hacklink Adalet.az | Anamın yaşıl paltosu - Ulucay Akif yazır Adalet.az | Anamın yaşıl paltosu - Ulucay Akif yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Anamın yaşıl paltosu - Ulucay Akif yazır

4427    |   2019-05-06 10:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Anamın yaşıl paltosu var idi. Yaşıl deyirəm, amma bu yaşıl rəng qaraya daha çox oxşayırdı. Onu mənim qədər çox və mənim qədər yaxından görməsəydiniz, yəqin ki, elə qara olduğunu düşünərdiniz. Çox sadə, kobud, bir o qədər də şux palto idi.

Atam onu Türkiyədən anam üçün alıb gətirmişdi. Bəlkə də yaşca məndən böyük idi, çünki xatırladığım bütün qışlarda anamın əynində o palto var idi.

Həmin palto anamı daha məğrur, daha güclü, daha şux göstərirdi. Hətta hərdən düşünürdüm ki, palto anamla yarışır, anamdan daha məğrur, daha güclü, daha şux görünməyə çalışır. Buna görə də içimdə ona qarşı bir əsəb, kin var idi.

Uşaqların əşyaları canlı kimi təsəvvür etmə xüsusiyyəti olur. Yəqin bu, sizdə də olub. Ən azından hamımız uşaqlığımızda oyuncağımız ilə söhbət etmişik. Həmin yaşıl palto da mənim gözümdə bir canlı idi.

Atamın ölümündən sonra dünya dəyişdi. Onda uşaq olsam da, bu dəyişikliyi çox yaxşı hiss edirdim. Məsələn, atamın ölümündən əvvəl anamın kədərlənməyi heç yadıma düşmür. Elə bil anam o vaxta kimi heç kədərlənməmişdi, heç ağlamamışdı. Amma təbii ki, belə deyil. Anam atamın ölümündən əvvəl də mütləq ki, nələrəsə kədərlənmişdi. Anam atamın ölümündən əvvəl də mütləq ki, nələrəsə ağlamışdı, amma niyəsə biz heç vaxt atamın ölümünə qədər bunun fərqinə varmamışdıq. Yəqin atam sağ olsa, bunu hələ də hiss etməyəcəkdik. Çünki hər nə olsa da, biz bir yerdəydik və bu xoşbəxtlik bütün ağrılara, bütün kədərlərə qalib gələ biləcək qədər güclü idi...

O paltonun qoxusu hələ də yadımdadır. Anamın qoxusu o paltoda daha çox hiss olunurdu. Ucuz ətir ilə qarışmış qadın qoxusu. Dünyanın ən gözəl, ən kədərli qoxusu.

Atamın ölümündən sonra palto da anamla bərabər qocalmağa başladı. Əşyalar qocalmır, köhnəlir, amma bu palto köhnəlmirdi, eynən bir canlı kimi qocalırdı. Dəri palto idi. Daha doğrusu, saxta dəri. Üzərində qırışlar yaranmağa başlamışdı. Bəlkə bu qırışlar atamın ölümündən əvvəl də var idi, amma mən anamın paltosundakı bu qırışları yalnız atamın ölümündən sonra hiss etməyə başlamışdım. Anamın çöhrəsindəki qırışları hiss etdiyim kimi.

Paltonun üzərindəki qırışların sayı getdikcə artırdı. Hətta paltonun künclərindən qabığı soyulmağa da başlamışdı. Elə bil palto yenə anamla yarışda idi və anamdan daha tez qocalmağa çalışırdı.

Artıq palto anamın əynində əvvəlki kimi məğrur, güclü, şux görünmürdü. Anam isə, əksinə, əvvəlkindən daha məğrur, daha güclü, daha şux idi. Hər nə qədər anamın çöhrəsində əvvəl heç vaxt görmədiyim, hiss etmədiyim kədər peyda olsa da.

Paltoya olan bütün əsəbim, kinim sevgi və mərhəmət hissi ilə əvəz olunmuşdu. Artıq ona nifrət etmirdim. Bir əşyanı bundan daha çox sevmək mümkün olmazdı, bəlkə heç insanı da.

Hər şey çətinləşmişdi. Mənim uşaq ağlımla hiss edəcək qədər çox çətinləşmişdi. Anamın tək dərdi bizi böyütmək idi. Bütün məğrurluğuna rəğmən, anamın simasında təlaş, həyəcan hiss olunurdu. Artıq anamın kədəri də məğrurluğuna qarışaraq simasında özünə qırış halında yer tapmışdı, yaşıl paltosunda artan qırışlar kimi.

Atamın ölümündən illər ötmüşdü. Onun süfrə arxasında boş qalan yerində uzun müddət heç birimiz oturmadıq. Yeməyimizi də biri-birimizdən gizlincə o boş yerə baxa-baxa yeyirdik. Yadıma düşür, bir dəfə çaşıb həmin yerdə oturmuşdum deyə bacılarım mənə əsəbləşmişdi ki, sən niyə orada oturdun, keç öz yerində otur!

İllər sonra masamızı dəyişəndə yeni masa arxasında atamız üçün xüsusi yer ayırmadıq. Çünki həm atamız bu masa arxasında oturmamışdı, oturmayacaqdı, həm də masa arxasında boş yer görmək çox kədərli mənzərə idi. Atamın yeri isə yox olmamışdı, sadəcə yerlərimizin arasında itmişdi.

Anamın yaşıl paltosu atamın ölümündən uzun illər sonra da bizimlə oldu. Anam hər qış bu qocalmış paltonu geyinəndə ondan özünə təzə palto almağını xahiş edirdik. Anam isə hər dəfə "gələn qış alaram" deyirdi.

Həmin palto bizim üçün artıq ailəmizin bir hissəsinə çevrilmişdi. Anam hər növbəti qışda o paltonu geyinəndə mübarizəmizin hələ davam etdiyini anlayırdıq. Bizim üçün bir növ bayraq, mübarizə simvolu idi. Anamızın mübarizəsinin sübutu idi o yaşıl palto.

İllər ötdükcə bir çox çətinlikləri geridə qoyduq. Anam istəyinə çatdı, mübarizəsi boşa getmədi, həyatı axarına sala bildik.

Uzun illər bizimlə olan o yaşıl paltonu anamın axırıncı dəfə nə vaxt geyindiyini xatırlamıram. Paltoya aid yadımda qalan son şeylər odur ki, palto çox qocalmışdı, hər yeri qırış içində idi və bir çox hissəsində qabığı soyulmuşdu. Əldən düşmüş qarıya bənzəyirdi. Amma bir şeyi də xatırlayıram ki, son gördüyümdə palto çox xoşbəxt idi, indiyə kimi olmadığı qədər xoşbəxt.

Keçən səfər süfrə arxasında əyləşəndə birdən o yaşıl palto yadıma düşdü və anamdan onun harada olduğunu soruşdum. Anam isə bir qədər kədərlə cavab verdi:

- O palto çoxdan ölübdür ki.

Hamımız hörmət hissi ilə susduq. Kədərlənmişdik, amma həm də məğrur idik. Anamın o köhnə yaşıl paltosu kimi məğrur və güclü.



İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2019-12-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (86.36%)
Pullsuz (13.64%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK