ANA SƏHİFƏ / YAZARLAR

Evini su basan adamlar, ərəbləri qayıqla gəzdirmək istəyənlər – Eminquey yazır...

5265    |   2018-09-25 10:11
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İstirahət günü səhər 9-da oyanmaq qədər qıcıq bir şeymi var? Payız evimizin damını döyəcləyir ki, a bala, dur, mən gəlmişəm. Gözlərim yuxulu əvvəlcə vecimə almadım. Dedim, lap belə gözlərim aydın! Yağışını da götür, rədd ol. Vaxtsız gələn qonaq öz kisəsindən yeyər!

Buna sözmü keçər? Payızın beyni çöndü, üzünün leysan tərəfini göstərməyə başladı. Bu dəfə səsə anam da oyandı. İşıqlar da söndü. Payız bir gülləylə iki quş vurmuşdu. Gözlərimiz yuxulu, telefonun fanarı ilə üstü örtülü həyətimizə çıxdıq. Evin qapısından həyətə şırhaşır suyun axdığını gördük. Dam da damdı ki? Sınıq-salxaq bir şeydi Qapının üstündəki boşluqdan çöl görünmürdü. Elə bil, hansısa bir dağda mağaradayıq. Şəlalə də mağaranın ağzından tökülür.

Həyətdə durub çarəsizcəsinə ildırımın çaxmağına, bu vəhşi şırhaşıra qulaq asırıq. Anam narahatcasına deyir:

- Atanın qəbri də indi...

... sonra ayətəl kürsi duasını oxuyur. Ki, ilahi, bu yağışda evimiz ziyan görməsin. Deyir, bu Allahın işidir, görürsən, dayandıra bilmirik. Razıyammış kimi başımı tərpədirəm. Qapının gözlüyündən baxıram, məhəllədən çay kimi sel gedir. Bu sel qapının arasından həyətə yeriyir.

Payızın hirsi qəfil soyudu. Şırıltı səngidi. Qapını açıb çölə çıxdıq. Gördük ki, bizdən aşağıda bütün qapılar bağlıdır, təxminən sinəyə kimi su var. Anam deyir, bax, şükür elə, heç olmasa biz qapını açıb çölə çıxa bildik, o biri evləri çox güman su basıb.

Bu vaxt qonşuların da qapıları açılmağa başladı. Bütün qapılardan çölə su atılırdı. Əlimdəki telefonu işə salıb bu mənzərəni lentə almağa başladım. Bir qadın qaça-qaça evinə doğru gedir. Görünür, güclü leysan vaxtı haradasa olub, yağış kəsən kimi gəlib. Deyəsən, uşaqları da evdə idi.

Əlimdəki telefonu görən qonşulardan rekasiya gəldi. Biri deyir ki, çəkmə, Azərbaycanı gözdən salırsan. Biri dedi ki, guya çəkdin, paylaşdın, nə xeyri? Biri də dirəşib ki, üzüm düşməsin ha, üzüm düşməsin. Birinin evinə girdim, bütün otaqlarını su basmışdı. Birdən iki uşağı da hamamdan çıxdı. Qadın vedrə ilə suyu çölə ata-ata ağlayıb deyir ki, bircə hamamı su basmayıb, uşaqlar qaçıb giriblər hamama. Təsəlli verirəm:

- Əzizim, ağlama, keçəcək. Bu da keçəcək.

Açığı istədim ki, bu yerdə təsəllimi şeir kimi verəm, amma gördüm ki, heç yeri deyil. Heç! Qadın yaxınlaşıb qucaqladı məni. Çox qəribədir, insan kövrələndə daha da möhkəm ağlamaq istəyir. Oğlunun adı Əlidir. Əlinin üzündən görünürdü ki, möhkəm qorxub. Əli deyir ki, "Allah baba bizi öldürmək istəyir”. Əlinin başını sığalladım, susdum.

Çöldə isə artıq səs-küy düşüb. Qonşunun oğlu öz aləmində mənlə məzələnir.

- Qaqa, çəkməklə deyil e. Allahın işinə qarışacaqsan? Yağışdı da yağıb.

Deyirəm, qaqa, başa düşürəm e, Allahın işi ola bilər. Amma bu məhəllənin aşağısını ki, Allah tikib daraltmayıb. Bu məhəllənin kanalizasiya sistemini ki, Allah belə düzəltməyib.

Nə isə, baş qoşmadım. Artıq su bir az çəkilmişdi küçədən. Aşağı tərəfə getdim. Aşağıda vəziyyət müşküldür. Bizim məhəllədə evlərin əksəriyyəti yerdən bir metr aşağıdadır. Qonşum deyir ki, çarpayım suyun içində batıb. Zarafatından da geri qalmır. Deyir, elə bildim Novxanıdakı istirahət mərkəzlərinin birində hovuzdayam. O suyun üstündə uzanmaq üçün şeylər olur e, adını da bilmirəm, onun üstündə uzanmışam.

Gülüşdük.

O biri qonşum qıraqdan qapısının ağzındakı maşınına hüznlə baxır. Deyir, maşına bax, şüşəsinə kimi qalxıb su. Bundan sonra bu maşın heç işləyər?

Hamı öz dərdini danışır. Biri yorğan-döşək hayındadır, biri də soyuducusunun, televizorunun. Guya vəziyyəti yumşaltmaq üçün zarafat edirəm:

- Bu sular burda qalsaydı, bir qayıq tapardıq, ərəbləri də gətirərdik bura. Çayın içində qəsəbə adıyla sırıyardı. Bir tur gəzməyin qiyməti də 100 dollar. Beləcə pulları yığıb evlərimizi də təmir edərdik.

Zarafatım xoşlarına gəlmədi deyəsən.

Su çəkilir yavaş-yavaş. Kanalizasiya quyularının qapaqları görünür. Suda boğulan adam kimi ağzında su daşır. Bu yerin sinəsi hardadır ki, basasan, nəfəsi qayıda yerinə.

İşıq yoxdur, telefonda da internet. İçimdə bu payızı romantika adı ilə tərifləyən adamlara qışqırıram:

- İndi sizin romantikanız bu idimi? Niyə sizin yağış romantikanız bizim evlərimizə kimi girməlidir? Niyə də? Heç görün bizim su basmış evlərimiz sizin evinizə girir? İstər televiziya yolu ilə olsun, istərsə də belə. Sizin rahatlığınız bizim rahatlığımızı niyə pozmalıdır? Hələ bu payıza bax e, başdanxarabın biri başdanxarab. Kişinin oğlu əsəbiləşib.

Təbii ki, sözlərim hirsimdən doğan sayıqlama idi.

Artıq su çəkilmişdi. Yerdə qalan kanalizasiyadan çıxanlar, palçıq, qum oldu. Və qəfil göyün bağrından gün çıxdı. Elə bil, payız da Ramiz Rövşənin bu şeirini oxumuşdu. Elə bil, bayaq qadına demək istədiyim şeiri oxuyurdu astadan. Elə mənə də, o ağlayan qadına da, atamın məzarından narahat olan anama da.

Bu yerləri bu göyləri
Yağış yuyur, gün qurudur.
Bu dünyada çox şeyləri
Yağış yuyur, gün qurudur.

Gözümüzün yaşını da,
Bağrımızın başını da
Qəbrimizin daşını da
Yağış yuyur, gün qurudur.

Gələn nədi, gedən nədi?
Bələk nədi, kəfən nədi?
Bu dünya öz kefindədi
Yağış yuyur, gün qurudur.

...Ulduzların tozunu da,
Lap günəşin özünü də,
Lap yağışın özünü də
Yağış yuyur, gün qurudur...




İmza:Eminquey

YAZARIN ARXİVİ

Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-16
2018-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Əli Səmid girir mağazaya, satıcıya:
- Sizdə boks əlcəyi var?
Satıcı:
- Yox.
- Bəs üzgücülük üçün şapka?
- Yoxdu.
- Futbol topu necə?
- Qardaş, bura Şərab mağazasıdı, ancaq spirtli içkilərdi.
- Yaxşı, onda bir araq ver.
Əli Səmid əllərini göyə qaldırıb:
- Bax Allah da şahiddi ki, idmanla məşğul olmaq istəyirdim, genə alınmadı.




digər lətifələr
ARXİV
FACEBOOK