Adalet.az | İLK MÜSAHİBƏ Adalet.az | İLK MÜSAHİBƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

İLK MÜSAHİBƏ

Fəridə RƏHİMLİ

12303    |   2018-06-08 16:11
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Uşaqlıqdan jurnalist, yaxud hüquqşünas olacağımı qarşıma məqsəd qoyduğumdan başqa sahələr haqda fikirləşmirdim. Bütün həyat planlarım, hazırlığım da ona görə qurulmuşdu. Jurnalist olmaq üçün isə özümü sinifdə ədəbiyyat dərslərindəki inşalardan başlayaraq, məktəbin divar qəzetində, sonralar rayonda çıxan yeganə qəzetdə sınamaq lazımdı. Bir az da qabağa gedib respublika mətbuatında da çap olunmaq isə bir dünya sevinc idi...

Jurnalist peşəkar səviyyədə mütəmadi olaraq informasiya toplayan və istənilən kütləvi kommunikasiya vasitəsilə onu icti-maiyyətə çatdıran fiziki, yaxud hüquqi şəxsdir. Əsas məqsədi informasiya axtarmaq, toplamaq, onu peşəkar şəkildə işləmək və media kanalları ilə yaymaqdan ibarət olan yaradıcı fəaliyyət sahəsidir jurnalistika. Jurnalist əməyinin məramı məlumatın əldə edilməsi, ötürülməsi, işlənməsi və auditoriyaya çatdırılmasından ibarətdir və qanunlarla və etik kodekslə tənzimlənir. Jurnalistin işıqlandırdığı hər hansı hadisəyə, fakta verdiyi qiymət, onun təsvir obyektinə münasibəti, problemə baxışı onun peşəkarlığının isbatıdır. İctimai əhəmiyyət kəsb edən aktual mövzunun, əsasən, cəmiyyətdən gizlədilməklə topluma təhlükə yarada biləcək hər hansı faktın, hadisənin, problemin üzə çıxarılması və mətbuatda işıqlandırılması cəsarətli jurnalist əməyinin nəticəsidir ki, belə faktlara cəmiyyətimizdə az-az rast gəlinir, çünki əksəriyyət cəmiyyətdə

əsas aparıcı qüvvə olan kimlərəsə yarınmaq, kölə halında yaşamaqla maddi vəziyyətini təmin etməklə məslək, vicdan amilini ikinci, bəzən də sonuncu plana ötürür.

Jurnalistika ictimai mahiyyəti, sosial məzmunu, fəlsəfəsi durumu, sosial sistemdəki yeri, cəmiyyətin digər institutları ilə münasibəti, sosial institut kimi cəmiyyətdə oynadığı rol, yerinə yetirdiyi vəzifələrin icra mexanizmləri və üsullarına görə həmişə cəmiyyətdə "dördüncü hakimiyyət” rolunu oynayıb.

Bütün bunları əzbərlər, beynimə hopdurar, gələcəkdə böyük söz sahibi olacağıma özümdə əminlik yaradardım. Buna nail olmasam, böyük söz sahibi ola bilməsəm də, zaman-zaman içimdəkiləri yazmaq üçün imkan yarandı.

Orta məktəbin beşinci-altıncı sinfində artıq məktəbin divar qəzetini çıxarmaq mənə həvalə olunsa da, rayon qəzetinə kiçik məqalələrim çıxsa da, özümü ilk dəfə sınayaraq, 9 may Qələbə günü ərəfəsində II Dünya müharibəsi əlilindən müsahibə almaq kimi məsuliyyətli bir işə qalxmışdım. Müharibə veteranı Qara dayı isə təlaşıma baxmayaraq məni ciddi qəbul etdiyindən və suallarıma cavab verməyə başladığından (onun da ürəyi doluydu – F.R) rahatladım. On yeddi yaşından müharibəyə yollanan gəncin başına gəlməyən qalmamışdı. Əsir belə düşmüş, faşist düşərgələrində bizlərə məlum olan və olmayan cürbəcür işgəncələrə məruz qalmışdı. Veteranın söhbətlərində hadisələrin içinə elə girmişdim ki, özümü alman faşist düşərgəsində əli avtomatlı, yanında iri dişli alman ovçarkaları, qarşılarındakı əsir insanları dəyərsiz şəkildə hər an güllələyə biləcək əsgərlərlə bir ortamda hiss etmişdim. Alman əsgərlərinin ləzzətli konservləri yeyib boş qabını atdıqları düşərgədə əsirlərin o qabı yalamaq üçün necə bir-birlərini boğazladıqlarını, atla içəri girən alman əsgərinin atının peyini içərisindəki arpanı tapıb eləcə ağızlarına təpdikləri, alman əsgərinin üzünü çevirib məşğul olduğu zaman onun itiniəsirlərin əlləri ilə bir anda necə parçalayıb çiy-çiy yedikləri və duyuq düşən əsgərin itin əti hələ dişləri arasından boğazlarına ötməmiş amansızca güllələdiyi epizodu məni dəhşətə gətirmişdi və az qala qışqıraraq ağlayırdım...

Bəli, o mənim ilk müsahibəm idi. Bəlkə də uşaq qəlbinin təmizliyinin, hadisələrə münasibətdəki emosionallığın, kövrəkliyin - insani duyğuların nəticəsi hesab etmək olardı o ağlamanı. Amma zaman keçdi daha fərqli müsahibələr alası oldum – həkimlərdən, müəllimlərdən, əmək adamlarından və s. – hər şey normal görünürdü. Amma bu yaxınlarda şəhid haqqında məlumat toplamaq üçün ailəsiylə söhbət etməli oldum və... müharibə əlilindən götürdüyüm müsahibədən azca fərqləndi bu müsahibə. Və içimdə peşəkarlığa şübhə yarandı – mən bundan sonra heç vaxt hadisələrə laqeydliklə, jurnalist soyuqqanlılığı ilə yanaşa bilməyəcəm. Və məyus da deyiləm, bu insani hisslər qoy tərk etməsin məni. Doğrudur, peşəkarlıq baxımından jurnalistin hadisəyə müdaxiləsi qəbuledilməzdir, əksinə o, müsahibinə toxdaqlıq verməli, müxtəlif yollarla sakitləşdirici təsir etməli, yeni suallarla müsahibinin fikrini düşdüyü vəziyyətdən yayındırmalıdır, amma olsun, hər bir jurnalist də bir insandır, onun da qəlbi var. Və qoy qəlbin yanğısından çıxan göz yaşları mənim çatışmazlığım olsun!




İmza:

YAZARIN ARXİVİ

2018-06-22 : ÜMİD
2018-06-14 : ACLIQ
2018-06-08 : İLK MÜSAHİBƏ
2018-04-13 : ÜMİD QAPISI
2017-06-16 : MASKA VƏ ONUN...
2017-05-12 : TƏSADÜF
2017-04-21 : XARI BÜLBÜL
2015-04-11 : BALA DAĞI...
2014-06-21 : KƏFƏN BİZNESİ
2013-11-30 : AYI XİDMƏTİ...
2013-09-21 : UCUZ ÖLÜM
2013-07-06 : ANAMIN ƏTRİ
2013-06-08 : ŞİLLƏ MASAJI
2013-02-16 : AD GÜNÜ
2012-12-08 : ZƏİF DAMARIMIZ
SON XƏBƏRLƏR
2018-08-19
2018-08-18
2018-08-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu, babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK