ANA SƏHİFƏ / YAZARLAR

AXTARIŞ VARSA...

Vaqif Yusifli

94556    |   2020-07-30 18:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Belə olub ta əzəldən, əzizim,

Göz yaşıyla qolboyundu məhəbbət.

Kimisinə ürəyinin qibləsi,

Kimisinə bir oyundu məhəbbət.

Bu misralar bir sevgi şeirindəndir. Müəllifi Ülkər Nicatlıdır. İlk şeirlər kitabı çıxıb-"Yaralı arzular". Və onun bir neçə şeirini də feysbuq səhifələrində oxumuşam. Hiss olunur ki, şeirə həvəskar kimi gəlməyib, oxuyub, öyrənib, amma həmişə çalışıb ki, şeirlərində təzə söz desin. Amma təzə söz demək üçün gərək istedadlı olasan, nə isə alababat bir fikir demək xatirinə şeir yazmayasan, ya da hər şeyi düz-qoşub, düzəldəsən (qafiyəsi, vəzni yerində), amma yazdığın şeir ŞEİR olmaya. Ülkərdə istedad var, bu istedadı yönləndirməyi bacarsa, yaxşı şair ola bilər.. Rus şairi Sergey Yesenin bir şeirində yazırdı ki: "Bəli, şair olmaq odur ki, gərək Pozmayıb həyatın ilk qanununu, Öz damarlarından qanı çəkərək, Vurub isidəsən özgə qanını. Qoy lap qurbağanın nəğməsi olsun, Dünyaya təzə bir nəğmə ver ancaq.

Bir misra dənizdir mənim ürəyim,

Ömrüm bu dənizdə tənha bir qayıq.

Oxu ləpirləri sahil boyunca

Bu mənəm, bir sənsən, bir də ayrılıq.

Yenə Ülkərin bir sevgi şeirindən misal gətirdim. Təşbihləri sıyıq deyil, bənzəyənlə bənzədilən arasında məntiq var.

Yaşıl çəmənlərin ilməsi qaçıb,

Mamırlı qayalar dişini qıcıb.

Həsrəti götürüb haraya qaçım,

Vətənin ağrısı azalsın bir az.

Hiss olunur ki, Ülkər Nicatlı bu dörd misrada özünün Vətən ağrısını ifadə etmək istəyir və buna nail olub.

Ülkər Nicatlı ümid verən bir şairdir və o qəmgin, nostalgiya doğuran adı bir kənara qoyuram və bu şair qızın şeirlərindəki təzəliyi, onun doğrudan da yaxşı bir şair olacağına dəlalət edən özəllikləri yenə də nəzərə çarpdıra bilərəm.

Könlümü dağlayır taleyin hökmü,

Almışam çiynimə kədər yükümü.

Deyirəm bu dağlar bəs niyə çökmür,

Məzarın başında durmuşam, ata.

Ata itkisinə bundan münasib söz demək olardımı?

Ülkərin şeirlərində hissin, həyəcanın, ürəkdən qopan qəfil çığırtıların çoxluğu ilə rastlaşıram. Əksəriyyəti də sevgi şeirlərində. Mən irad tutmuram ki, Ülkərin ilk kitabındakı şeirlərin əksəriyyəti sevgidəndir, "yaralanmış arzular"ının əks-sədasıdır. Yox! Hər bir şair ilk növbədə, öz ürəyinin səsini, içəridən gələn və onu həyəcanlandıran duyğularını şeirə çevirir. Dəxli yoxdur, nədən yazırsa-yazsın, təki şeir ŞEİR kimi yaşansın. Sevgi şeirləri min ilə yaxındı poeziyamızda hökmü-rəvandır, amma yaxşı sevgi şeirlərinin zamanı yoxdur. Füzulinin, Natəvanın, Müşfiqin, Bəxtiyar Vahabzadənin, Əli Kərimin şeirləri kimi. Amma mən sözümə sevgi şeiri ilə başlamaq istəmirəm. Necə?

Yamyaşıl misralar uçur havada,

Birinin üstünə adım yazılıb.

Açıb oxuyuram göz yaşlarımı,

"Sənin məktubunu aldım" yazılıb.

"Burax bu misranı" şeiri belə başlayır və elə bu bənddə iki insan arasındakı ənənəvi hicran qoxusunu-qorxusunu duyuruq. "Açıb oxuyuram göz yaşlarımı"- təzədir, kimsənin şeirində bəlkə heç təsadüf etməmişəm. Bu misra uğurludur, ona görə ki, sevgi məktubunun daxili inersiyasını ifadə edir.

Hopub üst-başıma qürbət qoxusu,

Tanrıya yazıram bu gileyimi.

Bir misra üzümə çırpır özünü,-

Bu dünya şairə vətən deyilmi?!

Bu bənd tənhalıq içində çırpınan bir qəlbin hay-harayıdır. İnsanın tənhalığı qürbət qoxusunu ona daddırır. Bu tənhalıqdan necə qurtulmaq olar? "Bu dünya şairə Vətən deyilmi?!". Və bundan sonrakı bənddə insan qəlbinin tənhalığı başqa bir çevrə ilə yeni mahiyyət kəsb edir:

Susur dilimdəki "azadlıq" sözü,

Azadlıq meydanı susduğu kimi.

Elə gülümsəyir kədər üzümə,

Leyli öz əhdini pozduğu kimi.

Beləliklə, tənhalığın "həbs etdiyi" qəlbin çıxış meridianı Azadlıq meydanına qədər uzanır. O yaşıl misranın gözlərinə baxsan, bir günahla üzləşərsən. Ona görə də:

Burax bu misranı qoy uçub getsin,

Dincəlmək vaxtıdır, daha gecədir.

Mənə inanmırsan, özün bilərsən,

Soruş ağaclardan, saat neçədir?

Bu son bənddə mənim fikrimcə, narahat, artıq tənhalıqdlan bezmiş bir insanın tənhalığa müvəqqəti olsa da vida deməsini görürük. "Soruş ağaclardan, saat neçədir?". Sevgi şeirlərindəki tənhalıq "Kədər ocağı", "Uzalı qalıb, "Ağrı yolları", "Məni kül eləyən baxışlar", "Məktub gələcək", "Neynim", "Kədər yağacaq" və s. şeirlərdə tufan qoparır. Müəllif deyə bilər ki, adını çəkdiyim bu şeirlər sırf sevgi duyğularını, ayrılıq-hicran sənələrini ifadə edir. Amma yox! O şeirlərin hər birində məhz tənha bir qəlbin fəryadları, ahları-amanları yüksəlir. Bir də ki, insan sevirsə və bu sevgidən nicat, ümid fişəngi atılmırsa, o, tənhadır. Mən Ülkər Nicatlının tənhalıqdan doğan, hicran əzablarından xiffətlənən şeirlərini oxuyur və birdən çox sevdliyim Əli Kərimin tənhalığa üsyan edən bir şeirini xatırlayıram: "Tənhalıq boşluq deyil- Səni gözləyən varsa; Doludur ümid günəşilə, Həsrət ayparasıyla. Kövrək qəmin alatoranıyla. Gözləyənin yoxdursa,- Tənhalığın da yoxdur....Tənhalıq istəyirəm- Böyük, dərin, dolu tənhalıq!" Ülkər Nicatlının sevgi şeirlərində də bundan sonra o dərinliyi, doluluğu görmək istərəm.



Amma Ülkər Nicatlının şeirlərinin bir çoxunda tənhalığın və onu narahat edən dərdlərin mənzərəsi dəyişə də bilir. Baxın:

Xətrinə kim dəyib, eynin açılmır,

Kimdən borc almısan yaz havasını?

Bu gün Nəsimidir-İçərişəhər,

Öyrənir "soyulmaq" əlifbasını.

Küçə uşağıdır-gecə işığı,

Adını xəbər al, küçə dilində?

Günün günortası nə olub görən?

Adamlar danışır gecə dilində.

Gördüm ki, arzular çox baş aparır,

Götür çırp başına vətən daşını.

Yığıb öz çiyninə ağrılarını,

Bu gün ürəyimdən vətən daşınır.

Elə zənn etməyin ki, mən Ülkər Nicatlını ancaq sevgi və bu sevgidən doğan tənhalıq şairi kimi təqdim etmək niyyətindəyəm. Əsla! Ülkər Nicatlı da bu yurdun bir şair qızıdır və Vətəndə baş verən hər bir hadisə (xüsusilə, 90-cı illərdə) onun da ürəyini titrədib. "Kəlbəcər harayı", "Qeyrətin lalə mövsümü" "Şəhidlər xiyabanı", "Çiçəkləyən səngər", "Vətənimin torpağında", "Şuşa mövsümü", "Vətən", "Xocalı" və s. şeirlərində tənhalıqdan bezən bir Ülkər yox, Vətənimnin dərdləri, ağrı-acıları ilə yaşayan bir Ülkər gördüm. Baxın:

Yaman çiliklənib yuxum,

Çiçək-çiçək solub duyğum.

Dərd içində boğulduğum

Neçə il oldu Xocalı?

Qoy sənə səndən danışım

İtkin düşməsin yaddaşım.

Axıb tökülən göz yaşım

Daha göl oldu Xocalım.

(Ən çox da on birlik bölgüsündə) və çalışır ki, "köhnə havalarda" təzə notlar səsləndirsin. Əksərən buna nail olur. Məni ən çox bir oxucu və tənqidçi kimi razı salan odur ki, Ülkər Nicatlı sözü, ifadəni yerli-yerində işlətməyi bacarır. Ata məzarı önündə necə dayanmaq olar? "Ağrı heykəli tək, qəm heykəli tək, Məzarın başında durmuşam, ata". Onun balaca şəhid Zəhraya həsr etdiyi şeir məncə, ən gözəl şeiridir. Elə bir şeir ki, Ülkər hər dəfə şeir yazanda gərək o şeirə baxsın ki, zəif şeir qələmə almasın:

Bax ürəyin xal yerindən,

Yarasının al yerindən,

Körpə dilin lal yerindən,

Bir misra çək, bir misra çək.

Bəxtim, düşsün daş başına,

Qar tez yağır yaddaşına.

Qələm batır göz yaşına,

Bir səhra çək, bir səhra çək.

Bir layla sərin üstünə,

Bir körpə qəbrin üstünə.

Allah, öz səbrin üstünə

Bir Zəhra çək, bir Zəhra çək.

Onu da qeyd edim ki, Ülkərdə metaforik düşüncə tərzi mənə maraqlı təsir bağışladı. Deyəndə ki: "Çatılıbdı qaşı sənli günlərin" ya "Qəlbim o bulağın suyundan içər"- bunlar xalis metaforadır. Ülkərin bir təcnisini də oxudum, səriştəsi var, sayını artırsın.

Təbii ki, ilk şeirlər kitabında Ülkər Nicatlının ən yaxşı şeirləri ilə müqayisədə şeiriyyət boyu mənasında gödək, balaca, ortabab şeirləri də var.O şeirlərin heç adını da çəkmək istəmirəm. Gənc şairə bir neçə məsləhətim var: 1) Bir az öz ürəyinə nikbinlik çiləsin, sevgi şeirləri təkcə ayrılıq üstündə qurulmur ki. 2) Həyata, mühitə pəncərədən baxmasın, buna seyrcilik deyərlər, həyatın axınını seyr etsin. 3) Təkrar ifadələrdən qaçsın.

Mən Ülkər Nicatlı adlı bir gənc şairdən söz açdım. Ona nə arzulaya bilərəm? Standart fikir söyləmək istəmirəm. Əli Kərimin bu misrasıyla bitirmək isərəm:

Axtarış lazımdır,

Axtarış!

Ülkər Nicatlıya da poeziya axtarışları arzulayıram!



İmza:

YAZARIN ARXİVİ

2020-07-30 : AXTARIŞ VARSA...
2014-08-02 : LİRİKA - 2013
2012-04-21 : "ARAZBARI" ÜSTƏ
2012-01-20 : 20 YANVAR: 22 İL
2011-08-20 : ƏDƏBİ HƏYAT
2011-08-13 : ƏDƏBİ HƏYAT
2011-08-06 : ƏDƏBİ HƏYAT
SON XƏBƏRLƏR
2020-08-15
2020-08-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.95%)
Pullsuz (12.05%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını dostlardan biri qonaq çağırır.

Qonaqlığa tez gəlmiş şair süfrə düzələnə kimi dostunun dərs hazırlayan oğlu ilə başını qatmağa çalışır.

Əlini uşağın telinə çəkib qabağındakı riyaziyyat dəftərinə baxır.

-Nağayrersan?

Uşaq:

-Vəli əmi,ən kiçik ortaq böləni axtarıram..

Şair təəccüblə:

-Ayə,hələ onu tapbeflarmı,mən uşaq olanda da onu axtarerdılar)

Paylaşdı: Ayaz Arabaçı



digər lətifələr
ARXİV
FACEBOOK