deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Evinə çörək apara bilən bütün fəhlələr öz evinin kralı imiş - Eminquey yazır Adalet.az | Evinə çörək apara bilən bütün fəhlələr öz evinin kralı imiş - Eminquey yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Evinə çörək apara bilən bütün fəhlələr öz evinin kralı imiş - Eminquey yazır

6327    |   2018-11-13 10:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Axırıncı gün rəngim tamamən qaralmışdı, dırnaqlarımın içi ağarmışdı, burnum, boğazım suvaqla dolmuşdu...

***

- Gəl, mənə qoşul, tikintidə iş var, gedək işləyək.

- Çingiz, bacararam? İndiyə kimi tikintidə işləməmişəm axı.

- Niyə bacarmırsan ki? Usta yanında köməkçi olacağıq, nə desələr edəcəyik də. Burda çətin nə var?

- Yaxşı, bəs, nə qədərdi maaş?

- Gününə 20 manat.

- Az deyil?

- Niyə ki? Lap əladı. Səhər saat 9-dan axşam 6-ya.

- Hmm...

- Hə, bir də, əgər yeməyi evdən gətirsən 25 manat alacaqsan, əgər onların verdiyi yeməyi yesən 20 manat.

- Bax, bu əla oldu. Mən qıraq yeməyi yeyəmmirəm. Evdən gətirərəm. Beş manat da beş manatdı.

- Ay sağ ol da...

- Razılaşdıq.

- Sabah səhər məhlənin tinində gözləyəcəm səni.

***

Çingizlə razılaşandan sonra içimə bir hüzur dolmuşdu. Evə gələ-gələ indidən aldığım pulu vur-çıx eləyib nə edəcəyimi planlaşdırırdım. Amma birinci işim anamı sevindərmək olacaqdı.

- Mama, sənə şad xəbərim var.

- Bıy, nə olub?

- İş tapmışam.

- Aaa, nə işi?

- Mama, hər gün işə aparmağa yemək hazırlasan 25, hazırlamasan 20 manat qazanacam.

- Niyə hazırlamıram, a bala?! Sən mənim yeməyimdən başqasını onsuz da yemirsən ha.

- Hə, əla. Onda sabah səhərçün yemək hazırla.

- Emin, demədin axı işinin adı nə olacaq?

- Tikintidə fəhlə.

Bunu demişdim ki, elə bil anamın üzünə qara buludlar çökdü. Qaşları elə düyünləndi ki, elə bil bu dəqiqə ildırım kimi hirslə çaxacaq.

- Nə? Fəhlə? Emin, sənin nə canın var axı? Budu tapdığın iş?

- Hə, mama, neyləyim? İş yoxdu da. İndiki vəziyyətdə məcburuq.

- Gedib bir ay işləyəcəksən, sonra iki ay xəstə yatacaqsan, həm canın düşəcək, həm də aldığın maaş da dəva-dərmana gedəcək.

- Ay mama, indi belə lazımdı, başa düş.

Gördüm ki, belə alınmayacaq, anam fikrindən dönməyəcək, işimi yumşaltmağa başladım.

- Mama, fəhlə deyəndə niyə qorxursan axı? Qorxma, daş daşımayacam, hündürlükdə də olmayacam. Ustalara kömək edəcəm. Sement qarışdırmaqdı, nə bilim onu ver, bunu gətir.

- Hmmm...

Bir az da olsa yumşaldı. Amma heç nə demədi. Nə razı oldu, nə də narazı.

***

Sevincimdən yata bilmədim o gecə. Bir saatdan bir oyanırdım ki, birdən işə gecikərəm. Beləcə səhəri saat 6-da cinbala gözlərimlə açdım. Yuxu məndən on yorğan uzağa düşmüşdü.

Anam yuxudan oyandı, gözlərini ovdu, ovdu... Hə, ildırım çaxdı, onun bulud gözləri yağmağa başladı.

- Nə olub, ay mama? Səhərin gözü açılmamış niyə ağlayırsan?

- Atanı yuxuda görmüşəm.

- Hə, danış görüm.

- Deyirdi, mən ölmüşəm ki, Emini bu qədər ağır işə yollayırsan? Qoyma getsin.

Burnunu çəkə-çəkə gözünün yaşı axan anamı sakitləşdirə bilmirdim. Qadın elə bil məni eşitmirdi. Bərkdən qışqırdım:

- Hə, atam ölüb! Ölüb! Bir də yuxuna girsə, de ki, hə, sən ölmüsən!

***

Yeməyim hazır idi. Balaca yemək bankasını da götürüb anamı öpüb evdən çıxdım. Yol boyu fikrim anamda qalmışdı. Özümlə girinc bir dialoqa başladım.

- Görəsən, ağlamır ki? Sakitləşdi? Başa düşdü nə dediyimi? Atam da kefi ha. Bəsdi də. Get, məzarında rahatca yat da. Anamdan ötrü narahatsan, bütün günü ağlındasan, fikrindəsən, gecə də yuxusuna girirsən. Hələ üstəlik ordan mənə bir mesaj da göndərirsən. Əşşi, sözün var, gir mənim yuxuma, özümə de də. Bu neçə ildə bir dəfə də olsun yuxuma gəlməmisən.

***

İş yerinə çatdıq. Hərəmizə bir cüt əlcək verib ustaların yanına göndərdilər. Əvvəl-əvvəl bu bina mənə çox yad idi. Ustalar nəyinsə dalınca məni göndərsələr, çaşırdım, bəzən qayıdacağım yolu unudurdum.

Çiynimdə sement torbası ustanın birinə yaxınlaşdım:

- Qardaş, 4-cü mərtəbəyə çıxmalıyam, amma bilmirəm pilləkənlər hardadı.

Deyəsən, çox gülünc bir sual vermişdim.

- Evet, efendim?

Yox, usta türk imiş, başa düşmədi məni.

- Kardeşim, 4-cü kat lazım bana, nerdivenler nerede, unutdum.

- Haa, burdan şöylə git, sağa dön, önünə nerdivenler çıkacak.

Elə bu? Mən niyə iki saatdı bu pilləkənləri tapa bilmirəm? Nə asan imiş. Mənə lazım idi bu? Bu türklər də bizim dili heç cürə öyrənə bilmədilər də? Niyə öz şəhərimdə bununla öz dilində danışmalıyam?

Öz-özümə bunu demişdim ki, pilləkənlərə atdığım ikinci addımdaca, tarraap, dəydim yerə. Sement torbasının ağzı partladı. İndi mənim üstümə su da töksələr beş dəqiqə sonra bu beton divardan fərqim olmayacaqdı. Həkim babaya dönəcəkdim. Səs-küyə bir-iki fəhlə gəldi, sonra mühəndis də haradansa peyda oldu:

- Bu ne biçim iş? Lan bir az yavaş olsana!

- Ne yapayım, abi? Yeniyim de, ondandır. Bari sen de üstüme gelme!

***

Yemək fasiləsidir.

Bir neçəsi nahar üçün kafeyə getdi, Çingiz də onların içində. Çingiz ustaların yanında baş köməkçi idi. İlk günlərdə onu demək olar ki, elə ancaq ya yemək fasiləsində, ya da binanın içində ümumi təmizlik edən vaxt görürdüm. Rast gələndə məsləhət verirdi, nəyi necə edəcəyimi başa salırdı.

- Emin, nahardan qabaq da mühəndisə cavab qaytarmısan, eləmə belə. İşdən qovarlar.

Geyinib-soyunma otağındayıq.

Sellofanımı açdım, iki-üç dənə soyutma yumurta-kartofumu qoydum süfrəyə. Yemək yeyə-yeyə ağzımız söhbətə qızışdı. Onlar mənimlə tanış olmağa başladılar. Deyəsən, kollektivdə ən təzə mən idim. Hələ bir zarafat da elədilər:

- Qaqaş, əfqanlara oxşayırsan.

- Niyə?

- Saqqalın, rəngin, saçların.

- Hmm...

Gülümsündüm.

- Özü də bayaq da mühəndisə cavab qaytarmısan. Əfqanlar da qabağından yeməyən millət olur. Bax ha, işdən qovarlar səni. Dikbaşlıq eləmə.

Gülüşdük...

***

Axşam evə qayıtdım. Anamın qapını açmağından küsülülük yağırdı. Salam vermədi, qapını açıb qaçdı evə. Evə girdim, süfrədə yeməyim hazır idi. Yedim, içdim. Anamsa heç nə danışmırdı. Axırı ki, dözmədim.

- Qurban olum, bağışla, duxum çatmır küçədə, işdə, orda-burda kiməsə səsimi qaldırmağa, sözümü deməyə, haqqımı tələb etməyə. Gücüm sənə çatır. Sən məni nə işdən çıxaracaqsan, nə tutub polisə aparacaqsan, nə də üstümə adam gətirib döydürəcəksən. Nolar, bağışla...

***

Getdikcə işin ağırlığına öyrəşməyə başladım. Artıq 15-ci gün əlimə özüm boyda bir aparat alıb divarda qapı yeri açırdım. Sement torbalarını iki-iki daşıyırdım. Əvvəl yer-yurdu ağız maskası ilə süpürürdümsə, indi maskasız-zadsız da işimi görürdüm. Divarı hamarlaşdıranda isə Cem Karacanın "Sen de başını alıb gitme, ne olur” mahnısına qulaq asırdım. Dəfələrlə. Musiqi ilə divardan çıxan səs bir-birinə qarışırdı. "Şık, şık, şık...”.

"Ben suyumu kazandım da içdim, ben ekmeyimi böldüm de yedim” hissəsinə görə qulaq asırdım bu mahnıya.

İşin sahibi türklər idi. Onlar üçün işləyirdik. Yayın cırhacırı, paltarını başını bağlamış məhlələr. Ki, gün vurmasın. Çiynində qum, sement torbası daşıya-daşıya Misiri, fironları, qulları xatırladırdı mənə.

***

Anam işimi həzm eləmişdi. Telefonla danışırdı:

- Hə, bacı, Emini belə bilmirdim. Evi dolandırmaq üçün ağır işdə işləyir. Əclaf məni aldadır, guya bilmirəm ki, ağır şeyləri daşıyır.

***

- 3 tonluq qapı gəlib. Hamı yığılsın.

Bircə mən soruşdum:

- Usta, 3 tonluq qapı olar?

- Niyə olmur? Bura vərəm dispanseri olacaq.

- Vərəm?

- Hə, burda bir otaq var, orda da yekə bir şüasaçan aparat. O otağın qapısı 3 tonluq olar da. Gərək o şüa heç yerə çıxmasın.

- Hmmm.

- Sən başını belə şeylərə yorma, işini gör.

Otuza yaxın adam idik. Qapının ətrafında yığıldıq. Aramızda ən zarafatcıl adam Zakir usta idi. Qapını qaldırmağa başlayanda:

- Hə, uşaqlar, mərhuma haqqınızı halal eləyin. Qaldırın, qoyun, qaldırın, qoyun...

Gülüşdük.

Sonra bu 3 tonluq mərhumu birtəhər, santım-santım dikəltdik. Çox qorxurdum, ayaqlarım əsirdi. Bir nəfər belə gücdən düşüb əlini çəksə qapı aşa bilərdi. Qapı da aşsa, vay halıma. Altında qalıb xırt-xəşil olacaqdım. Biclik eləyib yerimi dəyişdim, keçdim ön tərəfə.

***

Hər dəfə evə gələndə anam ayaqlarımı isti suya qoyar, tezcə süd qaynadıb içizdirər, meyvə soyub doğrayar, yaxşıca qulluq edərdi. Özümü krallar kimi hiss edirdim. Hərçənd ki, krallar fəhlə olmur, amma deyirdilər ki, zaman gəlir, fəhlələr dönüb kral olurmuş. Evinə çörək apara bilən bütün adamlar öz evinin kralı imiş.

***

- Tullantılar toplayın. Bir saat zamanınız var.

Bu günə kimi zibil yığmamışdım. Bütün işçilərin tökdüyü zibilləri yığmağa başlayanda başa düşdüm ki, çörəyim həm də zibildən çıxır. Deyindim, deyindim, zibillərin arasından uzun bir kardon tapıb qalxdım nahara.

Yeməyimi tezcə yeyib heç kimin olmadığı qazanxanaya qalxdım. Kardonu yerə sərib uzandım üstünə. Bu zibil kardon mənə yumşaq döçək kimi rahat idi. Gözümün acısını aldım.

Məni yuxudan oyadan Hafiz idi.

- Qaqa, dur, nahar vaxtı qurtardı. İşimiz çoxdu.

- Hafiz, necə rahat adamsan e sən. Neçə gündür fikir verirəm. Cınqırın da çıxmır. Nə deyirlər, deyirsən baş üstə!

- Bə nə deyim?

- Bir yeri bitirmisən? Niyə burda fəhlə işləyirsən?

Bu sualımın cavabını ayağa qalxıb aşağı düşənə kimi aldım.

- Hə, kollec bitirmişəm. Amma nə olsun? Kollec diplomu ilə kimi işə götürürlər ki? Sən özün haranı bitirmisən?

Bu sualla Hafiz cavabımı vermişdi əslində.

- Hə, mən də kollec bitirmişəm.

- Ay sağ ol. Başını aşağı sal, işini gör. Onsuz da axırıncı iki günümüzdü. İş yekunlaşır.

***

Maaşların paylandığı xəbəri yayıldı. Naharda hamamız bir-bir müdriyyətin qəbuluna getdik. Bu bir ay içində cəmi 4 dəfə evdən yemək aparmamışdım. Hesabladım ki, maaşımdan 20 manat tutacaqlar. Maaşımı aldım.

- Abi, bi saysana. Vərdiyim parada doğrumu?

- Ya hocam, o ne söz, eyvallah!

Çölə çıxıb maaşı tezcə saymağa başladım. 20 manatımı kəsməmişdilər.

O vaxta kimi mən 20 manatın adamı belə sevindirəcəyinə inanmırdım. Axırıncı gün rəngim tamamən qaralmışdı, dırnaqlarımın içi ağarmışdı, burnum, boğazım suvaqla dolmuşdu...

***

Anamın sözü yerini tapmışdı. Xəstələnmişdim. Bronxlarım toz-torpaqla dolmuşdu. Tərləyirdim, tərləyirdim... Anam paltarımı dəyişirdi, dəyişirdi... Həmin gecənin tən yarısı yuxudan dik atıldım. Yuxuda atamı görmüşdüm. İllərlə yuxuma gəlməyən atamı. Bir söz də olsun demədi. Qucaqladı, bağrına basdı...

Yuxudan ayılanda onun qoxusunu hiss elədim, çiyinlərimdən ağır bir yük götürülmüşdü elə bil. Bütün yorğunluğum bu yuxuyla çıxmışdı.




İmza:Eminquey

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2019-07-20
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK