ANA SƏHİFƏ / ƏDƏBİYYAT

VAXTSIZ İTİRİLMİŞ DÜNYA

Aydın Tağıyev

7705    |   2019-08-05 17:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


"Xatirə yarpaqları”ndan...


Namiq Abdullayevin adı ötən sərin 70-ci illərində yazıçı kimi oxuculara, həm də televiziya tamaşaçılarına yaxşı tanış idi. Namiq Abdullayev o illərdə tanınmış, məşhur adamlardan idi. Qardaşı Tofiq həkim bizim Şabranın (keçmiş Dəvəçi) adlı-sanlı can həkimlərindən idi. Tibb işçisi olan atamla da yaxın münasibətlərdə idilər. Bəlkə də bu münasibət iş yoldaşlığından savayı Abdullayevlərin həm də bizə uzaq qohumluqları çatdığından idi.

O illərdə mən M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və ədəbiyyatı İnstitutunun yuxarı kurslarının tələbəsi olanda Tofiq həkimin oğlu Vitya da bizim ali məktəbə qəbul olunmuşdu. Yataqxanada ayrı-ayrı mərtəbələrdə qalırdıq. Tofiq həkim yuxarı kurs tələbəsi kimi mənim onun aman-zaman, ərköyün, ev uşağı olan oğlundan, necə deyərlər, muğayat, göz-qulaq olmağımı atamdan xahiş etdi.

Vityanın əmisi Namiq Abdullayev də o illərdə respublika televiziyasında çalışan ən mötəbər, nüfuzlu vəzifə adamlarından biri idi.

Yuxarı kurs tələbəsi olan həmyerlisi kimi mənim ona qarşı canıyananlığımı, qayğımı qiymətləndirən Vitya da "borclu” qalmaq istəmədi. (Bəlkə də atası Tofiq həkim tapşırıbmış). Mənim yazı-pozu ilə məşğul olduğumu, hətta mətbuatda çap olunduğumdaan xəbərdar olan Vitya bir bazar günü məni də özünə qoşub əmisigilə qonaq apardı ki, onunla tanış etsin, Namiq müəllim də mənə mümkün köməklik etsin.

Yaz ayları idi. Gərək ki, Novruz bayramı idi. Təbii ki, Namiq müəllim sevimli qardaşı oğlu ilə birgə məni də mehriban bir ev yiyəsi kimi qarşıladı. Tələbəlik illəri yaşamış Namiq müəllim ev xörəklərinin tamarzısı olan biz qonaqlarını ilk əvvəl süfrəyə dəvət etdi.

Onsuz da yeyimcil olan Vitya doğma əmisinin ilk təklifindən sonra iştahla yeməyə girişdi. Təbii ki, mən isə ilk dəfə qonaq olduğum evdə, özü də tanınmış bir yazıçı ilə üzbəüz oturub süfrəyə əl uzatmağa nəfsim çəksə də utanıb sıxılırdım. (İndi burasını da deyim ki, bir masa arxasında əyləşib tikə kəsdiyim ilk yazıçı elə Namiq Abdullayev olub.)

Təbii ki, qardaşı Tofiq həkim də, Vitya da mənim yazı-pozu ilə məşğul olduğumu ona demişdilər.

Namiq müəllim hələ də əlimi süfrəyə uzatmadığımı görüb özünə xas bir tonda: - Deyirlər ki, sən də qələm adamısan. Yazıb-pozursan... Yox. Bu utancaqlıqla səndən yazıçı-filan çıxmaz.


Və... Namiq müəllimin mənim yazı-pozu ilə məşğul olmağıma şübhəsi qalmasın deyə ürəklənib utancaqlığı bir kənara qoydum.

Aradan illər keçəndən sonra başa düşdüm ki, qonaqpərvər, həm də hal əhli olan Namiq müəlllim məni çörək yeməyə cəsarətləndirmək üçün beləcə "qorxudurmuş...”

Əslində isə, demə, Namiq Abdullayev özü ən utancaq yazıçı imiş...

Namiq Abdullayevin "İtirilmiş dünya” adlı fantastik povestini hələ orta məktəb illərində oxumuşdum. Sonralar da onun bir-birindən maraqlı əsərlərinin oxucusu oldum.

Səksəninci illərin ortalarından sonra Namiq müəllim keşməkeşli, tənha bir ömür yaşadı. Əli hər şeydən üzülmüşdü, elə bil dünyadan küskün idi.

1992-ci ilin sentyabrın 22-də 64 yaşında dünyasını dəyişən bu gözəl insan, maraqlı yazıçı cavanlıq illərində yazdığı "İtirilmiş dünya” povestində sənətkar fəhmi ilə sanki, duymuşdu ki, o da öz dünyasını vaxtsız itirəcək.

İyul, 2019




İmza:
SON XƏBƏRLƏR
2020-07-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK