ANA SƏHİFƏ / YAZARLAR

Vandam güclüdür, yoxsa? - Eminquey yazır

11556    |   2018-10-18 12:21
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Vandam güclüdür, yoxsa?

Uşaq vaxtı bizi girinc edən suallardan biri də bu idi.

Nəymiş? Oymuş ki, heç nə. Uşaq qafası.

Amma sizə bir şey deyim, hamı kimi, hər şey kimi suallar da mahiyyətcə böyüyürlər. Uşaq vaxtı bizə gülünc görünən bu sual da böyüyüb, xəbəriniz var?

Bir çay süzün özünüzə, mən də acı şokolad kimi bir yazıya başlayım.

Bu cüvəllağı suala cavab verməmişdən qabaq onu ərz edim ki, dünyanın hər bir yerində bayağı adamlara, mahnılara və sairələrə maraq ciddi işlərə maraqdan daha çox olur. Bu məlum. Amma məncə bayağılığın da öz keyfiyyət bölgüsü var. Burdan belə bir çıxarış edim – "yaxşı bayağılıq”dır.

Məsələn, bir müddət bundan qabaq "Səni deyirlər” mahnısı şıdırğı bir gündəm yaratdı. Bütün Azərbaycan əhli bu mahnıya qol-qanad açıb oynadı. Bu mahnının yarandığı coğrafiyanın Cənubi Azərbaycan olduğunu, oradakı soydaşlarımızın vəziyyətini nəzərə alıb biz də bu kütləvi bayağılığa əl çaldıq. Ki, bunun mahiyyəti başqadır. Bu, azərbaycanlıların sakit və mədəni formada birliyini göstərdi deyə bayağılığına toxunmaq bu birliyə qarşı çıxmağa bərabərdir. Yəni bu, yaxşı bayağılıqdır.

Amma baxaq görək ki, insanların diqqətini çəkənlər yaxşıdırlarmı?

Götürək, instagramda 500 min izləyicisi olan Kamil Zeynallını. Bu sətirləri yaza-yaza bədənimə əsməcə düşür, amma eybi yox, incəsənət qurban tələb edir. Kamil Zeynallının hansı qeyri-adi istedadı var ki, adamı 500 min izləyir? Nəyini izləyirlər axı? Qıllı, döyməli bədənini şişirtməyini, yoxsa o pub, bu çayxana gəzib reklam eləməyini? Yaxud da kasıb ailələrə iki sellofan ərzaq alıb, yardım edib, sonra onu lentə alıb camaatın gözünə soxmağınımı?

Möhkəm durmalıyam.

Kənan bəy də tez-tez təpiyini yuxarı qaldırıb insanlara göz qorxusu gəlir.

Kənan MM-in profilinə rast gəldim. Çox süni və utancverici idi. Adamda elə bir eqo var ki, kim MMını bəyənmirsə deməli anasını, bacısını tanımır. Özünə gələn 5-6 təşəkkür mesajını skrin edib paylaşır. Bir də diqqətimi çəkən paylaşımlarının əksəriyyətində "peysər" söyüşü, iynə və yumruq smaylikləri oldu. Guya bu demək istəyir ki, iynənizi vuraram, ağıllı olun. Bu adama nə iynəsi vurub belə şişirtdilər? Adam haça-paça qalıb incəsənətlə vorzakonluq, dindarlıqla şou-biznesin arasında, özündən xəbəri yoxdur. Çox ciddi narahatam. Xüsusən də yazdığı "şeir"lərə görə. Onun şeirləri də qolu zorludur. Dövrümüzün dahi şairi Kənan MM deyir ki, "Ürəyimdən vurub durma, Gülüm, başqa tərəfə keç". İki fərziyyə var. Ədəbiyyatçıların bir qismi deyir ki, şair bu şeiri trenajor zalında vurulduğu bir xanıma ithaf edib. O biri qismi də deyir ki, xeyr. Şair yaşadığı dövrdə baş verən haqsızlıqlara qarşı "gülüm" deyərək xitab edib ki, başına problem açılmasın. Hətta bəzi radikalllar deyir, şair bu misraları yazmayıb, bədahətən deyib. Belə ki, özündən güclü adamlarla davada çarəsiz qalan şair "gördün zorlayırlar, həzz al" prinsipinə uyub bu misraları bağırıb. Hər halda şairin bu misralarından qan qoxusu gəlir və məncə, bu qan yerdə qalmayacaq.

Kənan MM-lə bir müddət bundan qabaq mesajlaşmışdıq. İnstagramda böyük səhifələrdən biri onun haqqında yazdığım statusu paylaşmışdı, Kənan da görüb, məni tapıb ki, başa salsın. Yazışma uzundur, amma qısası deyim ki, Kənanın kobud üzündən başqa mülayim üzü də var. Açığı bu qədər adekvat reaksiya gözləmirdim ondan. O dedi ki, əslində çox mehriban adamam, quyruğumu tapdamasalar heç kimlə işim yoxdur, kim tapdasa başını əzərəm. Atəşlə oynama. O bunu yazanda yumruğunu başımın üstündə hiss elədim. Nə yalan deyim. Cavabında, "döymək istəyirsənsə çağır, gəlim" dedim. Sonda çox mehriban sağollaşdıq. Son sözü bu oldu ki, bizim bir düşmənimiz var, o da ermənidir, vəssalam. Qələm adamısan, sənin kimi qələm əhlinin belə bir fikir yazması məni üzdü. Biz kişiyik, nəsə qulluğun olsa yanındayam. Əgər kriminal hekayən olsa yolla, oxuyum film çəkmək üçün ehtiyacım var. Öpürəm!

İndi əziz düşmənlərim, özüm də başınızı əzə bilərəm, Kənan bəy də arxamdadır. Ağıllı olun!

Haşiyəyə çıxmaq istəyirəm.

İnstagramla feysbukun fərqi bilirsiniz nədədir?

İnstagramda yüz minlərlə izləyicisi olan adamlar "beyni var, fikri yox" tiplərindəndir. Məsələn, instagramda bir profil açıb iki dənə ləzzətli qız şəkli qoysanız, bir gecəyə minlərlə izləyiciniz olar. İnstagramda böyük kütləsi olanlar feysbukda aciz qalırlar. Çünki bu adamların yalnız gəzib-tozduğu yerlərlə, bahalı restoranlarla, geyimlərlə, maşınlarla olan şəkillərindən başqa şəxsi düşüncələri yoxdur. Lap müğənnisindən tutmuş aktyoruna kimi. (təbii ki istisnalar var) Onlara belə xoşdur, onlar hansısa ictimai müstəvidə baş verən hadisələrə mövqe qoyub izləyici itirməyəcəklər ki. İnstagram izləyicisi ilə feysbuk izləyicisi arasında da uçurum var. Məsələn, şairlər, yazıçılar, elm adamları instagramda cinlər diyarına düşmüş qəribdirlər. İnstagramda fikrə yox, şəkilə önəm verilirkən bu qəriblər hansı bahalılıqlarını gözə soxsunlar?! Bahalı bir şeyləri var, fikirləri, sözləri, o da instagramda keçmir.

Gələk mətləbə...

Vandam kimdir?

Bu adam nə danışdığını bilməyən, rus dilində iki-üç cümlə bilən və dəqiqəbaşı bu cümlələrdən istifadə edən, gic-gic tullanıb düşən, təpik qaldıran, şpaqat açan, yumruğ sıxan adamdır. İnstagramda özü kimi 40 min səydərəş adam da bunu izləyir, gülür, alqışlayır bu binəvanı. Niyə də, niyə? Ömrünün hər dəqiqəsi qızıldır, niyə bu dəyərli vaxtını bu bayağıdan da aşağı bir adama xərcləyirsən? Ey 40 min izləyici! Hələ bunu tv-lərin birinə qonaq kimi də çağırıblar, aparıcı xanım da qoşulub buna, şpaqat açıb. Açığı televiziyamızın bundan aydın mənzərəsini heç harda görməzsiniz. Elə kanallarımız da qazanc və reytiq arasında haça-paça qalmış durumdadır.

Hə, deməli, bizim bu sual bəy əməlli-başlı böyüyüb, keçib xirtdəyimizə. Nə qədər fərqli adlarda Vandamlar var, özünüz ki, yaxşı bilirsiniz. Sosial şəbəkəni, televiziyanı alıblar qoltuqlarının altına, nəfəsimizi kəsməklə məşğuldurlar. İndi təslimmi olaq?

Siz deyin, Vandam güclüdür, yoxsa?




İmza:Eminquey

YAZARIN ARXİVİ

Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-16
2018-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Əli Səmid girir mağazaya, satıcıya:
- Sizdə boks əlcəyi var?
Satıcı:
- Yox.
- Bəs üzgücülük üçün şapka?
- Yoxdu.
- Futbol topu necə?
- Qardaş, bura Şərab mağazasıdı, ancaq spirtli içkilərdi.
- Yaxşı, onda bir araq ver.
Əli Səmid əllərini göyə qaldırıb:
- Bax Allah da şahiddi ki, idmanla məşğul olmaq istəyirdim, genə alınmadı.




digər lətifələr
ARXİV
FACEBOOK