ANA SƏHİFƏ / YAZARLAR

Ümidi itən topluma loğmandan çarə olmaz... - Eminquey yazır

11924    |   2019-12-11 08:04
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bizə çox yaxın olan türk toplumundakı dəyişiklikləri izləyirəm. Saytlarından, qəzetlərindən. Hər gün səhər saat 10-da ən aparıcı türk qəzetlərinin elektron versiyasını gözdən keçirirəm. Adamın içi sızıldayır. Axı əvvəllər belə deyildi?

Hörmət var idi, sevgi var idi.

İnsanların çoxusu əxlaqlı, tərbiyəli, xeyirxah idilər.



                           Nəbadə mübahisəyə girişəsən. Qəza oldu? Dərhal uzaqlaş!

Emin Çölaşanın bir yazısında oxumuşdum.

"Kiçik bir yol qəzası baş vermişdi. İki maşın bir-birinə az-maz dəymişdi. Hər iki maşında da balaca bir cızıq. Sürücülər maşından düşdülər, ağız-ağıza verdilər. Söyüş yox idi, təhqir yox idi, təhdid yox idi. Və adamlardan biri o birinə silah tuşladı.

Yollarda yaşanan rəzilliklərə hər gün rast gələ bilərsiniz. Ən xırda bir qəzada sürücülər maşından düşüb bir-birilərinə girirlər, şillə sənin, təpik mənim.

Sürücülərin çoxusu da oturacağının altında sopa, ya da bıçaq saxlayırlar.

Yaxud da qəza baş verir, sürücü maşından düşür və orada olan bir nəfər fürsətdən istifadə edib maşına girir, oğurluq edib aradan çıxır".

Millət acdır... Ortada milyonlarla işsiz insan var.

Çox hissəsi cinayətə əl atmağa məcbur qalır.

Universitet qurtarmış gənclər də iş axtarır, amma hanı iş? Bəziləri ofisiantlıq edir, bəziləri fəhləlik.

Toplumda hüzur yoxa çıxıb. Adamlar ümidlərini itiriblər.

Ona görə də hamı çarəni tilovu xarici ölkələrə atmaqda görür.

İllərdir millətin beynini yuyurlar.

"Mənim məmurum işini yaxşı bilir!”.

"Vəziyyətdən necə çıxırsan, çıx!”

Din ticarəti elədilər, amma toplumun əxlaqi dəyərləri günü-gündən pozulur, çürüyür və yox olmağa doğru gedir. Haqsızlıq və zülm artıb.

Təhsil sistemi çökdürüldü.

Bu səbəbdən də məmləkətdə bir sürü quldur, manyak, ruhi xəstə və başdanxarab ortaya çıxdı.

Bir hadisə baş verir, məsələn bir cinayətkar tutulur. Əhali cinayətkarı günahlandırmaqdan, ona qarşı çıxmaqdan, dövlətə qarşı çıxır, onu günahkar bilir.

Niyə? Çünki insanlar dövlətə güvənmir.

                                                Necə oldu ki, bu vəziyyətə düşdü ölkə?

Son günlərdə gündəm olan qadın cinayətlərinə baxın!

Bu qədər ruhi xəstə, manyak, bu qədər təcavüzkar boş-boşuna çıxdımı bazara?

Bəzi telekanallarda izləyirik.

Aparıcı qadınlar bəzi kasıb-kusub, təhsilsiz, cahil və məzlum ailələri ekranda bir küncə sıxıb şərə, böhtana qol qoymağa məcbur edir.

Kim kimdən uşaq peydahlayıb, kim kimə necə təcavüz edib, uşağın atası kimdi, DNT testi nə deyir, hamısını bizə soxuşdururlar.

Adamlar evlilik proqramı adı altında göstərilən rəzilliklərə baxmaq məcburiyyətində qaldılar.

İndi eyni aparıcı qadınlar fərqli verilişlər aparırlar.

Yemək proqramları və sairə.

Yüz minlərlə dollar ödəyib xaricdən formatını aldıqları o verilişləri belə bir-birilərindən oğurlayırlar.

Mediya belə bu hala qalandan sonra toplumun halını necə olduğunu düşünün!

Sonra ortaya aşpazlar, qurmanlar çıxdı. Bunlar hər gün ekranlarda və saytlarda camaatın önünə keçib ağız sulandıran yeməklərin necə hazırlandığını izah edir, nuşi-canlıqla yeyir, lüks restoranların reklamını edir... Lap belə ələ salarmış kimi...

Amma millət acdır...

Millət zibilliklərdən və bazar artıqlarından yemək yığır özünə. Və bunlar ağız sulandıran yeməkləri yeyib qarınlarını doyururlar.



                                            Siçana bənzəyən türk mediyası

Peyk antenilə türk kanallarına baxıram, təxminən 300-ə yaxın nə adda istəsəz kanal var. Bir də görürsən, bunun 200-ü eyni anda Kamal Sunalın filmlərini göstərir. Kinonun reklam vaxtı hardasa yarım saat çəkir, ancaq cinsi fəaliyyəti gücləndirən dərmanların reklamıdır. Ya bir qız, ya da bir oğlan bar-bar bağırır. Ki, "mikrofonun əlində qalıb, ha oxumaq istəyirsən, səsin çıxmır?", elə isə bu dərmanı al, səsin aləmə yayılsın. Bütün dərmanların qiyməti də 49.99 tl, 89,99 tl.

Reklamdan bezib kanalı dəyişirsən. Görürsən ki, bayaq baxdığın film reklama çıxanda harda qalmışdısa, bu kanalda o epizoddan davam edir. "Daha keçib, bu kanalda qaldığım yerdən baxıram da" deyib şirin-şirin film ab-havasına girmişkən, laanq! Budur, bu dəfə bal reklamı gedir. Bildiyimiz arı məhsulu. Yenə ya bir qız, ya da bir oğlan bar-bar bağırır. Ki, ey insanlar, bu bal təmiz hava udmuş, təzə çiçəklər görmüş arıların topladığı baldır. Açır bal bankasının ağzını, orta barmağını salır bankanın içinə, sonra da çıxarıb ağzına salıb yalamağa başlayır. Bu dəfə də öz hərəkətləri ilə insanları cinsi aktivliyə meyilləndirir.

Beləcə, 200-ə yaxın kanalda eyni ssenari davam edir.

100 kanaldan 20- si bizim Mikayılın səhabələridir. Baxırsan ki, ortada nə mövzu var, nə məqsəd. Ağlamalı bir mahnı gedir, hamı öz kədər dünyasında atasını yenidən öldürür, anasını yenidən basdırır, qəmlənir. Və qəfil... "ranqada dinqo, danqada rinqo”. Adamlar gözü yaşlı-yaşlı başlayır oynamağa, şənlənməyə.

Hardasa 30-a yaxın kanal da dini kanallardır. Quran oxuyan kim, moizə oxuyan kim. Bu kanalların reklam bazası da maraqlıdır. Bu dindarlar da öz aləmlərini inkişaf etdiriblər. Yenə ya bir qız, ya da bir oğlan bar-bar bağırır. Ki, ey müsəlmanlar, sizə yeni səccadələrimizi təqdim edirik. Namaz qılmaq istəyirsiniz? Amma nə etmək lazım olduğunu bilmirsiniz? Alın bu elektron cənamazı, sərin yerə. Cənamaz sizə nə edəcəyiniz, hansı sözləri deyəcəyinizi başa salacaq. Beləcə, heç bir vərəqə baxıb İxlası oxumayacaqsınız. Quranı ərəb dilində oxuya bilmirsiniz, alın bu qələmi, açın Quranı, sözlərin üzərində gəzdirin, bu qələm sizə ərəbcə yazılmış sözləri tərcümə edəcək. Reklamdan sonra da hansısa saqqalı bığından uzun molla kafirləri budamağa davam edir. Bir də görürsən, hansısa kanalda Nihat Hatipoğlu yığıb kütləni qabağına, "peyğəmbəri, Əbu Bəkri, Öməri yuxuda görməyin” yollarını öyrədir.

Xülasə, elə bil bütün bu kanalları bir adam idarə edir və ölkədə yalnız iki problem var – cinsi zəiflik və iman. Əccəb işdi! Burdan zinanı təbliğ elə, ordan da de ki, cəhənnəmliksən!

Bəs, yaxşı, bu boyda məzmunsuz türk kanalları kimə və nəyə xidmət edir? Bunlar hardan maliyyələşir? Qazancları nədir? Çox maraqlıdır. Məncə, son zamanlar eynilə bu əhvalatdakı siçan kimidir türk mediyası.

Bir uşaq səhər yuxudan durar və inəklərin qaldığı tövləyə girər. Və baxıb görər ki, inəklərin ayaqlarını yara basıb, yaranın da üstü milçəklərlə doludur. Tez anasının yanına qaçıb bunu xəbər verər, anası da cavabında deyər: Oğlum, gecə siçanlar yeyib inəyin ayağını”. Təbii ki, bu uşağa ansının dedikləri inandırıcı gəlmir və yenidən anasından soruşar: Ana, bapbalaca siçan o boyda inəyi necə yeyər ki, inəyin bundan xəbəri olmaz? İnək ayağnı qaldırıb siçanı əzə bilər axı.

Deməli, alimlərin araşdırmalarından bilirik ki, siçan hansısa canlını tutubsa və yemək istəyirsə, yemək istədiyi hissəni üfürərərk keyidər, sonra qurbanını yeməyə başlayar. Qurbanı iş işdən keçdikdən sonra bundan xəbəri olar, amma nəticədə "iş işdən keçib e, keçib!”

Toplum ruh sağlamlığını və utanc hissini yaxşıca itirdi.

Yəqin buna görə də artıq həkim verilişləri də çoxalmağa başlayıb. Korladıqları, ziyan verdikləri insanlara indi də necə sağalmağın yolunu öyrədirlər. Deyirlər ki, ruh və əsəb xəstələrinin sayı həddən artıq çoxalıb.

Amma ən vacibi isə budur – insanlar ümidini itirib, ümidini.

Hərə öz haqqını özü axtarmağa başlayınca bir sürü polis də işə qarışınca aləm dəyir bir-birinə.

Qadın cinayətləri işin sadəcə kiçik bir qismidi.

Adamlar özlərini itirdilər, yaxşıca dəliyə döndülər, manyaklaşdılar. Və bütün bunlara isə elə adamların özü səbəb oldu.

Siyasətindən mediyasına, məktəblərindən küçələrinə və ticarətinə kimi vəziyyət təəssüflər olsun ki, bu cürdür.

Çətin ki düzələ.

Allah bundan betərindən saxlasın.

Bu yerdə deyiblər e:

- Bir millət, iki dövlət!



İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2020-05-26
2020-05-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK