adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
22 Avqust 2019 15:05
36526
ƏDƏBİYYAT
A- A+

Kamil insan

Oçerk


Bu ifadə mütəfəkkir şair Nəsiminin yaradıcılığında o qədər duyğusallıqla, o qədər gözəl, o qədər düşündürücü səslənir ki.

Kamil insanlarla tanışlığı taleyimə Tanrının lütfü bilmişəm.

Təbiətlə kamil insanların oxşarlığını duyanların sırasında mən də varam.

Tanıdığım, könül dünyasına bələd olduğum vətənsevərlərdən biri haqqında yazmaq istəyəndə yadıma bunlar düşdü...

Kamil insan dedim, göy üzünün buludu dağıldı, Kamil insan dedim, çeşmələr dil-dil ötdü, Kamil insan dedim, göy üzünü göyqurşağı bürüdü, kamil insan dedim, dünyamızın toz-dumanını yaz yağışı kürüdü...

Kamil insanlar təbiət kimidi qayğıkeş, müdrik, könülləri ziyarət etmək həvəslisi...

Yazda dan yeri sökülər-sökülməz çəmən boyunca çiçəklərin şeh dolu ləçəkləri çəkirdi bizi. Tələm-tələsik, hərdən də ayaq yalın, başı açıq o gözəlim çiçəklərə qaçardıq. Ləçək dolu şeh gözlərimizə də xoş gələrdi, könlümüzə də. Neçə illərdi kamil insanlarla könül söhbətini yazda dan yeri sökülər-sökülməz çiçəklərin ləçəklərində gördüyümüz şehə, jaləyə oxşatmışam. Bu oxşatmaya görə insaflılar məni qətiyyən qınamaz...

İstefada olan polkovnik-leytenant, əməkdar müəllim, Silahlı Qüvvələrin Hərbi Akademiyasının baş müəllimi Bayram Məmmədovu belə tanımışam, belə tanıdıram: kamil insan.

1993-cü ili iyul-oktyabr aylarında qısa fasilələrlə mən də Zəngilanda olmuşam. Zəgilanın əksər müdafiə mövqeləində Zəngilanı müdafiə edənlərə səngər söhbətlərimiz olub. Bəzən günlərlə çəkib belə söhbətlər – atışma ara verəndə davam etdirmişik Vətən, torpaq, dövlət, dövlətçilik ünvanlı söhbətimizi. Onda bir ad da eşitmişdim: Bayram müəllim. Onu da öyrənmişdim ki, bu, təkcə ehtiram müraciəti deyil, Bayram müəllim ixtisası etibarilə müəllimdi, Xarici Dillər İnstitutunun ingilis dili fakültəsini və Bakı Soial İdarəetmə və Polotologiya İnistutunu bitirib, müəllim işləyir, illərlə ömrünün işığını zəngilanlı gənclərə verib. Həm də böyük səxavətlə. Müəllimin şagirdlərin dünyagörüşünün formalaşmasında, elmi mənimsəməsində, nitq qabiliyyətinin inkişafında, insanları (və insanlığı!) sevdirməkdə nələrə qadir olduğuna mən də yaxşı bələdəm. Səngərli söhbətlərdə Bayram müəllimin belə müəllim olduğunu eşidirdim. Onu da öyrənmişdim ki, Bayram müəllim ali təhsilli təbliğatçı kimi Zəngilan rayon Gənclər Təşkilatının idman və kütləvi-müdafiə işləri şöbəsini müdiri kimi illərlə gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində böyük işlər görüb. Daha müəllim deyil. Təəccübünü qürur əvəzləmişdi. "Bayram nüəllim müharibə başlayalı yerli müdafiə batalyonundadı, komandir də olub, indi alay komandirinin müavinidi, əsgərlərin sırasındadı, səngərlərdədi”, - dedilər. Bayram müəllimə rəğəti, ehtiramı hiss etmək çətin deyildi. O rəğbət, o ehtiram mənə sirayət etmişdi – vətənpərvərliyi sinif otaqlarından səngərlərə aparmışdı Bayram müəllimi. Bir vaxtlar müəllimi olduğu cavanları da batalyonda görəndə taleyinə şükürlər oxumuşdu, şükranlıqla demişdi, dediyi kəlmələri özündən savayı kimsə eşitməmişdi: "İllər hədər getməyibmiş, illəri hədər yaşamamışammış...”...

Batalyon döyüşürdü...

Döyüşənlər şükürataz ucalığında boy göstərirdi...

Batalyon düşmənin həmlələrinin, hücumlarıı qarşısını qətiyyətlə alırdı...

Komandirin döyüşənlərə ehtiramı Vətənə, dövlətə, dövlətçiliyə sədaqətlə köklənmiş ehtiramıydı və səngərlə məhdudlaşmırdı. Bu ehtiram özünü komandir – zabit, komandir - əsgər münasibətlərində də göstərirdi; yaralı hərbçinin yarasının giziltisini canında, ruhunda hiss edirdi, komandir. Bunu hamısı hiss edirdi...

Döyüşlərdə özü də iştirak edirdi. Tanıyanlar ona "Döyüşən komandir” deyirdi.

Döyüşlərin birində əsgərlərdən birinin yaralandığını görüb komandir. Ona döyüşün içindən çıxartmaq üçün kimsə səsləməyib, kiməsə göstəriş verməyib, yaralı əsgərin imdadına özü çatıb. Əsgərə tibbi yardım göstərilib. Az sonra həkim deyib ki, gecikdirilsə yaralı əsgər qanaxmadan keçinirərdi...

Batalyona peşəkar zabit komandir təyin olunanda kapitan Bayram Məmmədovun səmimiyyətlə dediklərini eşidənlər o kəlmələri yəqin ki, heç zaman unutmayacaqlar; o kəlmələr unudulası kəlmələr deyildi. O kəlmələr təkcə səmimiyyətlə deyilmiş fikirlərin ifadəsi deyildi, həm də bu fikirlərdə Vətənə sevgi vardı, ordu quruculuguna ehtiram vardı, azərbaycançılıq vardı, milli mentalitetə sədaqət vardı: "Ordu peşəkarlığı sevir. Biz Vətəni qorumaq üçün burdayıq. Azərbaycanlı zabitlər rus ordusundan Vətənə qayıdana kimi bizə ehtiyac vardı. İndi də ehtiyac var, ancaq başqa hərbi vəzifələrdə. Zabitlərimiz qayıdıb, qayıdır. Ordumuz nizami ordu kimi formalaşacaq. Biz haranı məsləhət görsələr orda xidmət edəcəyik. Həm də məsuliyyətlə, sevərək xidmət edəcəyik...”.

1993-cü ilin oktyabr ayının sonuna bir gün qalmışdı. Mən də Zəngilandaydım – mühasirədə qalmış Zəngilana Seyidağa Mövsümüylə İran ərazisindən uçmaqla helikopterlə getmişdik. Son döyüşlərəcən zəngilanlıların yanındaydıq...

Bütün zəngilanlılar kimi Arazı mən də keçdim, ürəyimdə dərd yükü. Orda Arazın sahilindən Zəngilana sarı qəhərlə baxan çarəsizləriydik, digərləri kimi biz də, Bayram müəllim də. O vaxtdan indiyəcən Bayram müəllimin də "ən sadə, mürəkkəb cümləsinin mübtədasi” Zəngilandı...

Vətən sevərlərlə kamil insan deyirlər; Bayram müəllim Zəngilanı, Zəngilanın timsalında Azərbaycanı varlığıyla sevir.

1994-cü ilin oktyabrında mənim ssenarimlə Müdafiə Nazirliyinin Sənədli və Tədris Filmləri Kinostudiyasında Nizai Abbasın rejissorluğuyla "Həsrət” sənədli filmi hazırlandı. Film üçün yazılmış şeiri, şeirə Aydın Ağasıyevin bəstələdiyi musiqini dinləməkdən doymayanlardan biri də Bayram müəllimdi; bu, təkcə vətənsevərlik deyil, həm də erudisiyanın genişliyidi...

Bayram müəllimin kiçik oğlu Orxan idmançıdı, kifayət qədər nüfuzlu idmançıdı. Neçə-neçə beynəlxalq turnitin qalibidi, dördünçü dan qara kəmərə layiq görülmüş idmançıdı, idman ustasıdı. "Mən onunla təkcə oğlum kimi yox, həm də Azərbaycan vətəndaşı kimi qürurlanıram. Beynəlxalq turnirlərdə, Avropa və dünya birinciliklərində qalib gələndə onun qələbəsi şərəfinə Azərbaycanımızın dövlət himni səsləndirilir. Azərbaycanı sevənlərin hamısı mənim oğulumla qürurlanır. Onda deyirəm ki, mən xoşbəxt atayam...”...

İnsanları, insanlığı, bəşəriliyi sevənlərə Kamil insan deyirlər; Bayram müəllim insanları, insanlığı, bəşəriliyi sevir...

Ruhu milli-xəlqi ruhun zərrəsi olanlara Kamil insan deyirlər; Bayram müəllimin ruhu ruhu milli-xəlqi ruhun zərrəsidir...

Adət-ənənələrimizi yaşadanlara, xalqın tarixini, dövlətçilik tarixini bilənlərə, bildiklərini ətrafındakılara da aşılayanlara kamil insan deyirlər; Bayram müəllim adət-ənənələrimizi yaşadır, xalqımızın tarixini, dövlətçilik tarixini bilir, bildiklərini ətrafındakılara da aşılayanlardandır...

Xalqının mədəniyyətini, incəsənətini, ədəbiyyatını sevənlərə, ruhunu bu evginin pərvanəsi bilənlərə kamil insan deyirlər; Bayram müəllim xalqımızın mədəniyyətini, incəsənətini, ədəbiyyatını sevir...

...Mən istefada olan polkovnik-leytenant, əməkdar müəllim, Silahlı Qüvvələrin Hərbi Akademiyasının Xarici dil və Tərəfdaşlıq Mərkəzinin Roman-German dilləri bölməsinin baş müəllimi Bayram Məmmədovu belə tanımışam. Bilmirəm, sizə də taıda bildimmi...