adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

ALO...

FƏRİDƏ RƏHİMLİ
19076 | 2018-11-24 09:20
"Telefon zəng çalır. Dəstəyi götürən kimi "Alo" deyirik. Bu hər gün bir neçə dəfə təkrarlanır. Bəs hər gün dediyimiz bu müraciət formasının necə yarandığını bilirsinizmi?
"Alo" sözünün maraqlı bir tarixçəsi vardır. Bu bir qadının adı və soyadının baş hərfləridir: Alessandra Lolita Osvaldo. Bu qadın telefonun ixtiraçılarından biri olan A.Qrehem Bellin sevgilisi olub. A.Bell ilk telefon xəttini sevgilisinin evinə çəkmişdi. Telefon hər dəfə zəng çalanda Graham Bell dəstəyi götürüb sevgilisinin adını deyərdi. Bell zaman keçdikcə sevgilisinə adını qısa şəkildə deməyə başladı. Ona "Ale Lolos"deyə müraciət etdi. Daha sonra sadəcə adın baş hərfləri ilə kifayətləndi: "ALO".
Bir gün Alessandra Belli tərk etdi. Buna baxmayaraq, Bell onun zəngini həmişə gözləyirdi. Sonralar telefon geniş yayıldı. Bell başqa insanlarla da əlaqə qurdu. Lakin hər dəfə telefon zəng çalanda Bell adəti üzrə dəstəyi götürüb "Alo" deyirdi. Bax beləcə "Alo" sözü telefonla danışan insanlar arasında da yayıldı və populyarlaşdı".
Bu məlumatı uzun illər əvvəl oxumuşdum və hər "alo" dedikcə fikirləşirdim ki, görəsən kimsə bu sözü işlədəndə Lolitanı xatırlayırmıg
Bu məlumatı sadəcə, maraqlananlar üçün paylaşdım, yazımın məqsədi isə "alo"nun başqa variantda, başqa məqsədlə istifadəsi haqqındadır.
Son zamanlar hər tində-bucaqda çeşid-çeşid taksi reklamları, xidmət təklifləri görünməkdədir. "Alo taksi" reklamlarından götürüb zəng etdiyim şirkətin operatorlarının işləri haqda bilgisizlikləri, adi nəzakət qaydalarını öyrənməmələri, heç deyilsə, taksini yönəldəcəkləri ünvanı bilməmələri çoxlu narazılıqlara səbəb olur. Əslində kəmiyyət artıqca keyfiyyət aşağı düşdü. İlk vaxtlar xidmətlərini təklif edən taksi xidmətləri qaneedici idi. Sürücülər mədəniyyətləri ilə seçilirdilər, mənzil başına çatanadək siqaret çəkməz, kondisioneri də icazəylə işə salar, verdiyin pulun qalıqlarını geri qaytarardılar. Amma hər "ilk"lərimiz kimi bu da uzun sürmədi.
"Tərlan" şadlıq evinin Saray kəndində olduğunu xüsusi vurğulasam da, məni doqquzuncu mikrorayondakı şadlıq evinə aparmaq istəyən sürücüyə - hara gedirsən, a bala?- deyə soruşduğumda məni borclu çıxartmağa çalışdı. Bəlli, tanınmış yer deyin ki, bilək də! - deyə etiraz edən sürücüyə: Bir kənddə bir şadlıq evindən daha tanınmış nə ola bilər ki, a bala? Bəlkə desəydim məni Zeynəbgilə apar, o vaxt tanıyacaqdın! Yersiz danışmasından pərt olan sürücü bu dəfə də günahı operatorun düzgün yönəltmədiyində gördü...
Tək taksilər deyil, bütün xidmət sahələrimizdə işə laqeyd yanaşma, o işdən yalnız gəlir mənbəyi kimi istifadə etmə hər kəsin bildiyi bir şeydir. Bu işin, yarı-yarıya deyilsə də, heç olmasa müəyyən cüzi bir hissəsini xalqa xidmət təşkil etməlidi. Hər sahədə formallıq, yalnız maddiyata bağlı dırnaqarası xidmətlər hökm sürməkdədi və bunun hara qədər gedəcəyi məni çox narahat edir.
Hər səhər-axşam, avtobus xidmətindən istifadə edənlərin yaxşı bildiyi kimi, evdən çıxıb işə və əksinə, getmək üçün ən az 3-4 saatımız yolda sərf olunur. Bütün dünyada məqsədi əhaliyə xidmət olan, sərnişinlərin rahatlığı üçün təşkil olunmuş avtobus xidmətləri bizdə əsəb mənbəyidi (BakuBus-ları çıxmaq şərtiylə). İqtisadi çətinliklər, sosial problemlər içində olan aşağı təbəqə nümayəndələri evdən çıxıb getdiyi ünvana yetişənə qədər nə qədər olumsuz olaylarla qarşılaşıb əsəbləşir - hər səhər onu müşahidə edirəm, çünki mən də onlardan biriyəm...
Avtobusu qəsdən gecikdirərək insanları "mehriban olmağa" səsləyən sürücüdən tutmuş əlaqədar təşkilatların hamısı hər səhər-axşam sərnişinlər tərəfindən xatırlanır. Yaxşı, ya pis, onu siz düşünün! Sıxlıqdan tərləyib, avtobusdan endiyində "sətəlcəm" olan, təmiz geyinib çıxdığı paltosu, ayaqqabısı palçığa , toza batan adamlar hansı əhvalla işə gedir sizcə? Hə, elə o əhvalı da işə daşıyır və sinirini işdəkilərə tökür...
O gün axşam 119 nömrəli avtobusu yarım saata qədər gözlədik. Hava çox soyuqdu. Digər avtobuslardan basabas olsa da üç-dördünün keçməsinə baxmayaraq 119 görünmürdü. Nəhayət biri gəldi - kənardan bir-birinə və qapı şüşəsinə yapışmış kimi görünən insanların acınacaqlı halı məni pərişan etdi. Düşündüm ki, görəsən bu millət bir-birinə niyə belə əziyyət verir. Axı neft və milyonlar səltənəti olan bu gözəlim ölkədə əhalinin rahatlığı üçün şərait yaratmaq mümkündür! Bunu kim, niyə istəmir? O halı görərkən və işdən sonrakı yorğunluqdan, ayaqüstə durmaqdan, soyuqdan halım pisləşməyə başladı. Keçən avtobusun üstündə BNA - Bakı Nəqliyyat Agentliyi və "Alo 141 - yol sizindir.... filan yazırdı. Zəng elədim, əsəbi şəkildə bu millətə niyə belə əziyyət edildiyini, avtobusun niyə vaxtında gəlmədiyini soruşacaqdım. Sərnişinlərin rahatlığı üçün heç bir iş görmürsünüz, heç olmasa marşrutlar fürsətçiliyi buraxıb vaxtında işləsindər, demək istəyirdim. Operator - "kompüter xanım" musiqi sədaları altında, asta-asta: "Siz növbədə üçüncüsünüz, xahiş edirik gözləyin"i bir neçə dəfə təkrar etdi. Sonra beş-altı dəfə də "Siz, növbədə ikincisiniz, xahiş edirik gözləyin.... səsiniz yazılır..." deməsinə 30 dəqiqəm və 30 qəpiyim çıxdı, telefon dəstəyini isə qaldıran olmadı. Əslində bu cür xidmətlər pulsuz olmalıdı. Onsuz da getdikcə artırılan qiymətlərlə qanımızı soranlardan biri də elə nəqliyyat sahəsidir. Görünür, hər zəngdən söyüş, qarğış eşitdikləri üçün pullu xidmətə üstünlük veriblər. Onlara gələn zəngləri dinləmək mənə çox maraqlı olardı...
"Hörmətli" cavabdeh şəxslər! Öz rahatlığınızı bizim narahatlığımız, əsəblərimiz üzərində qurmayın, bu milləti bu qədər canından bezdirməyin!!! Hər şeyin bir sonu olur...
 

TƏQVİM / ARXİV