ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Məlhəmlər məlhəmi - Azad Müzəffərli yazır

14517    |   2020-04-18 16:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(hekayə)

P.S: Bu hekayənin ilk oxucusu(dinləyicisi) yanımdan əl çəkməyən 3 yaşlı nəvəm Humay Mövsümlü(öz təkidilə) oldu.


Binanın həyətini bəşərin xoşbəxtlik himni başına götürmüşdü. Balacaların çal-çağırı hamının ruhunu oxşayırdı. İstirahət günüydü demənə uşaqların əksəriyyəti həyətdə vur-çatlasındaydılar. Dünya veclərinə deyildi. Baş-başa verən analar da öz haylarındaydılar. Çözələmədikləri nəmənə qalmamışdı. Dünyanın siyasi mənzərəsindən tutmuş adi məişət qayğılarına qədər istənilən mövzunu çoxbilmişlər təkin incələməkdəydilər.

-Elxan, ciciş, gəl düşək həyətə sən də qoşul məhəllə uşaqlarına oyna, mən də mağazaya dəyim, qayıdıram... Sənə oyuncaq da, meyvə şirəsi də alacam, hə, qaqaş...

Oyuncaq, meyvə şirəsi adını eşitcək Elxan tezcənə anasına sarı götürüldü, onu qolundan dartıb həyətə sürüklədi. Anası onu həyətdəki rəfiqələrinə əmanət eləyib alış-verişə yollandı.

Azca keçmiş anası heç Elxanın umurunda da deyildi. Başı körpələrlə oynamağa nə təhər qarışmışdısa, dünya onundu. Böyüklərin ara-sıra xəbərdarlıqlarını da əslində kimsə vecinə almırdı. Hər kəsən öz hayındaydı. Elxanın qəfil çığırtısı bu əmin-amanlığı nə təhər pozdusa, gəl-görəsən. Səsini başına atmışdı. Bərk yıxıldığından dizi əməllicə-başlı göyərmiş, əllərinin içi isə qızarmışdı. Qonşular ha əlləşsələr də, kara gəlmədi. Balaca mələrtisini kəsmək bilmirdi, əksinə. Axırda əlacsız qalıb, yuxarı mərtəbədə yaşayan qadın həkimin dalınca götürüldülər. Xoşbəxtlikdən iş günü olmadığından o, evdəydi. Uşağa ürək-dirək verən həkim onun zədəsinə məlhəm yaxdı, əlini ovucuna alıb ehmallıca sığalladı.

-Hə, indi mənim bu qəşəng balam yaxşı oldu, sağaldı. Bu kişidi ey, kişi qırığı, sənə qurban, görürsünüz, daha heç ağlamır da...

Bayaqdan nisbətən də olsa kiriyən Elxan sanki bu kəlmələrə bəndmiş. Yenə səsi kəllə-çarxa qalxdı. Xoşbəxtlikdən bu məqamda mağazadan qayıdan anası övladının səsini tanıyaraq yüyrək özünü ona yetirdi, bağrına basdı. Xeyri olmadı, balaca bir az da səsinə güc verdi, elə bil, ətini kəsmişdilər. Çığırtısı ürəkləri dağlayırdı. Uşağın mələrtisinə özünü ona çatdıran qonşu - Xeyrəddin qoca üzünü üç yaşın içində olan körpənin anasına tutdu, göz-qaşla dizindən və əlindən öpməsinə işarə etdi. Əlacsızlıq içində çapalayan ana dərhal balasını öpüşə qərq etdi. Buna bəndmiş kimi artıq bəyirməkdən səsi kallaşan Elxan xırp çığırtısına son qoydu. Bərk-bərk anasına sarıldı. Bir daha səsi çıxmadı, elə bil, bayaqdan qışqırtısı göylərə bülənd olan bu deyildi.

Azad Müzəffərli




İmza:
SON XƏBƏRLƏR
2020-06-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK