ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: İMAM MUSTAFAYEV KOLXOZ SƏDRİNƏ NƏ DEDİ?..

17788    |   2020-02-28 15:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Bir çoxları, daha doğrusu, dostlarım məni qınayır ki, Bəhmənlidən nə qədər yazı qələmə almaq olar? Mən də deyirəm ki, ay qardaşlar, Füzulinin Böyük Bəhmənli kəndində on mindən çox insan yaşayır. Deməli, mən hələ Bəhmənlidən minlərlə yazı qələmə ala bilərəm. Çünki bu kəndin başqa yaşayış məntəqələrinə bənzəməyən qeyri-adi adət-ənənələri, milli dəyərləri və xüsusiyyətləri var. Və bu kəndin o qədər mərd kişiləri, mərd ağsaqqalları olub ki, nə qədər yazsam, yenə də azdır. O kişilər, o ağsaqqallar adi insanlar və adi ağsaqqallar kimi deyillər. Ən azından ona görə ki, o böyük eli, o böyük yurdu ən çətin anda, ən çətin məqamda o kişilər xilas ediblər.

Zarafat deyil, qan davasını yatırasan, iki nəsil arasında sülh yaradasan və onları bir-birilə barışdırasan. Bunu ancaq sözü daşdan keçən, sanballı və ağsaqqallığı ilə eləməyi bacaran kişilər həyata keçirə bilər. O kişilər ki, min il bundan qabaq da olub, bu gün də var və min il bundan sonra da olacaq. Çünki o kişilər ləyaqəti, qüruru və namusu bütün dəyərlərdən yüksək tutublar...

Nə yaxşı ki, gəldiniz...

Pənah kişi bizim kəndin ən halal və zəhmətkeş adamlarından biridir. Və Pənah kişi həm də bizimlə qonşudur. Daha doğrusu, bizim ata evindən çıxıb 100-120 metr gəlirsən, məktəbin yanından sola dönüb onların həyətinə girirsən. Və Pənah kişi biz uşaq ikən hamımıza çox doğma olub. Futbol oynayanda, qoyun-quzunu otarmağa aparanda onların və bizim evimizin yanındakı 500 illik yaşı olan çinar ağacının kölgəsində əyləşib "xoşmətə” oynayanda bu kişi bizə yaxınlaşar və çox səmimi söhbət eləyərdi. Deyərdi ki, görürəm hamınız zəhmətkeş uşaqlarsınız, qoyun növbəsindən gəlirsiniz. Yaxşı ki, bu çinar ağacı var. Onun kölgəsi olmasa, yayın istisində otardığınız bu qoyunlar istidən birtəhər olar. Sonra Pənah əmimin oğlanları Gəncalı, Ələsgər gəlib o çinar ağacının kölgəsində bizimlə bir yerdə oynayardılar.

Pənah kişi həm də mənim rəhmətlik atamla yaxın dost idilər. Çox vaxt əvvəllər zastava olan və sonradan məktəbə çevrilən yerdə domino oynayardılar. Pənah əmim də həmin məktəbdə təsərrüfat işlərinə baxardı. Yəni məktəbin qışda odunu-ocağı vaxtında gətirilər və təmir işləri də heç vaxt ləngiməzdi. O kişi həm məktəbdə təsərrüfat işlərini qaydaya salar, həm də səliqə-səhmana xüsusi diqqət yetirərdi. Və onu da deyərdi ki, bu çörəyi mənə yuxarı məktəbin direktoru rəhmətlik Cavanşir müəllim verib. Bu kişinin əlindən həm də çox yaxşı yemək bişirmək gəlirdi. Bizim kənddə xeyirdə-şərdə bütün yeməkləri rəhmətlik Pəsi kişi, İrəvan və bir də Pənah kişi bişirib. Və onların bişirdikləri yeməyin dadından heç vaxt doymaq olmazdı. Birincisi, istər dolma olsun, istərsə də bozartma, hamısı ocaqda odunla bişirilərdi. Və odunla bişirilən yeməyin dadı başqa cür olurdu. Mən yazını kompüterdə diqtə edərkən baş redaktorun birinci müavini hörmətli Əbülfət Mədətoğlu dedi ki, bu günorta vaxtı o yeməkləri yada salmaqla bizi qırmaq istəyirsən? Mən də dedim ki, Allah eləməsin, Bəhmənliyə gəl, nə vaxt desən, qohum-əqrabam ocaqda sənə bir bozbaş bişirsin ki, barmağının beşini də yalayasan. O da dedi ki, gələrəm ha, amma sonra Qurbanəli bəy kimi qaçıb gizlənməyəsən. Qardaş, bizim nəsil bəy nəslidir. Qonaq gələndə çiçəyimiz çırtlayır. İstəyirsən 10-15 nəfərlə gəl. Tək bizim qapıya deyil, hansısa bir Bəhmənlinin qapısına düşsən, sənə elə bir süfrə açar ki, orda quş südü də taparsan...

Axı, Pənah əmimdən danışırdıq. Bir il bundan qabaq böyük oğlu Bakıda yolu keçərkən avtomobil tərəfindən vurularaq dünyasını dəyişib. Onda yas yerində olanda çox səbrli idi. Çünki oğlunun dərdini ömür-gün yoldaşı Səkinə xala ilə bir çəkirdi. Axı dərd bir yerdə çəkiləndə daha yüngül olur. Bir dəfə kəndə gedəndə eşitdim ki, Səkinə xala rəhmətə gedib. Bizim hər birimizi Səkinə xala uşaqlıqdan çox istəyirdi. Mən də mamam oğlu Təbrizi götürüb Pənah kişigilə getdim. Evin mətbəxində əlini yuyurdu. Mamam oğlu Təbrizin səsini eşidib çölə çıxdı. Bizi görüb pilləkənlə həyətə düşdü. Həyətə düşməmişdən dedi qalxın evə! Dedik, evə qalxmağa ehtiyac yoxdu, bayırda yaxşı gün çıxıb, elə burda oturub dərdləşək. Əvvəl məni tanımadı. Sonradan bildi ki, Faiqəm. Səkinə xalanın rəhmətə getdiyindən təəssüfləndiyimizi bildirdik və "Allah rəhmət eləsin, səbrinizi versin” – dedik. Amma gördük ki, həddindən artıq kövrəlib və gözləri dolub. Həddindən artıq kövrələn və gözləri dolan Pənah kişi qəhərli-qəhərli dilləndi:

- Rəhmətlik son nəfəsinə qədər mənim nazımla oynayırdı. Hətta qəsdən məni acılayırdı ki, ürəyim ondan sınsın. Uşaqlarım da ona irad tutanda deyirmiş ki, bunu bilərəkdən eləyirəm ki, dədəniz məndən incisin və öləndə fikir-xəyal eləməsin!..

Bu sözləri deyəndən sonra Pənah kişi bir qədər də kövrəlir. Deyir ki, bu yaşda ailəni itirmək çox çətindir. Oğlum rəhmətə gedəndə dözə bildim. Amma indi dünyaya sığmıram. Elə hara gedirəm səsi qulağıma gəlir. Sonra süfrəyə çay gətirirlər. O çaydan bir qurtum alıb dərindən köks ötürür. "Sən Allah, çayınızı için” – deyir. Biz də çayımızı içirik. Mamam oğlu Təbriz Yasin oxuyur. "Fatihə” surəsini deyir və biz də ürəyimizdə həmin surəni təkrar eləyirik. Deyəsən, bundan dərdi bir qədər azalır və sonra da deyir:

- Nə yaxşı ki, gəldiniz, yoxsa ürəyim partlayırdı. Allah ölənlərinizə rəhmət eləsin...

... Bir az mənim atamdan danışdı, bir az rəhmətlik Nəsib əmidən danışdı, bir az da digər dünyasını dəyişmiş qohum-əqrabalardan söhbət açdı...

... Həyətdən çıxanda bir daha bizə öz razılığını bildirdi. Dedi ki, əziyyət çəkib gəlmisiniz. Təbii ki, bu bizim borcumuz idi. Axı rəhmətlik Səkinə xala biz uşaq olanda çox nazımızla oynamış və əziyyətimizi çəkmişdi. Heç olmasa, biz də o qapıya getməklə ona son borcumuzu verdik...

* * *

Bizim kənddə kolxoz sədri işləmək elə də asan olmayıb. Elə bir kolxoz sədri olmayıb ki, Bəhmənlidə 3-4 il işləyə bilsin. Ən yaxşı halda bir-iki il o vəzifədə ola bilərdi. Və bir-iki ildən sonra narazılıqlar, söz-söhbətlər baş alıb gedərdi. Daha doğrusu, kolxoz sədri at oynadanda, haqsız yerə kimisə işdən çıxaranda Burcuvay kişi kimi bir neçə ağsaqqal Bakıya gedər, ordan nümayəndə gətirər və bu nümayəndələr də kolxoz sədrinin işini yoxlayar, nöqsanlarını aşkar edərdi. Təbii ki, nöqsanları olan kolxoz sədrini də ya işdən çıxarardılar, ya da cinayət məsuliyyətinə cəlb edərdilər.

Bir gün də Burcuvay kişi eşidir ki, Mərkəzi Komitənin birinci katibi İmam Mustafayev Füzuliyə gəlir. O da çıxır baş yola, görür ki, budur, Mərkəzi Komitənin birinci katibinin avtomobili gəlir. Özünü atır maşının qabağına, sürücü o dəqiqə saxlayır. Birinci katib də maşından düşür və deyir:

- A kişi, canından bezmisən? Niyə özünü maşının altına atırsan?

Burcuvay kişi dillənir:

- Yoldaş Mustafayev, xahiş edirəm bizim kəndə dönəsiniz.

Birinci katib:

- Sizin kənddə nə baş verib ki, ora gedim?

- Yoldaş katib, Bəhmənlinin kolxoz sədri bir neçə nəfəri işdən çıxarıb balalarını çörəksiz qoyub. Onların heç bir günahı yoxdur...

... Birinci katib düz gedib Bəhmənlinin kolxoz həyətindəki inzibati binasının yanına çatır. Orada bütün camaat toplaşıbmış. Kolxoz sədrindən narazı olanlar, razılıq edənlər hamısı burdaymış. Və İmam Mustafayevin maşınını görən kimi camaat o tərəfə gəlir. Maşın dayanır, İmam Mustafayev yerə düşür və ağsaqqallarla görüşür. Soruşur ki, bu kəndin kolxoz sədri kimdir?

Burcuvay kişi o dəqiqə deyir:

- Müseyib!

Müseyib kişi irəli durur və birinci katib də ona diqqətlə baxır.

İmam Mustafayev:

- Kolxoz sədri sənsən?

- Bəli, yoldaş Mustafayev, mənəm!

- Niyə iki-üç kolxozçunu işdən çıxarmısan?

- Ona görə çıxarmışam ki, onlar dövlətin əmlakını mənimsəyib və cinayət eləyiblər.

İmam Mustafayev kolxoz sədrinin bu sözlərindən sonra bir qədər əsəbləşir:

- Onların cinayət eləməsini sən yox, hüquq-mühafizə orqanları müəyyənləşdirir.

- Yoldaş katib, o işlərin hamısını prokurorluğa vermişik.

İmam Mustafayev bir qədər də hövsələdən çıxır və deyir:

- Kimi işdən çıxarmısan, hamısını öz vəzifəsinə qaytar.

Müseyib kişi:

- Yoldaş birinci katib, qaytara bilmərəm!Çünki onlar cinayət eləyiblər. Sabah, biri gün bunun üstü açılar, mənim özümü həbs eləyərlər.

İmam Mustafayev:

- Sənə yenə deyirəm, onları işinə qaytar!

Müseyib kişi:

- Dediyim dedikdi, məni tutsalar da, nə vaxta qədər kolxoz sədriyəm, onları işə qaytaran deyiləm.

Bu dialoq bir qədər də davam edir. Amma kolxoz sədrini inadından Mərkəzi Komitənin birinci katibi İmam Mustafayev döndərə bilmir ki, bilmir...

... Bir müddətdən sonra Müseyib kişini kolxoz sədri vəzifəsindən çıxarırlar və özünü də həbs edirlər. Həmin hadisələrin şahidi olan və bu gün 90 yaşını haqlayan Bəhmənlinin ağsaqqalı Talıb kişi deyir ki, əgər Müseyib kişi inadından dönsəydi, o vəzifədən çıxarılmaz və tutulmazdı. Amma Müseyib kişi də haqlı idi. Çünki o adamları işdən çıxarmasaydı və cinayət məsuliyyətinə cəlb etdirməsəydi, onun özünü də təhlükə gözləyirdi. Həbsxanadan çıxıb gələn Müseyib kişi deyirdi ki, bu gün də mənə bildirsəydilər ki, mövqeyini dəyiş, dəyişməzdim. Çünki mən haqlı və ədalətli yol tutmuşdum. Kişi dediyindən dözünrsə, o heç kişi deyil.

Heç özüm də bilmirəm bu söz-söhbət hardan yadıma düşdü? Bildiyim odur ki, biz uşaq vaxtı bu barədə çox eşitmişdik və Müseyib kişinin Mərkəzi Komitənin birinci katibindən çəkinmədən öz sözünün üstündə durması həmişə bizə çox qəribə gəlirdi. Yəni o kişi öz mövqeyinə görə hər cür əziyyətə və məşəqqətə hazır olub. Və heç vaxt da elədiyi hərəkət üçün peşimanlıq hissi keçirməyib. Hətta yaşlı nəslin nümayəndələri də deyirlər ki, İmam Mustafayevlə söz güləşdirmək hər kişinin işi deyildi. Bunu ancaq bəhmənlilər eləyə bilər. Və Bəhmənlidə bu gün də öz sözünün üstündə duran, mövqeyini dəyişməyən, əqidəsinə sadiq olan nə qədər böyük ağsaqqallar, ziyalılar var. O yerdə ki, haqqın olduğunu bilirsən, ona heç vaxt göz yummamalısan. Çünki haqqa göz yummaq gün işığına göz yummaq kimi bir işdir...




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2020-07-07
2020-07-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.57%)
Pullsuz (11.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK