Adalet.az | GÜL İRƏVANA GƏLSİN, GƏLMƏSİN Adalet.az | GÜL İRƏVANA GƏLSİN, GƏLMƏSİN Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

GÜL İRƏVANA GƏLSİN, GƏLMƏSİN

(ayravani, ayravani çandirika)

15593    |   2008-08-28 20:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əli 25 min türkün qanına bulaşmış, 20 min kvadrat km-dən artıq türk torpağını işğal eləmiş Sərkisyan Türkiyəmizin cümhurbaşqanı sayın Gülü İrəvana dəvət eləyib ki, gəl bir yerdə futbola baxaq. Gülün də çiçəyi çırtlayıb. Və Türkiyə hökuməti sayın Gülün İrəvana getməsi üçün dəridən-qabıqdan çıxır. Yəqin elə bilirlər İrəvana yel əsib, qoz tökülüb. Yox, yəqin ki, heç elə bilmirlər. Hər halda necə olmasa da Türkiyənin də yəqin ki, kəşfiyyat idarəsi var və kəşfiyyatçıları var, çox gözəl bilirlər ki, İrəvanda qoz yoxdu, qoz olsa özləri yeyər. İrəvanın Türkiyənin qozlarına ehtiyacı var. Amma vəziyyət göstərir ki, ABŞ nə təhər burubsa Türkiyənin də qozları çürüyüb. Əgər Türkiyənin qozları çürüməsəydi çoxdan İrəvana öz yerini göstərərdi.
   
    İrəvan bütün cəbhə boyu Türkiyəyə hücuma keçir, Türkiyə də onun qabağından qaçır və qlobal problemlərini qoyub on illərdi başörtüyü davası aparır və əlinə imkan düşdükcə Türkiyəni canından çox sevən oğlanları qazamata doldurmaqla məşğuldur, PKK-ya və erməni terrorçularına güllə atanları zindanlara atır, terrorçulara da gündə bir əfv qanunu çıxarıb buraxır ki, get yenə mənim dinc əhalimi qır, şəhərlərimi dağıt, partlat və sair və ilaxır. Erməni də bunu görür deyə, Türkiyənin üstünə daha çox cumur. Bir dəfə mən qəzetdə şair Sabir Rüstəmxanlıya xitabən yazmışdım ki: "Sabir Rüstəmxanlı, bu türklər o türklər deyil". Sabir bəy də mənə yazdı ki, mən səhv eləyirəm, guya bu türklər elə o türklərdəndi. Yəni Çingiz xan, Teymurləng, Sultan Mehmet, İldırım Bəyazit, Atatürk Nuru Paşa olan türklərdəndi.
   
    İndi o gün qəzetdə oxuyuram ki, Sabir bəy bərk dilxor olub və Türkiyə hökumətinə böyük bir müraciət məktubu ünvanlayıb. Bəli, Sabir bəy, gördün bu türklər o türklərdən deyil. Heç demə, sənin 13 yaşlı pioner qalstuklu qızın da (Tanrı qorusun) Türkiyədə dövlət çevrilişinə hazırlaşırmış. Ayıbdı e, vallah! Amma Sabir bəy, o körpə balamızın taleyinə bu bir şərəf kimi düşdü, bundan narahat olma.
   
    Bəli, Türkiyə bu dəqiqə sayın Gülün İrəvana getməsi üçün əldən gedir.
   
    Yaxşı yadıma düşdü, sonra yadımdan çıxacaqdı. Günlərin bir günü bir erməni küçüyü olan Hrant Dinkə (Hrant Dink haqqında məlumat verməyə ehtiyac yoxdur, bu dəqiqə o, Türkiyədə də, Azərbaycanda da Tarkandan da məşhurdur) İstanbulun ortasında heykəl qoysalar çaşmayın, 30 il, 40 il PKK və erməni terrorçuları ilə mübarizə aparanları tutan hökumət Hrant Dinkə də heykəl qoyar, ABŞ məsləhət bilsə Andronikə də. Necə ki, Qarsın bələdiyyə başqanı, adı yadımdın çıxdı, olsun hansısa kərtənkələ, Qarsın ən hündür yerində (o yerdə ki, İrəvandan görünür) ermənilərə abidə qoydurmaq istəyir. Yerin-zadın da hazırlamışdı, bu bəndəniz də onu öz gözləri ilə görüb, Azərbaycanın Qarsdakı baş konsulu Həsən Zeynalov olmasa qoydurmuşdu da!
   
    Bəli, Türkiyə bu dəqiqə sayın Gülün İrəvana getməsi üçün əldən gedir. Nöşün?! Nöşün ki, ABŞ belə istəyir. Sabah də deyəcəklər ki, sərhədləri aç, açacaq. Çünki ABŞ bilir ki, Türkiyənin qozları çoxdan çürüyüb. Əslinə qalsa Türkiyə ilə Ermənistanın sərhədi çoxdan açıqdı. İrəvandan Türkiyəyə təyyarələri uçur, Ermənistanın iş adamları Türkiyədə iş qurur, bir çox türklər də İrəvanda bazarlıqla məşğuldur. Bazarlıq deyəndə, göy-göyərti satmaqla yox ey, işlə. Bu günlərdə gedib çıxmışdım Antalyaya, İrəvan erməniləri 7 ulduzlu hoteldə kef eləyirdilər. Yəni bu xırda cer-cehizdir. Daha böyük cer-cehizdən söhbət gedir.
   
    Sayın Gülün İrəvana gedib-getməməsi məni o qədər ilgiləndirmir. Bu yazını da ona görə yazmadım. Sadəcə olaraq hara gedirəmsə məni tanıyan da, tanımayan da soruşur ki, Aqil müəllim, Abdulla Gül İrəvana gələcək? Tay bu suallara cavab verməkdən bezmişəm, izah eləməkdən bezmişəm.
   
    Gül qədim türk dilində gül-çiçək anlayışı vermir, igid anlamını verir, döyüşçü anlamını verir, qəhrəman anlamını verir, vurub-tutan oğul anlamını verir. İndi gəlməz, olar qədim türklərin fikirləşdiyi Gül! Gələr, olar indiki türklərin fikirləşdiyi Gül!
   
    Babək vuruşurdu, Qazan xan vuruşurdu, oğlanları da gedib gül-çiçək yığırdı, kəpənək tuturdu. İndi gəlməz, olar Qazan xan. Gələr, olar Qazan xanın oğlu. Yəni bu sayın Gülün Türkiyə tarixinə necə düşəcəyinin göstərisi olacaq.
   
    Belə şeyə dilxor olmayın. Gül İrəvana gəlsə də-gəlməsə də, Türkiyə Ermənistanla sərhədlərini açsa da-açmasa da, Ermənistanın arxasında bütün dünya dövlətləri dursa da-durmasa da biz öz torpaqlarımızı azad edəcəyik. Bundan arxayın olun. Bir az geci-tezi var. Bu məsələni güllər, çiçəklər həll eləmir, bu məsələni biz həll eləyirik, bu millət həll eləyir, bu millətin Ali Baş Komandanı həll eləyir. Bizim Qazan xanın oğlu kimi gül-çiçək yığmaq, kəpənək tutmaq yaşımız keçib. Bizim Qazan xan yaşımızdı.
   
    Onu da deyim ki, mən bu yazıda heç də nə Türkiyəni, nə də sayın Gülü aşağılamaq istəməmişəm. Və Türkiyəni heç də sayın Güldən az sevmirəm! Gələr özü bilər! Gəlməz "Ədalət"in birinci səhifəsinə böyük bir şəklini yapışdıraram və təşəkkür edərəm.
   
    Yaxşı film idi "Sehrli xalat".
   
    Ayravani, ayravani çandirika,
   
    Kentamani, kentamani işvara.
   
    Xan nə təhər uşaq kimi sevinir ey:
   
    - Ay can, ay can İrəvana gedirik!


YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-08-14


VİDEO