ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Arzu Əsəd: Bu insanlar səni deyib gəliblər

18863    |   2020-04-22 09:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu insanlar səni deyib gəliblər,

Bu insanlar səni Allah biliblər.

Varsan, yoxsan – daha bunun fərqi yox,

Bu dünyada yox ki vardır, var ki yox.

Tarixlərə biçilibsən baha sən,

Olmasan da olmalısan daha sən!

Çıx sonsuzluğundan özün sonunda,

Dur görün göy üzü monitorunda.

Başa düşmədilər adam dilində,

Danış bir dəfə də Allah dilində.

Bunun qananı var, qanmayanı var,

Hərənin sənə borc bircə canı var;

Görün bircə dəfə, görün bircə an,

Qurtarsın bu həyat tapmacalardan.

Yazıqdır bu insan, yazıqdır axı,

Elə yaranandan ağlın dustağı.

Xəyalı sonsuzda, idrakı darda,

Çırpınır görünməz barmaqlıqlarda.

Varlıq daşıb çıxır söz qabığından,

Nə dünya "dünya”dır, nə insan "insan”.

Mənalar köpürüb sözlərdən aşır,

Hər şey bir-birinə dönür –qarışır,

Narkoxəyalların bəlkə son dozu,

Tarixin ən çılğın metamorfozu –

Zamanın Postinsan sərsəmləməsi,

Cənnət əzabında cəhənnəm həzzi,

Çıldırmış heçliyin varlıq davası –

Transinsanlığın hiperdünyası,

Ruhun boşluğunda ölüm zəfəri –

Qovulmuş şeytanın qəhqəhələri...

Sənin yaratdığın dünyaya əvəz

Dünya yaradırlar –virtual qəfəs,

İnsan, fitrətindən kəsilsin – deyə,

Ayağı torpaqdan üzülsün – deyə,

Dartıb qoparırlar ruhu bədəndən,

Sıxıb çıxarırlar səni qəlblərdən...

Niyə görünmürük sonsuzluğundan,

Bəlkə elə yoxuq, ölmüşük bu an?

İşığı sayrışan ulduzlar sayaq

Sönüb qurtarmışıq min illər qabaq?

Bəlkə Ərəfdəyik – can qəfəsində,

Ruhumuz diriliş ərəfəsində?

Bəlkə yuxulara həbs edilmişik,

Bu qarabasmaları həyat bilmişik?

Zamanın sürreal qalıqlarında

Atılmış,əzilmiş bir dünya adam

Həyata, varlığa elə yadıq ki,

Sənsən Allah, ya Tramp, anlamadıq ki!..

Sən mənə şərəflə insan demişdin,

Azadlıq, bütövlük vəd eləmişdin.

Dönməyəcəksən ki sən də vədindən...

Ədalət! Ədalət istəyirəm mən!

Üsyansa üsyan yaz, dərddisə dərd yaz,

Amma daha belə yaşamaq olmaz!

Ya Allahlıq elə bu adamlara,

Ya götür dünyanı çırp ora-bura!

Çıxar orbitindən baş alsın getsin,

Azsın sonsuzluqda yox olsun, itsin,

Götür sox bunu bir qara dəliyə,

Udulsun, məhv olsun birdəfəliyə.

Qum elə, toz elə, neynirsənelə,

Bir daşı, çınqılı gəlməsin ələ.

Yağdır üzərinə meteorları,

Doldur nəfəsinə çovğunu, qarı,

Döndər həyatını bir kosmik qışa,

Bu dünya ləkədir yaradılışa!

Nə itirəcəksən ki bu var-yoxundan,

Nə azalacaq ki sonsuzluğundan?

Bir vaxt xatırlasan dünya deyəndə,

Düşün, baş tutmayıb bir layihən də.




İmza:
SON XƏBƏRLƏR
2020-05-28
2020-05-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK