Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Zakir Fəxri: ÇİYNİMDƏ TABUT, GƏZİRƏM Adalet.az | Zakir Fəxri: ÇİYNİMDƏ TABUT, GƏZİRƏM Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Zakir Fəxri: ÇİYNİMDƏ TABUT, GƏZİRƏM

8041    |   2019-06-14 14:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

ŞƏXSİYYƏT VƏSİQƏSİ

Yolumu sapdım, deyəsən,

Bu dünyaya azıb gəldim.

Göy üzü dərddən çatladı,

Qoşulub bir damla suya,

Mən o çatdan sızıb gəldim...

Gördüm qanadlanır quşlar

Bir səsə - Azan tərəfə.

Adamlar ardımca gəlir,

Gəlir mən azan tərəfə...

Gördüm dil açıb çöl-bayır,

Göylərdən yağış diləyir.

Bir qarı günlərin sayır,

Bir qoca ömrün ələyir.

Dörd bir yanı duman aldı,

Quşlar avaza gəlmədi.

Qəriblikdən sərxoş düşdüm,

Ruhum namaza gəlmədi.

Yolumu sapdım, deyəsən,

Bu dünyaya azıb gəldim.

Göy üzü dərddən çatladı,

Qoşulub bir damla suya,

Mən o çatdan sızıb gəldim...

SƏS

Bir səsə ilişib qaldım,

Yerimdəcə düşüb qaldım.

Yolayrıcı çaşıb qaldım,

Bu səsin əlindən al məni, Tanrım.

Başım üstü bulud idi,

Buluddanmı doğdu bu səs?

Anam, atam umud idi,

Umuddanmı doğdu bu səs?

Bu səsin əlindən al məni, Tanrım!

Dağ gördüm, gözüm yaşardı,

Ruhumu xəyal apardı.

Qoyma məni hal apardı…

Bu səsin əlindən al məni, Tanrım!

Çəkər məni yuvasına,

Oynadar öz havasına.

Vallah, alışa bilmərəm

Dərmanına-davasına,

Bu səsin əlindən al məni, Tanrım!

Bu səs yaddaşımdan gəldi,

Qopub

başdaşımdan gəldi.

Bu səs göz yaşımdan gəldi…

Bu səsin əlindən al məni, Tanrım!

Bu səs yaman tutdu məni,

Dərya olub uddu məni.

Kim sevdi, unutdu məni...

Bu səsin əlindən al məni, Tanrım.

Dağa-daşa saldı məni,

Yüz savaşa saldı məni.

Üz tutdum üzü bahara -

Üzü qışa saldı məni.

Bu səsin əlindən al məni, Tanrım!

Yetər bu gördüklərimin

Gözlərimi böyütdüyü...

Ürəyim dəyirman olub,

Dərddi, qəmdi üyütdüyü -

Bu səsin əlindən al məni, Tanrım!

XOŞ GƏLDİN, DƏRDİM,

XOŞ GƏLDİN!

Göylərin yeddi qatından,

Qəriblərin ovqatından.

Qəmlərimin çatından

Keçib, sinəmə tuş gəldin,

Xoş gəldin, dərdim, xoş gəldin!

Yelkən oldun, üzdü gəmim,

Çiçəklədi qüssəm, qəmim.

Tumurcuqladı qələmim.

Qaşsız baxtıma qaş gəldin,

Xoş gəldin, dərdim, xoş gəldin!

Sənsiz dünyam həzin düşdü,

Hər günümə hüzn düşdü.

Döndün, odun, közün düşdü.

Boş ruhuma savaş gəldin,

Xoş gəldin, dərdim, xoş gəldin!

Üz tutdum Söz dərgahına,

Od üçün köz dərgahına...

Nədənsə öz dərgahına

Qayıdıb əliboş gəldin,

Xoş gəldin, dərdim, xoş gəldin!

Gözündən yüz bulaq oydum,

İçdikcə demədim doydum...

Mizan-tərəziyə qoydum.

Sevgimlə baş-başa gəldin,

Xoş gəldin, dərdim, xoş gəldin!

TUT ƏLİMDƏN, YOLLAR,

MƏNİM!

Məni yolundan elədi...

Dağlar da durdu qəsdimə.

Qəlbimdən bir zərrə dərdi,

Götürüb atdım üstünə.

Əridi dağlar, əridi...

Köz-köz üstümə yeridi...

Hər şey adamı aldadır,

Acı zəhər də bal dadır...

Tut əlimdən, yollar, mənim,

Bir gör ruhum nə haldadır...

Düşüb gümanda azıram,

Batıb dumanda azıram...

Bir kor zamanda azıram,

Tut əlimdən, yollar, mənim!

Tamah çəkir öz yoluna,

Günah çəkir öz yoluna.

Gəl bu dərdin döz yoluna...

Tut əlimdən, yollar, mənim,

Apar məni Söz yoluna!

Tut əlimdən, yollar, mənim!

Qıyma şaxta, sazaqlara...

Qəribləri yığ başına,

Apar, apar uzaqlara...

Apar bizi dağ başına,

Tut əlimdən, yollar, mənim!

O AĞLAYAN KİMDİ ELƏ?

O ağlayan kimdi elə?

Ağlaya-ağlaya gülür...

Sinəsini qan aparır,

Yarasının düyməsini

Bağlaya-bağlaya gülür...

Ocağı kül, közü gülən...

İçi yanıb, üzü gülən,

Göz yaşında gözü gülən

O ağlayan kimdi elə?

Sığınıb qərib dağlara,

Batıb qalıb uzaqlara.

Qısılıb ötən çağlara

O ağlayan kimdi elə?

Baxıb şəkil düşən daşa,

Göydə süzən tənha quşa...

Uşaqlığıyla baş-başa

O ağlayan kimdi elə?

Dayanıb yolayrıcında,

Gözünün yaşı ovcunda.

Son Söz dilinin ucunda

O ağlayan kimdi elə?

XATİRƏ ÇİÇƏYİ

Ay çiçək, zərif çiçək,

Ay çiçək, qərib çiçək.

Əllərim dərməyib səni,

Gözlərim dərib, çiçək.

SƏNSİZ

Təki sən xoşbəxt ol, sən xoşbəxt yaşa,

Bir daha demərəm "ölərəm sənsiz",

Ömrümü birtəhər vuraram başa,

Yaşayıb keçinə bilərəm sənsiz.

Ataram qəlbimdən qüssə, qəmi də,

Yaşaram vəslinə yetmiş kimi də.

Bir içim suyu da, son tikəmi də

Səninlə şərikli bölərəm sənsiz.

Söylərəm dost, tanış-bilişlərinə,

Qurbanam bu yerə gəlişlərinə.

Həyatda uğurlu gülüşlərinə

Ürəkdən şərikli gülərəm sənsiz.

Çalınar kədərim sarı sim kimi,

Gəl çilən ruhuma təbəssüm kimi.

Məzara baş çəkən bir yetim kimi

İlk görüş yerinə gələrəm sənsiz.

Zakir Fəxri, hicran boş yuvam olub,

Yaşaram gah gündüz, gah axşam olub,

Pərvanə soraqlı dilsiz şam olub,

İçimdə ney kimi mələrəm sənsiz.

ÖLÜM

De, hara getdin baş alıb?

Yerin, yurdun bilinmədi...

Gördüm ki, dünya boşalıb,

Nəydi dərdin, bilinmədi...

Üzümü tutdum dağlara,

Baxdım ki, dağlar kiçilib...

Quşlar qonmur budaqlara,

Körpə budaqlar kiçilib...

Göz açdım ki, təklənmişəm,

Səhrada azan kimiyəm.

Qəriblikdə yüklənmişəm,

Bir qərib ozan kimiyəm.

Gördüm dörd yanı su basıb,

Ha əlləşdim, keçəmmədim...

Bir az susuzdum mən kasıb,

Bir qurtum su içəmmədim...

Ağaclar quruyur, gördüm

Çiynimə yarpaq tökülür...

Gözlərimin nuru gedir,

Gözümə torpaq tökülür...

Hara getdin, söylə, hara?

Kürəklərim buz bağladı...

Gözlərimin suyu getdi,

Bəbəklərim buz bağladı...

AXİRƏT

Bir səhər yuxudan durarsan, qardaş,

Bilməzsən səhərdi,

ya axşam çağı...

Axar suların da

yolu dəyişib,

Görərsən əriyib Himalay dağı...

Yolların da sağı,

solu dəyişib,

Suların altında qalıb qəbirlər.

Sular da qəbrinin üstündən axır...

Ruhun da göylərdən

qəbrinə baxır...

Baxarsan, elə hey

gözün axtarar...

Amma görərsən ki,

nə bir inni-cinni,

nə bir can qalıb.

Nə bəla, nə xəta,

nə də qan qalıb...

Sularda ovulub,

əriyib hər şey,

Nə səs, nə bir səda

...kiriyib hər şey.

Daşlar ağac olub,

ağaclar da daş...

Sən özün özündə

batmısan, qardaş!

Nə nar ağacları,

nə əncir, üzüm,

nə alma, nə püstə,

nə badam qalıb.

Dünyanı su basıb,

dünya bir ada,

Bu kiçik adada

tək Adəm qalıb...

Adanın köksündə sevgi çatları...

Nə Həvva görünür, nə övladları...

ÇİYNİMDƏ TABUT,

GƏZİRƏM

Alışdım tək daşımağa,

Çiynimdə yük daşımağa,

Yer yox bir tük daşımağa,

Çiynimdə tabut, gəzirəm.

Dolaşıram dağı-daşı,

Nə zər, nə yaqut gəzirəm.

Düyün-düyün yollarımı

Aça-aça oxuyan bir

Kökdən düşmüş ud gəzirəm.

Çiynimdə tabut, gəzirəm.

Gəzirəm dörd bir tərəfi,

Bilmirəm yolum haradı.

Çəkir məni sirr tərəfi...

Ölümü gördüm, deyəsən,

Görəsən, olum haradı?

Suyuna dodaq dəyməmiş,

Köksünə ayaq dəyməmiş,

Sinəsinə ox dəyməmiş

Gözdən uzaq yurd gəzirəm,

Çiynimdə tabut, gəzirəm.

Dörd yana meydan sulayan,

Səsi ruhunu dalayan,

Axirət deyib ulayan

Yalqız qalmış Qurd gəzirəm,

Çiynimdə tabut, gəzirəm.

Balalar çiçək doğulur,

Gül doğulur balalar.

Balalar göyçək doğulur,

...Qul doğulur balalar.

Torpaqdan altun doğulur,

Daşlardan yaqut doğulur,

Nədənsə şair doğulan

Çiynində tabut doğulur.

Çox göynətdi ürək məni,

Dərdsiz ürəyə qurd düşər...

Silkələmə, fələk, məni,

Çiynimdəki tabut düşər!..




İmza:
SON XƏBƏRLƏR
2019-10-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK