hacklink Adalet.az | 2000 manat və 40 yazar - Ulucay Akif yazır Adalet.az | 2000 manat və 40 yazar - Ulucay Akif yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

2000 manat və 40 yazar - Ulucay Akif yazır

14921    |   2019-05-04 09:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bura şairlərin, yazıçıların Məkkəsidir. Parkın başında Səməd Vurğunun heykəli göyərçinlərin dayanacağına çevrilib. İllərdir göyərçinlər bu heykəlin ətəyində, başında, çiynində dayanıb nəfəsini dərir. İllərdir adi insanların içində şairlər də, yazıçılar da bu heykəlin ətrafında Həcc ziyarəti edirmiş kimi təvaf edir. Sonra yorğunluqlarını bu parkın yanında yerləşən "Delikates” kafesində çıxarırlar. Oturub Ədalət əminin çayından içib söhbətləşirlər.

Keçən gün gözəgörünməz adam kimi həmin kafeyə zühur elədim. Gedib gözdən uzaq bir masada əyləşdim. Hər kəs öz masasındakı qələm yoldaşı ilə nəyisə müzakirə edirdi.

Qəfil hardan və necə gəldiyi bilinməyən bir xəbər kafeyə bomba kimi düşdü. Masalarda hərəkətlənmə yaratdı:

- Eşitdiniz? AYB yazarlara mükafat verib. Kamal Abdulla da özünə çatan mükafatı yazarlara vermək üçün müsabiqə elan edib. 2000 manat!

Bu dəm Qismət eynəyini burnunun ucuna sürüşdürüb hiyləgər təbəssümlə kafedəkilərə baxdı:

- Boşuna həvəslənməyin. Qalib mən olacam! Kamal müəllim özü intellektual adamdır, şeirin də intellektual olmasını sevir.

Əsəd Qaraqaplan:

- İntellektual şeir e! (gülməyə başladı) 2000 manat sənin nəyinə lazımdır?

Qismət:

- Mozambikli bir şair tapmışam, onun şeirlərini bizim dilə tərcümə edib kitab çap edəcəm.

Əsəd Qaraqaplan:

- Yaxşı, 1000 manata onun kitabını çap elədin. Bəs o biri 1000 manat? Onu da verin 3-4 baş qoyun alım, hərdən gələrsiz kəndə, sizinçün kabab çəkərəm.

Qismət:

- 1000 manatı da verəcəm həmin mozambikli şairə, o mənim şeirlərimi mozambik dilinə tərcümə edəcək.

Şəhriyar del Gerani:

- Qismət, intellektual şeir deyəndə ki, mən də it kimi darıxa billəm. Siz hardan biləsiz e, it kimi darıxmaq nə təhər olur?! Dəruni eşqlər!

Cəlil Cavanşir:

- Mən də pis darıxmıram, Şəhriyar. İstəyirsiz bir dənə darıxım baxın? (75 üzük olan barmaqlarının arasındakı siqareti yandırıb pəncərədən küçəyə baxmağa başlayır)

Həmid Herisçi:

- Cəlil, sən hələ de görüm, meyxana deyə bilirsən? Poeziyada sızıldamaq dövrü artıq çoxdan bitib! Nə darıxmaq, nə ağlamaq?!

Cəlil Cavanşir:

- Deyə bilirəm. Mən toyda meyxana deyəndə sən rayon-rayon gəzib pirlərdə kəramət axtarırdın. Lap istəyirsən, get youtube-da bax, Rövşanənin verilişində də meyxana demişəm.

Adını eşidən Kəramət Böyükçöl fürsət gözləyirmiş kimi söhbətə atıldı:

- Amma öz aramızdı, Cəlil, meyxana sənin səsinə yaraşmır e. Ümumiyyətlə başa düşmürəm ki, bu boyda bədəndən o cür səs necə çıxır? Elə darıxmağın da meyxana kimi mənasızdı.

Bu məqamda hamı danışığı kəsir, qara-qara düşünməyə başlayır. Hamı beynində vələ-qurd eləyir ki, müsabiqəni kim qazanacaq?

Əsəd Cahangir qəfil söhbətə qoşulur:

- Həmid düz deyir. Ondansa o mükafatı verin mənə. Nə vaxtdandır Həcc ziyarətinə getmək istəyirəm. Qayıdanda sizin üçün də bir dənə antologiya çap edərəm.

Aqşin Yenisey:

- Əsəd bəy, 2000 manatla Həccə getsəniz qayıtmağa pulunuz çatmayacaq, qalacaqsınız orada. Bir ara mən də getmək istəyirdim, hesabladım, azı 5000 lazımdır. Onnansa elə ateist olaram da.

Mirmehdi Ağaoğlu:

- Həcc ziyarəti olmasa da, Kərbəlaya getmək olar.

Kəramət Böyükçöl:

- Saxlayın! Nə darıxmaq, nə Həcc ziyarəti?!Mirmehdi, sən Allah, ziyarəti neynirsən? Anadangəlmə "Mir” rütbən var da. Mən Elgizin verilişində axıra kimi oxuya bilmədiyim şeiri göndərəcəm "Sən bir cavan qız idin...”.

Qəşəm Nəcəfzadə:

- Bezdirmisən məni, Kəramət! Sən Allah bəsdir məni biabır elədin! Mən sənin yerinə bir şeir yazıb göndərərəm. Əl çək! Yığmısan məni boğaza. Elə eləmə, saytların birinə müsahibə verib deyim ki, Kəraməti oğulluqdan çıxarmışam. Sənin üzündən AYB-də Anarı görən kimi qaçıb gizlənirəm. Bəsdi də, bəsdi!

Hamı Qəşəm Nəcəfzadəni sakitləşdirməyə çalışdığı an, Anarın adını eşidən Rasim Qaraca yanında əyləşən Şərif Ağayara tərəf pıçıldadı:

- Elə eləmək lazımdı ki, mükafatı AYB-dən kimsə almasın! Mütləq AYO-çulardan kimsə qalib olmalıdır. Sən də bir şeir göndər, mən də göndərəcəm, amma başqa imzayla göndərək. Yoxsa bizi qalib eləyən deyillər.

Qan Turalı:

- Şərif şairdi ki? (gülür)

Şərif Ağayar:

- Mənim nəsrim də poetikdir! Səninlə heç bir polemikaya girmək istəmirəm, Tural. Sən ədəbiyyata milyon kilometr uzaq adamsan!

Rasim Qaraca hər iki nəfərə gözlərini bərəldərək susmalarına işarə etdi.

Ayxan Ayvaz:

- Şərif, bəlkə mən də nəsə göndərim?

Oğuz Ayvaz:

- Sən nə göndərəcəksən, reportaj? Şeirmüsabiqəsidir. İmkan ver mən nəsə edim!

Rasimin sözü Həmidin xoşuna gəlir və durub Rasimgilin masasına yaxınlaşır. Bayaqdan dinib-danışmayan Murad Köhnəqala da Həmidin dalınca.

Həmid Herisçi:

- Deyirəm, bəlkə AYO-nu təzədən quraq?

Şərif razılıq əlaməti olaraq bir əlini, Ayxansa iki əlini yuxarı qaldırır. Oğuz isə hələ də fikirləşir. Rasimin üzündə təbəssüm yaranır.

Söhbətləri heykəl soyuqluğu və təbəssümü ilə dinləyən Salam Sarvan dilləndi:

- Ədəbiyyat imtina etməkdir, imtina. Bütün bu boş qovğalardan imtina edin.

Bu məqamda kafeyə Rəşad Məcid girdi. Öz aurasında yüksək səslə hamıyla hal-əhval tutduqdan sonra dedi:

- Bu gün bütün stolların "şot”-u mənlikdi. Ofisiant, gör bu masaların hesabı nə qədər eləyir?

Kəramət Böyükçöl tez başını qaldırdı:

- Mənə də bir dənə pivə gətirərsən! – deyib sonra Rəşad Məcidə baxdı.

Rəşad Məcid "adam olmayassan da sən” baxışı ilə Kəramətə baxdı.

Hər kəs məmnun görünürdü.

Ofisiant qayıtdı:

- Müəllim, ümumi hesab 2000 manat edir!

Hamı heyrət içində biri-birinə baxmağa başladı. Kafeyə ölü sükutu çökdü. Rəşad Məcidin də qanının qaraldığını hiss etdim.

- İnanmırsınızsa, çek gətirim. – ofisiant bir daha dedi.

Kəramət Böyükçöl:

- Bəlkə hələ az deyir. Elə mən tək 1500 manatlıq içmişəm.

Rəşad Məcid:

- Ə, di bir səsini kəs görək!

Sonra birdən Rəşad Məcidin qaşlarının düyünü açıldı. Pencəyinin sağ çöl cibindən telefonunu çıxardı. Bir qədər ekrana baxıb nəsə axtardıqdan sonra "yes” düyməsinə basdı. Hamı dəstəyin o biri tərəfində kimin olduğunu eşidə bilmək üçün sükutu daha da artırdı:

- Alo! Salam, Kamal müəllim! Necəsiniz? Deyirəm vaxtınız varsa, gəlin oturaq bir söhbətləşək. Hə, elə "Delikates”dəyəm. Yaxşı, gözləyirəm.




İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2019-12-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (86.36%)
Pullsuz (13.64%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK