hacklink Adalet.az | Ə, SƏNNƏN DÖYÜLƏM?! Adalet.az | Ə, SƏNNƏN DÖYÜLƏM?! Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Ə, SƏNNƏN DÖYÜLƏM?!

34605    |   2007-09-24 16:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yay girəndən qonşumuz evinin divarlarına suvaq çəkdirmək fikrinə düşüb. Deyim ki, qonşuların nə iş gördüyü məni qətiyyən maraqlandırmır. Sadəcə gecəni yata bilməyib səhərə yaxın yuxuya gedən bütün insanlar kimi həmin vaxtı normal dəyərləndirmək arzum. Ümumiyyətlə, son illər ən böyük istəyim doğru-düzgün yuxu yatmaqdı. (Bilirəm, indi çoxunuz dərindən ah çəkib - elə bizim də - deyir. Odur ki, sübh tezdən oyanıb hirslənməyimə haqq qazandırarsınız yəqin).
   
   ... Usta və şagirdi suvaq işi ilə məşğuldurlar:
   
   -Ə, sənnən döyüləm?! (Bu "ə" müraciəti bir hərfli alınmır, ikinci "ə" də tamamlanmır, nə isə ikisinin ortasında bir şey, mələməyə oxşayır)
   
   - ...
   
   - Ə,uzunqulaq, demirəm palçıq qayır?!
   
   - ...
   
   - Ayə, bu nədi? Tökəcəm təpənə, səni doğanın... (Mən yazmıram, amma o təbii ki, nitqini sona çatdırır. Nə qəzəblidi - deyə düşünürəm. Niyə belə qışqırır. Yatağımda qurdalanıram. Bəlkə şagird insafa gəlib palçığı qayırar, mən də yataram)
   
   - Ə, eşşək!
   
   - ...
   
   Yatmağa qoymadılar, heç olmasa, pəncərədən boylanım görüm bu dinib-danışmayan yazıq kimdi. Baxıram, səsi özündən xeyli qocalmış usta və hardasa 15-16 yaşında şagird. Nə üzüyola uşaqdı, niyə cavab vermir? Təbii, mən bu "ustad", "şəyird" münasibətindəki nüanslardan xəbərdar deyiləm. Amma bu gurultulu müraciətlərə niyə susur? Nə qədər pul qazanacaq ki, belə lal olub? Bəlkə doğurdan laldı? Amma yox, hərdən bir dodağının altında nəsə mızıldanır. Və hər səhər özlüyümdə "Usta Zeynal" və onun şəyirdi "Qurban" adlandırdığım iki nəfərin şirin-şirin söhbəti məni oyadır. Bir müddət dözürəm, bir neçə dəfə də çox mədəni şəkildə səhər-səhər yatmaq istədiyimi bildirirəm, bir az sakit işləməklərini xahiş edirəm. Xeyri yoxdu. Və bir gün hikkə ilə yerimdən qalxıb otağımın qapısını elə açıram ki, həyat yoldaşım (çox mədəni söz alındı deyəsən) yuxudan ayılır:
   
   - Nə tez durmusan?
   
   - Heç yatmışam ki. Qonşunun ustaları qoymur, səhərin gözü açılmamış söyüşürlər. (Əslində mən də düz demirəm, burda hər şey birtərəflidi, yəni usta deyinir, o biri qulaq asır).
   
   Elə bunu deməyə bəndəm, həyat yoldaşım (Allah razı olsun, yaxşı ki, var) pəncərəyə cumub qarabağlıların leksikonunda nə qədər yağlı ifadələr var döşüyür. (Qarabağlıların leksikonunda "leksikon" sözü yoxdu, bu da lirik haşiyə olsun). özucu pəncərədən baxıram, ustalar heyrətdən olacaq yəqin, ağzıaçıq tamaşa edirlər. Əməlli-başlı qürur duyuram. Yaxşı ki, evdə söyüş söyə bilənimiz var. Bu məmləkətdə abırlı adamlara yer yoxdu, görə-görə gəlirəm...
   
   Bir həftə sabahı rahat açdım.
   
   
   
   ***
   
   
   
   ... Yolu keçmək istəyəndə xəbərdarlıq edirlər -çəkilin, maşınlar gəlir. Sakitcə durub gözləyirəm, uzaqbaşı iki-üç dəqiqə sürəcək, sonra yoluma davam edəcəm. Bir kənarda iki müxtəlif təşkilata aid paqonlular sözləşirlər:
   
   - Cənab zabit, zəhmət olmasa, qırağa çəkilin. (Bu müraciət məni heyrətləndirir. örünür, kənarda oxuyub gələn adamlardandı. Amma müraciət olunanın belə sözlərdən deyəsən ayağı yer alır).
   
   - Nə deyirsən, ə?!
   
   - Zəhmət olmasa, kənara çəkilin, dövlət başçısının korteji gəlir. (Çox mədəni danışır).
   
   - Nəə?
   
   Deyəsən, o biri zabitin səbri tükənir, öz dilimizdə danışmağa qərar verir. Arxada duran serjantlara nə deyirsə, yekəxana paqonlunu itələyib salırlar sakit durub gözləyən vətəndaşların cərgəsinə. Sinəsindən yumruq yeyən kimi o da sakitləşir. Qulağıma artıq mənə doğmalaşmış qonşu ustanın səsi gəlir:
   
   - Ə, uzunqulaq, sənnən döyüləm?!
   
   
   
   ***
   
   
   
   ... üzgünün qabağında yayın bu istisində toy eləyənlərin gəlmişinə, keçmişinə... dua eləyə-eləyə geyinirəm. Son vaxtlar toya getmək mənə biyara getmək kimi bir şey olub. Allah hər kəsə toy qismət eləsin, amma eyni makiyajlı, eyni geyimli, eyni repertuarlı, eyni səs-küylü, eyni menyülü toyların eyni ssenarisi məni yorur. Fərqi yoxdu, kasıb toyu olsun, ya zəngin. Tərs kimi də eyni məkanda bir gün fərqlə iki toya getməliyəm. Birinci gün elit toydu. Salonun bəzədilməsindən tutmuş girəcəkdə çalınan klassik musiqiyəcən (heç dəxli var) hər şey cəmiyyətin üst təbəqəsinin rifah halının çiçəklənməsindən xəbər verir. Hər kəs rusca danışır (bu da təbii, elit olmanın bir göstəricisi), sağlıqları qolu-qanadı sındırılmış Azərbaycan dilində deyirlər. Özümü lap iclasda hiss etdim. Aralarında rusca danışıb tribunaya çıxanda zor-minnətlə Azərbaycan dilində növbətçi nitqlərini bitirirlər, sonra yenə öz doğma dillərində qırıldatmağa başlayırlar. Azərbaycan dili doğrudan da rəsmi dil olmağa başlayıb, hətta toylarda da.
   
   ... Sarı jiletli, sarı qalstuklu ofisiantlar cani-dildən qonaqlara qulluq edirlər. Əyilib boşqabıma yemək qoyanda bu cavan oğlanın qoltuq altından gələn kəsif iy məni vurur. Yeyəsi olmadım, baxım görüm başımızın ağası müğənnilər nə qan eləyirlər. Əməlli konsert proqramıdı, bir-bir çıxırlar, nazirləri tərifləyib, sonra oxuyurlar. (Dedim axı, elit toydu, nazirin biri bir qəpik). Amma gürcü qızı çıxır meydana, bizim nazirlərə "Azik" deyir, "Fazik" deyir, onlar da kefi kök əl çalırlar. Çox demokratik ortamdı. Ləzzət eləyir, xarici vətəndaşlar bürokratlarımızdan şikayətçi olmasın gərək. İndi öz vətəndaşlarımız onlara bəy tərifi vururlar, bu, vətəndaşın öz problemidi.
   
   Səhəri gün həmin zalda başqa toydayam. Burda nazir yoxdu, mahiyyətcə elə bir fərq də yoxdu. Qonaqların demək olar ki, böyük çoxluğu "Aşka sürgün" serialının tamaşaçılarıdı. Şəhərli olmağa çalışan əyalətlilər. Dərin dekolte paltarlar, boyaqçı küpündən çıxmış bir-birinə oxşayan sifətlər, sarı saçlar. Uzaqbaşı müğənnilərin sayı və qiyməti fərqlənə bilər. Hə, bir də burdakı şəhərli olmağa çalışan vətəndaşlarımızdan da həmin o sarı qalstuklu ofisiantlar kimi tər iyi gəlir. Hər kəsin başı yeməyə qarışmışkən sivişib getməyin əsl vaxtıdı. Həyat yoldaşımı (nə mədəni sözdü) dümsükləyirəm:
   
   - Dur gedək!
   
   - Nə tez, ayıbdı, otur bir az.
   
   - Yorulmuşam.
   
   - Olmaz, tezdi.
   
   Olmaz, olmaz da... Müşahidələrini davam etdir, xanım. (Lev Qumilyovun fərziyyələrinə görə, yer kürəsindəki insanlar öz irqindən, millətindən, tayfasından olan kimsələrlə rastlaşanda ürək döyüntüləri, nəbzləri eyni ritmlə, unison vurmağa başlayır, özlərini rahat, təhlükəsiz hiss edirlər. Mən bu fərziyyə ilə razılaşıram. Çünki həyat yoldaşımın qohumlarının əhatəsində necə rahat, necə təbii olduğu gözümün qabağındadı. Məni rahatsız edən mühit ona qətiyyən mane olmur). Rusca danışmasalar da burda da çox demokratik mənzərə hökm sürür. Dekolte paltarların, yağlı makiyajın, sarı saçların fonunda "gəlif", "gedif", "olajax", "olmayajax" sədaları gəlir. Çox mədəni olduğundan toyun sonuna qədər başındakı panamanı çıxarmayan qonaq bir neçə dəfə ofisiantı çağırır, ona diqqət vermirlər, axırda da bağırır:
   
   - Ə, sənnən döyüləm?!
   
   ... Nə yaxşı Ramazan başlayıb, toylardan bir az dincələcəm.
   
   
   
   ***
   
   
   
   ... Özümə söz vermişdim, heç nəyə təəccüblənməyəcəm. Amma qoymurlar da... Səhər-səhər televizoru açıb görürəm par-par parıldayan brilyant kimi bir xanım Kamal Abdullaya intellekt dərsi keçir. Hörmətli professor cürət edib xanımdan nə kitab oxuduğunu soruşur. Xanım da yaxşı deyir, siz mahnı oxuyursunuz ki, biz də kitab oxuyaq? Sonra əlavə edir ki, gecələr yatmazdan əvvəl şer oxuyur (qızım, sən gecələr süd iç, süd, şer adamın yuxusunu qaçırır). Soruşa bilərsiniz ki, nəyə təəccüb edirəm. Əlbəttə, Kamal Abdullaya. Tanrının bu məmləkətə sürgün etdiyi 300 azərbaycanlı haqqında kitab yazıb. Nə olsun? Bu camaat həmin 300 azərbaycanlını tanıyır, yoxsa 300 mahnı bilir? Həmin o par-par parıldayan brilyant kimi xanım belə hikkəli, iddialı olmaqda haqlıdı, ya yox? Çünki dediklərindən belə məlum olur ki, onun efirə gəlməsini, ad gününün qeyd olunmasını (amma bilmədim ad günü Türkiyədə aldığı pasportla, yoxsa burdakı pasportla qeyd olunur) böyük adamlar xahiş ediblər. İrili-xırdalı hamı belə xanımlara heyranlığını izhar edirsə, ha 300 spartalıdan yazdın, ha 300 azərbaycanlıdan, ha bunları Fermopil keçidindən, ha sehrbazlar dərəsindən keçirtdin. Bir də guya bizim akademiklərin, professorların oxumaqdan gözlərinin qarası əriyib ki, hələ müğənnilərdən nə oxuduqlarını soruşaq? Kamal müəllim çox mədəni sözlər danışırdı. Belə sözlər bizdə keçmir. Belə dildən anlamırıq. Özümüzdən yazmaq lazımdı. Yeni kitabının qəhrəmanlarından biri ilə efirdə üzləşdi. 299-nu da əlavə eləsin, ətraf doludu, uzaqbaşı haylasın, bir desin ki:
   
   - Ə, sənnən döyüləm?!
   
   
   
   ***
   
   
   
   ... Anamla telefonla danışırıq:
   
   - Dünən bilirsən kim zəng eləmişdi? Filankəs! (Adını deməyəcəm, çünki hamı tanıyır). Atan haqqında məqalə yazır. Məndən soruşurdu ki, Salyeri türk sözüdü? Mən də deyirəm ki, ay filankəs, Salyeri Motsartın müəllimi olub, hələ deyirlər onu zəhərləyib də. (Məmməd Arazın "Salyeri" adlı şeri var). Bu necə akademikdi?
   
   - ?!
   
   - Eşitmirsən?
   
   - Eşidirəm, amma bilmirəm nə deyim. Doğrudan tanımır?
   
   - Ta zarafat eləmirəm ki.
   
   - Yəqin "salmaq" və "yerimək" fellərinin qarışığından əmələ gəlmiş söz hesab eləyib. Boş ver getsin. Çox müdrik insanlarımız var...
   
   Danışığımız bu axarda davam eləyir. Dəstəyi yerə qoyandan sonra atam gəlib durur gözlərimin qabağında. ör harda yaşayıb ey...
   
   Telefon zəng çalır. Yəqin anamdı, nəsə deməyi unudub:
   
   - Alo!
   
   - Salam, İradə xanım! (ur səsindən tanıyıram)
   
   - Salam, Mehdi müəllim!
   
   (Mehdi Məmmədovu çox adam tanıyır. Bir vaxtlar meydan hərəkatı başlayanda, yanvar hadisələri olanda dünyanın nə qədər informasiya agentliklərinə, radiolarına telefonla burdakı olaylardan xəbər verirdi. "Azadlıq" radiosu ilə nə qədər adam Mehdi müəllimin köməyi ilə əlaqə saxlaya bilirdi. O zaman, yəni sovetin vaxtında bunun nə demək olduğunu anlayan anlayır, bilən bilir. Belə ağır günlərdə informasiya blokadasını yarmağa çalışan adamlardan bəlkə birincisi idi. Hakimiyyətə gələndən sonra nə cəbhəçilərin yadına düşdü, nə istiqlalçıların, nə də başqalarının. Unutdular, heç elə bil belə adam yoxuymuş. özləri görməyə-görməyə universiteti bitirib, tarix üzrə müdafiə eləyib. Çox savadlı, işıqlı insandı. İndi telefonda səsinin titrəməyindən anlayıram ki, nəsə xətrinə dəyiblər, incikdi).
   
   - Sənə bunları deyə bilərəm də, məni anlayırsan.
   
   - Nə olub yenə, Mehdi müəllim?!
   
   - Təqaüdümü artırmaq üçün işə getmişdim, oğlum da yanımda idi, tək gəzə bilmirəm axı, filankəs iyirmi manata görə üstümə bağırdı, üstəlik hələ dedi ki, "özün korsan, məni də infarkt eləmək istəyirsən".
   
   - Heç nə demədin?
   
   - Nə deyəydim, mənim gözlərim görmür, Allahın işidi. Amma uşağın yanında məni alçaltmağı çox təsir elədi mənə.
   
   - Kim qəzavü-qədərdən sığortalanıb ki, tapşır Allaha. Allah bilsin.
   
   Əlbəttə, mən telefonda çox böyük sözlər deyə bilərdim. Deyərdim ki, kor sən deyilsən, sənə bu sözləri deyəndi. Sən barmaqlarınla dünya fəlsəfəsini, tarixini, oxuyub başa çıxmısan, alim olmusan, amma o... Amma nə? Möhür onun əlindədi axı. İyirmi manatı artıracaq da odur. Ha fikirləşirəm ki, bu millətin içində zəifi, xəstəni, zəlili əzməyə niyə belə meyl var, tapa bilmirəm. Bizim Allahımız da əlində möhür olanları sevir...
   
   
   
   ***
   
   
   
   ... Yay girdi də, çıxdı da, payız başladı da, qonşunun "Usta Zeynal"ı işini qurtarmadı. Səhər tezdən ayılıb onlara qulaq asıram:
   
   - Ə, sənnən döyüləm?!
   
   - ...
   
   _ Ayə, bu nədi?
   
   - ...
   
   - Ə, eşşək!
   
   Türklər demişkən, şu anda yatağım Diogenin çəlləyi vəzifəsini yerinə yetirir. Fəlsəfi düşüncələrə dalmışam. Bu suvaqçının yekəxana paqonludan, intellektual ulduzdan, savadlı akademikdən, yekəbaş məmurdan elə bir fərqi yoxdur mən bilən. Hər kəs cəmiyyətdən olan heyfini bu şəkildə - yəni özündən asılı olanları əzməklə alır. O da bu məmləkətin övladıdır. De, qadan alım, de:
   
   - Ə, sənnən döyüləm?!
   
   


YAZARIN ARXİVİ

2019-04-07 : Olsunmu?!
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : TƏZADLAR
2007-02-16 : İMTAHAN
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : DAŞ
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2019-12-11
2019-12-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yəhudilərin ofisi. Bir yəhudidən soruşurlar:

- Hara baxırsan, yəhudilər - ABŞ, Fransa, İngiltərə, Polşa, Rusiya, hətta Almaniya. Bu qədər çoxsunuz, böyüksünüz, bəs, niyə İsrail bu qədər balacadı?

Yəhudi deyir:

- Ora bizim ofisimizdi.





digər lətifələr
ARXİV
FACEBOOK