hacklink Adalet.az | Dükandan oğurluq edənlər... Qıza sataşıb döyülənlər... - Eminquey yazır Adalet.az | Dükandan oğurluq edənlər... Qıza sataşıb döyülənlər... - Eminquey yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Dükandan oğurluq edənlər... Qıza sataşıb döyülənlər... - Eminquey yazır

4305    |   2018-12-11 15:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bəzən düşündüyün kimi olmur adamlar. Birinin ölümü, birinin gedişi qolundan tutub səni hadisələrin ən qaynar yerinə atır. Cavansan, nə edəcəyini bilmirsən. Bəzən yanlış addımlar atırsan. Düşünmürsən ki, adam sözü addım sözüylə bir-birinə oxşayır. Ömür boyu adam-adam, saat-saat addımlayıb finişə çatırsan. Və finişdə nə gördüyünü kiməsə deyə bilmirsən. Mənimki də dərddir axı. Guya finişdən bu tərəfdə gördüklərinin hamısını kiməsə danışa bilirsən axı.

Amma yaşadıqlarını çəkinmədən, qorxmadan danışan adamlar var. Danışır və sonda səhvini etiraf edir.

Bu yaxınlarda bir tanışım danışır ki, on yeddi yaşlı, saçı uzun, xuliqan yerişli vaxtlarım idi. Elə o zamanlar da indiki kimi saqqal saxlayırdım. Çayxanada işləyirdim. Evə ancaq yatmağa gəlirdim. Müdirim də üç mən boyda idi. Açığı ona cavab qaytarmağa əvvəl-əvvəl çəkinirdim. Bir yumruq qoysa soğan kimi partlayardım. Ən çox da bir hadisədən sonra gözümün odunu almışdı.

***

Zal adamla doludur. Tüstüdən masadan-masaya göz-gözü görmürdü. Qəfil bir oğlan girdi içəri. Çeçenka saçları, qolunda, boğazında döymə olan oğlan müidirim Şahinə yaxınlaşdı, əl verib salamlaşdı. Kabinetə keçdilər. Həmişəki qonaqlarından biri olduğunu zənn eləmişdim. Şahinin yanına o qədər adam gəlib-gedirdi ki. Hamısı da müftəyə.

Dar koridorla əlimdə qəlyan zala keçəcəkdim ki, kabinetdən qışqırıq səsi gəldi.

- Əclaf! Ay bişərəf! Sənin kimiləridi də kişi adına ləkə gətirən, murdarın balası.

Kabinetin divarında balaca nəfəslik var idi. Boylanıb içəri baxdım. Şahin oğlanın çeçenka saçlarından yapışıb başını dizinə çırpırdı. Oğlanın başını öz dizinə. Bayaq lotu-potu yerişlə içəri girə oğlan iki qat olmuşdu. İndi kim deyə bilərdi ki, Şahin o oğlanı döyüb? Qıraqdan elə görünürdü ki, oğlan peşman olub, başını dizinə döyür. Gülmək tutdu məni. Bir anlıq Şahin qapıya tərəf gəldi, qorxumdan tez qapının ağzından götürüldüm.

Qəlyanı qızışdırıb müştəriyə verdim. Yenə mətbəxə qayıtdım. Qəfil səsə dik atıldım. Makkaşla tutduğum kömür əlimdən yerə çırpılıb para-para oldu. Səsə boylandım. Mətəbəxdən koridor görünürdü.

Dadamb!

Qapı açılıdı, çeçenkalı oğlan koridora uçdu. Eynən hind filmlərindəki kimi. Qəşəng mənzərə idi. Oğlan çölə uçan vaxt uzun çeçenka saçları bir havalandı ki, gəl görəsən. Qolundakı şir döyməsi cücəyə döndü gözümdə.

- Şərəfsiz! Sürüş burdan! Duxun var, bir də bu həndəvərə ayağın dəysin.

***

Şahin mətbəxə gəldi. Kefi kök idi. Açığı bu birtərəfli davadan sonra elə bilirdim ki, qanı qaralacaq.

- Müştərilərlə söhbət necədi? İş gedir?

- Hə, Şahin, problem yoxdu, narahat olma.

- Ver, qəlyanı özüm qızışdıracam, ciyərlərim bayram eləsin.

Məqam idi. Bayaqkı davanı soruşmasaydım ürəyim alışardı.

- Şahin, o oğlan kimiydi? Niyə o günə qoydun onu?

- Ə, heç nə.

- Yox e, nəsə olmasa adamı otaqdan uçurdarlar?

- Əclaf, şərəfsiz Əcəmidə qıza sataşıb, qız da mənim dostumun bacısıdı. Bu o oğlandı ki, məni görəndə iki qat əyilib salamlaşır e. Mən belə şərəfsizlərə salam vermişəm?!

***

Çayxanayla üzbəüz balaca bir dükan var. Yaşlı bir kişi işlədir oranı. Mən elə bilirdim ki, o dükan ancaq al-ver üçündür. Ta ki, uşaqların hər gün mənə iki-üç qutu bahalı siqaret gətirməyindən şübhələnənə kimi.

- Ruslan, sən adama bir qəpik də verən deyilsən, nə əcəb hər gün bu bahalı siqaretlər hardan gəlir?

- İlkin, sənə nə e. Allahına şükr elə ki, Kent 8 çəkirsən.

Gülüşdük.

- Yox e, əl çəkməyəcəm, de görüm.

- Üzbəüz dükan var ha.

- Hə, var.

- Ordan əkişdiririk. Bir dəfə gedəndə səni də aparacam, bax gör qaqan neyləyir.

- İndi məni də zibilə salmaq istəyirsən?

- Qorxma, kişinin heç dünyadan xəbəri də yoxdu.

- Voopşe gəl indi gedək.

Dükana girdik. Kolbasa, xama saxlanılan enli bir soyuducu var, yanında da hündür ev soyuducusu. Arxada da bir kişi oturur. Ruslana pıçıldadım:

- Adam da bu kişidən nəsə oğurlayar? Gör necə məsum adamdı.

Ruslan göz vurub "Elə bu kişidən oğurlayarlar da. Görmürsən, qulağı da zəif eşidir” dedi. Sonra "İndi mən ondan soyuq Fanta ver” deyib hərəkətə keçdi.

- Emin, kişi soyuducunun qapısını açıb Fantanı götürənə kimi sən də əlinə nə keçdi götür.

Duruxdum, əlim-ayağım titrəməyə başladı.

Həqiqətən də soyuducunun qapısı elə idi ki, kişi ordan Fantanı götürəndə mən olan tərəfi görmürdü. O məqamda bakkuş, kökə, cipsi götürüb soxdum şalvarımın arxasına, yan ciblərinə. Ruslansa piştaxtanın qabağına düzülmüş siqaretlərdən ikisini götürüb qoydu cibinə. Fantanın pulunu verdik. Şalvarımın arxasında cipsi olduğu üçün biraz şiş görünürdü. Ona görə də Ruslan mənim arxamca çıxdı ki, kişi görməsin.

Amma elə bilməyin ki, İlkinlə Ruslanın məsələsi burda da bitdi. O deyir ki, biz həftədə bir dəfə bunu təkrarlayırdıq. Ki, kişinin ruhu inciməsin, bizdən şübhələnməsin.

Bir gün Ruslan böyük işə girişmək istədiyini dedi.

- Belə olmaz e. Əyləncəmizi biraz da böyütməliyik.

- Necə yəni?

- Çox şey oğurlamalıyıq.

Yenə dükana girdik. Kişiylə salamlaşdıq. Dilxor idi. Ruslan mənim vaxtımı uzatmaq üçün kişiylə hal-əhval tuturdu.

- Dayı, nə olub, bikefsən?

- Nə olacaq, ay bala? Üç həftədi ki, dükandan mal əskik gəlir. Hansısa əclaflar burdan nəsə oğurlayır.

- Bəlkə haqq-hesabı düz aparmırsan?

- Ola bilməz e, bu boyda malı səhv hesabladım? Üç həftəyə 70 manat əskiyim var.

Ruslanla kişi söhbətləşir, İlkinsə yavaş-yavaş kişinin diqqəti Ruslana kəsilən kimi əlinə nə keçdi qoyur şalvarın cibinə. İlkin deyir ki, sırf o oğurluq üçün çoxlu cibi olan kombat şalvarımı geyinmişdim. Deyir, təsəvvür elə, ciblərim tıx-təpil doludu. Ruslan da biraz kolbasa, biraz da çörək aldı. Plan bu idi ki, sonra mən yaxınlaşıb kişidən yenə soyuq fanta istəyəcəm. Kişinin başı soyuducuya qarışacaq, Ruslan da qapıya yaxın olanb yeşiklərdən birini götürüb aradan çıxacaq.

- Dayı, ordan soyuq fanta ver.

Kişi başını soyuducuya saldı. Ruslan yeşiyi götürüb qapıdan çıxırdı ki, kişi dikəldi, fantanı mənə uzadanda Ruslanı gördü. Ruslan götürüldü düz çayxanaya. Kişi də dalınca. Kişi Ruslana çata bilməsə də onun girdiyi çayxananı görmüşdü. Bu məqamda mən də əkilmişdim dükandan. Ruslan səhv eləmişdi, o, çayxanaya girməməli idi. Girməsəydi kişi onu tuta bilməzdi.

Sonra Şahin gəldi. Axı çayxananın yiyəsi odur. Şahini görən kişi tez cumdu onun üstünə.

- Sənin obyektindən uşaqlar mənim dükanımdan oğurluq ediblər. Mən kasıb adamam e. Bu dükandan çörək aparıram evə. Niyə mənə ziyanlıq verirsiz? Əclafa bax ki, gözümün qabağında yeşiklə mal oğurlayır.

Şahin həm soyuqqanlı, həm də birbaşa adam idi.

- Dayı, nə qədərdi ziyanın?

- 150 manat.

İlkin deyir ki, qayıdıb çayxananın arxa qapısından girmişdim içəri. Yəni kişi mənim Ruslanla əlbir olduğumu bilmədi.

- Dayı, al bu əlli manatı, sabah da gəlib yüzünü götürərsən. Bir qələtdi eləyiblər. Nəbadə gedib polisə-zada deyəsən ha. Sonra...

***

İndi biz də gərək hər bir işdə nəyi kimə və nəyə görə etdiyimizi anlayaq. Elə deyilmi?! Deyirlər ki, filankəs uşağı xəstə olduğu üçün dərman oğurlayıb. Və xüsusən də "istəməyə üzü gəlmədi, özünə sığışdırmadı" deyib oğruya haqq qazandırırlar. Bugünlərdə bir sosial eksperiment izlədim. Bir oğlan cırıq-curuq bir geyimdə adamlara yaxınlaşıb yemək istəyirdi. Adamlardan biri, ya ikisi ondan uzaq qaçdılar. Biri pul verdi, biri çörək, biri kökə, biri peraşki alıb qarnını doyurdular. İndi sual budur:

- O oğurluq edənlər nə vaxt sadə insanlardan kömək istədilər ki?!

Nə yalan deyim, mən tez-tez dostlarımdan kitab oğurlayıram... Amma heç vaxt "kömək istəmək və oğruluq" arasında qalmaq istəmərəm. Çox qəliz məsələdir. . 



İmza:Eminquey

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2019-12-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (86.36%)
Pullsuz (13.64%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK