ANA SƏHİFƏ / YAZARLAR

Bir xışma xəyal dalınca...

ƏDƏBİ HƏYAT

26392    |   2014-03-08 00:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bir xışma... Bir ovuc dolusu... Esmira Məhiqızının şeirlərini oxudum və mənə elə gəldi ki, bu bir xışma - bir ovuc dolusu xəyal deyilmiş, bir ürəyin dünyaya səpələdiyi sonsuz arzulardı, diləklərdi.
Şeir haqqında fikir yürüdərkən ilk növbədə, müəllifin duyğu və düşüncələrinin poetik inikası səni özünə cəlb etməlidir. "Bu yaxşıdır, bu pisdir, bu ortababdır" qənaəti ilə yox, şeirin öz aurası, içindəki cazibə səni çəkməlidir. Esmira Məhiqızının şeirləri də belədir. Bir qismi səni özünə çəkir, həmin şeirlərin cazibə qüvvəsi təsir edir sənə. Misra-misra, bənd-bənd, şeir-şeir düşürsən o cazibə sahəsinə. Bir də var, özün çəkinirsən bəzi şeirlərdən, oxuyursan onları, amma içindən heç bir dalğa keçmir. Amma ümumilikdə Esmira Məhiqızının şeirləri həm oxunmaq üçün, həm də oxuyandan sonra düşünmək, bir az da xəyala dalmaq üçün yazılan şeirlərdi.
Onun şeirlərinin böyük bir qismi Qarabağa, daha doğrusu, Qarabağsızlığa həsr olunub və "Bir xışma xəyal" kitabında "Ağdama gedən yol" rubrikasında təqdim edilir.

İpək-ipək nənələri dağlanıb,
Kəsik-kəsik döşlərinnən qan sızır.
Nağıl-nağıl kitabları bağlanıb,
Yanaçıq gözlərinnən qəm sızır.
Hər baxışda bir dan yeri yarımçıq,
Dan üzünə elat ölüb, el ölüb.
İstəyirsən yerə gir, ya göyə çıx
Layla ölüb, ağı ölüb, dil ölüb.
Nağıl deyən nənəyə də qıyıblar,
Noğul yeyən nəvəyə də qıyıblar.
O dağa da, zirvəyə də qıyıblar,
O laylaya, nəğməyə də qıyıblar.

"Qarabağ nağılı" beləcə başlayır və bir çox şeirlərdə bu pessimist ovqat davam edir. Əlbəttə, müəllifi - bir Azərbaycan şairəsini qınamaq olmaz ki, niyə bu qədər təlx ovqatdasan, sabaha inamın yoxmu? Niyə bu misralar səslənir dilində: "Məni o kasada dəfn edərsiniz, Məni çəkən yerdə bir yer qalmayıb", "Gərək qeyrət ola söz demək üçün - Xocalı öləndə ölüb qeyrətim", "Axtara-axtara qalmışıq naçar Tapmırıq sabahın körpülərini", "Qurd-quş yağıları qova bilmədik, Heç oğul demirəm, heç qız demirəm Yurda müqəvva da ola bilmədik" və s.
Biz şairə bacımızı qınamırıq. Onun ürəyində yığılan, üst-üstə qalaqlanan bu dərdlər süni deyil, hamısı çoxlarının içini göynədən dərdlərdir.
Esmira Məhiqızının "Ağdama gedən yol"da nikbin səslənən, qələbə soraqlı şeirləri də var. Bu şeirlər azdır, amma söhbət kəmiyyətdən getməməlidir. Söhbət ondan getməlidir ki, həmişə bədbin hisslərlə yaşamaq olmur və bir də görürsən ki, kol-kos basmış bir bağın içində bir qızılgül peyda oldu. Vahid Qaziyə həsr olunan şeirdə oxuyuruq:

Göz-gözə, üz-üzə, çiyin-çiyinə,
Gəl verək əl-ələ, dərdlərdən keçək.
Yenə Qarabağın çıxıb seyrinə,
Dağılan yerlərdən, yurdlardan keçək.
Yüyürək Ağdamın küçələrindən,
Külək tozumuza çata bilməsin.
Burulaq tinindən, döngələrindən,
Həsrət bizi qovsun, tuta bilməsin.
Gəl keçək Qarqardan, Xaçınçayından,
Ağa körpüsündə dayanaq bir az.
Abdal-Gülablının gül çəmənində,
Güllərin rənginə boyanaq bir az.
Dayanaq göz-gözə, çiyin-çiyinə,
Qardaş, Qarabağın könlündən keçək.
Ölümü-itimi alma eyninə,
Gəl tutaq əl-ələ, ölümdən keçək!

Esmira Məhiqızının şeirlərində heç bir müharibə səhnəsi, döyüş cəngi təsvir olunmur. Amma müharibənin doğurduğu əhval-ruhiyyə, yurddaşlarımızın torpaq yanğısı, köçkünlərin Vətəndə Vətən həsrəti bir neçə şeirdə öz əksini tapıb. Deməli, hələ müharibə bitməyib. "Bir xışma xəyal" bizi bir uşaq meyitinə sarı çəkir. O uşağın "soyuq cəsədini qurd-quşlar yeyir", "çatlaq dodağında quruyub qan da, gözünün kökü də oyum-oyumdu". Qara baxtlı qarabağlı qızıq "saralmış üzünün üz qabığında Həsrət yağışları cığırlar salır". Yolun qırağında bir nənə göy satır: "illər qırış-qırış üzünnən baxır Gözünün bir atım işığı yoxdu.

-Ay nənə bir oğlun, uşağın yoxdu?
-Niyə ki, bir oğlum Şuşada itib,
-Biri də Ağdamda döyüşüb, ölüb.
Ay Allah, ağlım da başımnan itir,
Göylərə baxıram, dəliyə dönüb.
Nənənin əlində göy pərən-pərən,
İndi ürəyimnən dəyən güllədi.
Vətənin yolunda oğullar verən
Vətən yollarında gör nə gündədi?

Esmira Məhiqızının əksər şeirləri fikir üzərində qurulur, yəni müəllif həmin şeirdə nəyi isə təsvir edir və bu təsvirlə bağlı konkret fikir söyləməyə çalışır. Həm də dedıyi fikir mücərrəd olmur, real həyati müşahidədən yaranır. "Dəyişib nə varsa" silsiləsindən olan şeirləri misal göstərmək olar. Tutaq ki: SÜRƏT QATARI. Esmira xanım ömrü və günü sürət qatarına bənzədir, bu sürət qatarı insanı qoca dünyanın başına fırlandırır. Dünyanın özü də sürət qatarıdır, biz onun sərnişiniyik, minib düşürük. Başqa bir şeir: SINIQ GÜZGÜ. "O qədər baxardı sınıq güzgüyə, Özünün özünnən xoşu gələrdi. Qüdrətdən çəkilən xəttə, cizgiyə, Baxdıqca doymazdı, üzü gülərdi". Sınıq güzgüyə baxanların taleyi də sınıq olurmuş. İllər gəlib keçir, o qızın gözündən axan yaş güzgüdən axır. Bu isə QARA CORABdır. "Sıxır ayağımı bu qara corab". Elə bil, müəllifə fürsət anı gəlib ki, ayağını sıxan bu qara corab haqqında düşüncələrini səbrinin sıxılmağı, içinə dərdlər yığılmağı fonunda şərh eləsin. "Bu boyda dəryada suya təşnəyəm, Quruya-quruya dərya sıxılır. Heçlikdən heçliyə köçən heç nəyəm, Dünyanın içində dünyam sıxılır".
Bəzən oxucuya elə görünə bilər ki, Esmira Məhiqızı hər bir şeirində nəsə filosofluq eləmək istəyir. Amma belə deyil. Təbii ki, şair olan kəs şeirlərində bir filosofa da çevrilə bilər, bəşəri problemlərdən şeir diliylə söz aça bilər. Amma elə açar ki, sadə, səmimi səslənər. Esmira xanımın şeirlərində də hər deyilən və səslənən fikrin reallıqla, gerçəkliklə bağlılığı var. Ona görə də şeirlərində filosofluq iddiası görünmür. O, "Qarışqa yuvası" şeirində yazır ki:

Dünya bir qarışqa yuvası kimi,
İnsanlar qaynaşır qarışqalar tək.
Yükünün altında yüklüdür kimi,
Kimi də yüksüzdü can daşıyır tək.
Keçir, qurdlar keçir, tülkülər keçir,
Adama xoş gəlmir havalar daha.
Əcaib soyuqlar, bürkülər keçir.
Qarışqa yuvası qaynayıb daşır,
Birinin torbası əlində gedir,
Biri digərinin belində gedir.
Piyada qarışqa, atlı qarışqa,
Biri atlı gedir, piyada gedir.

"Küləklər" bölümündə isə müəllif bizi öz dünyasına çəkib aparır. Həyatın ağrı-acıları, sevinci az-kədəri çox günləri, ayları, dünyada baş verən olayların onun qəlbindən keçməsi, ruhunu həyəcana gətirməsi... bu hisslər əsasən qısa, yığcam şeirlərdə öz əksini tapır. "Külək" şeiri bu silsilədən olan şeirlərin açarı sayıla bilər: "Dünya hapdı-gopdu belə, Tozanağı qopdu belə Ahdı belə, ufdu belə İçimnən əsir bu külək. Dərdə bükülüb qalmışam, Dərddən bükülüb qalmışam. Dərdimi büküb qalmışam İçində bir sirr-bu külək". Esmira Məhiqızının bir qisim şeirləri qoşmalar, gəraylılardır. Ancaq o şeirləri oxuyanda hansı formada yazılmasının fərqinə varmırsan. Çünki sxematizm, formaya aludəçilik duyulmur. Səni şeirdəki fikir və bu fikrin necə ifadə olunması, daha doğrusu, fikirlə hissin vəhdəti düşündürür:

Hər zülmətin bir gündüzü,
Hər məzlumun bir ahı var.
Kimdi məsum bu dünyada
Hərənin öz günahı var.

Hərə bir cür ömür sürür,
Bir cür yanır, bir cür sönür.
Gecənin də rəngi dönür,
Bəyazı var, siyahı var.

Tərəzidə təndi bölüm,
Haqdı olum, haqdı ölüm.
Ölüm hələ axır deyil -
Ölümün də sabahı var.

Üç ay öncə (30 noyabrda) Esmira Məhiqızının "525-ci qəzet"də yeni şeirlərini oxudum. Bu şeirlərin heç birinin qarşısında bir ad qoyulmamışdı və mən belə düşünürəm ki, adsız da olsa, hər şeirin özünün bir qayəsi var. Müəllif nəsə demək istəyir və deyir. Bu şeirlər dünyaya bir qəlbin pəncərəsindən boylanış təsiri bağışlayır. Ziddiyyətli, təzadlı, hər anı, hər günü faciələrlə süslənən dünya... Azərbaycanın bir şairəsinin şeirlərində özünün müxtəlif rəngləri, çalarlarıyla diqqəti cəlb edir.
Hərdən Esmira xanımın şeirləri içindən bir qədər nahamar sözlər də (şeirə girməyən) gözə dəyir: "Bəlkə unutduqlarım-unutmadıqlarımdı", "Payız hazırlıqları" və s. (kitabda da bu qəbildən şeirə uyuşmayan sözlər var). Esmira Məhiqızının ən yaxşı şeirlərində fikir aydın, konkretdir.
Onun şeirlərində axtarsan sırf peyzaj şeiri tapa bilməzsən, o, təbiəti, onun gözəlliklərini-payızın payızlığını, qışın qışlığını hisslərinə qatır.
Öz ürəyi, duyğuları ilə təbiət arasında harmoniya yaradır. "Bu yaz da beləcə unutdu məni" misrası ilə başlayan şeiri mən onun ən gözəl yazılarından hesab edirəm. Çünki bu şeirdə təbiətlə insan hissləri, duyğuları arasında doğmalıq görərsiniz. Deyir ki: "Alça ağacına su da vermədim, nənəm tapşırmışdı, mənsə unutdum". Bu nigarançılıq şeirin qayəsini təşkil edir. "Nənəm tapşırmışdı, quruyarlar, ha!" Ağac da quruyur, gül də quruyur.

..nə xeyri, qurumuş ağac göyərməz,
..nə xeyri, qurumuş gül də soluxdu.
Nənəmdən sonraydı, mənim gözümdə,
Nənəmsiz sürdüyüm gün də soluxdu.

Mən çox şeyləri unutdum belə -
gördüm həyat acı, yaşamaq acı.
Unutdu yaz məni...
məni də elə
sənin ahın tutdu, alça ağacı.

Arzulayıram ki, Esmira xanım həmişə belə təsirli şeirlər yazsın.
Esmira xanımın şeirləri barədə bu söhbəti burada tamamlayıram və təbii ki, ona yaradıcılıq uğurları arzulayıram. Bir də onu arzulayıram ki, yeni şeirlər kitabına daha ciddi yanaşsın...

Vaqif YUSİFLİ


İmza:

YAZARIN ARXİVİ

2014-08-02 : LİRİKA - 2013
2012-04-21 : "ARAZBARI" ÜSTƏ
2012-01-20 : 20 YANVAR: 22 İL
2011-08-20 : ƏDƏBİ HƏYAT
2011-08-13 : ƏDƏBİ HƏYAT
2011-08-06 : ƏDƏBİ HƏYAT
SON XƏBƏRLƏR
2018-04-23
2018-04-22
2018-04-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (46.15%)
"Real" Madrid (53.85%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qız falçının yanında:
- Məni iki oğlan istəyir, Tofiq və Tağı. Deyiniz görüm bunlardan hansının bəxti gətirəcəkdir?
Falçı kartları yayır:
- Tofiqin bəxtı gətirəcək, sən Tağıya ərə gedəcəksən...




digər lətifələr
ARXİV
FACEBOOK