ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Şairlər şeirlərində özünü yaşayır

15596    |   2020-05-07 11:11
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Emin Piri müasir Azərbaycan poeziyasının parlaq və gənc simalarından biridir. O, geniş dünya görüşünə və yaradıcılıq xüsusiyyətinə görə müasirləri arasında seçilir.

Ədəbi bədii yaradıcılıq, xüsusən də poeziya hikmətlərlə dolu elə bir möcüzəli aləmdir ki, onun qanun və tələbləri səviyyəsində düşüncə və hislərə təsir göstərmək iqtidarına yiyələnə bilmək hər yazıçı və şairə qismət olmur. Bu məziyyətlərə sahib olmaq sənətkardan xüsusi istedad və bilik tələb edir. Sənətkarda istedad və bilik vəhdət təşkil etməlidir. Sənətkara yalnız istedad bəs etmir. Əsas məsələ bu istedadın hansı məqsədin, konkret əməlin və əqidənin xidmətinə istiqamətləndirmək üçün biliyin olmasıdır. Bu nöqteyi-nəzərdən Emin Pirinin yaradıcılığı müasirlərini və oxucularını dərindən düşündürən və həyəcanlandıran ciddi fikirlərin, həmçinin dəyərli və gərəkli ictimai problemlərin həllinə yönəlmişdir.

Emin Pirinin şeirlərində həyatın bütün tərəflərinə poetik baxış genişmiqyaslı və çox aspektlidir.Belə ki, yaradıcılığında sevgi, ictimai-siyasi problemlər və müharibə mövzulu şeirlər daha geniş yer tutur. Şeirlərinin əsas qəyəsi insan hissinin və duyğularının ifadəsidir. Onun qələmə aldığı poeziya nümunələrində fikirlə duyğunun sintezini görmək mümkündür. Həmçinin o, şeirlərində müasir insanın hisslərini, arzularını və narahatçılığını müxtəlif bədii boyalarla əks etdirir, duyduğu və daxilən yaşadığı hadisələri canlandırır.

"Üç alma” şeir nümunəsində bunu hiss etməmək olmur.

Sərhəddin tikanlı məftilləri kimi görünərdi

kasıb uşaqlarının gözündə

məktəb bufetinin qapısı.

o sərhədi keçə bilmək

bəlkə də həyatımızın

ən böyük inqilabı,

alın yazımıza üsyan idi.

Şair və yazıçılar üçün zaman və məkan yoxdur. Hansı məkanda və zamanda olmalarından asılı olmayaraq baş verən hadisələrə biganə qala bilmirlər. Emin Piri də başqalarının problemini və narahatçılığını öz problemi, öz narahatçılığı kimi qəbul edir, şəxsi dərdi kimi yaşayır, ürəkdən kədərlənir və buna qarşı içində üsyan edir. Bunlar onun həm insani keyfiyyətlərindən, həm də bir yazar kimi qəlbinin həssaslığından irəli gəlir.

Kişilər ağlamaz deyən anam

yerimə özü ağlayardı.

Nağıl söylərdi,

göydən üç alma düşməzdi nağıllarında,

deməzdi bunu anam-

birdən ürəyimiz alam istəyər...

E.Piri son yüzillikdə baş verən müharibələrə də biganə qalmamış və şeirlərində müharibələrin insan həyatında törətdiyi fəsadlara qarşı bir üsyan, bir fəryad səsi ucaltmışdır. O, müxtəlif xalqların və cəmiyyətlərin bəşəri problemlərini də seçib ümumiləşdirən sənətkardır. Bu məsələ onun qələmində millilik və bəşəriliyin bir-biri ilə necə qovuşduğunun şahidi oluruq. Bu cəhətdən "Mələklərə atılan mərmilər” və "Suriya” şeirləri diqqətəlayiqdir.

Toplardan,Təyyarələrdən

Doğan uşaqlar

Yerdə bələklərdən çıxırdı.

Uşaqların yerdə batan səsləri

Göydə mələklərdən çıxırdı.

Emin Pirinin lirikası süni pafosdan uzaqdır. Burada əsas mövzu real və təbidir. Yaradıcılığında əsas mövzulardan biri və birincisi vətənə bağlılıq, insanın vətən qarşısında borcu məsələsidir.Onun yaradıcılığında vətəndaşlıq mövqeyi, ancaq vətənin vəsfi ilə məhdudlaşmır. Bəlkə də elə ondandır ki, o, vətənə borcunu həm sıravi əsgər, həm də bir zabit kimi xidmət etməkdə görmüşdür. Şairin poeziya nümunələrində vətəndaşlıq həm vətənə bağlılıq hissi kimi, həm də öz mənəvi borcu kimi səciyyə daşıyır, özünü vətənə borclu hesab edir. Bu nümunələrdə şairin vətən qarşısında özünü yurda, torpağa, vətənin inkişafına həsr etməkdə görür və bu düşüncəni poetik ifadələrlə zənginləşdirir. Emin Pirinin bu düşüncələrini "Baş daşları utandırdı məni”, "Ayağım özümdən qeyrətli çıxdı”, "sağ qalan varmı” kimi poeziya nümunələrində açıq-aydın görürük.

Şəhid məzarlarını

mərmərə bükdük,

daş qoyduq başlarına

qalxa bilməsinlər

üzümüzə tüpürməyə.

Bu yaşıma görə

şəhidlər xiyabanında

18 yaşlı

baş daşları

utandırdı məni.

Və yaxud

Danlayır özünü hər səhər-axşam

əlini başına, dizinə çırpır:

o qaldı cəbhədə,

mənsə qayıtdım

ayağım özümdən qeyrətli çıxdı.

"Sevgi hissidir insanı insan edən, onu yaşadan və gələcəyə səsləyən - böyük ideyalar sevgisi, vətən sevgisi, yaxınlara sevgi, vurğunluq – kişi və qadın arasında əbədi var olan məhəbbət.... Şairlər isə şeirlərində sevginin özünü yaşayır, sevginin özünü danışdırırlar”.Emin Pirinin də sevgi lirikasında xüsusi bir fərqlilik vardır. Sözün daxilinə enmək, alt qatına düşmək və sözə can vermək, ruh vermək hər şairə nəsib olmur. Emin Piri lirikasında olan fərqlilik də elə budur. Sözün poetik mənasından istifadə edərək gözəl sevgi şeirləri yaradır. Onun zəngin bənzətmələrlə dolu olan sevgi şeirlərini ən gözəl poeziya nümunəsi adlandırmaq olar. "Eşq ayələri”, "Üstü-başı tozlu şeir”, ”Bu payız sənə vurulub”, "Təndir ətirli qız” kimi şeirləri sevgi lirikasına aid ən gözəl nümunədir.

Səni sevməyin yanında

yaşamaq heç nədi, heç nə!

Gərək səni sevəm,

Sevəm

ürəyi şüşə qabda yox

elə səndə olan divəm.

Sevgi bəşəriyyətin günəşidir, insan övladı sevginin odu ilə isinir, ondan işıq alır. Emin Piri sevgi lirikasında insanın daimi sevgiyə möhtac olmasını, sevginin ən yüksək ilahi bir varlıq olmasını göstərə bilmişdir.

Baxışların məni istədiyi

operaya çevirən dirijor,

əlim sinəmdə

himn oxumaq kimidi

səni səsləmək.

Susayarsan gecəyarı

durub şəklinə baxarsan.

Kəbədivarıtək

üzümü sürtərəm yanağına

mənim tövbə yerim

Və yaxud

Vurulmuşam,

divarına vurulan bir şəkil kimi.

Çəkirsən məni özünə

quraqlıqda çat-çat olmuş

torpaq suyu çəkən kimi.


Səməndər Həsənov,

Azərbaycan Dillər Universitetinin dissertantı




İmza:
SON XƏBƏRLƏR
2020-05-28
2020-05-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK