ANA SƏHİFƏ / YAZARLAR

ÖLÜLƏR

(Mirzə Cəlilin eyni adlı pyesi əsasında) Dörd məclis və beş pərdəli komediya

20579    |   2011-02-16 14:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

ÜÇÜNCÜ HİSSƏ
   
   
   
   TƏSYE: (Əlində xeyli sənədlər) Ey mənim əziz və mehriban qaçqın və məcburi köçkün qardaşlarım. Siz elə bilməyin Avropa, dünya sizi unudub? Əsla! Sizlər olmasa bizlər neyləyərik. Biz müsəlmanları çox sevirik, elə bizim Fransanın yarısı müsəlmandı. Biz avropalılar xaç gəzdirsək də əslində çoxdan İslamın buyurduqlarına əməl edirik. Sadəcə bir fərqimiz odur ki, bizlər şərab içirik, sizlər yox. Bizlər sizin üçün, siz müsəlmanların xoşbəxtliyi üçün çalışırıq. Baxın, əlimdə Birləşmiş Millətlər Çayxanasının, bağışlayın Təşkilatının Təhlükəsizlik Şurasının çıxartdığı dörd qətnamə var. Bu qətnamələrdə qeyd edilib ki, Ermənistan Silahlı Qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarını dərhal azad etməlidirlər.
   
   
   
   Yerdən replika: Cənab Təsye, bu qətnamələrdən on yeddi il keçir, hələ ortada bir şey yoxdu.
   
   
   
   HƏSƏNQULU: Kəs səsini küçük! Böyük danışanda balaca qələt eləyib qulaq asar.
   
   
   
   Yerdən replika: Belə eləyirsiz deyin Qarabağı ala bilmirik də!
   
   (Yerdən replika atanı dərhal ordan uzaqlaşdırırlar)
   
   
   
   TƏSYE: Belə araqarışdıranlara əhəmiyyət verməyin. Bəli, əziz qaçqın və məcburi köçkün qardaşlar, elə ATƏT-in Minsk qrupunu məhz ona görə yaratdılar ki, bu məsələni çözsün. Neçə illərdir bu yollarda əziyyət çəkirik, əlimizdən gələni edirik ki, sizlər doğma torpaqlarınıza, evinizə-eşiyinizə, əzizlərinizin yatdığı qəbiristanlıqlara dönəsiz. ATƏT-in Kəraməti böyükdür. Bizlər olmasa ruslar Tiflisi çoxdan işğal etmişdilər. Rusiya məhz bizdən qorxduğu üçün geri çəkildi. İndi də gücümüzü Ermənistana göstərəcəyik. Baxın artıq İtqapanı qaytarırlar. Kimdir deyən ki, ermənilər daha Qarabağı qaytarmayacaqlar.
   
   
   
   HƏSƏNQULU: ATƏT-ə qanımız fəda. ATƏT-in hökmünə, kəramətinə inanmayan kafirdir!
   
   
   
   Hamı: (Bir ağızdan) Kafirdir!
   
   
   
   TƏSYE: Məgər eşitməmisiz ki, ATƏT olan yerdə sülh var, əmin-amanlıq var, demokratiya var. Bax, İraqda, Əfqanıstanda demokratiyanı, əmin-amanlığı bizlər yaratdıq. ATƏT olan yerdə kimsə kimsənin toyuğuna nəinki daş ata bilməz, heç kiş də deyə bilməz! Avropanın istəyi nədir?
   
   
   
   Hamı: (Bir ağızdan) Nədir?
   
   
   
   TƏSYE: Avropanın istəyi odur ki, siz qansız-qadasız yaşayasız, xoşbəxt yaşayasız. Avropalılar kimi yaşayasız!
   
   
   
   BİR CAVAN: Cənab Təsye, bu düzdürmü ki, Avropada kişi kişi ilə evlənə bilər, mavilər böyük vəzifələrə təyin edilə bilər.
   
   
   
   ƏLİ BƏY-MÜƏLLİM: Ə, tərbiyəsiz-tərbiyəsiz danışma. Kişi Parisdə ev-eşiyini, arvad-uşağını buraxıb bizdən ötrü düşüb çöllərə. Sən də ağzına gələni danışırsan, təhqir edirsən.
   
   
   
   BİR CAVAN: Vallah təhqir eləmirəm. O gün qəzetdə oxudum ki, Parisin yeni meri mavidir. Televizorda eşitdim, özü də öz dilindən.
   
   
   
   HƏSƏNQULU: Ə, rədd ol burdan! Cənab Təsye, fikir verməyin siz Allah! Bizim ümidimiz sizlərdir, ATƏT-dir. Yaşasın ATƏT.
   
   
   
   Hamı: Yaşasın ATƏT! Urra! Təsye! Təsye! Təsye!
   
   
   
   MİRBAĞIR AĞA: Ay camaat, sakit, sakit! Qoyun kişi sözünü desin! Buyurun, cənab Təsye!
   
   
   
   TƏSYE: Əziz qaçqın və məcburi köçkün qardaşlarım! Məsələ belədir ki, Ermənistan Qarabağı birdən-birə deyil, mərhələ-mərhələ boşaltmağa razılıq verir. Mənim sizlərlə görüşümün məqsədi də odur ki, sizinlə bir ümumi razılığa gələk. Görək nə deyirsiz. Hansı şəhərdən, hansı kənddən başlayaq.
   
   
   
   BİR QOCA: Ya cənab Təsye! Sənə mənim bu qurumuş canım qurban. Mən öz kəndimizi səndən istəyirəm. Bax, bu dar gün üçün saxladığım qızılları da sənə bağışlayıram. Halal xoşun olsun!
   
   
   
   TƏSYE: Siz nə edirsiz? Mən sizin üçün Rəfaelli deyiləm ki, rüşvət alım.
   
   
   
   BİR QOCA: Səni and verirəm Roma Papasına, əlimi geri qaytarma!
   
   
   
   HƏSƏNQULU: Cənab Təsye! Bu rüşvət deyil, hədiyyədir. Evimizə gələn qonağa hədiyyə verməsək özümüzü çox narahat hiss edərik. Bu bizim milli mentalitetimizdir. Özü də Roma Papasının canına and verdi! Götürməsən Papanın xətrinə dəyər. (Qocaya işarə edir ki, sakitcə qoy cibinə. Qoca sakitcə qızıl torbasını qoyur Təsyenin cibinə. Təsye də özünü elə aparır ki, guya bilmədi)
   
   
   
   TƏSYE: Hər bir millətin milli mentalitetinə hörmət eləmək biz Avropalıların şərəf işidir. Siz bizim məcburi köçkün və qaçqın qardaşlarımızsız. Heç bir hədiyyənizə ehtiyacımız yoxdur. Biz sadəcə insanlıq borcumuzu yerinə yetiririk. Əli bəy-müəllim, kağız qələmi götür, hər kəsin istədiklərini bir-bir yaz.
   
   (Adamlar hərəkətə gəlirlər. Hamı Əli bəy-müəllimə tərəf axışır)
   
   
   
   TƏSYE: Basabasa salmayın. Növbə ilə, bir-bir. (Hamı geri çəkilir.)
   
   
   
   ƏLİ BƏY-MÜƏLLİM: Ə, bir-bir, ədəb ilə. Ayıbdı, bizi biabır eləməyin. Özünüzü görməmiş kimi aparmayın. Hamıya növbə çatacaq. İndi bir-bir deyin yazım.
   
   
   
   TƏSYE: Cənab Həsənqulu, birinci sən buyur. Cənab Brat sizin kəndinizin birinci azad olunmasını məndən məxsusi xahiş edib.
   
   
   
   HƏSƏNQULU: (Gəlir qabağa, başı ilə minnətdarlığını bildirir). Əli bəy-müəllim, yaz. Birinci Fatmanisəgilin kəndini yaz. Qamışlı.
   
   
   
   ƏLİ BƏY-MÜƏLLİM: (Yazır) Qa-mış-lı.
   
   
   
   HƏSƏNQULU: Sonra yaz, Narınclar.
   
   
   
   ƏLİ BƏY-MÜƏLLİM: Narınclar niyə? Narınclar sizin kənd deyil ki?
   
   
   
   HƏSƏNQULU: Atamgilin kəndidir. Sonra yaz... (Yer-yerdən səslər gəlir)
   
   
   
   MƏŞƏDİ KAZIM: Həsənqulu, bəlkə cijingilin də kəndini deyəsən? Bəs burdakılar adam deyil?
   
   
   
   TƏSYE: Tələsməyin, hamıya vaxt çatacaq.
   
   
   
   MƏŞƏDİ KAZIM: Həsənqulu düz adamdı, qoy birinci biz yetim-yesirin kəndlərini desin də.
   
   
   
   HƏSƏNQULU: Sənə borc deyil, mən kimi birinci deyirəm, kimi ikinci.
   
   
   
   MƏŞƏDİ KAZIM: Yox, borcuma qalıb. O Bratdı-nədi sənin dostundu. Cənab Təsye sənin evinə düşüb deyin, birinci sənin qohum-əqrəbalarıyın kəndləri azad olunmalıdı?(irəli yeriyib stolun üstə bir dəsmal qoyur) Yaz, Əli bəy-müəllim, yaz! Bizim kəndi yaz! Camışlı. (Əli bəy-müəllim Təsyeyə baxır, Təsye də dəsmala, başı ilə işarə edir ki, yaz).
   
   
   
   ƏLİ BƏY-MÜƏLLİM: (Yazır) Ca-mış-lı.
   
   
   
   BAXŞƏLİ: Məşədi Kazım, nə boş-boş danışırsan. Niyə əzizimiz ATƏT-in işini zora soxursan? Bizim kəndimizi azad eləməmiş sizin kəndi necə azad edə bilərlər. Kəndinizin yolu bizdən keçmirmi?
   
   
   
   HƏSƏNQULU: Baxşəli düz deyir. Cənab Təsye! Siz Camışlını necə azad edə bilərsiz Baxşəligilin kəndini azad etmədən?
   
   
   
   TƏSYE: Cənab Həsənqulu, necə yəni ATƏT bunu bacarmaz. Səndəmi ATƏT-in qüdrətinə şəkk edirsən?
   
   
   
   HƏSƏNQULU: Əstəğfürullah! Sadəcə vəziyyəti deyirəm.
   
   
   
   MƏŞƏDİ KAZIM: Yox, birinci bizim kənd azad olunacaq.
   
   
   
   KƏRBƏLAYİ VƏLİ: Çəkilin görüm. (o da bir dəsmalı sanballayıb qoyur Əli bəy-müəllimin cibinə). Birinci bizim kənd azad olunmalıdır.
   
   
   
   MİR BAĞIR AĞA: Niyə birinci sizin kəndləriniz azad olunmalıdır, siz göydən düşmüsüz?! Bəlkə biz göbələyik, yerdən çıxmışıq?! Vallah, bir mərəkə qopararam ATƏT nədi, BMT-də yer yerindən oynayar. (yaxınlaşır Təsyeyə, qucaqlayıb öpür, öpəndə də cibinə nə isə basır). Cənab Təsye, siz bunlara fikir verməyin. Birinci bizim kəndi qaytarın. Sən öl, həyətdə bir çəllək tut arağı basdırmışam ki, Napoleon konyakı onun yanında qələt eləyir. Sənə orda bir qonaqlıq verəcəm ki, yüz il dadı damağından getməyəcək.
   
   
   
   TƏSYE: Əli bəy-müəllim yaz.
   
   
   
   ƏLİ BƏY-MÜƏLLİM: Ə, kəndinizin adı nədi?
   
   
   
   MİR BAĞIR AĞA: Tuğ!
   
   
   
   BAXŞƏLİ: Cənab Təsye, atam-anam sənə qurban. Düz iyirmi il əziyyət çəkib güc-bəla ilə bir ev tikmişdim. İndi gəlib düşmüşəm bu ilanmələməz çöl-biyabanda on baş ailə bir çadırda qırılırıq. Ağcaqanadlar yardım paylayanlar kimi qanımızı necə sorursa damarlarımızda qan da qalmayıb. Birinci bizim kəndi azad elə. (yavaşca Təsyenin qulağına pıçıldayır) Bayaqkı azdırsa, bir az artırım.
   
   
   
   MİR BAĞIR AĞA: (Baxşəlinin qolundan tutub bir kənara fırıldadır). Ə, pulun çoxdu? Sənin canın candı, bizimki camış gönü?! Dedim ki, birinci bizim kənd azad edilməlidi, vəssalam!
   
   
   
   KƏRBƏLAYİ VƏLİ: (Cumur Mir Bağır ağaya). Ə, qoluzorlu çıxmısan?! Atan yaşda kişiyə əl qaldırırsan?! Sən öl, baxmaram Qaçqınkomda işləyirsən, səni deşik-deşik edərəm.
   
   
   
   ƏLİ BƏY-MÜƏLLİM: (Araya girir). Ə, bizi ATƏT-in gözü qabağında biabır eləməyin. Belə eləyirsiz deyin Qarabağı ala bilmirik ey!
   
   (Baxşəli də cumur Mir Bağır ağaya, Heydər müəllim də Baxşəliyə qahmar çıxır).
   
   
   
   HEYDƏR MÜƏLLİM: Ə, namərdlər, mənim kəndçimi tək görmüsüz. Siz ölün, bu dəqiqə baxmaram ATƏT-ə-MATƏT-ə, bağırsaqlarınızı yerə tökərəm.
   
   (Bu dəfə Həsənqulu girir araya).
   
   
   
   HƏSƏNQULU: Boynunuzu yerə soxum. Bizi bu boyda kişinin yanında biabır elədiniz, Allah sizi biabır eləsin.
   
   
   
   TƏSYE: (əsəbləşir). Camaat! Ay camaat! Əl saxlayın. Mən qan kəsməyə gəlmişəm, qan tökməyə yox. Əgər bu dəqiqə davanı kəsməsəniz çıxıb gedəcəm Pağiyə. O ermənilər, o da siz! Gedin özünüz öz kəndinizi azad edin.
   
   (Hamı dayanır və qorxa-qorxa geri çəkilir)
   
   
   
   HƏSƏNQULU: Cənab Təsye, bizi çevir balalarıyın başına, keç günahımızdan. İcazə ver gedək bir az fikirləşək.
   
   
   
   TƏSYE: Yaxşı, get fikirləş.
   
   
   
   HEYDƏR MÜƏLLİM: Cənab Təsye, bizi yetim qoyma. Nə səhvimiz var düzəldərik. İcazə verin öz aramızda sakitcə məsələni yoluna qoyaq.
   
   
   
   TƏSYE: Yaxşı, get sən də fikirləş.
   
   
   
   BAXŞƏLİ: Cənab Təsye! Səni and verirəm Pan Ki Munun o əziz canına, bizi bağışla. Bir işdi oldu, bir də olmaz. Vaxt ver gedək bir fikirləşək, bir götür-qoy edək.
   
   
   
   KƏRBƏLAYİ VƏLİ: Cənab Təsye, neyləyək, Allah hamımızın hövsələsini əlindən alıb. Bir qələtdi elədim. İcazə verin gedim mən də bir az fikirləşim.
   
   
   
   TƏSYE: Yaxşı, gedin hamınız fikirləşin, görək birinci haranı azad edək. (Kərbəlayi Vəli və Mir Bağır ağa qəzəblə bir-birinə baxa-baxa gedirlər. Camaat başlayır azalmağa)
   
   
   
   HƏSƏNQULU: Mən də gedim kişiyə axşam tədarükü görüm.
   
   
   
   TƏSYE: Əli bəy-müəllim, sən də cənab Həsənqulu ilə get, gör axşam məni kim masaj edəcək. Mən də bir az tək qalım, yorulmuşam.
   
   (Hamı gedir, İsgəndər gəlir)
   
   
   
   İSGƏNDƏR: Hamı getdi fikirləşməyə bu meydan pəhlivan meydanıdır. Hünər istər ki, İsgəndər kimi bir igid gəlib dursun bu meydanda və desin (ucadan) Cənab Təsye, hər nə qədər ki, bu ölmüş dirilər durur. Sizlər kef partladacaqsınız. Xa, xa, xa! Hamı getdi fikirləşməyə. (əlini uzadır Təsyeyə) Cənab Təsye, mən ölüm, əl ver! Lotusan ə, əl ver!
   
   
   
   TƏSYE: (ucadan) Mən sənə əl vermərəm, sərxoşsan...
   
   
   
   İSGƏNDƏR: Cənab Təsye, siz gərək şükür edəsiniz ki, mən içirəm. Əgər mən şərab içməsəm, ağlım başımda olar, birdən gözümü açıb görərəm ki, həftədə bir, ayda bir bizim bu şəhərciyimizə Avropadan bir lotu gəlir, bu millətin başının altına yastıq qoyur. Gələndə cındırlarından cin hürkür, gedəndə pyerkardenləri göz çıxarır. Bir xanım vardı, ağbirçəklik eləyirdi, gələndə İstanbul çarşısından aldığı paltarla gəlmişdi, gedəndə brilyantın içində alışıb yanırdı. Mən ölüm lotusan, əl ver dost olaq! Xa, xa, xa!
   
   
   
   TƏSYE: Cəhənnəm ol! Bu dəqiqə bir telefon açaram, gəlib səni götürüb atarlar ermənilər tərəfə, illərlə Qırmızı Xaç da ala bilməz.
   
   (Təsye gedir, İsgəndər onun ardınca baxır və sonra hər iki yumruğunu yuxarı qaldırıb ucadan deyir)
   
   
   
   İSGƏNDƏR: Kaş mənim bu qollarımda Rüstəm pəhlivan kimi bir qüvvət olaydı. Yapışaydım sizin ayaqlarınızdan və ataydım göyün üzünə, başıaşağı gəlib kal qarpız kimi paqq eləyib dağılaydınız (və özü paqq eləyib atılır göyə). Ya da ayaqlarınızdan tutub ataydım belimə, ağızlarınız hara düşə-düşə. Tfu şarlatanlar (kefli kimi ufuldayır) Buuy! Ədə, vallah mən elə pəhlivanam ki, bu zapa-zupa dözürəm. Xa, xa, xa! (Bir siqaret yandırır, yavaş-yavaş gəlib durur Təsyenin dayandığı yerdə) Bunlar yoxdu, barı cəhənnəm, heç olmazsa bu Təsye kimi mənim elə bir qüdrətim olaydı, ölmüş dirilərlə danışa biləydim. Ax! Əgər olsa idi, üzümü tutardım bu ölmüş dirilərə çığırardım. Ey binəvalar! Soruşardılar, nə deyirsən ey İsgəndər? Onda mən bu ölmüş dirilərə deyərdim, gəlin bu Kefli İsgəndərə qulaq asın. Bir yaxşı-yaxşı düşünün və nəsihətimi qəbul edin. Və əgər məndən soruşsanız ki, niyə? Mən sizə cavab verməyə hazıram. İnanın mənə. Allah Mirzə Cəlilə min rəhmət eləsin! Bu Təsyelər, bu Bəsyelər, Petkalar var ey! Bunlar Şeyx Nəsrullahdan da betərdilər. Bunlardan Qarabağı dirildən olmaz! Bunlar Qarabağı ona görə öldürməyiblər, sizi çöllərə ona görə salmayıblar ki, sonra dirildələr qayıdıb gedəsiniz evinizə-eşiyinizə. Bunlar Qarabağı ona görə öldürüb sizi çöllərə salıblar ki, özləri kef eləsinlər. Gəlsinlər, sorsunlar aparsınlar. Ağsaqqallıq eləsinlər. Ayda bir gəlsinlər, sizləri başlarına yığıb məzələnsinlər, başınızı qatsınlar, ruhunuzu işğal eləsinlər. Yoxsa birdən ayılıb görərik ki, bunlar Şeyx Nəsrullahlardı. Özümüz də başımıza çarə qılarıq. Qalxarıq ayağa, qabağımıza keçənləri tapdalayıb çıxıb gedərik evimizə-eşiyimizə. Gəlin bu Kefli İsgəndərə qulaq asın! Bu Bemtedi, ATƏTdi, Matətdi-nədi, bunlardan bizə imdad yoxdu. Bəsdi bunların quşun götürdük! Ey binəva ölmüş dirilər! Gəlin bu Kefli İsgəndərin sözlərinə qulaq asın! Çıxın gedin evinizə-eşiyinizə!
   
   
   
   
   
   (PƏRDƏ)
   
   
   
   MƏŞƏDİ ORUC: (Əlində "Ədalət" qəzeti ləhləyə-ləhləyə girir içəri və ucadan soruşur) Hanı Həsənqulu əmi? (onun dalınca Baxşəli, Hacı Kazım, Mir Bağır ağa, Heydər müəllim və başqaları girirlər içəri, otağa sığışmadıqlarından açıq qapının arxasında qalırlar. Həsənqulu girir içəri, təəccüblə camaata baxır və üzünü onlara tutub soruşur)
   
   
   
   HƏSƏNQULU: Nədir ə? Nə vay-noysə salmısız? Nə xəbərdi? Ermənilər yenə əsgərimizi vurublar?
   
   
   
   MƏŞƏDİ ORUC: Əşi onsuz da hər gün bir-iki əsgərimizi vururlar, belə olsaydı dərd yarıydı.
   
   
   
   HƏSƏNQULU: Yoxsa müharibəni yenidən başladılar?
   
   
   
   MƏŞƏDİ ORUC: Müharibəni başlasaydılar nə dərdimiz vardı, basıb gözlərini çıxarıb İrəvanadək qovardıq.
   
   
   
   HƏSƏNQULU: Ə, bəs nə olub?
   
   
   
   MƏŞƏDİ ORUC: (kövrələ-kövrələ) Həsənqulu əmi, İtqapanın qaytarılması söhbəti yalandı. (İsgəndər şaqqanaq çəkib gülür və adamların içində gizlənir)...
   
   
   
   HƏSƏNQULU: (Məşədi Oruca) Nə sarsaqlayırsan?! Necə yəni yalandı?!
   
   
   
   ADAMLAR: Bəli, bəli yalandı.
   
   
   
   HƏSƏNQULU: Ay camaat, Allah xətrinə elə söz danışmayın. Bu boyda yalan olmaz! Ola da bilməz!
   
   
   
   MƏŞƏDİ ORUC: Həsənqulu əmi, vallah belədi. Ala də, al oxu. Mənə inanmırsan inanma, bəs bu boyda qəzetə də inanmırsan?
   
   
   
   HƏSƏNQULU: Ə, boş-boş danışma. Nə vaxt qəzetlərdə düz söz oxumusan? Yalanın ən yekəsini elə qəzetlər yazır də!
   
   
   
   MƏŞƏDİ ORUC: Əşi, al oxu də! Öz qardaşın Aqil Abbas yazıb. Ona da inanmırsan?
   
   
   
   BAXŞƏLİ: (kənara və öz-özünə) Ə, bu nə təhər adamdı, ə?! Həm Brat ilə qardaşlıq edir, həm də Aqil Abbasla.
   
   
   
   HƏSƏNQULU: Ə, o boyda kişi mənə o boyda məktub yazıb. Bu boyda kişi durub gəlib qəsəbəmizə, yanında da o boyda dövlət adamı. Axı ağlım kəsmir ki, gözümüzlə gördüyümüz işlərin hamısı yalan çıxsın. Allaha şükür uşaq deyilik, dəli deyilik. O gün bütün televizorlar hamısı demirdi ki, Türkiyə ilə Ermənistan danışıblar, razılaşıblar, nə bilim protokol imzalayıblar ki, ermənilər bir-bir rayonları boşaltsınlar?! Ermənilərin ağızları nədi Türkiyəyə yalan danışsınlar. Qardaşlarımız onların ağızlarını (duruxur, sonra davam edir) Qardaşlarımız onların ağızların cırıb qoyar qulaqlarının dibində.
   
   
   
   MƏŞƏDİ ORUC: Əşi, al oxu də! Demirəm özüyün qardaşın yazıb.
   
   
   
   HƏSƏNQULU: Ə, siz hamınız yaxşı bilirsiz ki, Aqil Abbasın ATƏT-lə arası yoxdu, onlar haqqında ağzına gələni yazır. Bir də axı, o gün elə özü qəzetdə məni muştuluqlamışdı ki, Həsənqulu, gözün aydın Təsye gəlir.
   
   
   
   BAXŞƏLİ: A kişilər, özümüzü niyə dağa-daşa salırıq ey, gedək Cənab Təsyenin özündən soruşaq.
   
   
   
   HAMI BİRDƏN: Bəli, bəli. Cənab Təsyenin özündən soruşmaq lazımdı.
   
   
   
   BAXŞƏLİ: Heydər müəllim, sən yaxşısan, necə də olsa dövlət adamısan. Sən gir, soruş.
   
   
   
   HEYDƏR MÜƏLLİM: Qardaşlar, mənlik deyil. Neçə ildi zorla bir iş tapmışam, deyirsiz o da əlimdən çıxsın. Girin özünüz soruşun də.
   
   
   
   BAXŞƏLİ: Xeyr, xeyr, mən o qələti eliyə bilmərəm. Qoy Məşədi Oruc soruşsun.
   
   
   
   MƏŞƏDİ ORUC: Mən niyə soruşuram? Qonaq sənindi, get özün də soruş də.
   
   
   
   MİR BAĞIR AĞA: (qabağa yeriyir) Ay camaat, mən bilmirəm burda nə çətin iş var?! Cənab Təsye qurbağa yeyəndi, adam yeyən deyil ha! Mən girib soruşaram.
   
   
   
   HAMI: Çox yaxşı, çox yaxşı! Allah atana rəhmət eləsin.
   
   
   
   HƏSƏNQULU: Mir Bağır ağa, amma sən Allah ehtiyatlı ol. Birdən Cənab Təsyenin xətrinə dəyər, bizdən inciyər.
   
   (Mir Bağır ağa qulaq asmayıb qapını bərk döyür. Cavab verən olmur. Bu vaxt İsgəndər adamların içindən çıxıb qapını təpik ilə vurub açır, hamı kənara çəkilir. Cənab Təsyenin otağının tamaşaçılar tərəf pərdəsi açılır. İsgəndər girir içəri. Otaqda Təsyeni masaj edən Bığıburma cavan var)
   
   
   
   İSGƏNDƏR: Ə, gədə oğlu gədə, hanı Təsye? Hanı Əli bəy-müəllim?
   
   
   
   BIĞIBURMA CAVAN: Gecəynən yığışıb getdilər ki, Bakıdan telefon açıb çağırıblar.
   
   (Adamlar qarışır bir-birinə)
   
   
   
   ADAMLAR: Bu nə təhər oldu, ə?
   
   
   
   BAXŞƏLİ: Allah təpəmə daş salsın, evdə-eşikdə, əlimdə-ovcumda nə vardı hamısını gətirib verdim bu lotulara.
   
   
   
   MƏŞƏDİ KAZIM: Məni demirsən?! Ermənilərdən bir təhər qoruyub saxladıqlarımı da bunlar apardı.
   
   
   
   MƏŞƏDİ ORUC: Arvad məni öldürəcək.
   
   
   
   İSGƏNDƏR: (Təsyenin otağının ortasında dayanıb gülür) Xa, xa, xa!.. ATƏT-in lotuları! Xa, xa, xa!
   
   (Adamlar yığışır İsgəndərin başına)
   
   
   
   İSGƏNDƏR: Gəlin, gəlin içəri! Sən də gəl Hacı Kazım. Baxşəli gəl, gəl, utanma. Əvvəl kimin kəndini azad edəcəkdilər? Məşədi Oruc, indi arvada nə cavab verəcəksən? Gəlin! Dədəm hanı? (başını bulaya-bulaya bir-bir hamını süzür). Hə, ATƏT-in baş lotusu yenə sizə atdı?! İndi növbə mənimdi. İndi mənə qulaq asın! Adamı bir il aldadarlar, üç il aldadarlar, beş il aldadarlar. Görün bu ATƏT-in, Avropanın lotuları sizi neçə ildi aldadırlar. Bu sizin tarix kitabınızda qan ilə yazılmış bir səhifədir. Sizdən sonra gələnlər bu kitabı vərəqləyib bu səhifəni görəndə sizi yada salıb deyəcəklər (ucadan), tfu sizin üzünüzə (tüpürür adamlara tərəf, hamı başını aşağı salır). Bağışlayın də Kefli İsgəndər tərbiyəsizlik edir. Amma indi növbə mənimdi. Siz bunların ayağının altında qurbanlar kəsməklə, ciblərini doldurmaqla elə bilirsiniz ATƏT-in lotuları Qarabağı ermənilərdən alıb verəcəklər sizə?! Ə, ermənilər heç Beemteni it yerinə qoymurlar, ondakı ATƏT ola! Ə, bu ATƏTin, MATƏTin boş-boş sözlərinə nə vaxta qədər inanacaqsınız?! Hərəniz əlinizə bir çomaq götürüb ermənilərin üstünə getsəniz, erməni İrəvanacan qaçar! Tfu sizin üzünüzə. (bərkdən tüpürür, yenə hamı başını aşağı salır) Bu sözləri sizə deməklə elə xəyal eləməyin ki, mən sizi pisləyib, özümü tərif etmək istəyirəm?! Yox! Yox! Bunu bilirəm ki, mən də heç bir şeyəm. Mən bu çöllərin otuyam, kolların kosuyam, ağacların qurduyam. Mən bu dünyada heç bir şeyəm. Əgər mən bir şey olsaydım, cibimdən bir bomba çıxarıb (əlini cibinə atıb bir araq şüşəsi çıxarır) buraları havaya uçurardım. Amma mənim əlimdən elə şeylər gəlməz. Bu araq şüşəsidir. ATƏT-in lotuları hər dəfə gəlib boş-boş qırıldadanda, mən bu şüşədən araq içirdim ki, dəli olmayım! Yox! Yox! O mənim işim deyil. O igid işidir. Sizintək camaatın igidi də mənimtək olar! Hələ mən heç! İndi görək siz kimsiniz?! Mənim adım Kefli İsgəndərdi, bəs sizin adınızı nə qoyaq? Mən dağları, daşları, quşları, fələkləri, ulduzları şahid çəkib soruşuram, bu camaata nə ad qoymaq olar? O vədə hamısı bir səslə cavab verər: "Ölülər!" Və bizdən sonra gələn nəsillər illər uzunu sizi yada salıb bir səslə deyəcəklər: "Ölülər!"
   
   (İsgəndər sonra Təsyeni masaj edən cavanın qolundan tutur və camaatdan soruşur)
   
   
   
   İSGƏNDƏR: Bu kimin gədəsidir, ə?
   
   (Camaat başını salıb aşağı. İsgəndər araq şüşəsini çəkir başına və boş şüşəni vurur yerə. Yavaş-yavaş pərdə enir və musiqi kəsilir)
   
   
   
   Bu da son!
   
   29 may 2010. Bakı.


YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-05-27
2018-05-26
2018-05-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Çempionlar Liqasının qalibi hansı komanda olacaq?

"Real" Madrid (53.33%)
"Liverpul" (46.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
İki qadın söhbət edir:
- Az, ərin sənə pul verir heç?
- Həə, əlbəttə, nə vaxt istəyirəm verir.
- Doğrudaaaan?! Necə alırsan ki? Deginən biz də alaq da, bizimki heç vermir.
- Atamın xarabasına gedərəm bir də geri dönmərəm - deyirəm.
- Aha, sonra?
- O da həmin dəqiqə çıxarıb yol pulu verir.




digər lətifələr
ARXİV
FACEBOOK