FALA BAXIRAM

İRADƏ TUNCAY
93780 | 2009-02-28 15:37

Görünür, nə isə böyük stress və şok ərəfəsindəyik. Aclıqmı olacaq, müharibəmi, Nuh tufanımı, deyə bilmərəm. Çünki ekstrasensura ilə yeni-yeni tanış olmağa başlamışam, hələ təcrübəm azdı, cəsarətli proqnozlar verə bilmərəm. Amma nəsə olacaq, yüz faiz! Rəhmətlik Sovet hökuməti dağılmaq ərəfəsində də eyni proseslər gedirdi. Hamı hamıya nifrət edirdi, hamı hamıyla dalaşırdı, pul qiymətdən düşürdü, fəlakətlər, qəzalar bir-birini əvəz edirdi və ən başlıcası ekrandan falçılar boylanmağa başlamışdı. Yadınızdadır, Kaşpirovski, Çumak? Efirin ən yaxşı saatlarını onlara verirdilər və 250 milyonluq materialist xalq bu vəsilə ilə dərdlərinə çarə tapmağa çalışırdı. Çarə tapılmadı, əksinə, ölkə kiçik-kiçik hissələrə bölündü. Həmin o şarlatanlar da yoxa çıxdılar. İndi yeni simalarda təcəlla ediblər. Allah axırını xeyir eləsin. Ha istəyirəm ki, bu kütləvi psixozun köklərini araşdırım, bir şey çıxmır. Bizim millətin caduya, fala, rəml atmağa, duaya marağı hər zaman olub. Amma belə yüksək səviyyədə tirajlanmasını xatırlamıram. Daha doğrusu, mümkün də deyildi. Dövlət ruh alverçilərinin qarşısını alırdı. Amma indi məlum olub ki, sadə rəiyyətə qadağan eləsələr də böyük partiya bossları özləri üçün falçı ştatı saxlayırmış və onların xidmətindən istifadə edirmiş. Brejnevin Vanqa ilə görüşdüyü məlum, Cuna Davitaşvilinin onu müalicə elədiyi də məlum. Neçə illər Moskvada Tofiq Dadaşovun qabiliyyətini istismar elədilər, sıxıb suyunu çıxarandan sonra qayıdıb gəldi bura. Ancaq məsələ burasındadır ki, belə adamların sayı çox deyil (yaxşı ki). Bəs bizim balaca məmləkətdə bütün ekranları dolduracaq qədər qara-qura adamlar hardan peyda olublar? Nəsə başımızı qatırlar, səbəbini isə dediyim kimi bilmirəm.
   
   ...Elm hər şeyi izah edə bilmir. Ətrafımızda baş verən paranormal hadisələri də eləcə. "Parapsixologiya" termini mövcud olsa da, hələ ki, rəsmi elm statusu almayıb. Parapsixologiya izahı çətin olan biofizik dəyişmələri sistemləşdirən, cəmləşdirən, təhlil edən sahədir. Hələ ki ayrı-ayrı fərdlərin fenomeni ilə gündəmdədi. Ancaq izah olunmursa bu o demək deyil ki, mövcud deyil. Tarixin bütün dönəmlərində qeyri-adi qabiliyyəti ilə seçilən, güclü bioenerjisi ilə insanları təsir altına salan, çaşdıran, ya da düz yol göstərən fərdlər məlumdur. İlk vaxtlar qəbilə, icma arasında hər hansı paranormal gücü ilə seçilən fərdlər ya vəziyyətə hakimlik ediblər, ya da hakimlik edənlərə hakimlik ediblər. Yəni anlayacağınız bütün dövrlərdə kahinlərin, şamanların, cadugərlərin, münəccimlərin siyasətə təsir imkanları böyük olub. Qədim Yunanıstanda hər hansı bir müharibədən, döyüşdən, sazişlərdən öncə məşhur Delf Orakulundan məsləhət alarlarmış. Romada, Misirdə də bunlar olub. "Firon" əsəri yadınızdadırsa, orda kahinlər coğrafi astronomik hadisələrdən istifadə edib xalqı islahat aparmaq istəyən gənc firona qarşı qaldırırlar.
   
   Belə düşünmək olar ki, dünyəvi dinlərin yaranması insanları ilahidən kənar möcüzələrdən uzaqlaşdıracaq. Amma belə olmadı. İbtidai insanın kortəbii inamı indiyə qədər içimizdə yaşayır və biz həmin insandan çox da fərqlənmirik. Həm xristian, həm də müsəlman hökmdarlarının yanında münəccimlər də, falçılar da olub. Dində buna yaxşı baxılmasa da... Təbii ki, həmin cadugərlərin içində qeyri-adi keyfiyyətləri ilə seçilənləri də olub, fırıldaqçıları da. Deyək ki, bir dönəm Avropasında inkvizisiya tonqallarında yüz minlərlə insan cadugər kimi yandırılıb. Yenə belə çıxır ki, krallara, padşahlara məqbul olan qara camaata qeyri-məqbuldu. Doğrusu da budur - telepatik qüvvələri özbaşına buraxmaq olmaz. Bundan insan cəmiyyətinə ziyan gəlir.
   
   Bizi əhatə edən material aləmdə növlərin enerjisi cövlan edir. Bu enerji informasiya ötürücüsüdü. Həmin o sahəyə paralel aləm də demək olar. Obyekt haqqında informasiya ondan kənarda da müstəqil şəkildə öz mövcudluğunu sürdürür. Hətta obyekt öz maddi həyatını başa vursa da. Yəni ruhun bədəndən ayrılması kimi. Ruh materiyanın ideal kopyası olaraq məlumat daşıyır. Mütəxəssislərin fikrinə görə, ruh sahəsi internet kimi çox istifadəçilərə açıla bilər. Bütün telepatik rabitəni, biolokasiya metodlarının əsasını həmin bu prinsip təşkil edir. İndi təsəvvürünüzə gətirin ki, ekranlardan məqsədyönlü şəkildə bizə nəsə ötürməyə çalışırlar. Əsas sual budur - NƏ? Əgər cadugərləri açıq satışa çıxarırlarsa bunun arxasında ciddi səbəblər var. Rusiya mətbuatından oxumuşam, rəsmi statistikaya görə, ölkədə yarım milyona yaxın falçı leqal olaraq fəaliyyət göstərir. Böyük bir ordudu. Çox vaxt seçkilər ərəfəsində fəallaşırlar, siyasətçilərə xidmətlərini təklif edirlər. Nəzərə alsaq ki, siyasət aləmi bütün dünyada falçılarla sıx əlaqədədi və bu əlaqənin nəticələri heç də hər zaman xoş olmur, vay halımıza. Ruslar isə XX əsrin əvvəllərində bu acı təcrübəni yaşayıblar. Rasputini xatırladınız?
   
   
   
   ***
   
   
   
   Əgər cəmiyyət sarsıntı keçirirsə, heç kəs bundan kənarda qala bilməz. XX əsrin əvvəllərində dünyanı bürümüş böhran imperatorun da ailəsindən yan keçməmişdi. 1905-ci ildə Rusiyada inqilabın ilk dalğası yatırıldı. Zahiri dinclik və sakitlik yerini gizli təbliğata verdi. Rusiya imperiyasının zəifləməsi və dağılması çox qüvvələrin maraq dairəsinə daxil idi. İndiyə qədər tarixçilər ümumi bir nəticəyə gələ bilməyiblər ki, bu ölkədə dalbadal baş verən inqilablar xalqın iradəsininmi, yoxsa xarici kapitalınmı məhsulu idi?
   
   Sadə Sibir kəndlisi Qrişka Rasputinin saraya gəlişi, ordakı yüksəlişi də imperiyanın qürub çağının, çaxnaşmaların, xaosun bir göstəricisi idi. Rasputinə münasibət hər zaman birmənalı olmayıb. Bir qrup onu əyyaş, əxlaqsız, şarlatan adlandırır, sarayın, çar familiyasının çöküşündə günahlandırır, bir qrup da (xüsusən son vaxtlar) onu müqəddəsləşdirir.
   
   Rusiyanın ən yüksək ailəsi də şəxsi həyatlarında və idarəetmədə adi rus kəndlisi kimi kilsəyə deyil, gizli qüvvələrə, maqlara, cadugərlərə inanırdı. Hələ Rasputindən əvvəl sarayda parisli falçı Filipp at oynadırmış. Çariçanın dalbadal üç qız doğması rus taxtının vəliəhdsiz qalacağı qorxusunu yaratmışdı. Rəfiqələri birinci xanıma parisli maqın köməyindən yararlanmağı məsləhət görürlər. Bütün saray bir az da istehza ilə fransızın çar ailəsinə nə verəcəyini gözləyirmiş. Çariça dördüncü dəfə də qız doğmasına baxmayaraq, yenə fransıza inanmaqda davam edir. Falçının çar ailəsi üzərindəki hökmranlığı bütün sarayı narahat etməyə başlayır. Böyük knyaz Nikolay Vasilyeviçi Lev Tolstoyun yanına göndərirlər ki, bəlkə onun fikirləri çara təsir edə bilsin. Xeyli dilə tutulan Tolstoy imperatora məktub göndərməyə razı olur. Böyük yazıçı xəbərdarlıq edir: "Əziz qardaşım! Mən Sizə çar kimi deyil, bir İnsan, bir Qardaş kimi müraciət edirəm. Rusiyanın böyük bir hissəsi gücləndirilmiş mühafizə altındadı, açıq və məxfi polis ordusu artırılır, həbsxanalar və sürgün yerləri doldurulur, aclıq adi hala çevrilib. Sizi, bizi, bütün Rusiyanı dəhşətli illər gözləyir..." Məktubun heç bir təsiri olmur, əksinə, maqın mövqeləri güclənir. 1904-cü ildə çariça Rusiyaya varis bəxş edir. Falçı Filipp Fransaya qayıdır və gedərkən belə deyir: "Mən başqa şəkildə zühur edəcəm". Rasputin sarayda peyda olur. Necə deyərlər, "svyato mesto pusto ne bıvayet". Vəliəhd xəstə uşaq olduğundan ənənəvi təbabət də ona heç nə ilə kömək edə bilmədiyindən Ana çariçanın hər yola əl atmasını anlamaq olar. Rasputin varisin qanaxmasını dayandıra bilirmiş, ağrılarını götürürmüş, onunla görüşdən sonra uşaq gümrahlaşırmış. Belə bir adamın sarayda nüfuz qazanmasını təbii qarşılamaq lazımdı. Çar ailəsi inanırdı ki, Rasputin Rusiyanı və Romanovlar sülaləsini qorumaq üçün Tanrı tərəfindən göndərilmiş elçidi. Və Rasputin özü də dəfələrlə 2-ci Nikolaya deyirmiş ki, "mənim sağ olacağım təqdirdə Romanovlar sülaləsinə xətər toxunmayacaq. Mənim ölümüm sənin ölümün deməkdi". Belə olan halda mistik qüvvələrə çox inamı olan çar ailəsi Rasputini daha artıq himayə edirdi. Himayə isə Rasputinə sarayda hər işə qarışmağa, vəzifəyə adam qoyub çıxarmağa, hətta Sinodun işlərinə də müdaxilə etməyə imkan verir. Qəzetlərdə Rasputinin əxlaqsız, əyyaş hərəkətlərindən yazanda çariça qüdrətli baş nazir Stolıpinə xəbərdarlıq edir. Rasputini saraydan uzaqlaşdırmaq üçün baş nazir casus şəbəkəsinin topladığı materiallarla çarın qəbuluna gedir. Və ona "Əlahəzrət, bu adam pozğun məclislərdə olur" deyir, Nikolay isə baş nazirin hesabatını sobaya atır. Az sonra Stolıpin qətlə yetirilir. Maraqlıdır ki, saray əhlindən, nazirlərdən kimsə Rasputinə qarşı çıxarsa tezliklə vəzifəsindən uzaqlaşdırılırmış. Yaxşı halda.
   
   1915-ci ildə Rusiya imperiyası özünün ən gərgin dövrünü yaşayır - 1-ci Dünya Müharibəsində vəziyyət kritik həddə çatır. Polşa, Litva, Latviya, Belorusiya işğal olunur. 200 min əsgər həlak olur, 1 milyona yaxın əsgər əsir güşür. Bu arada siyasi kulislərdə Rasputinin hərbi məsələlərə də qarışdığı barədə söz-söhbətlər yayılmağa başlayır. Cəbhədəki məğlubiyyətlərdən, aclıqdan cana doymuş xalq Peterburqda yaşayan almanlara hücum edir. Şəhərdə böyük talanlar başlayır. Kütlə alman fabriklərini, dükanlarını dağıdır. Nikolayın və alman casusu hesab edilən çariçanın (çariça alman idi) ölkədən çıxması tələbləri səslənməyə başlayır. Belə bir vaxtda bir günah keçisi tapıb onu cəzalandırmaq lazım gəlir. 1916-cı ilin dekabrında knyaz Feliks Yusupov, Dövlət Dumasının üzvü Vladimir Purişkeviç və Böyük knyaz Dmitri Pavloviçin iştirakı ilə Rasputini aradan götürmək üçün plan cızılır. Çox məşhur hadisə olduğu üçün təfərrüata varmaq istəmirəm. Ancaq son vaxtlar ingilis kəşfiyyatının da bu qətldə barmağı olduğunu danışırlar. Deyilənlərə görə, Rasputin çara müharibədən çıxmağı məsləhət görürmüş. Bu da İngiltərəyə sərf etmirmiş. Versiyalar çoxdu, ancaq mahiyyət bunda deyil - savadsız, cahil bir kəndli saraya daxil ola bilibsə, siyasi və hərbi məsələlərə müdaxilə edə bilibsə gələcəkdə belə adamlardan kim sığortalanıb? İnsanların psixikasına təsir edə biləcək hər hansı bir qüvvə mütləq və mütləq nəzarət altında olmalıdır. Rasputinin saraya gəlişindən 80 il sonra Kremlə daxil olan Qorbaçov cini şüşədən buraxdı. Nəticəsi məlum. Kaşpirovskilərin ekrandan xalqa nə siqnal ötürdüklərini bilirdikmi? Hər halda yaxşı heç nə görmədik. İndi bizdə bu qədər qara qüvvələr efiri zəbt ediblər, kimin əli ilə işləyirlər, nə informasiyalar daşıyırlar, bilirikmi? İnsan taleyini müəyyən eləmək mümkün deyil. Ancaq zəif adamlar tora düşə bilirlər. Göbələk kimi artmaqda olan cadugərlər adamların psixi vəziyyətindən istifadə edərək duruma hakim ola bilirlər. Əgər biz özümüzü bunlara kökləsək, həyatımız qaralacaq. Bu qüvvələr üzərində nəzarət olmasa cinayət əməllərində, dövlət əleyhinə əməllərdə onlardan istifadə etmək şansı artır. Günümüzün gerçəkliyi budur ki, əhalinin psixoloji durumu bərbaddı. İnsanların ruhunu müalicə eləmək lazımdı. Yer üzündə Xeyir və Şərin davası gedir. Varlığımız fikir və düşüncələrimizdən doğur. Yaşadığımız mühiti biz yaradırıq. Nə fikirləşiriksə o da olur - yaxşı, ya pis. Nə fikirləşiriksə mahiyyətcə oyuq - Xeyir, ya da Şər! Bütün bunları anlamaq, gələcəyi görmək üçün falçı olmaq lazım deyil.
   
   
   
   P.S. Efirdə gördüyünüz şarlatanların çoxunun ürəyindən Rasputin olmaq keçir. Görəsən, aqibətini bilirlər?
   
   

TƏQVİM / ARXİV