ANA SƏHİFƏ / YAZARLAR

ÖLÜ ANA PİŞİK - Şahnaz Şahin yazır

Esse

41021    |   2020-05-18 09:03
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Allah nə yaradıbsa gözəldir, gərəklidir, nəyəsə xeyri var. Bunu adəm övladı anlamaya bilər, axı eqo onun qanındadı, özünü bütün yaranmışların şahı sayır, dünyada külli-ixtiyar hesab edir... Nə var ki, yaradan onu ən sonda yaradıb və bütünmələklərinədə ona təzim etməyi əmr edib. Onlar da ediblər, bir tək şeytandan savayı! Onun da əlində guya daşdan keçən sübutu olub, yəni insandan qabaq yaradılıb və tanrıya illərlə xidmət göstərib, indi Tanrının bu əmri onun qüruruna toxunur, bunu özünə qarşı ədalətsizlik hesab edir. Beləcə insanı özündən üstün saymayıb və çıxıb Yaradanın əmrindən... Bilirəm ki, çoxunuz bu əhvalatı bilirsiz, xatırlatmaqda məqsədliyəm. Az eşitməmişik ki, deyələr bax, "filankəs şeytan xislətlidi, əlindən hər pislik gəlir..., filankəs şeytan kimi araqarışdırandı, filankəs çoxbilmişlikdə şeytana papaq tikər.., filankəsin ikicə buynuzu çatmır ki, şeytan olduğu tamamlansın... və s”. Və beləcə başladı şeytanla Tanrı arasındakı dava. Deyilənlərə görə ta qiyamətəcən çəkəcək, yəni bu zatıqırıq çalışacaq insanları düz yolundan çaşdırsın, özü xasiyyətdə olanlar da aldanacaq bu kafirə, amma kamil insanı ovlaya bilməyəcək. Elə bu məqamdan başlayır hər şey, simasızlıq, yalançılıq, qəddarlıq, paxıllıq, həsəd, lovğalıq, təkəbbür... Əslində elə şeytanın belə vəziyyəti yalnız özünü bəyənən və təkəbbürlü insanların vəziyyətiylə oxşardır. "Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz! ”( "Nisa " surəsi, 36)..

Özünü sevmək, özünə hörmət etmək başqadır, əgər insan bu hissi düzgün istifadə edərsə istedad və şəxsiyyətinin inkişaf etməsinə səbəb olar, əks təqdirdə insanı yolundan azdırar... Belə anormallıq bir nəfərin psixologiyasından çıxıb millət səviyyəsinə qalxanda fəlakətin miqyası daha böyük olur, bunu ikinci dünya müharibəsini başlayan və milyonlarla insan təlafatına, ağlasığmaz bədbəxtlik və fəlakətlərə səbəb olan nasist Almaniyasının timsalında dünya xalqlarının, üzdəniraq qonşumuzun timsalında isə bir xalq olaraq öz üzərimizdə də gördük! İnsan insana zülm etməz, Yaradan zülmü, zülm edəni bəyənmİr, nəinki insanı, heç bir canlını da incitmək olmaz. Son zamanlarda həm xarici, həm də elə bizim ölkəmizdə heyvanlara əzab verilərək lentə alınması, sonra da bunun internet səhifələrində yayılmasını gördük. Yadıma məşhur Azərbaycan filmi " Bizim Cəbiş müəllim” düşdü, Makedonun siçanın üstünə neft töküb yandırması və Namiqin odu söndürüb siçanı xilas etməsi səhnəsini xatırladım. Baxın iki yeniyetmə oğlan və iki fərqli xarakter! Biri qəddarlığın, digəri şəfqətin rəmzi...

Bir söz adamı kimi müşahidə etməyi sevirəm, yol gedərkən də ən adi detallar diqqətimi çəkir. Yanımdan ötüb keçən insanlar, fikir və düşüncələri, içində olduqları problemləri düşünürəm, onların öz övladlarına, hətta heyvanlarına münasibəti diqqətimdən yayınmır. Hələ sahibsiz dolaşan küçə itləri, pişiklər.., Onların içindəki qorxu və həyəcan gözlərindən oxunur. Qeyri ixtiyari müqayisə edirəm, məsələn İstanbulun küçələrində onlar insanların arasında azad, rahat, sərbəst, güvənli şəkildə, qorxu-hürküsüz gəzir, dincəlir, çəkilib bir tərəfdə günəşlənir də.. Nə onlarla kimsənin işi var, nə kimsənin onlarla. Acanda da gəlib daynır məsələn bir dönərçinin qapısının ağzında, o da ədəb-ərkanla bir pay düzəldib gətirib qoyur onun qabağına... Əbəs deməyiblər ki, insanı tanımaq üçün onun heyvanlara göstərdiyi münasibətə bax!

Azmı görmüşük maşın təkərləri arasında canını tapşıran belə heyvanları, indi nə olsun bu hadisəni torədənə cinayət işi açılmır, bəs insanlıq, mərhəmət hissi..?! Bu gün də mərkəz küçələrin birində bir pişik uzaqdan diqqətimi çəkdi , xiyabanla üzü yuxarı qalxıdığımda yolun kənarındakı gül kollarının arasında uzanmış bir pişik gördüm... Əvvəl yatmış hesab etdim, yaxınlaşdıqca tərpənmədiyini fərq etdim, ana pişik idi, ölmüşdü, sol böyrü üstə uzanıb qalmış, ağzından axan qan çənəsinə qədər gəlib qurumuşdu... Məni heyrətə salan isə onun geniş açılmış gözləri və orda ölümün donub qalan şəkliydi! Bu gözlərdə ta nələr yox idi, İlahi.., ölüm qorxusu, həyəcan, təlaş, həsrət, yarımçıq qalan ömrə təəssüf, yaşamaq arzusu...Xeyli dayanıb ona baxdım, necə və nədən ölməsini düşündüm. Bəlkə də onu yolu keçərkən maşın vurmuşdu, o da yaralı halda özünü bu kolların arasına güclə çatdırmışdı... Bəlkə onun körpə balaları vardı və yolunu gözləyirdi?!... Yoxsa bu geniş açılmış bəbəklərdəki bu qədər ağrı-acı, nigaranlıq, intizar nədən ola bilərddi..?

Gəl yeri keç üstümdən,

Lap elə ölmüş bil məni.

Aç ver küləklər aparsın,

Vaxtsız böyüyən kölgəni.

Hamarla dərdin qatını,

Bağışla sevdiyin kəsə.

Bəlkə Tanrının özüdü,

Kimsəsiz bildiyin kimsə...

Hər bir canlı ağrını duyur, qorxu hissinə malikdir və yaşamaq istəyir... Yaz ayları qarışqaların torpağın altından bayıra çıxdığı vaxtdır, haçan ki, Günəş yeri isidər, onda qarışqalar yuvalarından çıxıb işə başlar. Onların hərəkətini izləmək adama xüsusi zövq verir, bir ahəngdarlıq, qayda-qanun, bir fəlsəfə var bu heyvanların dünyasında. Boş yerə deyil ki, Qurani-Kərimdə ayrıca Qarışqa surəsi yer alıb... Onlarla növü var onun, ta xırda boylusundan tutmuş iri "atlı” qarışqayadək. Yolu iki əks sıra olmaqla, (yuvaya gedən və qayıdan) qatarla gedirlər, rastlayıb mütləq "görüşür” sonra yollarına davam edirlər! Çox maraqlıdır vallah.. Dəfələrlə dayanıb baxmışam onlara, sakitcə öz işi ilə məşğul olan bu qarıçqa dəstələri bir təhlükə hiss etdiyində necə özünü müdafiəyə keçir. Hərəkətlərinin ahəngi bir andaca pozulur, sürətlə ora-bura qaçışır, vurnuxur, sıranı pozmamaqla xilas olmağa çalışırlar. Bu yerdə lap düşünməyə məcbur olur adam, görəsən insan qarışqadan nə qədər böyükdü və ya heç böyükdümü!?...Və sonda

L.Tolstoy : " İnsan ağrı, acı hiss edirsə canlıdır, digərlərinin ağrı-acısını hiss edənlər isə insandır!..”

İnsan olaq!...




İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2020-05-30
2020-05-29


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK