ANA SƏHİFƏ / YAZARLAR

ÇƏRÇİVƏ - Şahnaz Şahin yazır

Esse

36274    |   2020-07-06 09:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əvvəlcə sözün hərfi mənasını deyim, çərçivə fars sözü olub, "çəhar çübe”, yəni dörd ağac deməkdir. Dilimizdə bu sözlə bağlı çoxlu sayda ifadələr işlənir, çərçivəli, çərçivəyə salmaq, çərçivəyə sığmamaq, çərçivədən çıxmaq və s. Çərçivənin məişət mənası da var ki, bu gün mən ondan danışmayacam, sterotiplər, ondan qaçış barədə düşünəcəyik.

Bir vaxt fantastik nəhəng hesab etdiyimiz dünya indi "ovcumuzun içindədi”. Dünyanın o başında baş verənlər uzağı bir neçə saata, dəqiqəyə bizə gəlib çatır, məlumat almaq üçün uzman internet şəbəkəsi var, real səyahət etmək imkanın yoxdursa virtual dolana bilərsən dünyanı. Xalqlar, din və inanclar, adət və ənənələr və s öyrənmək də su içimi. Amma bu dediklərim nəinki bir ölkədə, hətta ölkəiçi fərqli qaydalarda tənzimlənir. Amma bir məsələ var ki, bu və ya başqa formada demək olar hər yerdə nəzərə alınır, bu da ÇƏRÇİVƏdir!

İndi dünyanı dolanan "koronavirus” bəlası yoluxmanın qarşısını almaq, insanların həyatını qorumaq üçün bir çox ölkələri həm daxili, həm də ölkələrarası çərçivələr yaratmağa məcbur etdi. Sərhədlər bağlandı, gediş-gəliş kəsildi, insanlara küçəyə çıxarkən maska taxıb əlcək geyinmək, sosial məsafə saxlamaq məcburi sayıldı, hətta müyyən müddət evdən çıxmamaq qadağası, tibbi-gigiyenik qaydalara ciddi əməl edilməsi belə qanunla müəyyənləşdi. Düzdür bu müvəqqətidir, keçicidir, amma Çərçivədir, məcburi qəlibdir deyə ruhun etirazına səbəb olur. Axı bir çox şeylərin qədrini insan onu itirəndə anlayır...

Azərbaycanda çərçivə deyəndə ağıla ilk gələn cəmiyyət arasında ədəb-ərkən qaydaları, müxtəlif olar-olmazlar, hətta qadağalar olur. Yəni insan istər istəməz özü üçün bir çərçivə yonmağa, bütövlükdə münasibət qaydalarını tənzimləməyə məcburdu. Deməli çərçivə həm də insanın daim can atdığı azadlığın da nisbi olmasını göstərir bir növ.. Yadıma lap aşağı siniflərdə müəllimin uşaqlara verdiyi bir tapşırıq düşdü, uşaqlar heç kəsin olmadığı bir məkan tapıb orda bu tapşırığı etməliydi. Sabahı gün nəticələr soruşulanda tək bircə məktəbli utana-utana tapşırığı yerinə yetirmədiyini bildirmiş, buna səbəb kimi isə hər yerdə Tanrının onu gördüyünü göstərmişdi!..

Deməli əlahəzrət azadlıq heç özü də azad deyilmiş, azad buraxanda anarxiya yaradırmış, problemlərə yol açırmış...

İnsan təbiət mənzərəsinə elə təbiətin içindən baxırsa bir, pəncərədən baxırsa başqa səhnə görəcək., bu ikincisi çərçivədi. Rəssamın kətan üzərinə köçürdüyü bütöv yox, yarımdı, yəni çərçivədə gördüyüdü. Sözünü, deyəcəklərini həmişə ölçüb biçənlər çərçivədə olanlardır, əlbəttə yaxşı mənada! Olduğu kimi görünmək, ya da göründüyü kimi olmaq da çərçivədən çıxmaq deyil. Amma sındırılası, məhv ediləsi o qədər çərçivələr var ki!

Amma çərçivə də var çərçivə.. Əgər çərçivə həm də nizam-intizamdısa, münasibətlərdə əndazə gözləməkdisə, kimisə incitməkdən, həsəddən, paxıllıqdan, pislik etməkdən çəkinməkdisə, bunun nəyi pisdi ki... Xəstə adama təyin edilən pəhriz də, ürəyi xəstə olana fiziki hərəkətin məhdudlaşdırılması da çərçivədi, amma bezdirici, yorucu... Necə ki, mənim film qəhrəmanım da bir gün bezərək ona təyin edilmiş çərçivələri qırıb tökdü, xəstə ürəyilə başqa cür rəftar etməyə qərar verdi, bütün "olmaz”ları "olar”a çevirmək üçün son addımı atdı...

...İnsan yaranışdan azadlığa, dincliyə təşnədi, açıq səmada uçan, istədiyi yerdə yuva quran quşlara, çiçəkdən çiçəyə qonan arılara, zəhmətkeş qarışqalara həsəd aparıb həmişə. Amma o quşların da, arıların da, qarışqaların da, elə yüzlərlə, minlərlə digər yaradılmışların da əminəm ki, həyatı hansısa bir ilahi çərçivəyə sığır...

Dünyaya gəlişimizlə gedişimiz arasındakı məsafə bircə andır ki, bunu söz adamları bir sözlük, rəssamlar bir fırçalıq, riyazıyyatçılar bir rəqəmlik, bəstəkarlar isə bircə notluq məsafə adlandırırlar. Olum və ölüm fəlsəfəsi bəlli olandan ta bu günə kimi düşündürür insanı. Yaşının, düşüncəsinin bir həddinə çatanda insan da hələ dünyaya gəlməzdən öncə ilahi qəlibə, çərçiyəyə salındığını və bundan kənara çıxa bilməyəcəyini anlayır...

Bundan əlavə hər insanın öz çərçivələri də var ki, bunu digərlərinə qarşı istifadə edir. M.Fizuliyə görə hər kəsdə bir ölçü var və bu ölçüyə görə yanlış və doğru tərəflər ortaya çıxar.

Ruhən azad olan insan çərçivələrə də çığmır, bir yol tapıb onları qırmağa, sındırıb atmağa çalışır...

...Bizi dünyanın o dar çərçivəsindən çıxarır,

Dəli xallardakı hönkürtüyüə dalmaqla Segah...(B.Vahabzadə)

Asılıb divardan gözəl bir şəkil,

Bahar mənzərəsi,

qalın bir meşə...

Gözəldir,

Çox gözəl, ancaq elə bil,

Çərçivə içində inləyir meşə...

...Kim istər getdiyi yollar, cığırlar,

Dayansın sərt üzlü çərçivələrdə...(B.V)

Son həmişə hüznlüdür, acıdır, hər kəs sonu bilir, amma onun gəlməyini istəmir. Son bitməkdir, tükənməkdir, əgər bu ömrə aidsə daha ağrılıdır demək!..

Ona görə də əvvəlcə öz içimizdə qurduğumuz sərhədləri açmalı, gedəcəyimiz yolu məchul bir sonsuzluğadək çəkib uzatmağı bacarmalıyıq. O zaman bizim üçün süni yaradılan çərçivələrdən çıxmaq çətin olmayacaq...

Hə, bir də var şəkil çərçivəsi, siz çalışın çərçivə olmayın, nə özünüzə, nə də başqalarına, çərçivədən genişliyə açılan bütöv şəkil olun...

Burda küləkdi,

Orda qar yağır.

Sürüşür dağlar,

Bu qürub çağı.

Biçilmiş zəmi,

Atılmış sevda.

Qurumuş ot var

Gör neçə adda...

Mavi buludlar,

Quş kimidilər.

Kağız gəmilər

Daş kimidilər.

Huşumdu daha

Cismimə yedək.

Gedək, Şahinim,

Dur yığış gedək...




İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2020-08-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.65%)
Pullsuz (12.35%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylı 1-mərtəbədə yeməkxanaya gəlir. Ofisant Anara:

-Ayə qağa, dünən bərk kefliydimmi?

Anar:

- Vəli nətər vurmuşdumsa, elə zornan mənə dirənmişdin ki, "Anar qapını gətir, çıxım gedim".




digər lətifələr
ARXİV
FACEBOOK