ONLUQ QIZIL

FAİQ QİSMƏTOĞLU
48031 | 2018-11-24 09:16

... Çörək qədər müqəddəs varlıq az ola bilər. Düzdür, müqəddəs varlıqlar var: Allah müqəddəsdir, Vətən müqəddəsdir, Ana da müqəddəsdir! Hər üçünə qurban olum: nə Allahsız yaşamaq olar, nə Vətənsiz yaşamaq olar, nə də anasız! Və çörəksiz də çox yaşamaq olmaz. Canın nə qədər bərk və dözümlü olsan belə, uzaqbaşı çörəksiz on-on beş gün yaşaya bilərsən. On-on beş gündən sonra acından gözünə qaranlıq çökəcək, bununla da ömrün bitəcək...
Deyirlər ki, çörək Qurandan irəlidir. Və elə çörək də Quran qədər müqəddəsdir! Hər ikisi Allah-Təala tərəfindən insanlara bəxş edilib. Yas məclislərində çörək yığışdırılandan sonra "Süfrə" duası verilir. Yəni bu o deməkdir ki, ay insanlar, çörəyi qaldırıb qoyun başınızın, gözünüzün üstünə! Çörəkdən uca bircə Ulu Tanrıdır. Vaxt olub ki, 1941-45-ci il Böyük Vətən Müharibəsi illərində bir dilim çörəyə görə minlərlə insan acından ölüb...
Rəhmətlik Telli nənəm danışardı ki, müharibə dövründə 37-ci ildə ürəyi partlayıb ölən babanızdan mənə çoxlu onluq qızıl qalmışdı. O qızılın hamısını una verib çörək bişirdim, uşaqları acından ölməyə qoymadım. Bir kisə una bir onluq qızıl verirdim. Özü də bu onluq qızılı doğma qardaşıma verib un alırdım. Kəndimizdə o illərdə nə qədər insan acından ölürdü. Ürəyim dözmürdü, bəzən qonşuya da un verirdim ki, çörək bişirib balalarını aclıqdan çıxarsın. Bax, indi ay oğul, görün o müharibə illərində hansı çətinlikləri yaşamışıq. Bir tikə çörək yerə düşəndə onu öpüb gözünüzün üstünə qoyun! Çünki çörək adamdan küssə, onun cəzası çox ağır olur...
... Uşaq vaxtı nənəmdən eşitdiyim bu sözlər yaddaşıma həkk olub. Yaddaşıma həkk olub ki, çörəyi qənaətlə istifadə etmək lazımdı. Bunu övladlarıma, nəvələrimə də nəsihət eləmişəm. Yəni nənəmin mənə dediklərini onlara çatdırmışam. İndi nəvələrim də bir tikə çörək yerə düşən kimi, götürüb öpür və gözlərinin üstünə qoyurlar. Deyirlər ki, çörəyi yerə atsaq, Allah gözümüzü kor eləyər!..
Bizim evdə tikə çörək də qalmaz və zibil qutusuna atılmaz. O gün evimizin yanından keçirdim, gördüm zibil qutusunun yanında sallofan kisəyə yığlmış çoxlu çörək var. Guya o çörəyi gətirənlər ruziyə hörmət eləyib zibil qutusuna atmayıblar, yanına qoyublar. Onun nə fərqi var; ya çörəyi zibil qutusuna atdın, ya da yanına qoydun! Hər iki halda adam günaha batır. Onsuz da günahların içindəyik. Çörəyi zibil qutusuna atmaqla böyük günahlar eləyirik!
Bizim xalq qədər çörək yeyən və çörəyə israfçılıq edən millət az-az tapılar. Hec cürə başa düşmək, anlamaq olmur: çörək niyə zibil qutusuna atılmalıdır? Təbii ki, bunu uşaqlar eləmirlər. Bunu saçı, saqqalı ağarmış yaşlı adamlar törədirlər. Bəs yaşlı adam bilmir ki, bir gündə onun evində nə qədər çörək yeyilir? Əgər bilirsə, canı çıxsın, lazımi qədər çörək alsın! Axı bir tikə çörək üçün bu günün özündə də Afrika ölkələrində minlərlə insan acından ölür və onlara bir tikə çörək verilsə gözlərinə işıq gələr...
Vaxtilə SSRİ dövründə Azərbaycan Respublikası Ali Sovetin sədri işləmiş İsgəndərovun evində qulluqçu çalışan qadın xatirələrində yazır ki, evdə bir tikə çörək artıq qalsaydı, o kişi evdə qırğın yaradar, az qala dünyanə dağıdardı, süfrənin üstündəki çörək qırıntılarını İsgəndərov ovcuna yığar və ağzına atardı. Və deyərdi ki, siz aclıq nə olduğunu bilməzsiniz! Bu çörək qırıntıları üçün acında ölən insanlar çox böyük ümidlə onu axtarıblar və tapmayıblar. Siz isə süfrədə çörək qırıntısını atmaq istəyirsiniz!
Ona görə də köhnə kişirərin üzünə Allah-Təala bütün qapıları açmışdı və onlara hər şey vermişdi. Çünki onlar KİŞİ idi. Kişi kimi yaşayırdılar, kişi kimi də hərəkət edirdilər. İndi isə bir balaca vəzifəsi və pulu olan adamın gözü ayağının altını görmür. Ayağının altında çörək qalır, onu tapdalayıb keçir. Heç vəzifəsi olmayan bəzi nankor insanlar da bu cür hərəkətlər edir. Bəlkə elə buna görə Allahın üzü bizdən dönüb...
... Ruzinin dalınca döşürük, tapa bilmirik! Çünki biz Allahın ən böyük müqəddəs varlıqlarından olan çörəyi tapdayıb keçirik. Və çörək də bizi tapdayıb keçəndə acından köpük qusmaqdan başqa çıxış yolumuz qalmayacaq. Artıq bu köpük yavaş-yavaş gəlməyə başlayır. Sonra da üzümüzü Allaha tutub deyirik: İlahi, bizim günahımız nəymiş?!.

TƏQVİM / ARXİV