adalet.az header logo
  • Bakı 7°C
13 Sentyabr 2018 00:21
14930
ƏDƏBİYYAT
A- A+

Bütövlükdən bütövlüyə

Vaqif Nəsib
Sarıhüseyinoğlu

Olduqca məhsuldar və istedadlı qələm yoldaşım Kamal Abdullanın hekayə yaradıcılığından söz açmamış məni illərlə düşündürən bir məsələdən (problemdən də demək olar) danışmaq istəyirəm Kamal Abdulla yaradıcılığında hekayə mühüm yer tutduğundan həmin sahədəki mülahizəmi onunla əlaqədar yürütmək istəyirəm.
Kamal Abdullanın çox sayda hekayə müəllifi olmağı bəlkədə məni qoşa mülahizə yürütməyə vadar etməzdi. Müəllifin hekayələrinin mövzu dairəsi və rəngarəngliyi peşəkar oxucusu kimi daima diqqətimi cəlb etmişdir. Bu səriştəsi də onu hekayələr silsiləsi müəllifinə çevirə bilmişdi (Bu yerdə onun mövzu seçə bilmə qabiliyyətinə pərəstişimi etiraf etməliyəm. Müəllifin hekayə silsiləsi bu sahənin faydalı yağmuru sonrası, mövzu rəngarəngliyi ilə göyqurşağına bənzəyir).
Kamal Abdullanın "Sirri-zəmanə" kitabına "Sehrbazlar dərəsi", "Parisin seçimi", "Labirint", "Bilgə əhvalatları", "Balaca həyətin həngəmaləri", "Səhvələrimizin qrammatikası" silsiləsindən seçmə hekayələr toplanmışdı. Və mövzuca göy qurşağına bənzətdiyimiz həmin hekayələr bu formaya məsuliyyətdən söz açmağımıza imkan verir.
Hekayə, nəşrin, demək olar ki, ən çətin, ən məsuliyyətli formasıdır. Sanki nəsirlər üçün qarşılarına sınaq mərhələsi kimi qoyulub. Keçmişlərdə (yəni yazıçılığı təsdiq edən, üzvlük vəsiqəsi verən qurumlar olmayan zamanlar, şairlərin əsl şairliyini "Divan" bağlaya bilmələri ilə təsdiqlənirdi. Divan müəllifləri şeirin bütün formalarında qələmlərini (tələklərini) sınaqdan çıxara bilənlər idi. Bizcə əsl naşirlər mütləq və mütləq ilkin növbədə hekayə sınağını keçməlidi. Bu çətin sınaq sonrası nasir kimi bütövləşə və bütövlüklərin doğru addımlaya bilərlər.
Rəhmətlik İsmayıl Şıxlı hekayə formasının məsuliyyətini bir az da artırırdı. Həyatın ən dramatik, ibrətamiz, unudulmayan hadisələrinin bədii qəlbinə çevrilmiş hekayələri müəlliflərinin qələbəsi hesab edirdi. Əsl hekayəni dünyanı damlaya sığışdıra bilməklə bərabər tuturdu.
Məlumdur ki, Şərq aləmində sözü şeirlə demək hünər sayıldığından bizdə poeziya daha çox inkişaf etmiş, Nizamilər, Nəsimilər, Füzulilər söz mülkünün sultanlarına çevrilmişdi. Nəsrimiz (bəlkə də qədim tarixə malikliyinin sübutu kimi) Fizulinin "Şikayətnaməsindən" başlanır və Sultan Mahmud Qəznəviyə ünvanlanmış bir şikayətnamə-ərizə hekayə kimi təqdim olunur.
M. F. Axundzadənin "Aldanmış kəvakib"; nəsr nümunəsi hesab edib tariximizi ordan başlasaq, özümüzü aldatmamış olarıq.
Sovet dövrü qələm sahiblərimiz hər sahədə olduğu kimi nəşrdə də geri qalmamağa çalışmış və ilk Azərbaycan romanları (Dünya qopur kimi) boy göstərməyə başlamışdı. Təəssüflər olsun ki, nəşr nümunələrimizin çoxunu monumental əsərlər təşkil etmiş, hekayə quraqlığına məruz qalmamışdı. Həmin romanlar arasında M. S. Ordubadinin "Qılınc və qələm kimi epopeyalarını nəsrimizin nəaliyyəti hesab etmək olar.
Mirzə Cəlil yaradıcılığının Azərbaycan ədəbiyyatı hekayə "operasının" üvertürası hesab etmək olar. Nə yaxşı ondan güc alıb öz səsi və nəfəsi ilə əsl hekayə "ariyalarını" ifa edənlər tapıldı.
Ümumiyyətlə hekayə formasından kasad ilk dövr nəsrimizi axtarış mərhələsi hesab oluna bilər. (Nə yaxşı ki, hekayə boşluğunu, onu doldurmağın vacibliyini hiss edən nasirlər nəslimiz yetişməyə başlamışdı. Mehdi Hüseyin, İlyas Əfəndiyev, Ənvər Məmmədxan kimi yazıçılarımız dünya ədəbiyyatında bu formanın mükəmməl nümunələri ilə rəqabət edə biləcək hekayələr ortaya qoymağa başlamışdı.
Təəssüflər olsun ki, sonralar da, indinin özündə də hekayə sınağından keçməyib birbaşa roman (çox zaman da "roman") yazan ədiblərimiz peyda oldu. Belə müəllifləri mən öz arşınımla nəsrin hekayədən şikəst övladları hesab edər, qiymətlərini həmin ölçüyə verərdim.
Yenə təəssüflər olsun ki, hazırki dövrümüzdə nəinki nəsrimizin hekayə məsuliyyəti yoxa çıxıb, üstəlik ədəbi proseslərimiz öz cazibə qüvvəsini itirib.
Kitablar müəlliflərin vəsaiti hesabına ədəbi məsuliyyətdən kənar nəşr olunduğundan, necə deyərlər, sandıqlar açılmış, pambıqlar tökülmüşdü.
Əsl ədəbiyyatımız deyil, sandıq ədəbiyyatımız meydan sulamağa başlamışdı.
Son zamanlar, Kulis.az saytının, Mir Cəlal muzeyinin, birinin hekayə müzakirəsi, o birinin müsabiqəsi keçirilməsini bu sahəyə qayğı qığılcımları hesab etmək olar. Halbuki hekayə forması əbədi sınağımız, müsabiqəmiz olmalıdı.
Mən bütün nasirlərimizi yaxşı, gözəl, unudulmaz hekayələr yazmağa dəvət edirəm.
Bu gün hekayə gənc ədiblərimizin yaradıcılığında vüsət tapmağa başlayıb. Mirmehdi, Canturalı kimi onlarla nasirimiz hekayələriylə oxucu qapısını döyməkdən çəkinmir və çəkinməməlidi. Çünki bunun özünü də qiyməti el-oba tərəfindən veriləcək əbədi, ədəbi müsabiqə hesab etmək olar.
Kamal Abdullanın demək olar ki, bütün hekayələriylə tanışlığım var (yaradıcılığımın başqa sahələri öz yerində). Şəxsən mən bəzi qələm yoldaşlarımın əsərlərini ardıcıl izləyir, yaradıcılığım üçün onlardan şirə çəkmək istəyirəm. (Elçindən geniş yaradıcılıq manevri, Kamaldan mövzu rəngarəngliyi və onların daxili vəhdəti, M. Süleymanlıdan dil şəffaflığı şirəsi).
 Kamal Abdulla yaradıcılığı mövzu rəngarəngliyi ilə bərabər bir-biriləriylə vəhdət təşkil etməsiylə də diqqəti cəlb edir. Onun hekayələrindəki mətləblər uzanıb romanlarına, elmi əsərlərinə də çatır, yaradıcılığının vəhdətinin qırılmaz tellərinə çevrilir. Onun üçün zamana, məkana daxil olmaq çətinliyi yoxdu. Ədəbi səyahətlərini istədiyi kimi davam elətdirə, hər dövrün adamları və ibrətamiz hadisələri ilə oxucularını tanış edə bilir. Mövzuların keçmişə, bu günə aid olması onun yazıçı qayəsinə kölgə sata bilmir. Amacı bütün hekayələrindən ana xətt kimi keçir (Düzdü elm sahəsində akademikliyə yüksələ bilmiş müəllifin bəzi yazılarının mövzusu yüksək intellektindən doğur. Amma bədii şəristəsiylə onları bəzəyib çılpaq qalmağa qoymur).
"Sehrbazlar dərəsi" silsiləsindən olan "Qərar" hekayəsi oxucusunu uzaq dövrlərə, şahların qərarlarını cəlladları hesabına verdikləri zamanlara aparır. Hadisələr o qədər reallıqla təsvir olunur ki, sanki müəllif hansı sehrləsə, keçmişin sehrbazlar dərəsinə enə bilib bir kənardan Şahı da, cəlladı, Məmmədqulunu da, kəndxuda qoxusunnan ağır cinayəti boynuna alan qocanı da seyr edə bilir. Hətta gərgin anlarını keçirən şahın gözlərinin içinə belə nəzərlərini qondurur: "Hər cəzaya şahın öz baxışı var idi. Başı bədəndən ayırmaq lazım idi - padşahın gözlərinin içindəki bəbəklər elə bil üşüyürdü, titrəşən kimi olurdu".
Lakin yer üzündə Allahın kölgəsi sayıla biləcək həmin padşah tələsik, ədalətsiz qərar vermək istəmirdi. Beləcə, Şah fərmanını verənə kimi tarixə enmiş adam (yəni Kamal Abdulla) əlaqədar əhvalatları görməyə, onların vasitəsiylə yeni obrazlarını meydana çıxarmağa başlayır. Hekayə dövrün koloriti ilə müşayiət olunur, hadisələrin müşahidəçisinə çevrilmiş müəllifin gözündən və qulağından heç bir şey qaçmır. Hətta 0 cəllad Məmmədqulunun cavanlığıda anasını su quyusuna atarkən zənənin söylədiyi kəlmeyi-şəhadətini də eşidir... Olduqca bənzərsiz süjet xətti üzərində qurulmuş hekayəni bir dövrün haqq divanı da adlandırmaq olar. Bir-biriylə bağlı cinayətlərin üzə çıxır və cəzasını alır. Müəllifin hadisələri zəncirvari uzatması oxucunu uzaq bir keçmişin yolu, sətirlərin cığır ilə öz maraqlı səyahətinə aparır. İntizarla son fərmanı gözləyirlər (onu öyrənməyi hekayəni oxumağı məsləhət gördüyümüz oxucu öhdəsinə buraxırıq).
"Parisin seçimi silsiləsindən "Son gəliş" hekayəsi də keçmişin bir yol yolçuluğundan bəhs edir. Bir qələmdən çıxmış tarixi mövzudakı iki hekayə həm süjet xətti, həm təhkiyə təzyiqlə bir-birindən fərqlənir. Bir saqqallı kəndlinin tanımadığı Zərdüştlə yol yoldaşlığı üzərində qurulmuş hekayə bir növ sual-cavab üzərində qurulub. Amma dövrün insanlar üçün qaranlıq qalmış məsələlərin açılışma xidmət edir. Bu dəfə adi bir kəndli sual-cavab divanına çəkilir. Olum və ölüm allahları obrazları heykayəyə təşrif gətirir. Oğlunu itirmiş atanın onu başqa simada tapması ortaya çıxır. Hekayə ibrətamiz sonluqla bitir. Bu hekayəni novella da adlandırmaq olar. Zərdüştlüyün yol yoldaşı oğlunu itirmiş adam özü çıxır. Və Ərmən vasitəsiylə qazana bilir. Son mükalimə:
- Oğlunu itirmiş o kişi oğlunu tapdımı?
- Bəli, Ərmən yoxa çıxan kimi..."
Həmin silsilədən tamam yeni dil tərziylə işlənmiş "Dəvə yağışı" hekayəsi də mövzu bənzərsizliyi ilə diqqəti cəlb edir. İçinə yumor məzəsi qatılmış hekayə ilk sətirlərindən oxucunu özünə cəlb edir:
"Bu gün axşam xəbərləri sonunda hava haqda məlumatı bütün şəhər dinlədi", - göydən yerə dəvə yağacaq. İki gün əvvəl göydən şir yağmışdı və bu daha təhlükəli idi.
"Bilgə əhvalatları"nın mövzuları müasir həyatdandı. Onlarda müəllifin özü müşahidəçi kimi deyil, birbaşa iştirak edir, - Rüstəm kişinin çənə söhbətdaşlarının birinə çevrilir. Müəllifin asanlıqla dövrdən-dövrə, mövzudan-mövzuya manevrlərini ancaq və ancaq onun yaradıcılıq ustalığı hesab etmək olar.
Kamal Abdullanın hekayə silsilələrinin hamısının bir-birinə bənzəməyən ab-havası var. "Balaca həyətin hənğamərləri" silsiləsindəki Çilçil toyuq" hekayəsi adicə bir əhvalat üzərində qurulub. Həmin toyuğa nənə və nəvə münasibəti üzərində. Və həmin hekayənin bu adı qazana bilməsi müəllifin yaradıcı qabiliyyəti hesabına başa gəlmişdi. Həmin hesaba adicə bir toyuq da obrazlaşmışdı ki, sonda havada uçuşan tüklərinə biganə qalmaq mümkün olmamışdı: "Yanından keçib getdikləri alma ağacının aşağı budağına çilçil toyuğun xırdaca-xırdaca tükləri ilişib qalmışdı, bu tüklərin bir-ikisi budaqdan ayrılıb havada ora-bura uçuşur, onların ətrafında tənbəl-tənbəl dövrə vururdu".
Silsilələrə toplanmış bütün hekayələr yaşadığı həyata, müasirlərinə, əcdadlarını müəllifin yaradıcı gözüylə baxa bilməsindən yaranmışdı. Belə müşahidələr yazıçılara çoxlu insan tanımağa, onların daxilinə nüfuz etməyə, bir-birindən fərqləndirməyə imkan verir. Amma Kamalın mövzuları da tanıdığı insanlar kimi bir-birindən fərqlidir. Onların eyni qəlibdən çıxmamasını hərəsinin bənzərsiz forması olmasında hekayələr müəllifinin ustalığı hesab etmək olar.
Həmin hekayələri müəllifin sanballı əsərlərinin özüldaşı (hətta postamenti də) hesab etmək olar. Ciddi tədqiqatçı olan (Dədə Qorqud dastanlarımızın poetikasını açıqlaya bilən Kamalın yaradıcılığında müxtəlif sahələr bir-biriylə qonşu yaşamağı, doğmalaşmağı bacarır. Onun Gorqud mövzuları bədii və elmi yaradıcılığında eyni vüsətini tapa bilir).
Kamalın nəsrin hekayə sınağından (ən çox istedad və zəhmət tələb edən imtahanından məharətlə çıxmağını həmin silsilələr göz qabağına gətirir.
Onun hekayələrdən "Yarımçıq əlyazması" kimi nəsrimizin uğuru sayılan əsərlərə yolunun aydınla göztərir. Və həmin yolu bütövlükdən bütövlüyə adlandırmaq olar.