Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | DOĞULMAQ HAQQI Adalet.az | DOĞULMAQ HAQQI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

DOĞULMAQ HAQQI

İmam Cəmilli – 65

4224    |   2019-08-22 15:11
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Avqustun 25-də qələm dostumuz, Qarabağ veteranı, şair-publisist İmam Cəmillinin 65 yaşı tamam olur. Əslinə qalsa, onu tanıyanlar yaxşı bilir ki, İmam heç vədə yaşının davasını etməyən, sözü Vətən, torpağı həsrətli olan yurd davakarıdır. Qanından, canından əziz bildiyi yurd yerlərini - Kəlbəcəri xatırlayanda onun gözlərinə baxmaq olmur. Elə kövrəlir, elə susur ki, çıtıx vursan qanı damar. Dəlidağın hay-harayına, boya-başa çatdığı Cəmilli kəndinin müsibətlərinə dözmək asandırmı? Çünki Vətən, torpaq ağrıları onun canına elə hopub ki, bu ağrılardan sözü də, qələmi də şirə çəkib.

İmam Cəmillinin özünə məxsus tərcümeyi-halı var. Ədəbi aləmə orta məktəbdə oxuduğu vaxt "Dağlar” şeiri ilə gəlib. Onun bu şeiri Kəlbəcərdə çıxan "Yenilikçi” qəzetində çap olunub. Orta təhsilini bitirdikdən sonra Azərbaycan Texnologiya İnstitutuna qəbul olmuş, "mühəndis-texnoloq” ixtisasına yiyələnmişdir.

Əsgəri xidmətini Əfqanıstanda keçirən, odun-alovun içində bərkiyən İmam Cəmilli həyatın sınaqıları ilə gənc yaşlarından üzləşib. Səngər görüb, döyüşə atılıb, nümunəvi əsgər olub. Heç vaxt haqqı nahaqqa verməyib. Düzün tərəfində durub.

Goranboy rayonunda dinc quruculuq illərində əmək fəaliyyətini davam etdirib, tikintidə çalışıb, evlər tikib. Əli heç vaxt işdən-gücdən soyumayıb.

90-cı illərin məlum hadisələri..., od içində qalanan Qarabağ..., Onu yenidən cəbhəyə qaytarıb, könüllü hərbi hissəyə yollanıb. Köhnə döyüşçü kimi, bilik-bacarığını, təcrübəsini gənc əsgərlərə öyrətməkdən usanmayıb. Qanlı döyüşlərin şahidi olub. O, xüsusən Ağdərə uğrunda gedən döyüşlərdə böyük fədakarlıq göstərmiş və yaralanmışdır. Tale onu həmişə səngərdən-səngərə atıb.

İndi İmam Cəmilinin bədənində Qarabağ döyüşlərindən qalan qəlpələr var. Bu qəlpələr susmur, danışır, döyüşür, həqiqəti axtarır.

İmamın həyatını mənalandıran cəhətlərdən biri də onun özünəməxsus şairlik təbidir. O, bir-birindən fərqli, çoxsaylı kitabların müəllifidir. "Biçilməmiş zəmin oldum” (1997), "Kəlbəcər həsrəti” (2005), "Sevgimin şahidi” (2011), "Daş altında məktub” (2014), "Adım Vətən, sözüm-Ana” (2017) və başqa kitabların müəllifidir. Bu kitablarda İmam Cəmillinin döyüşkən ruhu, böyük vətən eşqi əsərlərinin başlıca leytimotivini təşkil edir. Onun Təbriz həsrəti ilə bağlı publisistik düşüncələri maraqla oxunur. Müəllif gördüyü, duyduğu yerlərin gözəlliklərini, tarixi-mədəni abidələrini seyrci gözü ilə vəsf etmir, əksinə o, Cənubi Azərbaycanın, orada yaşayan soydaşlarımızın həyatını, ağrı-acılarını yaşaya-yaşaya oxucuya təqdim edir. Tarixi qınayır, zamanla üz-üzə söhbət edir.

İmam Cəmilli Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvüdür, Prezident mukafatçısıdır. Onun bütün uğurları, şair və sənətkar taleyi əsərlərində həmişə bir həqiqəti daha çox qabardır. İşğaldan azad olmayan vətənin söz adamı xoşbəxt ola bilməz.

İmam Cəmillinin qələm dostları onun yaradıcılığını həmişə diqqətlə izləyir, poetik uğurlarına sevinirlər.

Fazil Sənan (yazıçı): İmam bir qələm adamı kimi həmişə vətəndaşlıq mövqeyini gizlətməyən, əksinə ona qol-qanad verən şairlərdən biridir. Onun çoxsaylı kitabları bir səngəri xatırladır. Əfqanıstan və Qarabağ döyüşlərinin əsgəri olmuş dostumuzun həyatı gənclik üçün bir nümunədir. O, yazıb-yaratmaqdan yorulmur. Ən böyük arzusu torpaqlarımızın işğaldan azad olduğu gündür. Əlbəttə, bu hamımızın arzusudur. Ona, 65 yaşlı dostuma yolun uğurlu, qəlbin işıqlı olsun deyirəm.

Rəsul Murovdağlı (şair): İmam Cəmilli mənim ən çox güvəndiyim dostlarımdan biridir. Aramızda yaş fərqimiz çox olsa da o, dostluqda çox səmimidir, şeirlərində olduğu kimi. Kəlbəcər deyəndə dili-dodağı təpiyir. Yaşı 65-i haqlayıb, amma cavan oğlan kimidir. Gün o gün olsun ki, növbəti ad gününü Kəlbəcərdə, onun doğma kəndi olan Cəmillidə keçirək. Bəlkə onda İmam özünə gələ, rahatlıq tapa. Yüz yaşa, dostum!

Sahib İbrahimli (şair-dramaturq): Eşidəndə ki, İmamın 65 yaşı tamam olur, inanmadım. Qəlbi dosta, Vətənə od-atəş paylayan insana sözüm çoxdur. Onun əsərləri onun taleyidir, Vətənin ağrılı-acılı günləridir. İmam qələbə adamıdır. Ümid edirəm ki, o günlər uzaqda deyil. Dostumun ad gününü təbrik edirəm.

...Yaxın günlərin söhbətidir. İmamla doğulduğum Daşkəsən rayonunun Muşavaq kəndinə getmişdik. Yol yoldaşımızın biri də tanınmış yazıçı Fazil Sənan idi. Cığır açdıq, dağlara doyunca tamaşa etdik, bulaqların gözündən su içdik. İmamın gözündə bir nigarançılıq dolu həsrət oxudum:

-Qardaş, kəndiniz kəndimizə, dağlar dağlarımıza necə də oxşayır. Elə bil burada Cəmillinin havasını uddum. Canım rahatlıq tapdı (doluxsundu).

Mən isə üzümü dostuma tutub ona ünvanladığım şeirimlə 65 yaşına mübarək dedim.

Deyirsən ki, Cəmilliyə oxşayır,

Könül odu, ocaq yeri Muşavaq.

Qəriblərə baxmaz, qərib gözüylə,

Ana yurdu, qucaq yeri Muşavaq.

Bulağa bax, əylən deyib dil tökür...

Ovcunu aç, ovcunu tut ovcuna.

Sinəndəki yanğıları söndürə,

Bəlkə, birdə düşə bildin ovsuna.

O gördüyün duman yaman haldadır,

Sancıları dağ-dərəyə yan alır.

Dözümə çox diləsək də səbiri,

Həsrətində ayrılıqlar yanılır.

Gözün dolub, çəkilsən də xəlvətə,

Göz yaşını bilsə, ürək biləcək.

Dəlidağa boylanmayaq amandı,

Hünəri o, dili gödək biləcək.

İkimiz də ağrılarda sınığıq,

Qonaq düşdün Muşavağa, elata.

Bu dərdlər ki, pay-piada çəkilməz,

Dur köhlənə üzəngi ver, min ata.

Qarşı dağdan dumanı qov, sisi qov,

Qarşı dağdan fələyi qov, pisi qov.

Özünə gəl, ocağına əyil sən,

Sən ki, axı fağır, mağmun deyilsən.

O, ocaqda, bu ocağın yası var,

Baş-başadır, diz-dizədir ağrılar.

Ürəklərdə çəkilsə də dərd-qada,

Vətən sağdır, nə qədər ki, ömür var.

İnqilab İsaq

Gəncə - 2019.




İmza:
SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK