AYRILIQ...

FAİQ QİSMƏTOĞLU
32326 | 2013-07-27 05:31
... Başını əllərinin arasına alıb dərin fikrə getmişdi. Fikir onu o qədər öz ağuşuna almışdı ki, hətta qızlarından birinin onun yanında dayandığını belə unutmuşdu. Unutmuşdu ki, böyük qızı dərd-qəm içində olan atası Şakir müəllimi bir anlığa da olsa, həmin dərd-qəmdən ayırmaq istəyir. Amma Şakir müəllimi düşdüyü ağır durumdan nəinki qızı, hətta ən güclü adamlar belə xilas eləyə bilməzdi.
... Qızının üzündəki kədəri görməmək üçün bir qədər də aşağı baxdı. Sonra da yavaş-yavaş əllərini başından çəkdi. Gözlərindən çöhrəsinə doğru bir neçə yaş damcısı axdı. Əlinin arxası ilə gözlərinin yaşını sildi və bir də baxışlarını qızına sarı zillədi:
- Ananı itirdik! Mənim üçün bir həyat yoldaşı idisə, səni və bacılarını dünyaya gətirən bir insan idi. Bilirəm, hamınız ananızı çox istəyirdiniz. Mən də onu çox istəyirdim, o da məni çox istəyirdi. Amma neyləmək olar, Allahla Allahlıq eləmək olmaz. Onun da ömrü bura qədərmiş. Əlimdən gələni elədim, sonra gücüm çatmadı...
Sözünün arxasını gətirə bilmədi. Yenidən gözləri doldu və yenidən gözlərindən axan yaş sifətinə doğru diyirləndi. Bu, yaşdan çox ağır bir daşa bənzəyirdi və ağır daş da tək Şakir müəllimin sifətində deyil, çiynində, varlığında oturmuşdu...
Qızına sarı dönüb yenidən təsəlli vermək istədi. Əllərini böyük qızının saçlarında gəzdirdi. Qızının da saçları eynən həyat yoldaşı Nazilə saçı kimi gözəl idi. Qızının saçından həyat yoldaşının ətri gəlirdi. Bu ətri hiss etdikcə ona bir təsəlli verilirdi. Elə bilirdi ki, Nazilə ölməyib, Nazilə qızı Zibeydə ömründə yaşayır. O qədər fikirli idi ki, özündə güc tapıb uşaqlara təsəlli verə bilmirdi. Anaları dünyasını dəyişəndən sonra isə uşaqların gözü onu axtarırdı. Tapa bilməyəndə bu beş qızın beşi də atalarına sığınırdı. Atalarına sığınırdılar ki, bu ayrılığın ağırlığını, həsrətini və çətinliyini yaşamasınlar.
Dərd isə o qədər böyük idi ki, onu çəkmək çox ağır idi. Amma Şakir müəllim və beş qızla bu dərdi birlikdə çəkirdilər. Şakir müəllim dövlət işində və məsul vəzifədə çalışdığına görə, gecəyarısı evə qayıdırdı. Ev də iş yerinə çox yaxınıydı. İşdən çıxanda dostları dərdini unutdurmaq üçün onu Araz çayının vadisinə aparmaq istəyirdilər. Çünki isti yay günlərində Araz vadisində Füzulinin heç harasında olmayan bir sərinlik vardı. Elə ki, sərhədçilərdən icazə alıb Horadizdə Araz çayının üstündəki körpüyə yaxınlaşırdın, bax onda səni qeyri-adi bir sərinlik vururdu. Bu sərinlik üçün çoxları darıxırdı.
Şakir müəllimin içini yandıran dərdi o qədər ağır idi ki, Arazın vadisindəki sərin külək də ona rahatlıq gətirmirdi. Sanki iynənin üstündə oturmuşdu. Həyat yoldaşı Nazilə rəhmətə gedəndən sonra beş qızının taleyi haqqında fikirləşirdi. Fikirləşirdi ki, o bu qızlara da həm ana olmalıdır, həm də ata. Atalarını onlar həmişə çox istəmişdilər. Amma atalarına deyə bilmədikləri sözlərini analarına söyləyərdilər. Bir şey də olanda böyük qızı Zibeydə atasının qılığına girər, onun boş damarını tutar və tez də razı salardı.
Nazilə dünyasını dəyişəndən sonra sanki bu evin işığı, nuru azalmışdı. Elə bil ki, evdəki gülüş də, sevinc də qəhətə çıxmışdı. Heç kimin üzü gülmürdü. Şakir müəllim fikirləşirdi ki, Nazilə dünyasını dəyişdi, heç olmasa özü bu boşluğu doldursun.
... Səhərlər yuxudan qalxanda qızları ondan qabaq durardı. Anaları kimi çay dəmləyər, yemək hazırlayar və Şakir müəlliimn qabağına qoyardılar. Şakir müəllim də əvvəlki kimi iştahla yemək yeməzdi. Elə bir-iki tikə pendir-çörək yeyər, bir stəkan da şirinçay içərdi. Sonra da qızları ilə xudahafizləşib icra hakimiyyətinə işə gedərdi.
Böyük qızı Zibeydə atasını yola salanda qucaqlayıb öpər və deyirdi:
- Ata, nahara nə bişirim?
Şakir müəllim fikrə gedir və dillənirdi:
- Nə bişirsən, yeyəcəyəm...
Əvvəllər çox vaxt yeməyi orda-burda yeyərdi, qonaq-qaraları və gəlib-gedənlər çox olduğu üçün vaxt tapıb günorta saatlarında evə gələ bilmirdi. Yoldaşı dünyasını dəyişəndən sonra isə qızlarına o qədər mehr salmışdı ki, günorta vaxtı da evə gələr və nahar eləyərdi.
Qızları da diqqətlə atalarına baxar və onun necə hərəkət etdiyini izləyərdilər. Görürdülər ki, Şakir müəllim nahar edəndən sonra bir şey demir, razı qalır, yarım saat dincəlib yenidən işə gedirdi.
Ailəsini çox erkən itirdi. Hətta qohum-əqrəba məsləhət bildi ki, başqa bir qadınla ailə qursun. Şakir müəllim isə bunların heç birisinə əhəmiyyət vermədi. Yoldaşı Nazilə çox vaxt onun yuxusuna girirdi və tez-tez də qızlarını Şakir müəllimə tapşırırdı. Tapşırırdı ki, mən qızlara bir şey eyləyə bilmədim, gözün onların üstündə olsun...
Şakir müəllimin gözü həmişə qızlarının üstündə idi. Onların tərbiyəsi ilə, davranışı ilə hər an maraqlanırdı. Qızlar da bilirdi ki, ataları onlara qarşı çox tələbkardı. Yanlış bir addım atsalar, o dəqiqə cəzalanarlar. Bu cəzaya ehtiyac olmazdı. Çünki Şakir müəllimin qızları çox ağıllı, tərbiyəli və zəhmətkeş uşaqlar idi. Və bu ağıllı, tərbiyəli, zəhmətkeş uşaqlar böyüdülər, ali məktəbə qəbul oldular, hərəsi bir sənətin sahibi kimi yetişdi.
O isə hər cümə axşamı Beyləqanda müqəddəs ocaqda dəfn olunmuş yoldaşının məzarını ziyarət edirdi. Elə bir cümə axşamı olmazdı ki, o, qəbiristanlığa gedib Nazilənin məzarını ziyarət eləməsin və onun qəbri üstündə mollaya "Yasin" oxutmasın. Bütün bunları eləyəndə Şakir müəllimin çiynindən ağır yük götürülər və rahat nəfəs alardı. Hətta iki daşın arasında yağı daşsaydı belə, mütləq həyat yoldaşının məzarını ziyarət etməyincə özündə heç rahatlıq tapmazdı.
Böyük qıızının toyunda çox qəribə hadisə baş verdi. Toydan əvvəl ekranda Şakir müəllimin həyat yoldaşı Nazilə xanım barəsində çəkdirdiyi klip göstərildi. Bu klip çox kədərli və həyəcanlandırıcı olsa da, ona dəlalət edirdi ki, Şakir müəllim heç vaxt Nazilənin məhəbbətini ürəyindən çıxarmayıb və ən əziz günündə onu xatırlayır. Düzdü, toyda iştirak edənlər bu klipə baxanda kədərlənirdilər, amma Şakir müəllim bu klipi ekrana gətirdəndə ruhən dincəlir, içində bir sakitlik tapır və nigarançılığı əriyirdi. Eyni zamanda onun yoldaşının ruhu da bu toyda hiss olunurdu. Ana ruhu, ana sevgisi sanki övladına xeyir-dua verirdi və xoşbəxtlik arzulayırdı. Bu kədərli klip başa çatandan sonra Şakir müəllim yaşarmış gözlərini dəsmalla silər, içindəki dərdin-ələmin azaldığını hiss eləyərdi. Sonra da mikrofonu əlinə götürüb toya gələn qonaqları salamlayardı.
Qızlarının hamısının toyunda öncə bu klip ekrana gələrdi. Artıq toya gələn qohum-əqrəba da öyrəşmişdi ki, toy başlamamışdan öncə müitləq o kədərli klip göstəriləcək. Bu elə-belə kədər deyildi, bəşəri bir kədər idi və bəşəri bir məhəbbət idi. Bu kədərə baxanda və onu hiss edəndə çoxları Şakir müəllimin sədaqətinə, səmimiyyətinə, bütövlüyünə və kişiliyinə məəttəl qalardı.
Adətən kişilər vəfasız olurlar. Çox vaxt həyat yoldaşını itirən qadınlar ərlərini yaddan çıxarmırlar. Ancaq kişilər həyat yoldaşını itirəndən sonra rəhmətə gedən arvadlarının bir ili tamam olan kimi başqa qadınlarla ailə qururlar. Nadir kişilər tapılar ki, həyat yoldaşı rəhmətə gedəndən sonra evlənməsin, uşaqlarını böyütsün və onları ev-eşik sahibi eləsin. Şakir müəllim belə sədaqətli, vəfalı və etibarlı həyat yoldaşı olmuşdu. O, dörd qızını da böyütdü, ərsəyə çatdırdı və onlara anasızlığı hiss etdirməyə, onun kədərini yaşamağa imkan vermədi. Özü balalarına həm ata oldu, həm də ana.
Bunu qızları da yaxşı bilirdi. Qızları yaxşı bilirdi ki, ataları çox namuslu və təmiz adamdı. Adətən vəzifə adamları eyş-işrəti, yeyib-içməyi sevsələr də, Şakir müəllim bu cür həyat tərzindən çox uzaq idi. Onun ən rahat və ən yaxşı yeri balalarının, qızlarının yanı idi.
Qızlarının uşaqları olmuşdu. Bunlar hamısı Şakir müəllimin nəvələriydi. Şakir müəllimin nəvələri onlara gələndə sevinci dağ boyda olurdu. Elə həyat yoldaşı Nazilənin də dərdini nəvələri gələndə yüngülləşdiyini hiss edərdi. Elə ki, nəvələri gəldi, Şakir müəllimin qucağına tullanırdı və onlarla zarafatlaşırdı. Bax onda hər şey Şakir müəllimin yadından çıxırdı... yorğunluğu yadından çıxırdı... qayğıları yadından çıxırdı... əsəbləri yadından çıxırdı və başlayırdı nəvələri ilə oynamağa. Bircə yadından çıxmayan erkən dünyasını dəyişən həyat yoldaşı Nazilə idi. Naziləni heç vaxt unuda bilmirdi... Naziləni heç vaxt yaddan çıxara bilmirdi... Naziləni heç vaxt xatirəsindən silməyi bacarmırdı. Hara gedirdi gözünə Nazilə görünürdü. Bu ayrılıq və bu həsrət onun ürəyinin dərinliyində əbədi bir kədər yaratmışdı... Ancaq nəvələrindən biri eynən Nazilə oxşayırdı - gözləri də, əlləri də, danışığı da və hətta baxışları da. Bu gözləri, bu baxışları, bu əlləri görəndə, Şakir müəllim bir təsəlli tapardı və deyirdi ki, ilahi, sənə min şükür, nə yaxşı nəvələrimdən biri rəhmətliyə oxşayır...
Şakir müəllimi yaşadan nəvələrinin gülüşləri, sevincləri idi... Şakir müəllimi xəstələnməyə qoymayan və darıxmağa imkan verməyə nəvələrinin şirinliyi idi. Bir də Şakir müəllimi yaşadan həyat yoldaşı Nazilə olan əbədi və ülvi bir məhəbbəti idi...

FAİQ QİSMƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV