəddin də cavanlığında, lap elə indinin özündə bu sənətkarların onun poeziya aləminə gəlməyində böyük rolu olduğunu unutmur.
   
   Ancaq tale elə gətirib ki, 17 yaşından Sumqayıtda yaşayır. Bu şəhərin ədəbi mühitində Zirəddin də sayılan şəxslərdən biridir. Onunla dostluğum səksəninci illərin əvvəllərindən başlayıb və indi də davam edir. Vəfalı insandır. Hər şeir kitabı çıxanda əvvəlcə onun Sumqayıtda, sonra da Bakıda-"Natəvan" klubunda təqdimatı keçirilir. Nə etmək? O da bunun azarkeşidir. Amma keçirməyinə dəyər. Çünki Zirəddin Qafarlı hər kitabında oxucusuna nəsə təzə söz deyə bilir.
   
   Şairliyi haqqında nə deyim? Zirəddinin şeirləri öz poetik səviyyəsi ilə seçilir, fərqlənir, hətta bilirsən ki, bu gün qoşma, gəraylı, hecanın müxtəlif şəkillərində yazan müəlliflər həddindən artıqdı, amma onun şeirlərinin özünəməxsus dadı, duzu var. Ona görə də, ŞAİR kəlməsini tərəddüd eləmədən onun adının qarşısında yanaşı işlətmək olar. Şeirləri barədə tənqid icmallarında, poeziya barədə yazılan məqalələrdə xəsisliklə danışılsa da, kitablarına Sabir Rüstəmxanlı, Nizami Cəfərov, Məhərrəm Qasımlı kimi tanınmış müəlliflər səxavətlə müqəddimə yazıblar.
   
   Zirəddinin "Hardasan, ömrüm, günüm" və "Üzümə dayanan ürəyim" adında təzə kitabları çıxıb və bu kitabları oxuyub başa çatdırandan sonra poeziyamızın "xalq şeiri" adlanan qolunun (istiqamətinin) bugünkü durumunu və səviyyəsini müşahidə edə bildim.Mənə əyan oldu ki, XXI əsrin poeziyasında müxtəlif ədəbi cərəyanların və rəngarəng poetik istiqamətlərin, meyl və tendensiyaların təsirinə baxmayaraq xalq şeiri ənənələri yaşayır, elə ənənələr ki,onlar hələ bundan sonra da yaşayacaq. Heç bir "izim" bu ənənələrin üzərinə kölgə sala bilməyəcək. Dünən qoşma yazıb bu gün kiminsə təsiriylə "parçalanmış nəsrə", bu gün beş-altı hoqqabaz şairin təsiriylə yaman günə düşən "sərbəst şeirə" keçən müəlliflərdən fərqli olaraq Zirəddin o ənənələrə sadiqdir. Əlbəttə, XXI əsrin qoşması, gəraylısı, heca şeiri heç də XVIII ya XIX əsrin qoşmasına, gəraylısına bənzəmir. Forma, struktur dəyişməyib, amma bədii təfəkkürdə yeniləşmələr baş verir və bu mənada Məmməd İsmayılın, Məstan Günərin, Hüseyn Kürdoğlunun, Məmməd İlqarın, həmçinin Zirəddinin şeirlərində bu yeniləşməni hiss etmək olur.Lap axırıncı illərdə yazdığı bir qoşmasını misal gətirmək istəyirəm:
   
   
   
   Bu həyat qaynayan qazandı, gördüm,
   
   Çömçəsi isinməz, qaşığı yanmaz.
   
   Bizdən inciməzmi anamız dünya,
   
   Halına bir dünya uşağı yanmaz.
   
   
   
   Qorxudun, şeytanlar, bizi qorxudun,
   
   İnsanı yaşadan elə qorxudu.
   
   Ocağı səngiyib Dədə Qorqudun,
   
   Ozanı oyanmaz, aşığı yanmaz.
   
   
   
   Mən özüm-özümdən düşdüm didərgin,
   
   Bu nə qəmli tale, bu nə hədər gün?
   
   Eşqindən alışa-alışa hər gün,
   
   Yanmazın üstünə ha şığı, yanmaz!
   
   
   
   Zirəddin, heç yeri arama-yurddur,
   
   Üstündə köçdüyün araba-yurddur.
   
   Qəlb evim kimsəsiz xaraba yurddur,
   
   Qapısı açılıb, işığı yanmaz!
   
   
   
   Bu qoşma öz forma mükəmməlliyinə görə klassik sənətkarların qoşmalarına çox bənzəyir. Alim dostum Məhərrəm Qasımlının fikrinə şərik olub deyirəm ki, Zirəddin bu tipli şeirlərində "gidi dünyanın olub-olacaqlarını ozancasına ümumiləşdirməyi bacarır". Göründüyü kimi, baba qoşmamız formaca dəyişməyib, necə deyərlər, geyimi, gecimi, ululuğu, qədimliyi hifz olunub,amma bu qədimlikdə təzəlik gözə dəyir.
   
   Eyni fikri mən onun gəraylıları haqqında da deyə bilərəm.
   
   
   
   Bir körpəcə uşaq idim,
   
   Saçlarımda dən qayıtdım.
   
   Əcələ yoldaş olmadım,
   
    Əcəl getdi, mən qayıtdım.
   
   
   
   Bu Yer nədi, bu Göy nədi?
   
   Ömür gündə bir öynədi.
   
   Burnumun ucu göynədi,
   
   Gözlərimdə çən qayıtdım.
   
   
   
   Ay Zirəddin, qəm keyimiş,
   
   Sevinc ayıq, qəm key imiş.
   
   Ölüm nə ucuz şey imiş-
   
   Öldüm, ölümdən qayıtdım.
   
   
   
   Zirəddinin şeirlərində təkcə ənənəvi formalara deyil, ənənəvi mövzulara münasibətində də o təzəliyi hiss edirsən. Məsələn, onun ana kədəri ilə bağlı çoxlu şeirləri var, bu şeirlərin məzmunu birdir-insan anasız qalanda qəribsəyir, dünya onun üçün qəmxanəyə dönür. Amma anaya həsr edilən hər şeirində Zirəddin fikrini ifadə etmək üçün münasib bədii boyalar tapır:
   
   
   
   Sənsiz bəs neynəyim mən qərib indi?
   
   Bu tale, bu qismət mən qəribindi.
   
   Sənin oğul dərdin göyərib indi,
   
   Mənim ana dərdim qarıyır, ana!
   
   
   
   Zirəddinin şeirlərində şeirbəşeir axtarış aparıb "bəs bugünün həqiqətləri hanı?" soruşmuruq. Lap ilk kitablarından başlasaq, belə bir axtarış səmərəsiz qalacaq. O,bayram-yubiley xətrinə ya ictimai-siyasi hadisələrin təsirilə şeir yazmayıb. Amma yurd-yuva sevgisi, vətənçilik hissi şeirlərindən qətiyyən əksilmir. Burada fərdi və ictimai duyğular birləşir, öz taleyindən danışanda Vətəni xatırlayır, Vətəndən danışanda unutmur ki, o da bu yurdun bir oğludur.
   
   Ən əvvəl onun şeirlərində bir kənd görünür. Azaflı kəndi. Zirəddinin şeirlərindəki saz ahəngi,folklora bağlılıq da elə o kəndin havasından, suyundan gəlib.İndi Zirəddin Sumqayıtın Nasoslu qəsəbəsindəki kommunal evində o kəndin həsrətini çəkir. Bir şair demişkən, ora oğul ola bilmədim, heç olmasa bir dilsiz daşı olaydım. İllər keçir, şair bir-iki günlüyə qayıdır kəndinə. Kənd də yerindədir, onun çəməni də, çölü də, bulaqları da, qocaları da. Amma SƏN o deyilsən, a şair..
   
   
   
   O geniş yolları uddumu torpaq?
   
   Susdu sağsağanlar, susdu dinmədi.
   
   Görmüşəm cığırlar dönüb yol olur-
   
   Yolların cığıra dönməyi nədi?
   
   
   
   Tək qaldın, saçını yolma ay söyüd,
   
   Bəsdi, həsrətinə məni az qala!
   
   O vaxt üz-gözümü cıran böyürtkən
   
   İndi ayağımdan öpür az qala.
   
   
   
   Bu şeir çoxdan yazılıb. Bəs bugünkü kəndin sosial mənzərəsi? Kənd yollarını öz ömrü-günü sanan, sazlı-sözlü dünyasının əsiri olan Zirəddin "keçid dövrü" Azaflısının durumunu seyr edə bilirmi? "Qalsa, şair oğlun qalandı sənə" deyən şairin şeirlərindən deyəsən, ocaq tüstüsü, boz sərçələrin qışqırığı, yaz gecəsinin gözəlliyi azalmağa başlayır. Bu niyyətlə onu qınamaq istəyirdim ki, gördüm Sumqayıtın Nasoslu qəsəbəsinin kommunal evlərinin birindən Zirəddinin səsi gəlir:
   
   
   
   Oxu görüm, nə yazılıb alnıma?!
   
   Dəyməmişdən əl dəyibdi kalımag
   
   Yazıq-yazıq ağlayaydın halıma,
   
   Ya bacıya, ya qardaşa dönəydin!
   
   
   
   Özün oldun, bir daş-qaşın olmadı,
   
   Qəmdən özgə bir daş-başın olmadı.
   
   Bu torpaqda bir başdaşın olmadı,
   
   Dönən baxtım, səni daşa dönəydin!
   
   
   
   Sonra Zirəddinin şeirlərində bir AĞRI görürəm.Əlbəttə, bu, patoloji ağrı deyil. Həm ömründən-günündən, taleyindən, həm də dünyadan, onun gərdişindən gələn, şeirlərində doğulan, boy atan, gecəsinə-gündüzünə qarışan bir ağrıdır. Bu ağrını içində yaşadan şair o ağrının mənzilgahı olan ürəyinə xitabən deyir ki, "Nə dünyanın dərdi çəkilən deyil, nə canın ağrısı kəsən, ürəyim! Bir qız hədəsindən əsmədin axı, indi misra-misra əsən ürəyim". Niyə əsir bu ürək, dərdi nədi? Dərdi odur ki,bu dünyada böyüklük-kiçiklik itib, sadəcə olaraq yaşamağa məhkum olan insanların sayı durmadan artır, "bir it adam tapmır hürsün adama, İt adam dərdindən ulduza hürür", ölümlər adiləşibdi, yaxşı adamların sayı gün-gündən azalır,günahsız ölümlər baş alıb gedir. Üstəlik, Göyçə dərdi, Qarabağ dərdi...
   
   Zirəddinin sevgi şeirləri içərisində də yaşanılmış hissləri, duyğuları əks etdirən nümunələr az deyil. Bu şeirləri oxuyanda hiss edirsən ki, "mövsümü" deyil. Yəni üç aydan-dörd aydan bir "yaşanılan" sevgi macəralarının qəhrəmanı deyil bu şeirlərdəki Sevən İnsan. O, bu yaşında belə cavanlıqdakı o təmiz, bakirə hissləri qoruyub saxlayıb. Və o sevgiyə layiq olan qadın dünyanı tərk edəndən sonra da unudulmayıb. Bəlkə də əsl sevgi onu itirəndən sonra başlayıb:
   
   
   
   Sənsiz nə dincliyim, nə qərarım var,
   
   Bir olan diləyim dönüb min olmaz!
   
   Daha üzüm gülmür, eynim açılmır,
   
   O daş yatağında yuxum çin olmaz!
   
   
   
   Dünyam başdan-başa alışıb yanır,
   
   Amanım, fəryadım tutub hər yanı.
   
   Hanı o gözlərin insafı, hanı?!
   
   Belə ömür olmaz, belə gün olmaz!
   
   
   
   Ay ömrüm, bilirdin, axı, bunu sən,-
   
   Bütün arzuların sənsən sonu, sən!
   
   Bu günə qoymusan atıb onu sən,-
   
   Bir də Zirəddindən Zirəddin olmaz!
   
   
   
   Beləcə, bir şairin kövrək dünyası ilə sizi tanış etməyə çalışdım.Əlli yaşını keçən, bir vaxtlar Tovuzun Azaflı kəndindən ümid və arzularının arxasınca şəhərə yollanan, ŞAİR TALEYİNİ YAŞAYAN. Sumqayıtın Nasoslu qəsəbəsinin bir kommunal evindən Dünyaya boylanan Zirəddin Qafarlıdan, onun şeirlərindən söz açdım.


YAZARIN ARXİVİ

2014-08-02 : LİRİKA - 2013
2012-04-21 : "ARAZBARI" ÜSTƏ
2012-01-20 : 20 YANVAR: 22 İL
2011-08-20 : ƏDƏBİ HƏYAT
2011-08-13 : ƏDƏBİ HƏYAT
2011-08-06 : ƏDƏBİ HƏYAT
SON XƏBƏRLƏR
2018-01-23
2018-01-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (76.47%)
Yox (23.53%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK