ANA SƏHİFƏ / YAZARLAR

Pərdələri endirin, tamaşa başlamır - TEATRDAN REPORTAJ

2251    |   2018-09-19 11:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Gənc tamaşaçılar teatrı”nın önündə gəzişə-gəzişə içimdə özümlə danışıram:

"Emin, gör e, hardan hara gəldin çıxdın. Bir vaxtlar bu teatrın önündə təqdimatlara gəlirdin, yazırdın. Sonra teatrda tamaşalara ayaq açdın, aktyorlardan bir-ikisiylə dost oldun. İndi də teatrın "mətbəxi”nə girəcəksən. İki il əvvəl yatsan da yuxu görərdinmi ki, nə vaxtsa qəzetə reportaj hazırlayacaqsan və bura qədər gələcəksən?!”

Fotoqraf dostum da mənə qoşulub, "teatr mətbəxi”nin qoxusunu udmağa söz verdi. Fərid teatrın qarşısına gəlir, görüşüb xidməti qapıya üz tuturuq. İçəri girib informasiya xidmətində əyləşən qadına yaxınlaşırıq.

- Biz mətbuat katibi Lalə xanımla danışmışıq. Bu gün qrim otaqlarında olmalı, aktyorların tamaşaya necə hazırlaşdıqlarını müşahidə edib reportaj hazırlamalıyıq.

Xanım zəng vurur, adımı soruşur və bizə içəri girməyə icazə verir.

- Qalxın ikinci mərtəbəyə, 19-cu otaqda truppa rəhbəri oturur. O sizi yönləndirəcək.

Təşəkkürümü bildirib Fəridlə yol alırıq o mübarək insanın yanına. Truppa rəhbəri Ələsgər Muradxanlı bizi qarşılayır, məmnunluqla zala doğru hərəkət edirik. Bizi aktyor Nofəl bəylə tanış edib öz otağına yollanır.

Aktyor Nofəl Vəliyev bizi qarşılayır. Hal-əhvallaşırıq.

- Nofəl bəy, mümkündürsə, bizi qrim otaqları ilə tanış edin.

Otaqların hamısının qapı divarında nömrələr və aktyorların adları qeyd olunub. Əgər Nofəl bəy olmasaydı, azıb qalacaqdıq bu dolanbac dəhlizlərdə. Daxil olduğumuz birinci otaq Vahid Orucoğlunun otağıdır. O, əlindəki kağıza baxır, öz mətnini bir daha oxuyur. Sonra üz gözünə əl gəzdirir. Özünə güzgüdə baxır. Bu baxışlar aktyorun tamaşadan qabaq öz yaratdığı obraza baxışıdır, hazırlığıdır.

Yol alırıq qrim sexinə, 30 nömrəli rekvizitlər otağına. Elə bil ki, gizli qətliam otağıdır. Rəflərdə qəribə pariklər taxılmış bir xeyli baş var. Güzgülərdən birində aktrisa Xalidə xanım bəzənir. Sol tərəfdə Vahidin saçını fenləyirlər.


Vahid zarafatyana gileylənir:

- Can-cigər, fotoqraf çəkir deyə, özümü sındırmıram, gülümsəyirəm, amma saçımın dibləri yandı axı, ehtiyatlı ol.

Nofəl bəy Xalidə xanımın yanındakı qız uşağını göstərib deyir, iş vaxtımız tələb edir ki, bəzi işçilərin uşaqları da gəlib bizimlə teatrda olsun. Bir növ uşaqlar teatrda böyüyürlər.

Müvəqqəti otaqdan ayrılıb aktyor Ədalət Əbdülsəmədovun otağına yollanırıq.

Nofəl bəyin qayğıkeş olmağını burada da gizlədə bilməyib səhhətimlə maraqlanır.

- İnternetdə mədəndə problem olduğunu oxudum. Mənim dərs dediyim tələbələrimdə də belə problemlər olur. Onlara həmişə deyirəm ki, mədəniz ağrıyırsa, gözünüzə eynək taxın. Yəni yeməyinizə fikir verin.

"Bir az içki, bir az siqaret, bir az yemək, bir az əsəb... Nofəl bəy...” - mızıldanıram.

- Olmaz. Qəti! Bu saydıqların çox adamları məhv edib. Mənim atam vaxtilə yaxşı karyera sahibi ola bilərdi. O müəllim olmağı seçdi. Ki, sərbəst olsun. Dərsini desin, evə gəlsin. Yesin, içsin, gün görsün. Hə, bir də teatr da mədəyə xeyirdir.

Elə bil ki, əynimizə sehirli xalat geyinmişik. Otaqlara səyahətimiz o qədər sürətli və maraqlıdır ki. 39-cu otağa yaxınlaşanda Nofəl bəy içəri səslənir:

- Əyninizi geyindiniz, xanımlar?

İçəridən səs gəlir ki, yox...

- Neyləyirsiz? Ev tikirsiniz orada?

39-dan ötüb digər otağa giririk. Qapını açan Elşən Çarhanlı bizi qarşılayır. Əli şalvarının belində "İnan, eşitdim ki, çəkiliş gəlir, şalvarı tələsik keçirtdim əynimə”.

"Siz işinizdə olun, biz də öz işimizdə, - deyirəm. Natiq Fərzəliyev zarafatlaşır:

- İndi nə edək, lütlənək ki, təbii olsun?

Yollanırıq baş rolun ifaçısı Nuridə xanımın otağına. Onun qrimi biz gəlməmişdən də hazır idi. Sadəcə, son dəfə güzgüdə özünü hazırlıq baxışından keçirməlidir.

Nofəl bəy bizi öz ixtiyarımıza buraxıb hazırlaşmağa gedir. Gəzə-gəzə düşünürəm ki, bizim işimiz bilet alıb teatra gəlməkdir də. Amma bax, adamlar qarışqa kimi ora qaçır, bura qaçır, məşqlər, tamaşadan əvvəl hazırlıq. Və səhnə. Guya yeni nəsə kəşf etmişəm. Hər sahədə belədir də. İndi siz də mənim bu 5-10 dəqiqəlik yazımın mətbəxini görmürsünüz ki. Hamısını yazsam sirri qaçar.

Nofəl bəy bizə 23 nömrəli otaq demişdi. Qapını açıram. Nofəl bəy güzgünün önündə oturub, üzünə krem çəkir. Deyir, qrimi özümüz edəndə bu, adama bir növ motivasiya verir. Kərəm Hadızadə özünə bığ seçir, bığları bir-bir yoxlayır, arabir Nofəl bəyin sözünü təsdiqləyir. Nofəl bəy öz halalca bığını rəngləyə-rəngləyə: "Tamaş bitsin, bığımı yollayacam məzuniyyətə. Heç xoşum gəlmir təkcə bığ saxlamaqdan, - üzünə kirşan çəkə-çəkə davam edir: - Bu isə işıq düşəndə üzümüzü parıldamağa qoymur”.

Aktyorlarımız hazır olandan sonra birlikdə Anar Seyfullayevin otağına gedirik. Anarla Elşən Hacıbalayevi çox əla əhval-ruhiyyədə görürük. Musiqili, rəqsli qrim prosesi. Anar otaqdan çıxır və deyir: "Bizdə belədi də, aclıq olsun, kef olsun”.

Musiqi davam edir: "Düşün məni, düşün məniiii...”

Anar dəhlizdə aktrisa ilə toqquşur. Amma məzəli şəkildə özünü qorxmuş kimi göstərir. Fikir verirəm, o qədər rol oynayıb ki, həyatı da aktyor kimi yaşayır. Ən azından tamaşaya az qalmış aktyor havasından çıxmır.

Aktyorları tamaşaya, tamaşanı teatra, teatrı tamaşaçıya əmanət eləyib teatrı tərk edirəm. Teatrın son sözü bayaq koridorlarda səslənən bu sözlər olur: "Düşün məni, düşün məni....”










İmza:Eminquey

YAZARIN ARXİVİ

Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-16
2018-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Əli Səmid girir mağazaya, satıcıya:
- Sizdə boks əlcəyi var?
Satıcı:
- Yox.
- Bəs üzgücülük üçün şapka?
- Yoxdu.
- Futbol topu necə?
- Qardaş, bura Şərab mağazasıdı, ancaq spirtli içkilərdi.
- Yaxşı, onda bir araq ver.
Əli Səmid əllərini göyə qaldırıb:
- Bax Allah da şahiddi ki, idmanla məşğul olmaq istəyirdim, genə alınmadı.




digər lətifələr
ARXİV
FACEBOOK