ANA SƏHİFƏ / MÜSAHİBƏ

Alqış HƏSƏNOĞLU: “BU OĞRULARI İDARƏÇİLİYƏ KİM SIRIYIB?”

7500    |   2020-05-15 09:47
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sabiq deputat, "Yeni Azərbaycan” qəzetinin keçmiş baş redaktoru Alqış Həsənoğlu "AzPolitika.info”-ya müsahibə verib.

Adalet.az müsahibəni təqdim edir:

- Alqış bəy, məmur həbsləri ölkənin gündəmini yönləndirməkdə davam edir. Sizcə, bu həbslər bizə nə verəcək?

- Mən son günlər 13 yaşlı Saşa Loqvinovun kədərli həyat hekayəsini xatırlayıram. Xüsusilə həbs edilən icra başçılarının bahalı kəmərlərə düşgün olduqları aşkara çıxandan sonra…

Saşa Loqvinov kimi idi?

Yəqin orta nəslin nümayəndələri unutmayıblar, 1986-ci ildə Rusiyada (Təəsüf ki, hadisənin hansı şəhərdə baş verdiyi yadımdan çıxıb) baş verən bir hadisə ittifaq mətbuatında geniş rezonans doğurmuşdu.

Əhvalat beləydi: Saşanın anası xəstəxanada yatır. Atası çalışır, işə gedir. Evin və özündən kiçik qardaşının qayğısı Saşanın öhdəsinə qalır...

Həmin gün ərzaq dükanından bəzi şeylər alıb kassaya yaxınlaşan Saşaya bir nəfər yanaşıb deyir ki, qəfildən ananın halı pisləşib, o səni görmək istəyir. Dərhal onun yanına, xəstəxanaya getmən lazım.


Saşa bu xəbərdən həyəcanlandığı üçün götürdüyü ərzaqları kassir xanıma təqdim edərkən 25 qəpiklik kəsmiyi unudur. Bu isə kassir xanımın diqqətini cəlb edir. Və o saat Saşanı günahlandırmağa başlayır ki, sən oğrusan və məni aldatmaq istəyirdin.

Saşa vəziyyəti ona izah etməyə macal tapmamış, xanım milis şöbəsinə zəng edir.

Şöbədən gəlib Saşanı aparırlar. Milis şöbəsində sorğu-sual başlayır. Saşadan izahat alırlar.

Saşa onlara oğru olmadığını heç cür sübut edə bilmir, onu heç kim başa düşmək istəmir. Milis şöbəsində akt tərtib olunur, Saşanı sərbəst buraxırlar. Ona deyirlər ki, bu aktın bir surəti də Saşanın təhsil aldığı orta məktəbin rəhbərliyinə göndəriləcək.

Saşa milis şöbəsindən çıxıb xəstəxanya, anasına baş çəkir. Amma başına gələnlər barədə anasına heç nə demir. Evə qayıdıb qayışıyla özünü asır...

13 yaşlı uşaq öz ləyaqətini həyatından üstün tutmuşdu.

Bu fakta görə cinayət işi açdılar. O vaxt mətbuat bu intihar hadisəsi ətrafında geniş müzakirələr aparırdı.

Ən ibrətamiz reaksiyanı Saşanın anası göstərmişdi. O, intiharın səbəblərini araşdıran müstəntiqlərə demişdi ki, qatili kənarda axtarmayın, oğlumun qatili mən özüməm, cünki mən onu insan kimi tərbiyə etdim, ona yalan danışmamağı öyrətdim. Gəlin, müqayisə edək: 25 qəpiklik ləkəni ləyaqətinə yaraşdırmayıb həyatla vidalaşan, özünə qəsd edən 13 yaşlı məsum bir yeniyetmə və boylu-buxunlu, orden-medallı yekə-yekə kişilər, qayışları ləyaqətlərindən qat-qat baha olan "xırda padşah”lar...

"Vaqif” pyesində təlxəyin İbrahim xana verdiyi cavabda deyildiyi kimi: "Kəmərdən qiymətli sizdə nə var ki?”...

- Maraqlı müqayisədir. Anası Saşanın ölümündə özünü bir tərbiyəçı kimi günahkar sayır. Bəs onda bu oğru, rüşvətxor məmurların məsuliyyəti hansı "tərbiyəçinin” üzərinə düşür?...

- Çətin sualdır. Burada konkret ünvan seçib, onu əsas səbəbkar kimi hədəfə götürmək olmur. Yalnız coxsaylı səbəblər üzərində fikir yürütmək mümkündür.

Mənim öyrəndiklərim, gördüklərim hazırda üzləşdiyimiz hadisələr birmənalı nəticə çıxarmağa imkan vermir.

Əsrin əvvəlində Həsən bəy Zərdabinin məzarı üzərində Əhməd Ağaoğlunun məşhur nitqini yəqin bilməmiş deyilsiniz: "Bu necə vətəndir ki, vəzifədə olanları oğru, rüşvətxor, ziyalıları yaltaqdır.” Elə bil bir əsr əvvəl yox, dünən deyilib.

Böyük yazıçımız Seyid Hüseynin "Daxiliyyə naziri” adlı hekayəsi var. Hekayədə Xalq Cümhuriyyəti dövründə dövlət idarələrindəki rüsvayçı rüşvətxorluqdan bəhs olunur...

Ümumiyyətlə, insan dünya malına həris yaranıb.

Səhv etmirəmsə, Andropov Sov iKP rəhbəri olanda Mərkəzi Komitə əşyapərəstliyə qarşı mübarizə tədbirləri haqqında xüsusi qətnamə qəbul etmişdi.

Bəzən deyirlər ki, rüşvət alan olmasa, heç kim rüşvət verməz. Mən bu fikirlə razı deyiləm.


Əbülfəz Elçibəy rüşvət almırdı. Heç kimin qəpiyində gözü yox idi. Gözü, könlü tox bir şəxs idi. Amma onun bu şəxsi nümunəsi rüşvətxorluğun qarşısını almaqda aciz qalmışdı.

Əbülfəz bəyin məşhur sözləri var, hansı ki, elə belə yaranmamışdı:"Rüşvəti elə alırsınız ki, camaat kommunistlərin atasına rəhmət oxuyur.”

Məncə, rüşvət alanla bərabər, bəlkə də daha cox, rüşvətverən cavabdehlik daşıyır. Kiməsə rüşvət vermək, rüşvət verdiyin şəxsin qarşısında alçalmaq, əyilmək yaltaqlanmaq deməkdir.

Suala hansı səmtdən yanaşsaq, yenə axırda gəlib ləyaqət mövzusuna çıxacağıq. Ona görə də bir çox məsələdə olduğu kimi, rüşvətə münasibətdə də insanın şəxsi keyfiyyətləri həlledici amil olaraq qalır.

Hər halda mən belə düşünürəm...

- Bir sual da sosial şəbəkələrdə səslənir. Nə üçün həbslərin bu formatı seçilib...

- Ciddi, soyuqqanlı mühakimə etsək, hər bir rüşvətxor məmur potensial terrorçudur.

Neftcala Rayon İcra Hakimiyyətinin başçısı həbs ediləndən sonra cənab Prezidentin həmin rayonun baş həkimi ilə bağlı bir şərhi oldu: "Rayonun ən imkanlı adamlarından biri olan baş həkim bu imkanları necə qazanıb? Bu adam ixtiraçı deyil, biznesmen deyil, valideyinlərindən ona heç nə miras qalmayıb...”

Çox məntiqli, düşündürüçu suallardır.

Eyni sualları həbs edilmiş və hazırda həbs edilməsə də, yerində olmayan məmurlar üzərində də testdən keçirmək mümkündür. Üstəlik, əlavə suallar da ortaya çıxır.

Bu adamların elə xüsusi qabiliyyətləri yox, hətta təhsilləri ilə bağlı şübhəli nöqtələr var. Dövlət qarşısında hər hansı fövqəladə xidmət göstərməyiblər.

Bəs onda necə olub ki, bu adamlar dövlət idarəçiliyində həlledici məqmlardan birinə sahib olublar?

İcra hakimiyətinin başçısı vəzifəsi, siyasi-inzibati, mənəvi çəkisinə görə olduqca mühüm postdur.

Heç şübhəsiz ki, layiq olmayan kadrların belə yüksək vəzifələrə gətirilməsi hansısa məkrli bir planın tərkibinə daxildir.

Bu plan nədən ibarət ola bilər?

Sosial gərginliyə nail olmaq, dövlət institutlarına qarşı etimadsızılıq yaratmaq, Prezidenti sosial dayaqlarından məhrum etmək, dövlətçiliyə olan inamı sarsıtmaq, qıçıq doğuran davranışlarla kütləvi narazılıq doğurmaq və sair.

Rüşvətxor məmurun dövlətə vurduğu zərbə bir terrorçunun həyata keçirdiyi teror aktından daha geniş fəsadlar yaradır.


- Bu sual da aktual olaraq qalır: Həbs edilən icra başçıları zamanında dövlət təltifləri ilə mükafatlandırılıblar...

- Bu faktın özü də Azərbaycan dövlətinə qarşı yönəlmiş məkrli bir planının vacib detalı kimi müzakirə oluna bilər. Orden, medal, fəxri ad dövlətçiliyin mühüm dəyərlərindən, simvollarından biridir. Dövlət təltifləri ideoloji, ictimai-siyasi məzmun daşıyır.

Rüşvətxor məmur dövlət təltifinə layiq görülürsə və ya sonradan məlum olursa ki, dövlətin yüksək ordenləriylə mükafatlandırılmış məmur oğrudur, rüşvətxordur, onda bu təltiflər dəyərdən düşür. Və ən pisi də odur ki, nəticədə əhali arasında icra hakimiyyəti başçılarının dövlət təltiflərinə - orden və medallara təqdim edilmə prosedurunun bir bazar predmeti olduğu barədə çoxsaylı şayiələr dolaşır. Bu, biabırçılıqdır!...

- Sizcə bu həbslər, nümayiş etdirilən bu videogörüntülər başqa məmurlar üçün görk ola biləcəkmi?...

- Burada həssas düyünlər var. Nəzərə alaq ki, hər bir xəbər ilkin mərhələdə ictimai fikrə özünün emosional dərkiylə daxil olur. Sonra emosiya-filan arxada qalır. Təhlillər, axtarışlar başlayır.

Əlbəttə ki, rüşvətxor cəzalanmalıdır. Bu əksəriyyətin gözlədiyi və təqdir etdiyi bir tədbirdir. O cümlədən həbs prosesini, məmurların rüşvəti necə qəbul etdiklərini əks etdirən videogörüntülərin yayılmasını ictimai fikir çox müsbət qarşılayır.

Amma bu, hələ ki, belədir. Çünki bir müddət keçəcək, emosiyalar oturuşacaq, ictimai şüur başqa istiqamətlərdə araşdırma aparacaq.

Bu oğru, rüşvətxor məmurların arxasında kimlər dayanır, onları idarəçiliyə kimlər sırıyıb, onların səliqə-sahmanla dəstələdiyi pullar hara getdi, kimlərə verildi?...

Bu suallara cavab veriləcəksə, bu həbslər, bu videogörüntülər hakimiyyətə rəğbət qazandırmaqda davam edəcək. Yox, əgər bu suallar aydınlaşmasa, bu həbslər bir müəmmaya çevrilə və proses ictimai rəydə hakimiyyətin əleyhinə işləyə bilər.

İctimai düşüncə heç vaxt özünə qapanıb bir yerdə dayanmır axı. Bir incəliyə baxın: insanların əksəriyyəti, daha çox rayon camaatı inzibati binalara "idarə” deyirlər. Birindən soruşanda ki, hara gedirsən, deyir "idarə”yə gedirəm. Hardan gəlirsən, deyir "idarə”dən gəlirəm.

Çünki onlarda belə bir təsəvvür var ki, o binalarda oturan məsul şəxslər idarəçiliklə məşğuldurlar, əhalinin problemlərini çözürlər. Amma bu videogörüntülər əksini sübut etdi, insanların böyük əksəriyyətinin "idarə” hesab etdiyi inzibati binalar haqqındakı təsəvvürləri alt-üst oldu.

Məlum oldu ki, o iri inzibati binaların işiqli kabinetlərində, yumşaq kreslolarda əyləşənlər idarəçilikdən başqa hər işlə məşğuldurlar...

- Mədəniyyət Nazirliyindəki həbslər göstərdi ki, proses mərkəzi icra hakimiyyəti orqanlarını da əhatə edəcək...

- Elə faktlar üzə çıxır ki... Tarixi binaların təmirinə ayrılmış vəsaiti necə mənimsəmək olar? Tarixi bina tarixin özü deməkdir. Tarixin mühafizəsi üçün nəzərdə tutulan pulları oğurlamaq təkcə rüşvətxorluq hadisəsi deyil. Bu, xəyanətdir! Və bu məzmunlu xəyanətlər təsadüfi baş vermir.

Oxucuların diqqətinə bir hadisəni çatdırmaq istərdim. Ötən əsrin 70-ci illərində Qəbələ rayonundakı məşhur "Qəbələ RLS”-in inşasına başlayarkən üzə çıxir ki, tarixi Qəbələ şəhərinin qalıqları tikintinin altında qalacaq. Bu barədə Heydər Əliyevə məruzə olunur.

Dövlət komissiyası yaradılır. Komissiya müəyyən edir ki, "Qəbələ RLS”-in layihəsini Azərbaycan Dövlət Layihə İnstitutunda işləyən bir erməni qadın hazırlayıb. Nəticədə "Qəbələ RLS”-in tikinti layihəsi yenidən işlənir və beləliklə qədim Qəbələ şəhərinin qalıqlarını xilas etmək mümkün olur...

Vaqif NƏSİBOV

AzPolitika.info




İmza:

Rafiq Əliyev: “Mənim həyat mayakım o olub” – Müsahibə

ARİF PAŞA: “Əbülfəz Elçibəy şəxsən mənə demişdi ki...”

"Azərbaycanın belinin kəməri Laçında, Kəlbəcərdə, Qubadlıda, Zəngilanda qırılıb..."

Aqil Abbas: “İki aydır dədən səni görmür, iki ay da sən dədəni görmə” - MÜSAHİBƏ

Alqış HƏSƏNOĞLU: “BU OĞRULARI İDARƏÇİLİYƏ KİM SIRIYIB?”

Azərbaycanlı yazıçı: “Oğlum İtaliyada virusa yoluxdu” – Müsahibə

Rafiq Əliyev: “Mən Allahsız alim tanımıram” – Müsahibə

Akademik Rasim Əliquliyev: “Pandemiya nə qədər ölümlərə səbəb olsa da, bizi ayıltdı” - MÜSAHİBƏ

İmişlidən Xızıya onlayn dərs - MÜSAHİBƏ

Dərdlərə dərman, xəstəyə məcun ŞUŞA... 28 illik yuxu

“Ədəbiyyatı jurnalistikaya uduzdurmaqla məşğulam” - MÜSAHİBƏ

Azərbaycan Prezidenti İlham Əliyev: 9 May - bizim ümumi Böyük Qələbə günümüzdür

SON XƏBƏRLƏR
2020-05-26
2020-05-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK