hacklink Adalet.az | Yaxşı yazmaq Əlidən qalıb... Adalet.az | Yaxşı yazmaq Əlidən qalıb... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Yaxşı yazmaq Əlidən qalıb...

7184    |   2018-10-27 00:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bir romanla Ağdamı bərpa etməyi bacaran, pyesləri ölkə sərhədini aşan dramaturq Əli Əmirlinin 70 yaşı tamam olur

Əziz dostlarınızdan birinin, sevincinizə sevinən, kədərinizi bölüşən insanın yubileyi ərəfəsində hansı hisslər keçirirsiniz? Mən də həmin ovqatdayam. Çünki istedadlı yazıçı-dramaturq, ssenarist və pedaqoq Əli Əmirlinin 70 illik yubileyi yaxınlaşır.
Əli Əmirli ilə dostluğumuzun yaşı bu gün əsgər kimi Vətənin keşiyində dayanan oğlum Turandan da bir neçə il böyükdür. Qələmimi götürüb Lənkərandan Bakıya təzə köçmüşdüm, mətbuatımıza, jurnalistikamıza yeni nəfəs gətirən "Press-fakt" qəzetində çalışırdım. Əli Əmirli isə ciddi yazıçı kimi artıq özünü sübut etmişdi. "İldırımötürən", povesti, "Axirətdən əvvəl gəzinti", "Meydan" romanları ədəbi aləmdə maraqla qarşılanmışdı. Amma dramaturq kimi həmin dövrdə yeni tanınmağa başlayırdı. "Yeddi məhbusə", "Onun iki qabırğası", "Köhnə ev" pyesləri paytaxtın müxtəlif teatrlarında tamaşaya qoyulurdu və demək olar ki, hər tamaşa anşlaqla keçirdi. "Bala bəla sözündəndir?" pyesi əsasında AZ.TV-nin çəkdiyi "Bala başa bəla" televiziya tamaşası qısa zamanda böyük populyarlıq qazanmışdı, bu tamaşaya baxmayanı barmaqla göstərirdilər. Əli müəllimin nəsrdən dramaturgiyaya sürətli və uqurlu keçidinin təbii ki, səbəbi var idi. Yeri gəlmişkən, özü həmişə bu barədə danışanda qeyd edir ki, ötən əsrin 90-cı illərində cəmiyyətdə baş verən inqilabi dəyişikliklər, bizə tanış olmayan qəddar iqtisadi münasibətlər, bu münasibətlər fonunda öyrəşdiyimiz mənəvi dəyərlərin sürətlə aşınması insanları çaşdırmışdı. Əli müəllimin təbirincə desəm, belə bir çətin zamanda yeni azərbaycanlı tipi formalaşmışdı. İstedadlı qələm adamı kimi, Əli Əmirli qəhrəmanlarını bu tiplərin arasından seçirdi.
Mürəkkəb zamanda baş verən siyasi-iqtisadi prosesləri ağrılı keçirən, təzə əsərlərə təşnə olan teatrlarımız üçün Əli müəllimin komediyaları lap göydən düşmə oldu. Belə bir vaxtda mətbuatın Əli Əmirlinin özü və yaradıcılığı ilə maraqlanması təbii idi. İş yoldaşım, istedadlı mədəniyyət yazarı Seymur Elsevərdən Əli müəllimin telefon nömrəsini alıb zəng vurdum. Qəzetçilərin baş ağrısı-"Qlavlit"in yerləşdiyi binanın arxasındakı çayxanada ilk dəfə üzbəüz oturub söhbətləşdik. Əli müəllimin sifarişilə masanın üzərinə düzülən şirniyyatların təsirindənmi, ya nədənsə söhbətimiz çox səmimi alındı və enində-sonunda "Press-fakt"ın səhifələrinin birində onunla maraqlı müsahibə dərc olundu. 
Qəzetdəki yazıları güdən senzorların 5-10 addımlığında baş tutan həmin görüşdən sonra dostluğumuz yarandı. Tez-tez zəngləşir, hal-əhval tutur, görüşəndə yaradıcılıqdan, ev-eşik, ailə qayğılarından danışırdıq, teatrlarımızda birgə baxdığımız tamaşalar barədə fikr mübadiləsi aparırdıq. Əli müəllimin ağayanalığı, səmimiyyəti, göz-könül toxluğu hər dəfə məni valeh edirdi. Bəziləri bəlkə də bilmir, o dövrdə Əli Əmirli çətin tələffüz olunan və upuzun adlı bir idarədə məsul vəzifədə çalışırdı. Həmin o idarəni də ya zəlzələdən, ya vəlvələdən tez-tez Bakının müxtəlif yerlərinə köçürürdülər. İş ünvanı və kabinetlərinin ölçüləri dəyişsə də Əli müəllimin xarakteri dəyişməz qalırdı. Hər görüşümüzdə yenə eyni ağayanalıq, səmimiyyət, göz-könül toxluğu ilə dolanışıq, məişət problemlərimlə maraqlanır, oxuduğu məqalələrim barəsində fikir və iradlarını bildirir, yaradıcılığındakı yenilikləri sevinc hissi ilə bölüşürdü.
Aradan illər ötüb, zaman dəyişib. Dostluqda səmimiyyəti dəyişməyən, daxilindəki işığı azalmayan Əli Əmirli 70 yaşını tamamlayır. Son illər özünü yaradıcılığa və pedaqoji fəaliyyətə həsr edən yubilyar dostum dramaturgiyamızın möhkəm sütunlarından birinə çevrilib. "Varlı qadın", "Mesenat", "Şah Qacar", "Sevən qadın", "M.S.S-mən səni sevirəm", "Kişi və qadın", "Hasarın o üzü", "Ünvansız qatar", "Ah, bu uzun sevda yolu"... kimi bir-birindən maraqlı pyeslər qələmə alıb və bu əsərlərin əksəriyyəti bu gün də uğurlu səhnə həyatı yaşayır. Əli müəllimin pyeslərinə Azərbaycanın demək olar ki, bütün dövlət teatrları müraciət edir. Bu tamaşalar yaxın-uzaq xarici qastrollar zamanı, müxtəlif teatr festivallarında uğurla oynanılır. Onun səhnə əsərlərinin Azərbaycan sərhədlərini aşmasının başqa bir səbəbi də var- Əli Əmirlinin dramaturgiyası əcnəbi rejissorların da diqqətini çəkdiyindən onun qəhrəmanları bu günə kimi səhnədə rus, qazax, özbək, tacik, qırğız dillərində danışırlar.
Əli Əmirli tariximizin şanlı səhifəsinə-Cümhuriyyətin 100 illiyinə gözəl bir hədiyyə də hazırlayıb. "Nuri-didə Ceyhun" Şərqdə ilk Demokratik Respublikanın qurulmasında xidmətləri olan Ceyhun Hacıbəyliyə həsr edilib. İstedadlı rejissor Mehriban Ələkbərzadənin Dövlət Musiqili Teatrında quruluş verdiyi bu tamaşada dahi bəstəkar, ictimai xadim Üzeyir Hacıbəyinin və qardaşı Ceyhunun obrazları ilk dəfə səhnədə təcəssüm etdirilib.
Dramaturq kimi olduqca məhsuldar çalışan əziz dostum uzun illərdir ki, tamaşaçıların zövqünü formalaşdırır, yeni rejissor və aktyor nəslinin yetişməsinə töhfəsini verir. Çəkdiyi əziyyət, sərf etdiyi zəhmət diqqətsiz qalmayıb. Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinə görə Əli Əmirli 2015-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.
Yazının əvvəlində vurğuladığım kimi, dəyərli dostum çox istedadlı nasirdir. Bir neçə il öncə yazdığı "Ağdamda nəyim qaldı?" avtobioqrafik roman ilə bunu bir daha isbat elədi. İşıq üzü görəndən qısa müddət sonra görkəmli ədəbiyyat adamları, tənqidçilər, ictimai-siyasi xadimlər bu roman haqqında müsbət fikirlər səsləndirdilər. Bu gün istedadlı jurnalist kimi tanınan əksər həmkarlarımın müəllimi, professor Cahangir Məmmədlinin əsər barədə qeydləri bu baxımdan çox səciyyəvidir: "..."Ağdamda nəyim qaldı?" avtobioqrafik romanı mənim qeyb olmuş Novruzlu kəndimin, qeyb olmuş Ağdamımın yenidən bərpasıdır..."
Yazıçı kimi maraqla oxunan, dramaturq kimi həm Azərbaycanda, həm də xarici ölkələrdə yetərincə tanınan Əli Əmirlinin qazandığı uğurlarda müdrik dostumun ailəsinin də payı var. 70 yaşına rəğmən onun belə sağlam, gümrah və enerjili qalması heç də təsadüfi deyil, çünki ömür-gün yoldaşı, tanınmış telejurnalist Solmaz Əmirli ən xoş, ən çətin anlarda da Əli müəllimə mənəvi dayaq durur. İlk gündən valideynləri arasında əsl sevgi, qarşılıqlı hörmət olduğunu görən iki qız övladları da bu ənənəni davam etdirirlər. Bu gün Əli müəllimin və Solmaz xanımın 6 nəvəsi var. Əmirli ocağını uzun illərdən bəri tanıyan biri kimi əminliklə deyə bilərəm ki, sadə, həmişə aza qane olmağı bacaran, milli-mənəvi dəyərlərimizə sıx bağlı bu ailədən sözün əsl mənasında çox şey nümunə götürmək olar.
70 illik yubileyi ərəfəsində istedadlı, daim həyatsevər, daxilindəki müsbət enerjini ətrafındakı insanlarla bölüşməkdən heç vaxt usanmayan ağsaqqal dostuma nə arzulaya bilərəm? Onun ağrı-acılarımızdan, yurd-torpaq itkilərimizdən bəhs edən "Ünvansız qatar" pyesinin qəhrəmanlarından biri Ulu Tanrıya belə müraciət edir: "İlahi, xeyirli işlər üçün ömrümüzü artır". Müəllifin öz yaratdığı obraz vasitəsi dilə gətirdiyi bu arzu və istəyə qoşuluram- İlahi, xeyirli işlər görmək üçün 70 yaşlı dostum Əli Əmirlinin ömrünü artır!



YAZARIN ARXİVİ

2019-06-14 : Ziya
2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2019-12-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88%)
Pullsuz (12%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yayın cırhacırı Abdal Qasım oturubmuş, görür iki erməni bərkdən danışa-danışa gəlir.

Yanındakı dostuna deyir:

- Ə, bu köpəyuşağları bu istidə bu dildə nətəhər danışırlar ey?!





digər lətifələr
ARXİV
FACEBOOK