AYRILAN YOLLAR DA...

ƏBÜLFƏT MƏDƏTOĞLU
40229 | 2018-09-05 00:55

Kəsişir bəzən

Onu ayrıca təqdim etməyə bəlkə də ehtiyac yoxdu. Ona görə ki, "Ədalət" qəzetinin sədaqətli və daimi oxucuları hələ ki, 28 illik ömrü olan bu qəzetin hardasa 21-22 ilini onların xidmətinə sərf etmiş bir yazarı yəqin ki, unutmayıblar. "Ədalət"in yarandığı gündən onunla birlikdə 22 ilə yaxın yol gəlmiş həmin imza sahibi qəzetdə çalışdığı zaman kəsiyində də özünün əsas qayəsini, məramını unutmamış, ondan uzaq düşməmişdi. Necə deyərlər, yaza-yaza həm də öyrətməklə məşğul olmuşdu. Elə bu gün də məşğuldu. Yəqin düşünəcəksiniz, soruşacaqsınız ki, barəsində söhbət gedən şəxs kimdir?
Tələsməyin, bir az səbirli olun! Mən müəyyən detallara toxunacam və siz də onun kimliyini yəqin ki, hiss edəcəksiniz. Bir az çətinlik olsa, sonda özüm də o imzaya bir aydınlıq gətirəcəm.
Bəli, "Ədalət"in səhifələrində təhsildən, məktəbdən, bölgələrdən, cinayət hadisələrindən yazılar yazan, müsahibələr çap etdirən bir əməkdaşımız var idi. Hər dəfə onun yazısı əvvəllər makinaya, sonra isə bilgisayara diktə ediləndə kənardan onun avazını maraqla dinləyirdim. Çünki şəhərdə yaşayıb şəhərdə təhsil alsa da, doğulduğu bölgənin ləhcəsini qoruyub saxlamışdı. Elə ilk sözlərindən hiss edirdin ki, səsi gələn bu oğlan gürcüstanlıdır. Onun gülüşü də özünəməxsus idi, zarafatları da. Bax, bu 
özünəməxsusluğun içərisində yazı-pozusu da elə özünü ifadə edirdi. Zaman keçdikcə həmkarımız özünün ali məktəbdən seçdiyi peşəsinə daha çox bağlanmağa başladı. Və günlərin birində də elmi-pedaqoji fəaliyyətə bütünlüklə özünü transfer etdi. Necə deyərlər, mətbuat üçün ancaq müəyyən məqamlarda, yəni içindəkiləri oxucuya çatdırmaq üçün darıxanda vaxt ayırdı. Bax, beləcə, həmkarımız, filoloq alim gəlib çatdı 60 yaşına.
Bu 60 ildə o namizədlik, doktorluq müdafiə etdi. Elmi məqalələr müəllifi oldu, araşdırmalar apardı. Lənkəran və Sumqayıt Dövlət Universitetlərində, Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda və digər ünvanlarda öz fəaliyyətilə çevrəsinin hörmətini qazandı.
Bəli, dəyərli oxucu, yəqin ki, bütün bura qədər oxuduğunuz cümlələrin içərisində onu gördünüz, tanıdınız. Bu, "Ədalət"in keçmiş yazarlarından biri, necə deyərlər, onun "şinel"indən çıxmış Məhəmmədəli Mustafadı. Arxada qalan həftənin son istirahət günün onun 60 yaşı tamam oldu. Bu münasibətlə onu təbrik edir, elmi-pedaqoji fəaliyyətində uğurlar arzu edirik. Elə "Ədəbiyyat" qəzetinin son nömrəsində AYB-nin Məhəmmədəli Mustafaya ünvanlanmış təbrikində deyildiyi kimi, ona yeni yaradıcılıq uğurları və Allahdan can sağlığı diləyirik.
- 60 yaşın mübarək, Məhəmmədəli Mustafa!

P.S. Yəqin ki, bu təbrik yazının başlığında nəyə işarə edildiyini hiss etdiniz. Şəxsən mən kollektivdən ayrılanın həmkarlıqdan, yoldaşlıqdan ayrıldığını düşünmürəm.

TƏQVİM / ARXİV