ANA SƏHİFƏ / YAZARLAR

Boğulmayan Dezdemona

"Ən böyük aktrisanın belə istedadlı bir rejissora ehtiyacı var"

66382    |   2014-01-25 00:51
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Son illər Akademik Milli Dram Teatrının səhnəsində bir-birindən maraqlı obrazlar yaradıb. Məhz yaradıb, müsahibimin leksikonunda oynadı sözü yoxdu. Deyir ki, aktirsa ona etibar edilən obrazı oynamağa yox, yaratmağa çalışmalıdı.
Ölkənin əsas səhnəsində Həcər (İ. Şıxlı "Ölüləri qəbiristanlıqda basdırın"), Səltənətbəyim (İ. Əfəndiyev "Hökmdar və qızı"), Ziba (M. F. Axundzadə "Lənkəran xanının vəziri"), Cana (Ə. Əmirli "Köhnə ev"), Sona (R. Novruz "Hələ sevirəm deməmişdilər"), Landa (O.İoseliani "Kaş araba aşmayaydı"), Qadın (Elçin "Qatil"), Pamela (C. Patrik "Qocanı öldürməliyik") rollarına məhz belə yanaşıb.
Lakin bunu tək özünün uğuru saymır, dramaturqun, tərəf-müqabilinin əməyini qeyd edir. Müsahibimin fikrincə, ən böyük aktrisanın belə istedadlı rejissora ehtiyacı var.
Sizi istedadlı aktrisa, əməkdar artist, maraqlı həmsöhbət Münəvvər Əliyevanın düşüncələri ilə baş-başa buraxıram.


- Münəvvər xanım, teatr sizin üçün məbəddir, yoxsa iş yeri?
- Mən teatra nə məbəd kimi baxıram, nə də iş yeri kimi yanaşıram. Buradan aldığım maaş elementar ehtiyacları ödəmirsə, teatra necə iş yeri kimi baxmaq olar? Teatr ruhumun sakinlik tapdığı, mənən qidalandığı bir məkandı.
- Əvvəllər çalışdığınız "YUĞ" teatrına da münasibətiniz bu cür idi?
- Yox, "YUĞ"a bir məktəb kimi baxırdım. Çünki tələbəlik illərdə sənət müəllimlərimiz tez-tez dəyişdiyindən Mədəniyyət və İncəsənət Universitetində heç nə öyrənə bilmədim.
- Həmin ali məktəb zatən öyrətmir, istiqamət verir...
- Bəxtimizdən bizim qrupa istiqamət verən də olmadı. Paralel qrupa rəhmətlik Nəsir Sadıqzadə dərs dediyindən onlara xüsusi bir yanaşma var idi, bu da məni ağrıdırdı. Kurs rəhbərimiz tez-tez dəyişdiyindən soruşanda çox vaxt heç müəllimimizin adını da demirdim. Sonuncu il kurs rəhbərimiz deyəsən Ağakişi Kazımov oldu, onun da dərslərində iştirak etmirdim. Akademik Milli Dram Teatrının direktoru professor İsrafil İsrafilov o zaman bizə nəzəriyyədən dərs deyirdi və onun məsləhəti ilə II kursdan "YUĞ" teatrında məşğul olurdum. Rəhmətlik Vaqif İbrahimoğlunun rəhbərlik etdiyi "YUĞ" mənim üçün bir məktəb rolu oynadı.
- "YUĞ" məktəbinin məzunu ölkənin baş teatrına dəvət olundu və D. Aslanın "Dindirir əsr bizi" tamaşasındakı Fərəh rolu ilə debüt etdi...
- Əslində Akademik Milli Dram Teatrında debütüm Dezdemona obrazı ilə olmalı idi. Tələbəlik illərində Sankt-Peterburqda keçirilən bədii qiraətçilərin Vladimir Yaxontov adına festivalındakı təqdimatım və qazandığım mükafatla səs-küy yaratmışdım. Görkəmli aktrisamız Şəfiqə Məmmədovanın tövsiyəsi ilə Mikayıl Mirzə mənə bəzi məsləhətlər verirdi. Rəhmətlik Mikayıl müəllimlə çalışmaq bir qədər mənə qəribə gəlirdi. Onun tətbiq etmək istədiyi çərçivələri qəbul edə bilmirdim, daha çılğın olduğumdan çərçivələrə sığmırdım. Həmin ərəfədə Cənnət Səlimova teatrda Şekspirin "Otello" faciəsini hazırlamaq istəyirdi. Tamaşada Otellonu yaradacaq Mikayıl Mirzənin təklifi ilə Dezdemonanı mənə vermişdi, məşqlər Bədii Şuranın otağında gedirdi. O vaxtlar uzun-uzun saçlarım var idi, Mikayıl müəllim deyirdi ki, tamaşada Otello Dezdemonanı saçlarından tutub boğacaq.
- Təəssüf ki, biz teatrsevərlər həmin tamaşanı görə bilmədik. Bəs tamaşa niyə hazırlanmadı?
- Həmin dövrdə teatr uzun müddətli təmirə dayandı və belə bir monumental tamaşanı hazırlamaq mümkün olmadı. Görünür qismət belə imiş... Amma mən heç nədən narazı deyiləm. İndi deyəcəyim söz ola bilsin ki, heç birmənalı qarşılanmasın. "Yaradıcılıq karyeramda Dezdemona, Kleopatra kimi rollar hökmən olsun" düşüncəsini heç vaxt özümə yaxın buraxmamışam. Bu gün Dezdemona təklif olunsa, həmən imtina edərəm. Çünki Dezdemona məndəki yaradıcılıq enerjisini tam realizə etməyə imkan vermir.
Nə isə, Akademik Milli Dram Teatrına gəlişim baş tutdu, baxmayaraq ki, əvvəllər bu kollektivə gəlməkdə o qədər də maraqlı deyildim.
- Niyə?
- "YUĞ"da çalışanlarda başqa teatrlara tamam fərqli münasibət var. Məndə də belə bir düşüncə var idi. O dövrdə bir neçə teatrdan, o cümlədən Rus Dram Teatrından gələn təklifləri geri çevirib, görünən və görünməyən baryerləri aşıb sonda Akademik Milli Dram Teatrını seçdim. Bu gün zamanında düzgün qərar verdiyim qənaətindəyəm. İndi yeganə məqsədim bu teatrın səhnəsində yaratdığım obrazlarla kifayətlənməyib daha yaxşısına nail olmaqdı.
- Xalq yazıçısı Elçinin "Qatil" tamaşasındakı Qadın obrazını da bu düşüncə ilə yaratdınız?
- Əlbəttə. Baxmayaraq ki, bu obrazla tamaşaçı qarşısına çıxmaq heç də asan məsələ deyildi. Birincisi, əvvəlki quruluşda Qadın obrazını böyük sənətkarımız Şükufə Yusupova yaratmışdı və ondan sonra bu rolda səhnəyə çıxa bilənlər üçün manevr imkanları demək olar ki, saxlamamışdı. Başqa bir aktrisanın ifasını görsəydim, ondan üstün oynamağı düşünərdim. Lakin Şükufə xanımdan sonra bu obrazı səhnədə yaratmaq asan məsələ deyildi. Üstəlik bu pyesin ölkədən kənarda qoyulan tamaşalarına da baxmışdım. Quruluşçu rejissor Mehriban Ələkbərzadə bu obrazı mənə təklif edəndə münasibətim birmənalı olmadı. Bir neçə gündən sonra Mehriban xanım mənə dedi ki, sənə belə bir rol vermişəm, amma heç zəng vurub maraqlanmırsan. Sözün açığı, pyesdəki Qadın obrazının keçirdiyi hisslər mənə tam yad idi. Amma zaman keçdikcə, məşqlər davam etdikcə, Mehriban xanımla hər söhbətdə mənim üçün yeni, tamam fərqli məsələlər açıldı. Mehriban Ələkbərzadə sanki Şükufə xanımın boyuna biçilmiş bu obrazı kənarda saxlayıb tam mənim boyuma biçilmiş yeni bir obraz ortaya qoydu.
Təsəvvür edin, tamaşada tərəf-müqabilim Hikmət Rəhimovla həyatda kəlmə də kəsməmişdim, yalnız "YUĞ"da çalışdığını eşitmişdim, sözün açığı, heç xoşum da gəlmirdi. Özüm vaxtı ilə "YUĞ"da çalışdığıma görə bilirəm ki, oradakılar digər teatrdakı həmkarlarına yuxarıdan aşağı baxırlar. Bu mənada Hikmətə münasibətim yaxşı deyildi. Amma quruluşçu rejissor elə bir atmosfer yaratdı ki, bir də ayılıb gördüm təkcə tamaşadakı Oğlanın yox, ətrafımdakı insanların belə qatili ola bilərəm. Bəzən zamanımı, məkanımı itirirdim, bilmirdim ki, yerdəyəm, göydəyəm.
"Qatil"in əvvəlki quruluşunu görənlər, əvvəlcə bizim ifamıza baxmayacaqlarını deyənlər indi tamaşa qurtarandan sonra getmək istəmirlər. Bu, bizim - Elçin müəllimin "Qatil" əsərinin ətrafında toplaşan yaradıcı heyətin birgə qələbəsidi, həmin qələbədə Mehriban xanımın bir quruluşçu rejissor kimi əməyi danılmazdı. Kim deyirsə ki, səhnəyə çıxanda məndən yoxdu, inanmayın. Ən böyük aktrisanın belə istedadlı bir rejissora ehtiyacı var.
- Hamı "Qatil"dəki uğurunuzdan danışarkən bu dəfə səhnəyə fərqli bir rolda çıxdınız. Con Patrikin "Qocanı öldürməliyik" tamaşasında zibilliklərdə eşələnən qocanı - Pamela Kronkini yaradırsınız...
- "Qatil"dən sonra məndə həyəcan, narahatçılıq var idi. Tamaşaçıları şaşırda biləcək növbəti bir addım atmaq istəyirdim. Tam fərqli bir obraz təqdim etmək mənim özüm üçün də maraqlı idi, bu zərurəti həm aktrisa, həm də Münəvvər kimi hiss edirdim. Quruluşçu rejissor Loğman Kərimovun bu təklifi lap yerinə düşdü. Sanki "Qocanı öldürməliyik"dəki Pamela Kronki "Qatil"dəki Qadına yeni nəfəs verdi.
- Yaxın vaxtlarda Mehriban Ələkbərzadə ilə birgə yeni yaradıcılıq işinizə tamaşa etmək imkanımız olacaq...
- Mehriban xanım Hüseyn Cavidin əsəri əsasında "Əmir Teymur" tamaşasına quruluş verir, mənə Meliça rolunu etibar edib. Meliça Hüseyn Cavidin yaradıcılığındakı Teymur, Yıldırım Bəyazid kimi parlaq obraz deyil. Lakin bu tamaşaya Mehriban Ələkbərzadə quruluş verirsə, deməli nəsə maraqlı bir planı var. Mehriban xanımın yaradıcılıq fantaziyası bitmir-tükənmir, hər məşqdə hökmən təzə, tamam fərqli bir şey təklif edir. Bu dəfə də belədi, ona görə də hamımızı maraqlı, fərqli bir tamaşa gözləyir.

Etibar CƏBRAYILOĞLU


İmza:

YAZARIN ARXİVİ

2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (25%)
İşdə (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK