Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | MAKSİM QORKİNİN YOX, FRED ASİFİN ANASI! Adalet.az | MAKSİM QORKİNİN YOX, FRED ASİFİN ANASI! Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

MAKSİM QORKİNİN YOX, FRED ASİFİN ANASI!

ANA!

18797    |   2008-03-08 02:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Böyük yazıçı Maksim Qorkinin məşhur "Ana" romanı orta məktəb illərində sevə-sevə oxuduğum ən gözəl əsərlərdən biri idi. Və bu əsər heç bir vaxt öz əhəmiyyətini itirməyəcəkdir. Ana haqqında şer yazmayan şair yoxdur. Amma yazıçılar bu mövzuya çox az toxunurlar. Mən də Ana haqqında nəsə bir şey yazmamışam. Və indi də nə isə yazmaq fikrində deyiləm. Daha doğrusu, yazmaq qüdrətində deyiləm.
   
   Anamı çox erkən itirmişəm, dünyasını dəyişəndə 50 yaşı vardı. 8 övlad böyütmüşdü. Və həmin övladlarının birini də çox erkən itirmişdi. Elə o dərd də götürdü apardı. Heç kəs inanmaz, o mənada ki, yəni indiki zamanda görünməmiş hadisədi, mənim anam oxuyub-yazmağı bilmirdi. Mən jurnalistliyə başlayanda balalarından xahiş eləmişdi ki, ona heç olmasa, oxumağı öyrətsinlər, görsün mən nə yazıram. Öyrətmişdilər, amma yenə də höccələyə-höccələyə çətinliklə oxuyurdu və yorulurdu. Sonra uşaqların birinə yazdıqlarımı oxutdurub qulaq asardı. Və bir də mənim kitabxanamla fəxr edərdi. Yekəlik olmasın, Ağdamın Ağdam vaxtı kitabxanamda 15 min kitab vardı. Hamısı yandı. Və bu savadsız anam o 8 övladına oxuyub yazmağı öyrətmişdi. Atam ailənin xarici işlər naziri olduğundan uşaqların təlim-tərbiyəsi, təhsili ilə anam məşğul olurdu. Anam da ailənin daxili işlər naziri idi, yəni bizi döyürdü də.
   
   Öz anam haqqında yazmaq fikrim yoxdu. Sadəcə olaraq bunları ona görə deyirəm ki, anamı erkən itirdiyimdən içimdə qalmış Ana sevgisini, anama göstərə biləcəyim, amma göstərə bilmədiyim qayğını bütün Analara göstərməyə çalışıram. Və mənim yanıma gələn, hər hansı bir dərdi olan, hər hansı bir əlac axtaran, hər hansı bir işi dara düşən Analar bunu çox yaxşı bilirlər. Bütün analar mənim Anamdı. Haqqında söhbət açmaq istədiyim Fred Asifin Anası da!
   
   
   
   FRED ASİFİN ANASI!
   
   
   
   Bir oğlunu Vətənə qurban verən və yerdə qalan dörd oğlunu da Vətənə qurban verməyə hazır olan Ana! Hər səhər Ağdamda beş oğlunu döyüşə göndərib qapının ağzındakı daşın üstündə oturub oğullarının yolunu gözləyən Ana!
   
   - Hamı qayıtdı, Səxavət qayıtmadı...
   
   ...Səxavət son beşiyidir, Qarabağ döyüşlərində çox ağır yaralar alıb və bu gün də əlildir...
   
   -... Qonşunun oğlu Rövşən də qayıtmadı. Dedim Səxavət hanı? Dedilər ki, döyüşdədi. Dedim, bəs niyə hamınız qayıtmısınız, o yox? Dedilər ki, o başqa cəbhədədi. Məni götürdülər apardılar Evoğlu kəndinə, dedilər qal burda. Dedim əgər bir şey olmayıbsa məni bura niyə gətirirsiniz? Dedilər belə məsləhətdi. Qayıtdılar özləri şəhərə. Ürəyim dözmədi, durdum çıxdım yola. Gecəydi, maşın da yoxuydu. Piyada üz tutdum Ağdama. Sarıcalının üstündə gördüm bir maşın gəlir. Məni tanıdılar, gördülər Fred Asifin anasıyam, gətirdilər şəhərə. Gəldim evə. Məni görəndə çaşdılar. Ağladım ki, Səxavət hanı? Asif dedi ki, yığışdır gözünün yaşını. Ölübsə meyidi gələcək, sağdırsa özü, ölən oğlanlardan artıqdır?! Dedim, Cəbi, saa qurban olum, maa düzünü deyin. Cəbi dedi ki, xala,qolu sınıb. Yaqubun oğlu da, rəhmətlik Nərimanın oğlu qonşumuz Rövşən də yaralanıbmış. Maa da yalan deyirmişlər, qolu sınmaq nədi ey. Uşağıma neçə qəlpə dəyibmiş, Bakıya gətiriblərmiş.
   
   ...Səxavət aldığı yaralardan 3 ay xəstəxanada yatır. Ana da yanında...
   
   - Palatada yatan yaralı döyüşçülər ölürdülər, onları götürüb aparırdılar, yorğan-döşəyini də dəyişmirdilər. Gələn yaralı əsgərləri elə çirkli yorğan-döşəyə atırdılar. Özümün döşək ağımı, balıncımı saldım birinin altına. Sonra gördüm ki, başqa bir yaralının anası təzə yorğan-döşək üzü gətirdi. Dedim bunu hardan almısan? Dedi, medsestralar satır. Getdim yetmiş beş min manat verdim üç dəst aldım, gəldim o biri yaralıların da döşək üzlərini dəyişdim. Amma medsestraları yaman söydüm. Dedim, ay it uşağı, bunların da anaları var, bacıları var, sizin üçün vuruşurlar. Niyə bu döşək üzlərini onlara pulla satırsınız? Sonra baş həkim gəldi, üzr istədi.
   
   ...Hələ Səxavət sağalmamış Anaya xəbər çatır ki, ortancıl oğlu Ədalət də yaralanıb. O da Ağdamda xəstəxanadadı. Ürəyi dözmür. Gedir Ağdama...
   
   - Asifin batalyonunda vuruşan uşaqların ata-anaları Ağdama gələndə anaları bizdə qalırdı, ataları batalyonda. Hamısına yeməyi özüm bişirirdim. Hamısına qulluq edirdim. Deyirdim ki, bunların balaları mənim balalarımla çiyin-çiyinə səngərdə yatırlar. Onların balalarını öz balalarımdan ayırmırdım.
   
   ...Gülümsəyir. Yadına nəsə düşür...
   
   
   
   - BİR DƏFƏ
   
   HƏYƏTDƏ DOVĞA BİŞİRİRDİM...
   
   
   
   ... Zakir kişi də mənim pensiyamı gətirmişdi. "Zil" şoferi Novruzuydu, maşın düzəldən Eldarıydı, yeznəm Vaqif idi, onlar da həyətdə oturmuşdular. Birdən qrad başladı. Biri də düz gəlib düşdü həyətin başındakı ağac vardı, onun dibinə. Aləm bir-birinə dəydi. Hamı durub qaçdı. Yeznəm Vaqif də qaçdı. Mən dovğamı buluyurdum. Heç ətim də ürpənmədi. Ayə, hara qaçırsınız ey, dallarınca güldüm. Sonra getdim stadiona. Dedim, ay qorxaqlar, dovğa hazırdı, gəlin aparın. Dedilər ay xala, sən qurd ürəyi yemisən. Mən də söz yiyəsiyəm ey! Dedim qurd ürəyi yediyimi bilmirəm, amma beş dənə Qurd doğmuşam.
   
   - Xala, sən də gərək heç o dovğanı onlara verməyəydin, acığnan.
   
   - Yox, ay bala, onlara qurban olum, dovğanı onlara bişirmişdim dana. Bilirsən də bizim evimiz stadionun yanındaydı, batalyon da ordaydı deyə ermənilər oranı daha çox nişan alırdılar. Demək olar ki, məhləyə hər gün qrad düşürdü. Qonşular evlərində babat şeyləri çıxarmışdılar. Amma mən Asifin qorxusundan bir çöpə də əl vurmurdum. Qonşular deyirdi ki, bir-iki şeyi ver xəlvətcə çıxaraq, Asif bilməyəcək. Asifə öz əlimlə yorğan-döşək düzəltmişdim. Bir gün xəlvətcə onu qonşulara vermək istəyirdim ki, aparsınlar, Asif gəlib çıxdı. Dedi ki, Ana, səndən heç gözləməzdim. Torpaqdan əziz heç nə yoxdu. Sonra belindəki xəncəri çıxarıb yorğan-döşəyi ortadan parça-parça elədi, dedi indi kimə istəyirsən ver aparsınlar.
   
   ...Ana oturmuşdu qarşımda.Mən ondan müsahibə götürmürdüm. Sadəcə olaraq mənimlə görüşməyə gəlmişdi. Həmişə deyir ki, mən elə bilirəm mənim 6 oğlum var, biri də sənsən. İndi Ana oturub 6 oğlunun biriylə - Asiflə bağlı, Ağdamla bağlı xatirələrini danışırdı...
   
   - Xala, darıxma ey, tezliklə Ağdama gedəcəyik. Yenə həyətdə dovğa bişirəcəksən.
   
   - Allahdan möhlət istəmişəm. Asif öləndə maa dedi ki, Ana, Şuşa alınanda Qaqarin bulağından su gətirib qəbrimin üstünə töküb məni muştuluqlayarsan.
   
   ...Stolumun gözündə Şuşadan gətirilmiş torpaq da var, Şuşadan gətirilmiş su da. Bunu mənə Kərim Kərimli gətirib. Paylamışam, bir az qalıb. Durub torpağı da gətirdim, suyu da...
   
   - Xala, bu Şuşa torpağıdı, bu da Şuşadan gələn sudu. Götür, çıxanda səni aparacam Şəhidlər Xiyabanına, tök Asifin qəbrinin üstünə.
   
   - Yox, oğul, onu istəmirəm. Mən azad olunmuş Şuşanın torpağını və suyunu tökəcəm Asifin qəbrinin üstünə. Özü də Asifi muştuluqlamayanadək ölmərəm.
   
   ...Torpağı da, suyu da qaytarıb qoyuram yerinə...
   
   -Uşaqlar çox istəyirdilər məni Ağdamdan çıxarsınlar. Demirəm, hər gün məhləyə qrad düşürdü?! Şahin var ey, Alış kişinin oğlu, Hümbətəliyev, polkovnik, hardasa milisdə böyük vəzifədə işləyirdi, sonra da rəis oldu. O da işini-gücünü atıb əlinə bir avtomat götürüb gəlib qoşulmuşdu döyüşçülərə. Deyirdim, ay oğul, burda döyüşənlər çoxdu, sən çıx get işinə-gücünə, səni uvolit eləyərlər. Deyirdi, xala, bu paqon Ağdamdan artıq deyil ha. Həmin Şahin çox istəyirdi ki, mən Ağdamdan çıxım. Bir dəfə ağladı ki, xala, saa qurban olum, gəl səni yola salaq kəndə, gəlmə buralara, biz də ürəklə vuruşaq. Camaatın içində ürəyinə dəymədim. Dedim , yaxşı. Amma camaat gedəndən sonra dedim ki, heç hara gedən deyiləm. Hara gedəydim? O boyda batalyonun bütün döyüşçüləri maa Ana deyirdilər, heç onları yetim qoyardım? Xəstələnib sayıqlayanlar Ana deyəndə, deyirdim, can bala, burdayam...
   
   ... BƏS MƏN
   
   GETSƏYDİM
   
   ONLARA CAN
   
   BALANI KİM
   
   DEYƏCƏKDİ?!
   
   
   
   - Heç yanına jurnalistlər gəlirdi?
   
   - O qədər. Gələnlər hamısı istəyirdi Asif haqqında danışım. Asif də mənə tapşırmışdı ki, mənim haqqımda heç kimə, heç bir qəzetçiyə danışma. Şuşadan sonra, Xəlfəlidə qəzetçilərlə danışarıq. Bir dəfə televiziyadan gəlmişdilər, heç cınqırımı da çıxarmadım, oturdum bir tərəfdə. Asif də xoşlamırdı qəzetçilərə nəsə danışmağı. Qoymurdu şəklini də çəkələr. Deyirdi ki, bura ölməyə gəlmişik, şəkil çəkdirməyə yox.
   
   Fred Asifin məşhur bir sözü yadıma düşür. Deyirdi: "Müharibədə üç cür adam var - intervyü verənlər, tankın üstündə şəkil çəkdirənlər, bir də döyüşənlər".
   
   Fred Asifi hamı davakar adam kimi tanıyırdı, əslində elə davakarıydı, kəmhövsələydi, haqsız söz götürməzdi. Haqsız işə biganə qalmazdı. Ona görə də iki dəfə həbsxanaya da düşmüşdü. Fred Asifi yaxından tanımayanlar onun bir ziyalı olduğuna, çox savadlı bir adam olduğuna, mütaliəli bir adam olduğuna inanmazdılar. Fred Asif Nitsşeni bilirdi, Freydi bilirdi, Dostoyevskini çox sevirdi. Fred Asiflə oturub ədəbiyyatdan, tarixdən, fəlsəfədən söhbət edəndə adama ləzzət eləyirdi. Bir də görürdün ki, jurnalistə Nitsşedən elə bir misal çəkdi ki, jurnalist nəinki o misalı eşidib, heç Nitsşeni tanımır.
   
   Nazim Hikmət yazır:
   
   
   
   ŞƏHİDLƏRİN
   
   ÇİYNİNƏ
   
   QALXARAQ
   
   YÜKSƏLİYORUZ,
   
   
   
   Vaxtımız yox,
   
   onları basdırmağa.
   
   - Asif qardaşlarına deyirdi, Ədalət, döyüşdə mən ölsəm qayıdıb məni basdırmayın, meyidimi tapdalayın keçin qabağa- düşmənin üstünə. Bunu Səxavətə də deyirdi, o biri qardaşlarına da deyirdi, döyüşçülərinə də deyirdi.
   
   ...Nazim Hikmət yazır:
   
   Düşməsin bizimlə yola,
   
   Evində cocuqlarının
   
   Göz yaşlarını
   
   Boynunda
   
   ağır bir zəncir kimi daşıyanlar.
   
   Fred Asif də döyüşdən qabaq deyirmiş:
   
   - Kimin ürəyi evində-eşiyində, arvad-uşağının yanında qalıbsa, biz onu qınamarıq, döyüşə girməsin. Döyüşdən qaçmaqdansa elə bəri başdan qaçıb getsin arvad-uşağının yanına. Döyüşdən qaçsa özüm güllələyəcəm...
   
   - Bir dəfə 40 dərəcə qızdırması vardı. Tər götürüb gedirdi. Nə qədər dedilər ki, sən döyüşə girmə, Polad həkim də yalvardı ki, Asif, girmə döyüşə. Dedi olmaz, komandir əsgərlərinin önündə getməlidir. Nəbinin ruhuna qurban olum, təzəcə sağalmışdı. Özü də ikinci dəfə yaralanırdı. Nəbini sıradan çıxartdı ki, sən getməyəcəksən. Əsgərəni azad eləmək istəyirdilər. Nəbi dedi ki, komandir, məni döyüşə aparmasan özümü vuracam. Nəbi də getdi. Səhərədək əli göydə Allaha yalvardım ki, uşaqlar sağ-salamat qayıdıb gəlsin. Qurban olduğum Allah məni eşitmişdi. Asifin dəstəsi bircə itki vermişdi.
   
   O vurhavurda Muradbəylidə ev tikdirirdik. Deyirdilər bu qradın altında niyə ev tikdirirsən. Bircəciyi düşsə zəhmətin havaya gedəcək. Deyirdi qoy getsin, təzədən tikdirəcəm, qoy camaat görsün ki, müharibə gedə-gedə də ev tikdirmək olar. İki dənə ağac bünövrəyə düşürdü. Asifə yalvardım ki, qoyma o ağacı kəssinlər. Elə tikdirdi ki, ağaclar kəsilmədi. Evin görünüşünə xələl gəlsə də mənim xətrimə ağacları kəsməyə qoymadı. Hərdən o ağaclar yaman yadıma düşür..
   
   
   
   BİR DƏ YADIMA
   
   İMARƏTDƏKİ
   
   ÇİNARLAR DÜŞÜR...
   
   
   
   Ağdamda İmarətdə hündürlüyü 50-60 metrə çatan çinarlar vardı. Və bu çinarlar şəhərin hər tərəfindən görünürdü. Dəqiq sayı yadımdan çıxıb, deyəsən bir əlliyə qədər çinar vardı. Tarixdə də var, bu çinarları Xan qızı Natəvan öz əlləri ilə əkibmiş. Həmişə bu çinarlarla lovğalanırdıq. Stadion da İmarətdə yerləşdiyindən və Ağdamdakı dövlət tədbirlərinin demək olar ki, hamısı İmarətdə keçirildiyindən Ağdama gələn bütün qonaqlar bu çinarları görüb heyrətlənirdilər. Və onlara da bu çinarları Xan qızı Natəvanın əkdiyi haqqında məlumat verilirdi.
   
   60-70-ci illərə qədər bu çinarların birinin yerdən bir 6-7 metr hündürlüyündə futbolçular üçün soyunub-geyinmə otağı düzəltmişdilər. Əslində bu otaq deyildi, çardağıydı. Natəvanın qəbri də, heykəli də öz əli ilə əkdiyi çinarların birinin altındaydı. Yeri gəlmişkən, bəlkə də çoxlarının bilmədiyi bir tarixi faktı da açıqlayım. Xan qızı vəfat edəndə xalq onun tabutunu Şuşadan düz Ağdama qədər (37 km-lik bir məsafədir) çiyinlərində gətirib və öz əli ilə əkdiyi çinarların birinin altında dəfn edib.
   
   -... Görən o it uşaqları çinarları kəsməyiblər ki? Evim yanıb, eybi yox, təzədən tikdirərik, amma o çinarları bir daha əkə bilmərik. Özün bilirsən dana, o çinarları Xan qızı əkmişdi. Bala, sən bizim həyətdə olmusan dana?
   
   - Bəli, xala, olmuşam.
   
   -Bax o ağacların çoxunu öz əlimlə əkmişdim. Bir narımız olurdu, bax- bax, bu boyda - iki əlini belə tutub göstərir - bal kimi olurdu. Heyf Ağdamdakı ağaclardan.
   
   - Bir çay gətirsinlərmi, xala?
   
   - Yox, çay istəmirəm, bir az sərin su olsa içərəm, mineralnı yox, adi su.
   
   ...Bir stəkan su gətirirlər, "imamların ehsanı olsun" deyib içir...
   
   - Bir dükan vermişdilər, o vaxt Fatma Abdullazadə kömək eləmişdi. Sağ olsun, ömrü boyu onun yaxşılığını unutmaram. Bircə dəfə getdim qəbuluna, dedim Fred Asifin anasıyam, oğlanlarım da əlildi, iş qabiliyyətini itiriblər, bizə kömək elə. Tapşırdı bir budka verdilər. Pis, yaxşı dolanırdıq. Sökdülər. Sağ olsun sökənləri, işləri avand olsun. Ermənilər o boyda yurdumuzu-yuvamızı viran qoyublar, indi özümüzünkülərə bir budka qıymayacayıq? Mən də day heç hara getmədim. Saldım ürəyimə, paralic vurdu.
   
   Asifin oğlu idmançıdı, çempiondu.Gördü dolana bilmir getdi Ursetə. Uruslar da bilən kimi idmançıdı şərait yaradıblar, indi Yaponiyada yarışdadı. Səxavətin 40 yaşı var, evləndirə bilmirəm, evlənmək istəmir. Deyir Ağdama qayıdandan sonra evlənəcəm. Sən də onun böyük qardaşısan, bir sən də deynən. Özünə demişəm ki, gedib səndən Məmməd Araza şikayət eləyəcəm ki, evlənmir. Sənin qohumun olduğuna görə demirəm, Səxavətin Məmməd Arazdan çox istədiyi adam yoxdu. O vaxt aclıq eləyəndə də kim dedi eşitmədi, amma o kişi deyən kimi aclığını dayandırdı. Mən də hərdən sözümə baxmayanda...
   
   
   
   ... ONU MƏMMƏD ARAZLA
   
   QORXUDURAM...
   
   
   
   ... Oğul, sən bilərsən bir toy neçəyə başa gələ bilər?
   
   - Baxır toya dana. Bahalı toy da var, ucuz toy da.
   
   - Yox, bahalı toy. Mən Səxavətə bahalı toy eləmək istəyirəm, bir az pul yığmışam.
   
   - Xala, sən toyu başla, Allah kömək olar. Dostlar da həmçinin.
   
   - Heç kimin xətrinə dəyməsin, bala, bu dəqiqə də dostlar özüyçündü. Fred Asif o qədər adama yaxşılıq eləmişdi ki, heç indi zəng də eləmirlər ki, xala, nə lazımdı. Kəngərli Adildi, bir də nöyüt satan Müzəffərin nəvəsi, Elmanın oğlu Telman. Bax, onlardan çox razıyam. Allah sənə də dəyməsin. Elə hərdən bir maa zəng eləyirsən elə bil dünyanı maa bağışdıyırlar. Oğul, görən bu il Ağdama gedərik?
   
   - Gedərik, inşallah.
   
   - Allah ağzından eşitsin. Yalan danışmırsan ki? Mənim uşaqlarım ömürləri boyu dillərinə yalan söz almayıblar. Sən də elə mənim oğlumsan.
   
   (Güldüm).
   
   - Nəyə gülürsən?
   
   - Xala, jurnalist yalan danışmasa olmaz axı. Hərdən danışıram.
   
   - İnanmıram. Nəslini tanıyıram. Sən yalan danışmazsan...
   
   
   
   ... YALAN YIXDI
   
   EVİMİZİ, BALA...
   
   
   
   ... Yalan danışmasaydılar indi Şuşadaydıx. Hə, oğul, kişi odur ki, torpağın üstə canın qoysun, qanın qoysun. Qoy bir müharibə başlasın, dörd oğlumun dördü də döyüşdə olacaq. Asif deyirdi ki, QOY BİZ ÖLƏK, VƏTƏN YAŞASIN! Deyəsən səni yordum. Bir maşın ver məni aparsınlar evə.
   
   - Xala, bir sözün , tapşırığın vardı bəlkə?
   
   - Yox, ay bala, özündən muğayat ol, bir-birinizdən muğayat olun. Heç bir işim yoxdu. Gəlmişdim Asifin qəbrinin üstünə, dedim elə saa da dəyim.
   
   Qalxır. Gözü Şahmar Əkbərzadənin divardan asılmış portretinə dəyir.
   
   - Buy, oğul, bu Şahmar deyil?
   
   - Şahmardı.
   
   - Nə qəşəng çəkiblər. Yaxşı adam idi Şahmar. Asifin dostuydu. Asifi yaman çox istəyirdi. Asif öləndə başını sinəmə qoyub elə hönkür-hönkür ağlayırdı ki. Heyf. Görən uşaqları nətərdi? Məndən salam deyərsən.
   
   - Baş üstə.
   
   Ana getdi. Fred Asifin Anası. Hamımızın Anası. Və gedəndə də məni öpdü getdi.
   
   Kim istəyir inansın, kim istəyir inanmasın. Anam öləndə 34 yaşım vardi, bu illərdə anam məni cəmi iki dəfə öpdü. Birinci dəfə 1974-cü ildə. Mən hərbi çağrışda idim. Əsgər paltarında qaçıb getmişdim evə. Onda ilk dəfə anam məni öpdü. Və mən çaşdım. Çaşdım ki anam məni öpdü?! O da başa düşdü ki, mən niyə çaşdım. Dedi oğul, mən səni öpmədim, əsgər paltarını öpdüm.
   
   Bir də ölümündən bir gün qabaq öpdü məni anam. Görünür bu da vida öpüşüimiş.
   
   Fred Asifin anası məni öpəndə elə bildim anam məni üçüncü dəfə öpdü.
   
   
   
   Aprel, 2002-ci il.


YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-12-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (79.38%)
"Neftçi" (20.62%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK