warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | Əlabbas Müznibin “Hilal”ı - Kənan Hacı yazır Adalet.az | Əlabbas Müznibin “Hilal”ı - Kənan Hacı yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Əlabbas Müznibin “Hilal”ı - Kənan Hacı yazır

8123    |   2019-04-19 17:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Zamanın qan donduran soyuq küləkləri, şaxtası-sazağı ötən əsrin əvvəllərində cəhalət dünyasının qaranlıqlarına işıq saçan zəka sahiblərinin ömürlərinə qənim kəsildi… Onlar ömürlərini xalqın mənəviyyatına, maariflənməsinə, ədəbiyyatına sərf etdikləri halda Stalin repressiyası onları sürgünlərdə, məhbəslərdə çürütdü. Onlar sağ qalsaydı, bu gün Azərbaycan elmi, ədəbiyyatı, mədəniyyəti daha uca zirvələri fəth edəcəkdi, ədəbiyyatımız olduğundan daha zəngin olacaqdı. Onların itgisi bağrımızda sağalmayan yara kimi həmişə qövr edir…

Bu günlərdə XX əsrin əvvəlləriylə bağlı bir neçə arxiv materiallarıyla tanış oldum. O mənbələrdə Əlabbas Müznibin adı bir neçə dəfə rastıma çıxdı. Onun adı ədəbiyyat tariximizə yaxşı məlumdur. Sovet əyyamlarında əsərləri qadağan olunsa da, adını yaddaşlardan silməyə çalışsalar da müstəqilliyimizə qovuşduqdan sonra Əlabbas Müznibin iris araşdırılmağa başlandı və əsərləri çap olundu. Doğru deyirlər ki, yazılana pozu yoxdur. Əlabbas Müznibin yazdıqları Azərbaycan maarifçilik hərəkatının əhəmiyyətli bir hissəsiydi və bu mətnlər o dövrün mətbuat səhifələrində qalırdı. Biz bu gün Mirzə Cəlili, Ömər Faiq Nemanzadəni və digər maarifpərvər ziyalılarımızı necə minnətdar duyğularla anırıqsa, eyni dərəcədə Əlabbas Müznibi də xatırlamalıyıq. O da maarif cəbhəsinin ön sıralarında addımlayırdı və çarizmə qarşı ən amansız yazılarıyla döyüşürdü.

Əlabbas Müznib 1883-cü ildə daşyonan bir kişinin ailəsində dünyaya gəlib. Özünün yazdıqlarına görə yoxsul ailədə böyüyüb, ilk təhsilini mollaxanada aldıqdan sonra ailənin ağır güzəranı onu da işləməyə məcbur edib. Əvvəlcə xarrat, sonra dəmirçi, daha sonra isə arabadüzəldən yanında şagirdlik etməklə sənət əldə edib. Araba düzəltməklə pul qazanıb ailəyə kömək edib. Hələ uşaq yaşlarından onun qəlbində çar imperiyasına qarşı nifrət hissi baş qaldırmışdı, insanların zülm, istibdad altında inləməsi onu hiddətləndirirdi. Balaca Əlabbasın içində qəribə bir hiss də yaranmışdı, o, fikirlərini şeirlə ifadə etməyə çalışırdı. Uşaq yaşlarından Tanrının verdiyi istedad payı onun içində bir vulkan əmələ gətirmişdi. Əlabbas böyük maarifçilik ideyalarının təsiri altında formalaşır. Onun ilk qələm təcrübələrində Məhəmməd Hadinin və Mirzə Ələkbər Sabirin böyük təsiri hiss olunur. Yeniyetmə vaxtlarından Əlabbas ictimai xadim Əlimərdan bəy Topçubaşovun "İttifaqi-müslimin”, Əhməd bəy Ağaoğlunun "Difai” təşkilatları ilə sıx əməkdaşlıq edir. Daha sonra H. Z. Tağıyevin vəsaiti ilə Bakıda nəşr olunan "Həyat” qəzetinə yazılar yollayır. "Tazə həyat”, "İttifaq” qəzetləri ilə yaxınlıq edir və qəzetçilik fəaliyyəti onu ədəbi sima olaraq önə çıxarır. Onun şeirləri çarizmin siyasətinə qarşı idi, siyasi satiranın ən yaxşı nümunələrini o dövrdə Əlabbas Müznib qələmə alırdı. Ötən əsrin əvvəllərində (konkret desək, 1908-ci ildə - K. H) Əlabbas ata-baba sənəti olan arababəndliyi buraxıb "İttifaq” qəzetində işə düzəlir, eyni zamanda qaynar ədəbi mühitin içinə düşür. Onda hələ taleyin onu hansı sınaqlardan keçirəcəyindən xəbərsiz idi, gəncliyə xas olan inqilabi romantika onun duyğularını tuğyana gətirirdi. Şövq və entuziazmla kəskin satiralar yazmaqdaydı. Əlabbas qəlbinin dərinliklərində anlayırdı ki, bu yolda məhrumiyyətlər, həbslər, sürgünlər olacaq, çarizmin cəza maşını onu əzməyə çalışacaq, amma artıq həyatının mənasını insanlara həqiqətləri çatdırmaqda görürdü və onu bu yoldan heç bir qüvvə saxlaya bilməzdi.

Həmin ildə Əlabbas Müznib Sabirlə tanış olur və qısa müddət ərzində aralarında sıx dostluq münasibəti yaranır. Sabirlə mütəmadi ünsiyyət onun şeirlərinin üslubuna da ciddi təsir göstərir. Akademik Əziz Mirəhmədov yazır ki, onlar əqidə dostu idilər. Əlabbas Müznibin xatirələrində Sabirlə bağlı çox maraqlı və həm də təsirli məqamlar var. Bu haqda bir qədər sonra.

Əlabbas Müznibi "Mollanəsrəddinçilər”dən incə bir nüans fərqləndirirdi. O, şeirlərində avam mollaları, din adından istifadə edən möhtəkirləri tənqid atəşinə tuturdusa da dinə münasibətdə olduqca həssas münasibət sərgiləyirdi, eyni zamanda islam mədəniyyəti dəyərlərini açıq şəkildə təbliğ edirdi. "Aşura” şeirində Kərbəla şəhidlərini, başqa bir şeirində isə İmam Hüseynin faciəsini təsvir edirdi. Təsadüfi deyil ki, həmin illərdə Əlabbas Müznib Mirzə Rza Təbrizinin "Muxtarnamə” əsərini farscadan dilimizə çevirmişdi. 1917-ci ildə o, "Müxtəsər ənbiya və islam tarixi” əsərini yazıb çap etdirmişdi. Bu da onun islama rəğbətini, etiqadlı müsəlman olmasını göstərir. Amma o, imanlı müsəlman olmasına baxmayaraq cəhalətə, fanatizmə qarşı satiralar da yazırdı. Yazılarında xürafata qarşı kəskin mövqe ortaya qoyurdu. Cahillikdən xilas olmağın yolunu maariflənmədə görürdü.

"Hilal” qəzetinin 13 dekabr, 1910-cu ilə tarixli sayında Əlabbas Müznibin "Nə etməliyik?” adlı yazısı dərc olunub. Həmin yazıda məscidə yığılmış avam, savadsız mollalar tənqid olunur. Ə. Müznib yazır: "Əəcəba, məscidə yığılmaq (dər beytül-əhl söhbət kərdən məkruhəst) yaxud mücahidi-həqiqiyi-dini islam olan Həzrəti İmam Hüseyn əleyhissəlamı minbərlərdə təhqir edən bir çox əcamir ovbaşın sərfi-xurafatını eşitməkdən ibarətmidir? Xeyir! Xeyir!”

Əlabbas Müznib komformist düşüncəyə qarşı idi və savadsız mollaların əslində o müqəddəsləri təhqir etdiyini yazırdı və onları elmə, təhsilə səsləyirdi. Onun əksər publisistik yazılarında ehkamçılığa qarşı etiraz var. Bisavad, cahil mollaları elmə, maarifə səsləyən mütərəqqi düşüncəli Müznib xalqı cəhalətdə saxlayan qüvvəyə qarşı da mübarizə aparırdı, bu qüvvə çarizmin müstəmləkəçilik siyasəti idi. Həsən bəy Zərdabinin də, Mirzə Cəlilin də başı bu yolda çox bəlalar çəkmişdi. Əlabbas Müznibi də müsibətlər gözləyirdi.

"Hilal” qəzetini nəşr etməyə başlayan Əlabbas Müznib dərhal təzyiqlərlə üzləşir. Qəzetin ilk sayı çıxan kimi bağlanması haqqında əmr verilir. Ona qarşı cinayət işi açılır. Lakin Müznib çar senzurasının bu qərarına əhəmiyyət vermir, qəzetin ikinci sayını da nəşr etdirir. Nəhayət, polisin gücüylə 1910-cu ilin 25 dekabrında qəzeti qapadırlar. Qəzetin tirajı müsadirə edilir. Müznib dayanmır, "Şihabi-saqib” jurnalının nəşrinə başlayır, onu da bağlayırlar. Əlbəttə, səbəb çar rejimini qamçılayan, imperiyanın mahiyyətini, iç üzünü ortaya qoyan yazılar idi. Ə. Müznib bu barədə xatirələrində yazır:

"1911-ci ilin 19 martında "Şihabi-saqib”i qapadılar və həmin gecə evimə jandarma tökülüb özümü də həbs etdilər. Məhkəməyə verildim. 27 fevralda "Hilal” qəzetinin işi çıxdı. İstintaq şöbəsinin Bakı bölməsi tərəfindən işimə baxılıb Sibiriyaya sürgün olunmağıma qərar verildi. 1912-ci ilin fevral ayının 27-də Sibiriyaya sürgün olundum”. (Əlabbas Müznib, "Seçilmiş əsərləri”, "Şərq-Qərb”, Bakı- 2006, səh. 12)

Ə. Müznib Sibirin Lena çayı üzərindəki Vitim kəndinə sürgün olunur və sürgün dövründə anasına, xanımına nəzmlə yazdığı məktublar siyasi lirikanın ən parlaq nümunələri idi. Müznib Sürgün illərində də Azərbaycanın istiqlala qovuşmasının yolları haqda düşünürdü. Bu misralar onun sürgün həyatının məhsuludur:

Milli hökümət dilərik sadəcə,

İstəməriz təntənəli təxtü-tac.

Ə. Müznibin həbsindən bir il sonra Romanovlar sülaləsinin üç yüz illik şənlikləri münasibətilə əfvi-ümumi olur və şair də əfv olunur. Bakıya qayıdır və Azərbaycan istiqlalının öndərləri ilə çiyin-çiyinə çalışmağa başlayır. "Dirilik” və "Babayi Əmir” jurnallarının nəşri üçün hökümətdən icazə alır. Onu da xatırladaq ki, böyük dramaturqumuz Cəfər Cabbarlının istedadı məhz "Babayi Əmir” jurnalında parlamışdı. Lakin yenə də ona rahatlıq vermirlər. "Dirilik” jurnalındakı siyasi məzmunlu yazıları çarizmi qorxuya salır. M. Ə. Rəsulzadənin məşhur "Milli birlik” yazısı məhz "Dirilik” jurnalında dərc olunmuşdu. Jurnal üzərində senzura daha da gücləndirilir, Müznibi yenidən həbs etmək üçün izinə düşürlər. Təqiblər II Nikolayın taxtdan salınmasına qədər davam edir.

Azərbaycanda Milli Hökümət qurulandan sonra Əlabbas Müznib klassik ədəbi irsin tədqiqi ilə məşğul olmağa başlayır. Vaxtilə "Milli hökümət dilərik sadəcə” yazmışdı və arzusu da gerçəkləşmişdi. İndi asudəliklə ədəbiyyat tariximizlə bağlı araşdırmalar aparmaq istəyirdi. Çox qısa zaman içərisində XIX – XX əsrlər Azərbaycan klassik ədəbi irsinin müəyyən məqamlarıyla bağlı tədqiqat işi aparır. "Aşıq Pəri və müasirləri”, "Molla Nəsrəddin” məzhəkələri”, "Seyyid Əzim Şirvani”, "Natavan”, "Abbas Səhhət”, "Sabir” kitablarını yazır.

Əlabbas Müznib qeydlərinin birində yazırdı ki, "insanlara qanuni-cəbri lazım deyil, müəllim lazımdır. Bu sərlövhəni yazmaqdan muradımız bunu bildirməkdir ki, insanların vəhşiliyinə səbəb nədir? Bu vəhşiliyin qabağını nəylə almaq mümkündür? Əlbəttə, elm, maarif, məktəb, müəllim ilə hasil olan insaniyyət zor ilə, güc ilə mümkün olmaz”.

Milli Hökümətin süqutundan, Azərbaycanın rus imperiyası tərəfindən işğalından sonra da Əlabbas Müznib qələmini dinc qoymayıb. Onun "Yusif və Züleyxa” adlı bir romanı var. Məlum dastandan bəhrələnsə də Əlabbas Müznib romana xeyli yeni süjetlər əlavə edib ki, bu da onu forma və məzmun baxımından tamamilə yeni bir əsər kimi təqdim etməyə imkan verir. Bu romanı oxumaq istəyənlər yazıçının 2006-cı ildə çap olunmuş "Seçilmiş əsərləri”nə müraciət edə bilərlər. Yeri gəlmişkən, onun Mirzə Ələkbər Sabirlə bağlı xatirələri də bu kitaba daxil edilib. Həmin xatirələr mərhum yazıçı Əvəz Sadığın arxivindən tapılıb.

Əlabbas Müznib rahat həyat yaşamayıb, kreslolarda oturub yaradıcılıqla məşğul olmayıb. Ömrü daim mübarizələrdə, sürgünlərdə keçib. Bununla belə saysız-hesabsız tədqiqat əsərləri, şeirlər, felyetonlar, məqalələr, romanlar yazıb. Tərcüməçilik fəaliyyətilə məşğul olub. Milli mücadilənin ön sıralarında qələmiylə döyüşüb. Döyüşənlərin isə aqibəti heç də yaxşı sonluqla bitmirdi...

Qarşıdan "37” adlı qara yel gəlirdi. Bu yel... Əlabbas Müznibi də götürüb apardı – bilinməzliyə, gedər-gəlməzə... 1937-ci ildə həbs edilən Müznibin ailəsinə 1959-cu ildə (həbsindən 22 il sonra!) məlumat verilir ki, o, 1938-ci ilin 28 avqustunda Vladivostok şəhəri yaxınlığındakı xüsusi məntəqədə vəfat etmişdir...

Bu sətirləri yazdıqca o böyük ziyalıların, Azərbaycanın bağrında məşəl kimi alışıb gələcək yollarını işıqlandıran millət fədailərinin məşəqqətli həyatı gözlərim önündə canlanır. Onlar Azərbaycanın yaşaması üçün canlarından keçdilər, özlərindən sonra bizə işıqlı ideyalar, milli məfkurə yolu yaradıb getdilər. O nurlu insanların irsi olmasaydı, biz hansı dağlara söykənərdik?! Nə yaxşı onlar var olublar! Nə yaxşı onlar bu gün də yaşayır və sabaha gedən yollarda ölməz ideyaları ilə hələ də bizə bələdçilik edirlər. Əlabbas Müznib də o parlaq insanlardan biridir.




İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2019-05-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK