ANA SƏHİFƏ / YAZARLAR

Nicat Novruzoğlu: AA TOYU

16046    |   2018-07-09 18:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Deyir qulaq gündə bir söz eşitməsə kar olar. Günün hərarətli olması səbəbindən inan ki, qulağım gündə onlarla söz eşidir. Söz deyəndə ki, bir-birindən maraqlı xəbərlər, informasiyalar, söz-söhbətlər. Özü də istiyə uyğun temperaturlu söhbətlər. Hərarətli söz-söhbətlər.

Eləsi olur ki, kiminsə uydurması olur, eləsi olur ki, gizlədilmiş gerçəklik olur, eləsi də olur ki, hamınıza əvvəl-axır bəyan olan məsələlər.

Bu istinin təzyiq qaldıran günündə özümü verdim şəhərimizin parklarından birinin ağaclarının kölgəsinə. Bir az sərinlədikdən sonra başladım parkı o baş, bu baş gəzməyə. Bir tərəfi yamaqlı, bir tərəfi çayxanalı bu park da hava kimi sıxdı məni. Beynimdə saf-çürük eləmək istədiyim söz-söhbətlər də bir tərəfdən. Parkı tərk elədim. Düşündüm ki, bəlkə bu addımımla beynimdəkiləri də bir müddətlik qova bilərəm. Amma nə edim ki, beynimdəki laboratoriya məsələləri durmadan analiz edirdi. İşıq şunuru niyə açıldı, icra başçısı niyə güllələndi, şair özünü niyə canlı yayımda cızır? Mən ona cızmaq deyirəm. İntihar üçün kəsilən damar elə kəsilməz. Lap dəb olan variantda desəm, şou idi bu mənim üçün. Gündəm şousu.

Parkı tərk etdikdən sonra ünvansız olaraq bir istiqamətdə yeriyirdim. Sanki özümü beynimdəkilərdən qurtarmaq üçün yeriyirdim. Tərslikdən də mən yeridikcə beynimdə mənimlə bərabər addımlayırdı.

Bu anda köməyimə bir çarhovuz çatdı. Küçəsində bir bulağı olmayan paytaxtda pulsuz su tapmağın sevincini yazaraq çatdırmaq mümkünsüzdü. Gərək onu bağıraraq ifadə edəsən.

Özümü bu çarhovuza çatdırırb əməlli-başlı əlimi, üzümü, boynumu yudum. Hətta başımı o çarhovuzda dövr eliyən şəlalənin suyuna da soxdum. Xeyli sərinlədim. Beynim də sakitləşdi. Başımı qaldırıb dərindən nəfəs aldım. Sanki şəlalə beynimin içini də yumuşdu.

Elə o yuyulmuş beynimlə yan-yörəmə baxanda gördüm ki, çarhovuz bir dəbdəbəli sarayın həyətinə məxsus imiş. İki gözümlə bu sarayı tam nəzərdən keçirəndən sonra gözlərim dikildi sarayın həyətindəki maşın və insanlara. Onda mənə bəlli oldu ki, bura şadlıq sarayıdı. Yaradan məni istəyib ki, yaxşı ki, şadlıq sarayıdı. Yoxsa ki, kiminsə evi-eşiyi olsaydı indi məni bağlamışdılar o açılan işıq xəttinə.

Xülasə, maşınlara baxıb gördüm ki, hamısının seriyası AA-dır. O dəqiqə bu qərarı verdim ki, yəqin bəyin də gəlinin də adları A hərfi ilə gəlir. O səbəbdən də maşınların seriyasını AA yazdırıblar. Məsəl üçün-Aydın və Aydan və ya Arzu və Arzu və s.

Mən belə şeyin şahidi olmuşam. Bir dəfə bəyin də gəlinin də baş hərifləri B idi. Sarayın foyesində böyük hərflərlə BB yazmışdılar. Düzdür, bu BB bəzilərinin elə foyedəncə dala qayıtmasına səbəb olsa da, bəziləri üçün ölümsüzləşmək üçün seçdikləri yer idi.

Qayıdaq AA-ya. Həyət AA-la dolu idi. Hamısı da qiymətli və tər-təmiz maşınlar. Krılosuna bax, saçını dara.

Bu təmizlik və zənginlik mənə zövq verdi. Az qaldım ki, çağırılmamış qonaq da olsam girəm içəri, 20-dən 30-dan yazdıram. Yaxşı ki, cibimdə 2 manatdan artıq pul yox idi. Buna da səbəb istidi. Özüm cibimə az pul qoyuram. Cibimdə çox pul olanda isti daha çox yandırır, tərlədir məni.

Baxdım ki, elə çarhovuzun yanındaca, məndən azacıq aralıda biri dayanıb özünü şəlalənin hesabına yaranan sərin küləyə verir. İstidən gileylənə-gileylənə başladım onunla ünsiyyət qurmağa. Cüzi ümumi söhbətdən sonra irişə-irişə soruşdum ki, yəqin toy səbəbkarlarının adları A hərfi ilə gəlir. O da təəccüblə üzümə baxıb dedi ki, qızın adını bilmirəm, amma oğlan filankəsin oğludur. Qoy görüm adı nədir? Dəvətnaməni qabaq oturacağın arxa cibindən çıxarıb baxdı: "G-nan gəlir. Nəyə görə soruşdun ki?" Dedim maşınların seriyasına görə. Hamısı AA-dır. Kişi diqqətlə həyətdəki maşınları süzüb başladı şalvarını göbəyinin üstünə darta-darta gülməyə: "Kefin olsun. Bunlar dövlət maşınlarıdı. Ona görə hamısı AA-dır. Bunun evlənənlərə nə dəxli?"

Tupoyluğum özümə də pis təsir etdi. Az qaldım həmin o beynimi yuyan şəlaləni qoşulduğu "urus" enerjisindən ayıram.

Özümü itirmədim. Mən də başladım gülməyə. Güldüm ki, kişi heç ürəyində də mənə tupoy deməsin. Baməzə desin, amma tupoy deməsin. Biz tupoy olsaq da, adımızı eşidəndə qıcıqlanırıq axı.

Bu ikitərəfli gülüşdən sonra daha da ürəkləndim. Həyətdə dayanan camaatı göstərib kişidən soruşdum: "Deyəsən bəy-gəlin hələ gəlməyib?" Kişinin cavabı qısa oldu: "Uje içəridədirlər".

"Bəs bu camaat niyə zala keçmir?" - sualıma kişi bir ovuc suyu şəlalədən götürüb üzünə vurandan sonra cavab verdi: "Bunların yarısı şoferdi, yarısı da "axran". Bizim bu toyda nə işimiz? Gedən gedib. Uje toydadı".

Bu cavabdan sonra bildim ki, yüz faiz kişi uje ürəyində mənə tupoy deyir. Hələ bunu 5-10 nəfərə də danışıb məni də onlara tupoy adı ilə təqdim edəcək. Uzaqlaşdım ordan.

Düz də etdim. Sarayın ərazisini tərk edən kimi özümə gəldim. Yuyulmuş beynimin çirkləri çıxdı yenə üzə. Hər şey bərpa oldu.

Bu bərpadan bir əhvalat yadıma düşdü. Çox da uzaq olmayan keçmişdə Baltikyanı ölkələrin birində belə bir hadisə baş vermişdi. Hansısa nazir qayınatasını xidməti maşını ilə evlərinə yola salmışdı. Forslanmışdı qayınatasının yanında. Həmin naziri dövlət maşınından şəxsi məqsədlər üçün istifadə etdiyinə görə atdılar vəzifədən kənara. İndi eşitdiyimə görə, ictimai nəqliyyatla gəzir.

İndi bizim bu məmurlara kim başa salsın ki, xidməti avtomobillərdən şəxsi maraqlar üçün istifadə yolveriləməzdir. O dövlətin sənə verdiyi avtomobilin də, onu idarə edən sürücünün də vaxtı və zamanı var. İstifadə müddəti var. Ey məmur, sən dövlət malına can yandırmağa, qorumağa borclusan. Çünki sən dövlət işçisən. O dövlət maşını sənin həyat yoldaşını, uşaqlarını, qayınatanı, qayınananı, sevgilini gəzdirmək üçün deyil.

Allaha şükür, əliniz də var, ayağınızda. Hələ sürücülük vəsiqəniz də. Bir-birindən də fərqli qiymətlərə maşınlarınız da. Minin öz maşınınıza, sürün hara istəyirsiniz. Bir az da öz malınızdan istifadə edin. Nə vaxtacan dövlət "şotuna" yaşayacaqsınız?




İmza:

YAZARIN ARXİVİ

2018-04-20 : İT GÜNÜNDƏ
2018-03-29 : DAY-DAY
2018-02-12 : XANALIQ
2018-01-24 : Vayına oturum
2017-11-01 : QOL-un içi
2017-10-25 : Nətərsən?
2017-10-17 : FAL QƏLƏM
2017-10-06 : TRANSPLANTASIYA
2017-09-16 : İlk zəng
2017-09-14 : MƏN ÖLƏCƏM
2017-09-11 : MƏN ÖLƏCƏM
2017-08-23 : SAHİBSİZLƏR
SON XƏBƏRLƏR
2018-09-26
2018-09-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu,babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK