adalet.az header logo
  • Bakı 19°C
01 Avqust 2019 10:44
37484
SAĞLAMLIQ
A- A+

Doktor Adil Qubadov

Əgər Allah insanların yalvarışlarına qulaq assaydı, onda adamlar

çoxdan ölüm qurtarmışdılar

Epikür

yunan filosofu

Çağdaş Azərbaycan şeirinə orijinallığı ilə güclü təsir edən Əli Kərimin belə bir misrası var: "İnsan dünyaya bənzər”. Bu fikir bu və ya başqa tərzdə müxtəlif elm, sənət adamları tərəfindən işlənib. Həqiqətən insan balaca vücudunda dünyalar gizlətməyə qadirmiş. Bir anlığa insan təfəkküründən qidasını götürən elmi kəşfləri və icadları, dahilərin yaratdığı ədəbi-mədəni əsərləri götürək. Bunlar birdimi, ikidimi... sadalayaq?

Mən uzun müddət yaxşı tanıdığım, uşaqlıqdan eyni rayonun eyni kəndində birgə böyüdüyümüz, mehr-məhəbbət saldığım bu şəxs haqqında mütləq nəsə yazmaq istəyirdim. Məqamı çatmırdı. Çünki tərcümeyi-halın əzbər bildiyin, nəsli-nəcabətini sevdiyim, kökünə-zatına bələd olduğum bir insan haqqında material-məqalə qələmə almağa sanki hazır deyildim. Ona görə yox ki, çətinlik çəkirdim. Ona görə ki, bu qəhrəman mənə doğmadan doğma idi. Adil doktoru bu dərəcədə yaxından tanıdığımdan yazımı hansı gözəl sözlə başlamağımı ayırd edə, ağlıma gətirə bilmirdim. Çünki o, nəzərimdə ən yüksək tərifə layiqdi, çaşıb qalırdım, şəninə yaxşı sözlərin hansını seçim.

Hələ ki, Adil həkimin qısa bəlli avtobioqrafiyasını – yəni, 1955-ci ilin 3 iyul tarixində Lerikin Rvarud kəndində kolxozun ilk partiya təşkilatı katibi Babaş Qubadovun çoxuşaqlı ailəsində doğulduğunu qoyaq bir kənara. Bir qədər ötən tarixə nəzər yetirmək, yaddaşımı varaqlamaq, məşhur həkim-uzmanın uşaqlıq-yeniyetməlik çağlarına baş vurmaq istəyirəm. Axı, o yaddaşın yarpaqlarında bu sətirlərin müəllifi də var və mən hərdən-hərdən özüm-özümü tapmaq üçün itirdiyim o uzunsov, ciliz, inadkar kənd uşağını görməkdən ötrü mütləq geridönüş edib arxaya boylanır, xəyallara dalır, xatirələrə üstünlük verirəm. Sonralar qələmə aldığım bir şeirimin misralarında deyildiyi kimi...

O günlər, o günlər lap çoxdan ötüb,

Ötüb yan-yörəmdən, böyür-başımdan.

Şirinliyi damağımdan getməmiş,

Gözlərimin qabağından getməmiş...

Onda üç nəfər olardıq: üç qohum, dost, Adil, Muğdad ("öldü” deməyə dilim gəlmir, Gəncə yolunda 1989-cu ildə avtomobil qəzasında gözlərini həyata əbədi yumdu) və mən. Elə ki, sentyabrın 1-də məktəb zamanı gəldi (o zaman bu tarix həm də "Bilik günü” sayılırdı), üçümüzün arasında yarışma başlanırdı. "Oxu” yarışması. Dərsdənkənar vaxtlarda kənd klubunda, daha doğrusu, idarə binasında yerləşən kitabxanaya gedir, Azərbaycan və dünya klassiklərinin əsərlərini tapır, özümüzlə götürüb evə aparır, hərisliklə, vurğunluqla gecə-gündüz mütaliə edirdik. Kitabxananın müdiri, ipək təbiətli insan Abdulla Şirməmməd oğlu daha əlimizdən təngə gəlmişdi. Kitabı zədələyən, vərəqlərini çıran, içini yazan oxucu, sənətini sevən Abdullanın düşməniydi. Elə yüksək savadı olmasa da, bu nurani şəxs tez-tez alıb apardığımız kitablardan bizi sorğu-suala tutur, mütaliə edib-etməməyimizi yoxlayır, tam əminlikdən sonra yaxamızdan əl çəkirdi. Bir də görürdün səsi hündürdən gəldi: "a bala, iyirmi gündə filan kitabdan 2-3 hekayə də oxumamısan. Bəs onu evinə sərgiyə aparmışdın? Səndən bədii ədəbiyyat oxuyan çıxmaz, qaytar kitabı: "Və ya amiranə surətdə kiminsə dalınca "Hayıf, valideynlərinin zəhmətinə, yerə vurursan. O boyda Nizami Gəncəvinin bir beyt şeirini əzbərləməmisən. müəllimlərinə deyərəm, daha kitabxanaya ayaq basma” söylənir, hirsini-hikkəsini tökürdü. Kitabı səliqə ilə saxlayanlar, oxuyanlar eynini açırdı: "Ə, filankəs, get, partkomun oğlu Adildən kitabla davranmağı, bədii ədəbiyyatın mütaliəsini öyrən. onu tapmasan, Xosrovun oğlu Muğdad Talıbovdan necə oxumağı öyrən...”

Balaca dağ kəndinin iki kitabxanası vardı: biri məktəbinki idi, digəri söydədiyim kimi kolxozun. Artıq yeddinci sinifdə oxuyarkən, bütün kitabları mütaliə edib qurtarmışdıq. Hərdənbir qonşu kəndlərə yollanır, oxumadığımız ədəbiyyatları tapıb alırdıq. Yalnız tanışlıq verəndə sonra. Tikəbandlı Nuru səmimi kişiydi. Kitab oxuyanı dərhal seçirdi və bizə hərdənbir əl uzadırdı. Qonşu Təngəbin kəndində kitabxanada mərhum İbrahim Ağayev işləyirdi, müharibə veteranıydı, bir ayağından şikəst idi. Bərk əsəbi olduğundan, kitabı göz bəbəyi kimi qoruduğundan hər yoldan keçəni kitabxanaya üzv eləmirdi. Atamla yaxınlığı vardı və məni tanıdığı üçün görən kimi dərhal işarəylə "Hüseynin oğlu, sən keç içəri, seç götür, nə istəyirsən, ancaq yoldaşlarına hələlik etibarım yoxdur, sonra baxarıq, onları da əliboş qaytarmaram” – bildirirdi. Hirsli vaxtlar isə gözünə görünmək mümkün deyildi, yalnız mülayim çağlarında İbrahim kişinin qılığına girmək, onu ovsunlamaq olurdu. Bir dəfə isə kənd sakini, işıqlı ziyalı kimi tanınan, Lerikdə həmişə yüksək vəzifələrdə çalışan ixtisasça tarixçi Yəhya Ağayev bizi kitabxananın qarşısında görüb xeyli təəccübləndi.

- Uşaqlar, səhər-səhər xeyirdimi?

- Yəhya əmi, kitabxanaçını gözləyirik, ondan təzə kitab götürəcəyik – cəsarətlə sarışın Adil cavab verdi.

Dağ gövdəli kişinin çöhrəsi açıldı, sifətindəki qəribə təbəssümü sezməmək mümkün deyildi. "Əhsən, əhsən, a başınıza dönüm, oxumaq yaxşı şeydi” – deyib kəhər atına minib göz qırpımındaca itdi.

Şeir, nəsr, publisistika – nə kitab əlimə keçirdi, qalınlığına baxmırdım, alıb ikicə gündə oxuyub başa çatdırırdım. Və bədii kitaba olan bu alüdəçiliyi, yaxşı vərdişi məndən iki yaş kişik Adildən öyrəndim. Adil fitrətən təmiz, sadəlövh, səmimiydi, adama inanır, etibar edirdi. Və uzun illər ötüb orta məktəb illərindən, o, yenə saf, büllur kimi qalıb, hiylə, fırıldaq, aldatmaq nə olduğunu bilməz. Yaxşı pediatr kimi tayı-bərabəri yox idi, uşağın rəngi-ruhuna baxıb diaqnoz qoyurdu. Özü də dəqiqliyiynən. Ancaq Adil Lerikin ucqar Əliabad kənd xəstəxanasında, qəsəbənin mərkəzi uşaq şəfaxanasında məşhur həkim kimi tanınsa da, arzuları böyük idi, dar ixtisasla məhdudlaşmaq istəmirdi. Təbii ki, qarşıda Bakı vardı, təcrübəni artırmaq, görüb-götürmək, inklişaf etmək üçün paytaxt şəhərdən misilsiz yer yox idi. Axı, möhtəşəm elm məbədləri, tibb ocaqları ilə yanaşı, sevdiyi müəllimlər də Bakıdaydı və gələcəyə yol burdan keçirdi.

Adil Qubadovun dediklərindən: Rəhmətlik Babaş atam partkom olduğu üçün kolxozun inzibati idarə binasında yerləşən kitabxananın da açarını özündə saxlayırdı. Atam hərdən məni ora göndərirdi. Mən bu fürsətdən istifadə edib günaşırı kitabxanaya yollanır, yeni gətirilən jurnallarla, kitablarla tanış olurdum. Rəhmətlik kişi bu sevgimi görüb xeyli şadlanır, kefi durulurdu. Xüsusən mütaliə edən yerdə mənimlə rastlaşanda. Əlbəttə, "Azərbaycan”, "Ulduz”, "Qobustan” kimi jurnalları ilk dəfə orda gördüm, sonra əl çəkmədim. Şübhəsiz, yaxşı həkim olmaq üçün mütləq gərək təbiət elmlərini mənimsəyəsən. Həmin elmlər konkret ünvan nişan verir. Ancaq bədii söz xəzinəsi isə başqa aləmdi. Etiraf edim ki, təfəkkürümün inkişafında, hərtərəfli formalaşmağımda, cəmiyyətdə tanınmağımda, natiqlik məharətimin artmağında kitab oxumağımın mənə ciddi təsiri olub. Indi xəstə qabağında utanıb-çəkinmədən rəvan nitqimlə istədiyim fikri ifadə eləməkdə çətinlik çəkmirəm. Söz üçün gəzmirəm, üstəlik, yaxşı şeir parçaları ilə, zərb məsəllərlə, hikmət boğçası ilə xəstəyə ürək-dirək verir, könlünü açır, ovqatını qaldırıram. Onun bəlkə də dava-dərmandan, məlhəmdən və iynədən daha artıq xeyri dəyir. Çünki bədbin adamın, stresi olan azarlının mütləq müalicəsinin başlanğıcında gərək könlünü açmağı bacarasan. Axı, islam Peyğəmbəri Həzrəti Məhəmməd məşhur "Nəhcül-Hidayət” kitabında nahaq nəsihət etməyib: "Gözəl, səlis və aydın danışıqlar sehr kimi əsrarəngizdir”, yəni, xoş söz adamı ovsunlaya bilər, tənəzzüldən qurtarar, çünki söz Allahdan gəldiyi üçün canlıdı, diridi.

O zaman biz biləndə ki, Adil Kitabxananın açarını özündə saxlayır, həmin gün toy-bayramımız idi. istədiyimiz vaxt şagird dostumuzun qılığına girib gedib kitab götürə bilərdik. Ancaq bunu Adilə necə deyəydik, axı onun səlahiyyətinə aid məsələ deyildi. Düşündük ki, o bu barədə atasına məsləhət eləməlidir. Muğdad məsələ deyildi. Düşündük ki, o, bu barədə atasına məsləhət eləməlidir. Muğdad rəhmətlik indi olmasın, mənə dedi, sən yaxşısan, bizdən yaşça böyüksən, vəziyyəti başa sal, bizə də kitab götürüb versin. Mən çəkinmədən bu barədə onunla danışdım. Adil bildirdi ki, burda pis nə var ki? Kitablar yazılıb, oxumaq üçün. Hansını istəyirsiz, seçib götürün. Bir şərtlə ki, vaxtında qaytarın. Çünki bəzi nümunələrdən cəmi bir nüsxə olur, başqaları da istəyir. Abunəçiləri peşiman qaytarmayaq. Daimi oxucular var, axı...

Adili götürüb kitabxanaya yollandıq. Gözümüz kəlləyə çıxdı, nə qədər yeni kitab vardı, bir neçə aya oxuyub-qurtarmaq olmazdı. Məni Məmməd Səid Ordubadinin "Qılınc və Qələm” romanı çəkdi. Bu sanballı ədəbi nümunə qalın idi, səhifələrinin sayı minə yaxın idi. Deyəsən, Adildən başqa hələ kənddə heç kəs Məmməd Səidin əsərini oxumamışdı. Bunu, qatı yenicə açılmış kitabın fəsilləri deyirdi. Adil dilini dinc qoymadı: "yaxşı, kitabdan yapışmısan, bircə aya tamamlasan, adımı dəyişərəm”. Sonra nə düşündüsə, könlümü almaq istədi: "surətli oxuda sənin tayın, bərabərin yoxdu. Yəqin bir həftəyə kitabın kürəyini yerə vurarsan” dedi. O, düz praqnoz vermişdi. Mən, "Qılınc və Qələm”i beş günə oxuyub qurtardım. Bəzən hətta gecələr elektrik işığını söndürür, lampa işığında mütaliəmi davam etdirirdim. Bəzən də gecələr oyanan atam mənə əsəbiləşir, "o nədi, aludə olmusan, nağıl oxuyan vaxtındı, əvəzində dərslərini öyrən” – deyə əsəbi surətdə söylənir, üstümə çığırırdı. Lampanı söndürən kimi yuxum qaçır, əsərin qəhrəmanları sanki üstümə tökülüşürdülər, səhərəcən qurcalanır, yata bilmirdim.

Adil Qubadov orta məktəb illərində təkcə ədəbiyyatı deyil, bütün digər fənnləri də dərindən bilir, mövzuları mənimsəməkdə usta idi. Mənim isə ədəbiyyata münasibətim bambaşqaydı. Buna oxumaq demək azdı, bu dəlicəsinə vurulmaq idi. Yer belləyirdim, kitab yanımdaydı, meşəyə oduna gedirdim, kitab qoltuğumdan düşmürdü, qoyun-mal nobatına yollayırdılar, günüm bədii ədəbiyyatsız keçmirdi. Özü də nə oxuyurdum, həkk olunurdu maqnit kimi yaddaşıma, əzbər öyrənirdim. Şeirlər, poemalar beynimdə, ürəyimdə əbədi yuva qururdu.Bir gün Adilə dedim, bilirsən, mənim nə qədər şeirim var. İki dəftər doldurmuşam. O, heyrətlə mənə tərəf baxdı: "Sabah gətir oxuyaq, görək zəhmətinə dəyər, ya yox”. Cavabında dedim ki, əzbər bildiklərim də var, gəlsənə, sabah gətirib Aydın müəllimə göstərək. Axı o, ədəbiyyat müəllimidi, deyəsən, hərdənbir şeir də yazır. Əgər, desə yaxşıdı, yazmağı davam etdirəcəyəm, desə, zəifdi, hamısını cırıb yandıracam. Adil xeyli düşünəndən sonra "Daha niyə cırıb atırsan, zəhmətinə heyfin gəlmir, bəlkə gələcəkdə böyük şair çıxar səndən, onda bu əlyazmaların xiffətini çəkərsən”. "Bəs sən bunları hardan bilirsən, heç mənim ağlıma da gəlmir” – söylədim və söhbətimiz bitdi.

Səhərisi gün nə Adilə, nə də Aydın müəllimə şeir dəftərlərimi göstərmədim. Utandım ki, məni lağa qoyarlar. Bunlar nədi, adi cızmaqaralar, cır at zibilliyə...

Bir neçə il Lerikdə uşaq həkimi işlədikdən, el arasında şəxsi nüfuz və hörmət qazanandan sonra 1983-cü ildə Adil qəti qərar qəbul elədi. Böyük arzularına yetmək, alim olmaq, şəxsi qənaətlərini, tədqiqatlarını yekunlaşdırmaq. Ilk növbədə iş tapmaq lazım idi. Sənətini kamil bilən həkimin Respublika Səhiyyə Nazirliyinə müracviəti cavabsız qalmadı. Onu Bakı şəhər təcili və təxirəsalınmaz tibbi yardım stansiyasında ştatlı işə götürdülər. Bu vəzifədə nə az, nə çox ta 1996-cı iləcən külüng döydü. 1996-cı ilin ortalarında vəzifəsi böyüdü, şöbə müdiri qoyuldu.

Dəfələrlə Bakıda və Moskvada ixtisasartırma, ixtisasdəyişmə kurslarında olan, daim öyrənən, təkmilləşən, kitab əlindən düşməyən Adil həkim hazırda iki cəbhədə fəaliyyətini davam etdirir: Bakının Bakıxanov qəsəbəsində və yaşadığı Hövsan yaşayış məskənində, evi sanki şəxsi klinikasıdır. Bu zəhmətsevər millət fədaisi üçün yuxu-istirahət yoxdur, gecənin istənilən anında qapısını döyürlər. Axı o, digər peşə dostlarından fərqli bu qayda-qanunu özü qoyub, riayət eləməyə də borcludur. Hippokrat andına sədaqəti ilə seçilən bu sadə, açıq qəlbli insan 2006-cı ildə müqəddəs Həcc ziyarətində olub və Allah evini ziyarət edərkən "həyatımın ən yüksək amalı Allaha pənah olmaq və xalqa xidmət göstərməkdir” söyləyib. Və həqiqətən əməlləri fəaliyyətini təsdiq edir.

O, daim xalq arasındadır və adi adamların içindədir. Adil həkimi tanıyanlar həmişə onunla ünsiyyətdə olmaq istəyir, faydalı məsləhətinin, sözünün cazibəsindən hələm-hələm qurtula bilmirlər. Münasibət isə səmimiyyət üstündə qurulub və qarşılıqlıdır: "el-oba bu xeyir-şər adamını, ağır günün dostunu sevdiyi kimi, o da insanları sevir, ona inanan hər kəsə məhəbbət bəsləyir. Bir dəfə isə yəni 2005-ci ildə az qala həkim-uzmanı siyasətə çəksinlər. Həmin il Milli Məclisə seçkilərə qatılan Adil Babaş oğlu yalnız axırıncı turda, cüzi fərqlə alternativindən geri qaldı. Ruhdan düşmədi, "yaxşı həkim onsuz da millətinin, daimi vəkilidir” sözləri ilə bir daha özünə rəğbət qazandı. Bax, bizim hacı Adilin bir özəl və gözəl xüsusiyyəti də qismətlə barışmaqda, qane olmağındadır. Mərhum Zinnət ananın öyüdləri həmişə həyatda köməyimə çatır.

2004-cü ildən Ümumrusiya Ozonterapevtlər cəmiyyətinin üzvü, Allah adamı, "Babam Qubad Kərbəlada dəfn edilib” təsəllisiylə həmişə öyünən, tez-tez Azərbaycan televiziyasının birinci kanalında efirə çıxan, məntiqli nitqi və dinləyicilərə birbaşa cavabları ilə hər kəsi heyran edən tanınmış təbib-loğman Moskvada elmi iş götürüb başa çatdırıb. Dissertasiyanın mövzusu maraq doğurur: "Azonterapiyanın Azərbaycanda tətbiqi, yayılması və müalicə müxanizmləri”. Bu iş əslində praktik təcrübə ilə elmi-nəzəri araşdırmanın vəhdətidir. Dərmansız-iynəsiz müalicəyə üstünlük verən Adil həkim bel yırtıqlarının ağrısız, əməliyyatsız müalicəsində bəlkə də respublikada əsas fiqurlardan biridir.

Ailəsində beş uşaq böyüyüb. Gülnarə, Könül, Fərrux, Mehparə, Fərhad. Onların arasında ali təhsillisi də var, tələbə həyatını yaşayanı da. Övladları ata yolunun sənətdə davamçıları olmasalar da, olmaq arzusundadırlar. Bu sətirlər də Adil həkimin yanında müalicə kursu keçən şair dostum Dayandur Sevginin sözləridir: "Allah-Təala Adil müəllimə öz nurundan əxz edib. Sözsüz, o, seçilmiş bəndədir və insanlığın fövqündə dayanır. Həkim kimi isə onun mənim üçün tayı-bərabər, misli yoxdur. Mən o kişinin vurğunuyam”.

Ağacəfər Həsənli