ANA SƏHİFƏ / YAZARLAR

BAŞINI DİK TUT, TÜRKİYƏ

(Türk min illərin gün işığıdı, nə qədər basdırsan, yenə torpağın üstündə qalar)

17288    |   2010-03-03 02:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(Türk min illərin gün işığıdı, nə qədər
   
   basdırsan, yenə torpağın üstündə qalar)
   
   
   
   Bu fikir Azərbaycanın görkəmli şairi Vaqif Bayatlı Odərə aiddi. Dahiyanə deyilmiş bir sözdü. Ən bədbin günlərimdə onun bu misrasını yada salıb ürəklənirəm, kürəklənirəm, qəddimi düzəldirəm.
   
   Dünya bərqərar olandan ən böyük xalqlar belə zaman-zaman işğal altında yaşamışlar, özlərinin dövlətləri, bayraqları olmayıb. İngilisindən tutmuş fransızına qədər, fransızından tutmuş amerikalısına qədər, çinlisidən tutmuş ərəbinə qədər. Tarixə bir nəzər salın, görəcəksiniz ki, heç vaxt bütövlükdə türk xalqını kimsə əsarət altında saxlaya bilməyib. Bütün dünya üstünə tökülsə də, hardasa bir türk dövləti öz bayrağını qaldırıb, öz dövlətçiliyini qoruyub saxlayıb.
   
   Qurdu heç vaxt əsarətdə saxlamaq olmaz. Qurdu heç vaxt ayı kimi, şir kimi, pələng kimi, bəbir kimi, timsah kimi sirkə çıxarmaq olmaz və olmayıb da. Tələyə düşən qurd dişləriylə pəncəsini kəsib atır və tələdən xilas olur.
   
   Qurddan doğulan milləti də əsarətdə saxlamaq olmaz.
   
   XX əsr yenə də bütün dünyanın türklərə savaş açdığı bir əsr oldu. Amma dünya türklərin qarşısında aciz qaldı. 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti türk bayrağını qaldırdı, 1923-cü ildə Türkiyə türk bayrağını yenidən qaldırdı. Dünya dövlətləri tərəfindən darmadağın olmuş Osmanlı imperiyasının yerində Atatürk güclü, qüdrətli bir Türk Respublikası yaratdı və bütün dünya ölkələrini də yerində oturtdu. Qarabağlılar demişkən, Atatürk ağızlarını açıb türkləri yemək istəyən dünyanın böyük dövlətləri susdurdu.
   
   Amma türkə qarşı savaş hər gün davam edir, XX əsrin sonlarında və əsrin əvvəllərində daha qlobal bir hücuma keçdilər bizlərin üstünə. Amma yenə deyirik, biz gün işığıyıq, bizi basdıra bilməzlər.
   
   Bizim müvəqqəti olaraq 20 faiz torpağımızı işğal edə bilərlər, amma ruhumuzu, qanımızı, mənəviyyatımızı, şərəfimizi işğal edə bilməzlər.
   
   Sabah ABŞ Konqresində uydurma "erməni soyqırımı" yenidən müzakirə ediləcək. O uydurma "erməni soyqırımı" təkcə Türkiyəyə qarşı deyil, bütün dünya türklərinə yönəldilmiş bir təzyiq vasitəsindən başqa bir şey deyil. Biz belə təzyiqləri çox görmüşük və hələ çox da görəcəyik. Belə şeylərlə bizi sındırmaq olmaz, bizi əymək olmaz. Milçək bir şey deyil, sadəcə ürək bulandırır. İndi bu uydurma "erməni soyqırımı"nı tanımaq istəyənlər və tanıyan milçəklər ürək bulandırmaqdan başqa əllərindən, filan yerlərindən heç nə gələn deyil.
   
   Yenə dünya mətbuatı ermənilərə yas tutmağa başlayıb. Amerikanın televiziya kanallarında türklərin vəhşiliyi haqqında verilişlər yayımlanır, bir faşist obrazı yaradılır. Qısa zaman kəsiyində 1 milyon 500 mindən artıq İraq ərəbini qətlə yetirən ABŞ "göz yaşlarını" tuta bilmir.
   
   Srağagün Rusiyanın HTB televiziya kanalı (özü də bu kanalın bir neçə yayımı var də: HTB-1, HTB-2, HTB-3, HTB- 4, HTB+ və sair və ilaxır) "Ermənistanın göz yaşları" adlı bir saatlıq bir veriliş yayımladı, özü də bütün yayımlarında, arada bir saat fərq qoya-qoya. Erməniləri məzlum, yazıq, filan göstərməklə bir daha 24 aprel öncəsi dünyanı "ağlatdı". Hüqo deyir: "Dünyada uşaq qığıltısından böyük himn yoxdu". Fərqi yoxdu, bu uşaq zəncidi, amerikalıdı, fransızdı, ermənidi. Bir erməni uşağının da göz yaşlarını görmək istəmirəm. Amma mənim millətimin uşaqlarını gözü yaşlı qoyan, onları dünyanın ən böyük himnindən məhrum edən kim varsa düşmənimdir və bunun hesabı bir gün sorulacaq. Və o himn bir gün çalınacaq. Rusiya "Ermənistanın göz yaşları"nı göstərəndə, bəs çeçen uşaqlarının göz yaşlarını niyə göstərmədi görən?! Nə isə...
   
    Sabah ABŞ Konqresində uydurma "erməni soyqırımı"nı müzakirəyə çıxaracaqlar və yəqin ki, müzakirədən də keçəcək. Çox istərdim keçsin, bir dəfəlik rahatlanaq, dostumuzu-düşmənimizi tanıyaq, ABŞ-ın iç üzü açılsın, day problemlərimizi qoyub mənasız soyqırımı iddiaları ilə uğraşmayaq.
   
   Başını dik tut, Türkiyə. Sən yalqız deyilsən. Biz səninləyik! Səninlə bir yerdəyik! Sevincimiz də, dərdimiz də, Atatürkün sözü ilə desək, birdi.
   
   Sayın Ərdoğan bu günlərdə bir konfransda Türk uluslarına səslənərək deyib ki, siz yalqız deyilsiniz, sizin arxanızda Türkiyə var. İndi sayın Ərdoğan, siz də yalqız deyilsiniz, sizin arxanızda Türk ulusları var və Azərbaycan kimi bir dövlət var. Biz dostlarımızı birlikdə qucaqlamağı bacardığımız kimi, düşmənlərimizi də birlikdə dəf etməyə qadirik.
   
   Kendinə gəl Türk oğlu, sen kendinə gələndə böyük olursan! Çox təəssüf ki, kendimizə bir az gec gəlirik. Nə yaxşı ki, düşmənlərimiz var. Bir ata sözümüz var: "Qurban olum düşmənə, qoymur məni düşməyə".
   
   Yox, düşmənə qurban olmaq fikrimiz yoxdu. Amma o var ki, elə yaxşı ki, bu düşmənlər var, bizi kendimizə gəlməyə məcbur edirlər. Və bircə şeyi anlamırlar ki, biz kendimizə tam gələndə 300 milyonluq bir Türk dövləti qura bilərik - Məğribdən Məşriqə qədər. Necə ki zaman-zaman babalarımız, dədələrimiz qurmuşdular!
   
   Ən böyük bizik, başqa böyük yox!
   
   Tanrı da bizi qorusun! Ən azı ona görə ki, artıq Tanrının özünü çarmıxa çəkiblər. Tanrı bizi qorusun ki, biz də onu qoruyaq.


YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-02-24
2018-02-23


VİDEO