Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | BİR ELİN DƏYƏRLİ AĞSAQQALI GETDİ Adalet.az | BİR ELİN DƏYƏRLİ AĞSAQQALI GETDİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

BİR ELİN DƏYƏRLİ AĞSAQQALI GETDİ

ATAXAN AĞAXAN OĞLU ŞİRİYEVİN ƏZİZ XATİRƏSİNƏ

5693    |   2019-08-09 16:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Həyatda elə adamlar var ki, haqqında söz demək çətindir. Gərək yaxından tanıyasan, təmas yaradasan, fəaliyyətinə bələd olasan, elinə-obasına xidmətini dəyərləndirəsən. Onda deməyə söz də tapılar. Haqqında ürək ağrısı ilə söz açacağım, bu diyarın hər guşəsində el ağsaqqalı kimi tanınan, xeyirxah əməlləri, qəlbimizdə əziz xatirəsi qalan bir insanın keçdiyi həyat yolunu qələmə almaq mənə şərəfdir. O, kimlər üçün övlad, kimlər üçün əmi-dayı, kimlər üçün qardaş, kimlər üçün də dost-sirdaş idi. Mən sonuncunu seçmişdim. Biz yarım əsr duz-çörək kəsmişdik. Xeyir-şərə bir getmişdik, uzaq səfərə bir yerdə çıxmışdıq. Onda insanlara sədaqət, doğma torpağa sonsuz məhəbbət görmüşdüm. Əli ürəyitək açıq idi, qapısına gələni naümid qaytarmazdı...

Orand elinə 1927-ci ildə sərt qış gəlmişdi. Kənd-kəsəyə yağan qar yol-bərəni bağlamış, gediş-gəliş seyrəlmişdi. Zərdəbərə kəndinin yastı-yapalaq evlərindən qalxan tüstü burada elat adamlarının yurd-yuva saldığından xəbər verirdi. Kiçik çilənin axrıncı günlərində ağsaqqal Şirin kişinin oğlu Ağaxanın ilk övladı dünyaya gəldi. Yaxınları, qonum-qonşu gözaydınlığına gəldilər. El adətinə görə kənd ağsaqqalları uşağa ad seçdilər, atasının adına yaraşdırıb Ataxan qoydular.

Ataxan qoyun-quzu dalınca gedəndə ölkədə repressiya başlanmışdı. Tuthatut Orand elindən də yan keçməmişdi. Sovet hakimiyyətinin sərt qanunları ilə barışmayan, azacıq var-dövləti olan kişilər, din xadimləri şərlənib ata-baba yurdundan didərgin salınırdı. Sonra İkinci Cahan müharibəsinin sorağı gəlib bu yerlərə çatdı. Cavan başıpapaqlılar ucdantutma cəbhəyə yola salındı. Az keçmədi Ataxanın anası Tərgül xala dünyasını dəyişdi. Bacısı Mərziyə ilə yetim qaldılar.

1943-cü ildə Ataxan yeddiillik məktəbi bitirdi. Onu Lerik Rayon Komsomol Komitəsində işə götürdülər. Uçot şöbəsində cəmi bir il çalışdı. 1944-cü ilin əvvəlində Zərdəbərədən xeyli uzaqda yerləşən Xanagah kənd sovetinin katibi təyin olundu. Səkkiz aya yaxın bu vəzifədə işlədi. Ağaxan kişi xeyli götür-qoydan sonra oğlunu Bakıya oxumağa göndərmək qərarına gəldi. Ata-bala məsləhətləşib birillik mühasiblər hazırlayan məktəbi seçdilər. Hazırlıq görüldü, dərslərin başlamasına bir həftə qalmış yola düşdü.

Ataxan təhsilini başa çatdırıb evə döndü. Nuravud kəndindəki kolxozda beş il mühasib işləyib təcrübə qazandı. 1950-ci ilin baharında gənc mühasib Lerik Rayon Kənd Təsərrüfatı İdarəsində işə dəvət edildi. On iki il təlimatçı-mühasib vəzifəsində fəaliyyət göstərdi. Ali təhsil almağın da qayğısına qaldı. 1962-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Institutunun iqtisadiyyat fakültəsini (qiyabi) bitirdi. Elə həmin il plan şöbəsinin müdiri təyin olundu. Savadlı, səriştəli iqtisadçı kimi dağ kolxozlarının iqtisadiyyatını qaldırmaqdan ötrü dəyərli təkliflər verdi, həyata keçirilməsinə nail oldu.

1969-cu ildə rayonda ən böyük təşkilat olan İstehlak Cəmiyyətinin rəhbərliyini möhkəmləndirmək zəruriyyəti yarandı. Məsələ partiya komitəsində müzakirəyə çıxarıldı. Ataxan Şiriyevin namizədliyi qərara alındı və payçıların yığıncağına tövsiyyə edildi. Yığıncaq uzun çəkmədi. Ticarətçilər onu razılıqla sədr seçdilər. Yeni seçilmiş sədr əhaliyə xidməti yaxşılaşdırmaqçün rayon mərkəzində və kəndlərdə yeni obyektlərin tikintisini ön plana çəkdi. Iki ildə şəxsi evlərdə və yarasız binalardakı mağazalar yeni obyektlərə köçürüldü. Kadr məsləsi də həllini tapdı. Gənclər cəmiyyətin vəsaiti hesabına texniki-peşə məktəblərində və texnikumlarda təhsil alıb qayıtdılar, işlə təmin olundular. Kəndlərdəki ticarət obyektlərinin əhalinin sayına görə ərzaqla, sənaye mallarıyla təmin edilməsi qaydasına düşdü, neqativ hallar aradan qaldırıldı.

* * *

"Sosialist Kubası” sovxozunda direktor işlədiyi illər Ataxan Şiriyevin ömür kitabına parlaq səhifələr yazıb. Bu təsərrüfat 1976-cı ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmışdı. Sovxoz üç kolxozun bazası əsasında təşkil olunmuşdu. Bir qəsəbəni və on dörd kəndin ərazisini əhatə edirdi. Kuba Respublikasından SSRİ-yə hədiyyə verilmiş zebular burda yerli şəraitə uyğunlaşdırılıb çoxaldıldı. Damazlıq təsərrüfatından digər respublikalara da zebular satılırdı. O dövrdə Azərbaycanda olan 5-6 milyonçu təsərrüfatlardan biri də Ataxan Şiriyevin səriştəliklə rəhbərlik etdiyi sovxoz idi.

Təsərrüfatın vəsaiti hesabına camaatın güzəranı yaxşılaşdı, tikinti-abadlıq geniş vüsət aldı. Cəngəmiran kəndi yaxınlığında yeni yaşayış məhəlləsi salındı. Mərkəzi malikanədə mədəniyyət evi, kiçik stadion tikildi, kəndlərə yollar çəkildi, körpülər salındı, abidələrin bərpasına və mühafizəsinə qayğı artdı.

Kuba Respublikası kənd təsərrüfatı nazirliyindən rayon partiya komitəsinin birinci katibi Babəli Ağayev və Ataxan Şiriyev dəvət almışdılar. 1979-cu il yanvar ayında səfər reallaşdı. Mərkəzi Komitənin birinci katibi Heydər Əliyev onları qəbul edib tapşırıqlarını vermişdi. Yolasalmada iştirak etmək mənə də nəsib olmuşdu. Binə hava limanına Ataxanla birgə getdik, Babəli də gəlib çıxdı. Səfər 10 gün çəkdi. Qayıdanda da onları qarşıladıq. Ataxan çox məmnun idi. Keçirdikləri görüşlərdən, gəzdikləri yerlərdən fərəhlə danışırdı. Onun səfər təəssüratını qələmə alıb "Sovet kəndi” qəzeti redaksiyasına göndərdim, yazı dərc olundu.

Aradan bir il keçmişdi. Kuba Respublikasının Moskvadakı səfirliyinin katibi Karsedonun Lerikə gələcəyi, zebuçuluq sovxozu ilə tanış olacağı xəbərini eşitdik. Qonağın səfəri ərəfəsində respublika Kənd Təsərrüfatı nazirinin müavini İmran Əbilov sovxozda hazırlıq işləri ilə tanış olmuşdu. Yola düşəndə mənə dediyi sözlər indi də yadımdadır: "Ataxanın nə köməyə, nə göstərişə, nə də məsləhətə ehtiyacı var”. Nəhayət, Karsedo Lerikə gəldi, sovxozda zebuların yetişdirilməsinə, direktorun təşkilatçılığına və işgüzarlığına heyranlıqla qayıtdı.

Ataxan Şiriyevin sovxoza rəhbərlik etdiyi on iki ildə təsərrüfat mükafatlara, fəxri fərmanlara və diplomlara layiq görüldü. Neçə-neçə zəhmət adamı orden və medallarla təltif olundu. Özü "Qırmızı Əmək Bayrağı” ordeni aldı. Sağıcılardan biri respublika Ali Sovetinə deputat seçildi. Heyvandarların və taxılçıların bir qrupu Moskvaya, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinə göndərildi.

Ictimaiyyətdə, eldə-obada Ataxanın nüfuzunun artmasını bəzi rayon rəhbərləri qısqanclıqla qarşılayır, işinə əngəl törətməkçün dəridən-qabıqdan çıxırdılar. Ancaq bu onun fəaliyyətinə zərrə qədər təsir göstərə bilmirdi. Əksinə, şöhrəti get-gedə respublikaya yayıldı, səsi mötəbər məclislərdən eşidildi. Nə qədər ciddi, nə qədər zəhmliydisə, bir o qədər də sadə, ürəyi yumuşaq, təvazökar idi. 1988-ci ildə respublikaya yarıtmaz rəhbərlik bu sovxozdan da yan keçmədi. Direktor ərizə verib iş yerini dəyişdi, Lerik Rayon Aqrar Sənaye Birliyinə rəis müavini təyin olundu. Az keçmədi birliyə rəhbərlik ona tapşırıldı. 1992-ci ilin sentyabr ayına kimi bu vəzifədə çalışdı.

Azərbaycan Respublikası Ali Sovetinə növbəti seçkilər 1990-cı ilin payızına təyin olunmuşdu. Ataxan Şiriyev rayonun yüksəlişi yolunda bir ömür can qoyduğu Lerik seçki dairəsindən alternativ yolla namizədliyini irəli sürdü. Seçicilər ona etimad göstərdilər. Xalq elçisi adını xeyirxah işləri ilə doğrultdu.

* * *

Lerik-Zuvand yolunun sol tərəfində əzəmətli bir buna ucalır. Bu, Ataxandan yadigar konserv zavodudur. Bünövrəsi onun təşəbbüsü ilə qoyulsa da, tikintisi yarımçıq qalmışdı. O, 1992-ci ildə zavodun direktoru təyin edildi. Çətinliklərə baxmayaraq şəxsi nüfuzu hesabına zavodu işə salmağa nail oldu, ilk məhsulu ticarət şəbəkələrinə yola salındı. Ətraf kəndlərdən oğlan və qızlar üçün iş yerləri açıldı.

Doxsanıncı illərin əvvəllərində respublikadakı hərcmərclik, özbaşnalıq Lerikdən də yan keçməmişdi. Vəziyyət ağır idi, ərzaq qıtlığı yaranmışdı, çörək talonla verilirdi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışı lerikliləri ürəkdən sevindirdi, Bakıdan ümid gözləyirdilər. 1994-cü ilin aprelində rayona rəhbərlikdə kadr dəyişikliyi aparıldı. Prezidentin fərmanı ilə Ataxan Şiriyev icra hakimiyyətinin başçısı təyin edildi. O, qısa zaman kəsiyində ərzaq qıtlığını aradan qaldırdı. Qonşu rayonlardan taxıl alındı, dəyirmanlar işə salındı. Kəndlərdə taxılçılığa diqqət artdı. Beləliklə, camaatın ata-baba yurdundan köçməsinin qarşısı alındı, əkinci torpağa bağlandı.

Ataxan Şiriyev 1956-cı ildən 1990-cı ilə qədər bütün çağırışlarda rayon sovetinin deputatı seçilmişdi. Uzun müddət rayon partiya komitəsinin üzvü olmuşdu. Bir neçə mötəbər təşkilatın fəxri fərmanları ilə təltif edilmişdi. Dövlət qulluqçusu kimi təqaüd alırdı. Rayonun ictimai həyatında fəal iştirak edir, zəngin təcrübəsi, təşkilatçılığı gənclər üçün həyat məktəbinə çevrilmişdi.

* * *

Ataxan Şiriyev həm də bir nəslin yolgöstərən ağsaqqalı, böyük bir ailənin başçısı idi. Şaxanım anayla 9 övlad böyüdüb ərsəyə çatdırıblar. Hərə bir peşə sahibidir. Oğlu Azadın 50 yaşında ölümü ürəyinə dağ çəkmişdi. Bakıya yolu düşəndə məzarı ziyarət etməklə təskinlik tapırdı, göz yaşlarını ürəyinə axıdırdı. Xəstəliyini büruzə verməsə də, dağ kimi bədəni ərimişdi. Iyulun 9-da vəfatını eşitdik. Ehtiramla torpağa tapşırdıq. Məzarı başında xalq şairi Vahid Əzizin bu misraları yadıma düşüb gözlərimi nəmləndirdi:

Dostlar itirməyim taleyin qəsdi,

Get-gedə çəkilir ürəkdən isti,

Eləsi var idi-nəfəsi bəsdi.

Şirim, nərim gedir, aslanım gedir.

Bir-bir etibarlı dostlarım gedir.

Nur içində rahat yat, elin dəyərli oğlu. Yerin behişt, ruhun şad olsun, əziz dost, gözəl insan. Həmişə minnətdarlıqla yad ediləcəksən. Ulu Tanrıdan sənə rəhmət diləyirik!


Həmzə Vəliməmmədov,

Əməkdar jurnalist

05.09.2019




İmza:
SON XƏBƏRLƏR
2019-10-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK