bahis siteleri deneme bonusu canlı bahis bahis siteleri bahis siteleri canlı bahis kacak bahis https://www.warezm.com kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal Adalet.az | Məmməd Orucun “Qara güzgü” və “Köçürülmə” romanlarında erməni vəhşiliklərinin törətdiyi müsibətlər Adalet.az | Məmməd Orucun “Qara güzgü” və “Köçürülmə” romanlarında erməni vəhşiliklərinin törətdiyi müsibətlər Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Məmməd Orucun “Qara güzgü” və “Köçürülmə” romanlarında erməni vəhşiliklərinin törətdiyi müsibətlər

Hənifə Səlifova Kiçik elmi işçi

3555    |   2019-06-12 16:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Məmməd Orucun bir-birini tamamlayan üç romanı-"Qara güzgü”, "Köçürülmə” və "Qısa qapanma” romanları müəllifin özünün də dediyi kimi dəfələrlə çap olunmuş, oxucuların istifadəsinə verilmişdir. Əvvəlcə ” Köçürülmə” romanı qələmə alınsa da, müəllifin özü "Qara güzgü” romanını "Köçürülmə” nin əvvəli, "Qısa qapanma”nı isə "Köçürülmə”nin axırı kimi nəzərdə tutaraq bunları bir yerdə "Üç roman” şəklində çap etdirmişdir.

"Qara güzgü” və "Köçürülmə” romanları bir-birini daha çox tamamlayır, "Qısa qapanma” bir qədər müasir dövrü əhatə edir.

"Qara güzgü” romanında hadisələr Azərbaycanın əzəli torpağı Vedibasarda cərəyan edir. Müəllif Vedibasarın təbiətini, insanların yaşayışını, onların dar gündə bir-birinə necə arxa durmasını sanki yaddaşında qalan əziz xatirə kimi danışır. Əsər hadisələri nəql edən on dörd yaşlı Kazımın Qaragöz adlandırdığı balaca ürgəni ram etmək cəhdləri ilə başlayır. Qaragözün ipə-sapa yatmaması, müəllifin əsərdə bunu sonacan təsvir etməsi və sonda Qaragözün düşmən gülləsinə tuş gəlməsi ilə sanki üstüörtülü şəkildə nəyəsə işarə etmiş və bunu romanın sonuna qədər açıqlamır.

Əsərə verilən epiqrafdan da göründüyü kimi romanda hadisələr 1917-1920-ci illərdə cərəyan edir. Müəllifin Əziz Ələkbərlinin "Abbasqulu bəy Şadlinski” kitabından gətirdiyi epiqraf romanda əksini tapan tarixi hadisələrin qısa xülasəsi təsirini bağışlayır:

"1917-1920-ci illər ərzində Vedibasarı özünə tabe etdirə bilməyən daşnak Ermənistanı və onların havadarı olan ingilislər bu mahalı Azərbaycanla "Ermənistan” arasında mübahisəli ərazi kimi "neytral zona” elan etmək məcburiyyətində qaldılar. Vedibasar ərazisi Azərbaycan Demokratik Cümhuriyyətinin 1920-ci ilə aid olan məşhur xəritəsinə elə beləcə- "neytral zona” kimi daxil edilmişdir.”

Romanda Kazım və qardaşı İsmayılın taleyi qabarıq şəkildə verilir. Onların ata-anası öldükdən sonra əmiləri Abbasın himayəsində yaşayırlar.

"Əvvəl anasını, sonra da atasını itirib, özündən beş yaş da kiçik qardaşı İsmayılla əmisi Abbasın himayəsində qalmasını da alın yazısı sayırdı və artıq dərk eləyirdi ki, başqa yol yoxdur, taleyi ilə barışmalıdır. Bununla belə həmişə fikirləşirdi ki, atası ölməsəydi, indi o, tamam başqa bir həyat yaşayırdı və indi şübhəsiz ki, hər gün tay-tuşu Abdulla Məmməd oğlu ilə birlikdə Vedinin ikisinifli rus-tatar məktəbinə gedirdi. Atası Məmməd sağlığında ona bir dəfə yox, bir neçə dəfə demişdi ki, onu Vedidəki rus-tatar məktəbində oxudandan sonra da göndərəcək Qori Seminariyasına”

Lakin atası öldükdən sonra əmisi onu məktəbə göndərə bilmir, artıq İsmayıl da məktəb yaşına çatır və qərara gəlirlər ki, İsmayılı rus-tatar məktəbinə qoysunlar. Qardaşını məktəbə özü aparıb gətirirdi və İsmayıl da məktəbdə öyrəndiklərini Kazıma danışırdı. Lakin balaca qardaşların bu sevinci də uzun sürmür. Ermənilərin Vedibasara hücumları başlananda toplardan atılan mərmilər məktəbin binasını uçurandan sonra onların arzuları, xəyalları da puç olub dağılır.

Artıq bütün kənd səngərdə gecələyirdi. Kəndin tanınmış ağsaqqallarından Abbas, sərkərdə Abbasqulu bəy, Abbas kişinin oğlu Həsənalı və kəndin bütün cavanları Vedibasarın müdafiəsinə qalxır, kəndin qadınlarına, qızlarına da güllə atmaq öyrədirdilər ki, düşməndən özlərini müdafiə edə bilsinlər.

"...Səhər açılsa da, hələ ki Millidərə cəbhəsindən qayıdan yoxdu, amma bir-birini inkar edən xəbərlər nə qədər istəsən: kimi deyirdi ki, erməni qaçır, bizimkilər qovur.

Günortadan sonra qadına "daşka” deyilən at arabasında kəndə- məscidin həyətinə üç şəhid, səkkiz yaralı gətirdilər və arabaçının sözündən belə məlum oldu ki, daha Millidərədə erməni yoxdu, amma yandırılmayan kənd də qalmayıb, erməni qaçır, o da bilinmir ki, bizimkilər onları hara kimi qovacaqlar.”

Abbas kişi o qədər xeyirxah insandır ki, qardaşının yetim qalmış övladlarına sahib çıxır, onlara ata qayğısı göstərir, eyni zamanda, Millidərədən iki körpə balasiyla gətirdiyi Zeynəbi də, girov götürülmüş erməni qızı Nazdarı da öz ailə üzvlərindən seçmir, onlara dayaq durmağı öz üzərinə götürür. Onun oğlu Həsənalı, arvadı Minəxanım və qızı Fatma da əsl insani keyfiyyətlərə malik, zəhmətkeş insanlardır.

Romanda Abbasqulu bəy obrazı da bütün təfsilatı ilə, müsbət obraz kimi diqqəti cəlb edir. O, həmişə xalqın içindədir, həmişə öz xalqının gücünə və Vedinin dağlarına arxalanır. Millidərə döyüşlərindən sonra şəhidlərin dəfni zamanı Abbasqulu bəyin Vedibasarın Paski qəbirsanlığındakı nitqi "urra” deyə alqışlanmışdı.

"-Biz Millidərə döyüşlərindən alnıaçıq çıxdıq, azğın düşmənə öz yerini tanıtdıq! Amma hamıya bəllidir ki, erməni yenə gələcək, ona görə də bu gündən başlayırıq səngər qazmağa. Amma Böyük Vedi doğrudan da, böyükdü, üç günə, beş günə, on günə, bəlkə heç bir aya da bizə yarayan səngəri qazıb, istehkamı qura bilmərik. Ona görə də bu gündən hər evi, hər tikilini səngərə, istehkama çevirmək lazımdır. Silahsız ev qalmamalıdı, bütün cavanlarımız, qadınlarımız, qızlarımız da silahla davranmağı bacarmalıdı ki, bu savaşdan qalib çıxaq!”

Onun həmişə işlətdiyi dəyərli ifadələrdən biri də belə idi: "Vedililərin vedililərdən və vedi dağlarından başqa arxası yoxdur.” Sərkərdəyə verilən "biz nə qədər vaxta qədər döyüşəcəyik?” sualına Abbasqulu bəy belə cavab verir:

"-Biz o vaxta qədər vuruşacağıq ki, düşmən Vedibasarı neytral zona kimi yox, Azərbaycan Demokratik Cümhuriyyətinin bir parçası kimi tanısın, bizim ali məqsədimiz, məramımız da budur!”

Əsərdə diqqət çəkən obrazlardan biri də Əli Əfəndi adı ilə tanınan müəllim obrazıdır. Əli Əfəndi bir müddət rus-tatar məktəbində müəllimlik etmiş, indi isə kənddə bir neçə evə gedib, bir neçə uşağa təmənnasız dərs deyirdi ki, onlardan biri də İsmayıl idi. Əli Əfəndi romanda müdrik el ağsaqqalı, hadısələrin gedişatını təfsilatı ilə izah edən ziyalı kimi diqqəti cəlb edir. Əli Əfəndi obrazında müəllifin prototipini də görmək olur, müəllif sanki öz fikirlərini bu obraz vasitəsilə oxucuya çatdırır. Əli Əfəndinin Abbas kişi ilə mükalimələri həmişə maraqlı və diqqətçəkən olurdu. O, həmişə qəzetlərdə çıxan sonuncu xəbərləri Abbas kişi ilə müzakirə edirdi:

"-Kəlbalı xan istəyir ki, - Əli Əfəndi dedi, - Vedibasarı Naxçıvana birləşdirsin. –Məncə, Kəlbalı xan haqlıdı, - Abbas kişi dedi,- el sözüdü, deyir, güc birlikdədir. Bəy nə istəyir? –Bəy də istəyir ki Naxçıvanı Vedibasara birləşdirsin...”

Nəhayət ki, dildə ağızda dolaşan və hamının gözlədiyi xəbər gerçəkləşir. Vediyə bir türk alayı, yüz əlli Osmanlı əsgəri gəlir. Kəndin bütün tayfaları uşaqlı-böyüklü türk qoşununu qarşılamağa çıxır. Uşaqlar türk əsgərlərinin oxuduğu mahnını oxuya-oxuya onların arxasınca gedirdilər:

"Ey şanlı ordu, ey şanlı əsgər,

Haydı qəzənfər, ümmanı səftər.

Bir əldə qalxan, bir əldə xəncər,

Sınıra doğru, ey şanlı əsgər.”

Lakin camaatın sevinci çox da uzun çəkmir, türk ordusu səbəbi bilinmədən gecə vaxtı Vedibasarı tərk edib gedir.

Daşnak ermənilərin güllə, top səslərindən qulaq tutulsa da, kənd öz gündəlik həyatını yaşamaqda davam edirdi: kimi biçinə gedir, kimi taxıl döyür, ot çalır, kimi ərik-alçasını yığır, hətta güllə səsləri altında nəvələrinə toy eliyən Təvəkkül bəy də düşmənin acığına toyu dayandırmır.

Ermənilərin Vedibasara dəfələrlə hücum etməsinə baxmayaraq, hər dəfə böyük itki ilə geri çəkilirdilər. Yerli camaat da öz şəhidlərini təmtəraqla dəfn edir, qapılardan qara bayraqlar asılırdı.

Lakin artıq silah-sursatın azalmağından çəkinən Abbasqulu bəy camaatı toplayıb mühacirətin qaçılmaz olduğunu, köməksiz olduqlarından Vedibasarı lazımınca müdafiə edə bilməyəcəklərini və artıq hazırlığa başlamağı tapşırır. Bu vaxt türk ordusu yenidən Vedibasara gəlir və qabaqkından da xeyli artıq qoşunla. Ağır günlər yaşayan Vedi camaatının sevincinin həddi-hüdudu yox idi. Tezliklə Vedidə əmin-amanlıq yaranır və camaat artıq yaylağa köç edir.

Bir neçə ay idi ki, türklər Vedibasarda idi, camaat arasında cürbəcür söz-söhbət gəzirdi, kimi türklərdən razılıq eliyir, deyirdilər ki, türklər gələndən Vediyə bir güllə belə atılmayıb, kimi də onların arxasınca danışır, Abbasqulu bəyin türklər tərəfindən Vedibasardan uzaqlaşdırıldığını deyirdilər. Nəhayət, bu dəfə də türklər vidalaşmadan Vedibasarı tərk edirlər və onlar getdikdən sonra xəbər yayılır ki, Abbasqulu bəy Vedidə, öz evindədir.

Türklər gedəndən sonra ingilislərin sədası gəlir, Vedibasar camaatı mühacirətin çıxılmaz olduğunu anlayır və yol tədarükünə başlayır. Kimi taxıl üyüdür, kimi evinin əşyalarını çuvallara doldurur, kimi yollarda acından ölməmək üçün yuxa yayır, qovurma bişirir. Zəhmətkeş millətimiz doğma ev-eşiklərinə baxa-baxa, göz yaşları içində ata-baba yurdlarını tərk edirlər.

Kazımın göz bəbəyi kimi qoruyub saxladığı, illərlə əziyyətini çəkdiyi Qaragözü də düşmən gülləsinə tuş gəlir.

"O, Qaragözün boynunu qucaqlayıb iki ildən bəri güzgü əvəzinə baxdığı qaqaca gözlərindən gözünü çəkmir, hətta gülümsəmək istəyirdi. Və o göz bir anda qapandı, qara gözünün üstünə elə bil qara önlük çəkdilər. Bircə şeylə təsəlli tapdı. Əgər doğrudan da, o dünya varsa, atası, anası onu Qaragözün gözündə görəcəklər; görəcəklər ki, o necə bir oğlan olub...”

Vedi camaatı Arazın o tayına- Mərəndə köç etməli olur. Lakin iki ildən sonra yenidən vətənə qayıdırlar.

"Köçürülmə” romanında isə ikinci dünya müharibəsindən sonra Vedibasar əhalisinin vaqonlara doldurularaq, əzab-əziyyətlə Azərbaycanın İranla sərhəd ərazilərinə mühacirəti təsvir olunur. Romanda o qədər acınacaqlı, təsirli səhnələr var ki, oxucunun qəlbində fırtınalar qoparır. Bu köçün balaca iştirakçılarından olan müəllif özü bütün bu hadisələri gözləri ilə görmüş, canlı şahidi olmuşdur.

Hadisələrin əsas iştirakçısı Almurad kişi müharibədən qayıtdıqdan sonra onu tez-tez "enkavede” deyilən dövlət idarəsinə, Badalyanın yanına aparıb işgəncələr verirdilər. "Niyə əsir düşdün? Niyə əsir düşəndə özünü öldürmədin? Üzbəsurət atasına, anasına, əbəjdadına söyürdü. Canından bezmişdi.”

Müəllif romanda camaatın yaşayış tərzini maraqlı epizodlarla təsvir edir.

"Bu camaatın arasında kitab oxumaq müharibədən sonra dəb düşmüşdü. Qış gecələrində hansı evin qapısını döysəydin, görərdin ki, bir ev, bir nəsil bir çırağın başına yığışıb; biri ucadan oxuyur, qalanı da qulaq asır. İçərisində təndir olan evlərdə kitab oxuyana qulaq asmaq bir də ona görə maraqlı idi ki, hamı ayağını bir təndirə sallayırdı, hamı bir təndirin istisinə qızınırdı və hamı eyni dərəcədə heyranlıqla qulaq asırdı.”

Beləliklə, bütün günü həyət-bacada, tarlada çalışan zəhmətkeş əhali yorğun, üzücü əməkdən sonra ruhən istirahət edir, daxilən özlərində rahatlıq tapırdılar.

Lakin mənfur düşmən həmişə olduğu kimi, indi də camaatın həvəsini qursağında qoyur, xalq öz sakit, rahat həyatını, ata-baba yurdunu qoyub köçməyə məcbur edilir. "Qara güzgü” romanında camaat özü mühacirət yolunu seçmişdisə, indi xalq zorla köçürülməyə məcbur edilir. Vedibasar əhalisi qışın soyuğunda, buz kimi vaqonlarda hamılıqla köçməyə məcbur olunur. Günlərlə qatarlarda əzab-əziyyət çəkən əhali mənzil başına çatana qədər sanki o biri dünyanı gözləri ilə görür. Nə qədər cavan, qoca, körpə vaqonlarda soyuqdan vəfat edib yollarda dəfn olunur. İnsanlığa yaraşmayan bir şəkildə, vəhşicəsinə, heyvanlarla, ev əşyaları ilə birgə soyuq, qaranlıq vaqonlarda günlərlə yol gedən yazıq millətimiz bu çətinliyə də dözür, sonlarının nə olacağını gözləyirdilər. Bu hadisələri təsəvvür eləmək belə insanın beynində qanını dondurur.

"Pəncərə tutulandan sonra vaqonun havası lap ağırlaşdı. Bir yandan Alapaça, bir yandan da Əvəzin qarnı belinə dirənmiş inəyi içərini tövləyə döndərmişdilər”

Hərdən insafa gəlib qatarı saxlayırdılar, bu vaxt camaat nəfəs almaq üçün tökülüşür, çörək, su dalınca qaçırdı. Artıq soyuq dözülməz olmuşdu və o həddə çatmışdılar ki, uşaqları "fərməş”lərin içinə salıb yatızdırırdılar. Uşaqların hamısı xəstələnir. Mələyin iki aylıq körpəsi soyuğa dözməyib ölür.

"Altıncı gün qatarı yenə elə bir yerdə əylədilər ki, nə arxada qalan stansiyaya əl çatardı, nə qabaqdakına ün yetərdi.

Bu dəfə vaqonun pəncərəsindən dəmir yolunun qırağında qırmızı bir yorğançanı qarın üstünə uzadıb qəbir qazanlara onlar tamaşa eləyirdilər, amma qışqıra-qışqıra soruşmurdular ki, ölən kimdir? Xırda, qırmızı yorğança göz qabağında idi.

Çətinliklə mənzil başına çatırlar, qatar onları Aleksandrovka deyilən yerdə boşaldıb geri qayıdır. Səhərisi kənd camaatı gəlib onları bir-bir, iki-bir evlərinə aparırlar.

Almuradın ailəsi də Güllübəyim arvadın toyuq damına yerləşdi. Kolxoz sədri Qırmızı Qızbəs ona fermada iş də verir. Ancaq Almurad yenə də doğma torpağına qayıtmaq istəyini fikrindən çıxara bilmirdi.

Çox çəkmir ki, kəndin qaçqınlar məhəlləsində "qara qızdırma” xəstəliyi yayılır və camaatın çoxu bu xəstəlikdən dünyasını dəyişir, iş o yerə çatmışdı ki, heç kim xəstəliyin qorxusundan meyitlərə yaxın durmurdu.

Almuradın bu kənddə başına gəlməyən hadisə qalmır, üstəlik qardaşı oğlu, körpəlikdən öz balası kimi saxlayıb böyütdüyü Yunis adam öldürmək üstündə tutulur. Bütün var-yoxunu satsa da, onu qurtara bilmir.

Almuradın ikinci dünya müharibəsindən sonra əsirlikdə keçirdiyi günlər də romanda təfsilatı ilə verilir.

"Bir-birindən aralı üç zabit dayanmışdı, əsirlərin arasında sovet zabitinə sarı yön çevirməyənlər də oldu: Almurad isə qəti qərarını, Türkiyəyə getmək qənaətində olan dostu Uluqbəyə axşamdan bildirmişdi: o, bu qədər əzaba, zillətə ona görə dözmüşdü ki, gedib Vətəndə ölsün... Onu adına vətən dediyi yer isə balac bir kənddi: Vedi kəndi...”

Öz övladları Cəmil və Gülsümlə bərabər əmisi oğlu Balaşın da erməni qızından olan Anjelika və Marsel adlı uşaqlarını böyüdən Almurad kişi kənd içində xeyirxahlığı ilə ad-san qazanmışdı. Lakin yenə də öz doğma yurdunun həsrətini çəkir, o yerlərə qayıtmaq ümidi ilə yaşayırdı. İllər keçir elat camaatı yavaş-yavaş Bakıya köçür, Almurad kişinin övladları da Bakıda yaşadığından onları görməyə gedərkən qatarda yenə Qafanlı qaçqınlarını görən əsərin qəhrəmanı dərin sarsıntı keçirir, əllərini dizinə çırparaq: "Bunun bir hoqqası çıxacaq, -dedi,-allah uzaq eləsin, allah baisin evini yıxsın...”

Əsərin əvvəlindən sonuna qədər Kefli Əvəzin dilində işlənən:

Zülmün topu var, gülləsi var, qələsi varsa,

Haqqın da bükülməz qolu, dönməz üzü vardır.

Göz yumma günəşdən nə qədər nuru qalarsa,

Sönməz əbədi, hər gecənin gündüzü vardır.

Tofiq Fikrətin "Millət şərqisi” şeirindən verilən bu parçada müəllif nə vaxtsa haqsızlıqlara son qoyulacağına, qaranlıq günlərin bir gün işıqlı gələcəklə əvəz olunacağına dərin inam bəsləyir.

Hər iki roman dəfələrlə oxunmuş, müəllifə böyük şöhrət qazandırmışdır.




İmza:
SON XƏBƏRLƏR
2019-06-26
2019-06-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (37.5%)
İşdə (62.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK